Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-343/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil3 Murtuz qızının iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1712/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMMC-nin təsis yığıncağının xx xxxx 2019-cu il tarixli qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1712/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 Murtuz qızı apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı MTK Bakı şəhəri, Nəsimi rayonu, 959-cu məhəllə, X3 küçəsi 93 saylı ünvanda yerləşən yaşayış binasını inşa edərək 56 kooperativ üzvünün istifadəsinə vermiş və daha sonra həmin binada yaşayan sakinlərin əlli faizindən çoxu, yəni 52 üzv öz mənzillərinə aid mülkiyyət hüquqlarını əldə etmişlər. Bundan sonra “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının (36 sahə mülkiyyətçilərinin iştirakı ilə) xx.xx.2019-cu il tarixli qərarı ilə “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi, cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi, cəmiyyətin hüquqi ünvanın Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 93, mənzil 25 kimi müəyyən edilməsi və cəmiyyətin dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsi qərara alınmışdır. Həmin cəmiyyət xx.xx.2019-cu il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı bildirir ki, “xxxx” MTK-nın bir qrup sahə mülkiyyətçilərinin xx xxxx 2019-cu il tarixli qərarı qanuna zidd tərtib edilmiş, keçirilməyən iclas protokolunda kooperativin təsisçiləri və sədrin iştirakı təmin edilmədən və kooperativin ləğvi barədə məsələ müzakirə olunmadığı halda binanın idarə edilməsi məqsədilə “xxxx” MMMC təsis edilərək Ədliyyə Nazirliyinə müraciət olunmuşdur. Kooperativin təsisçiləri, sahə mülkiyyətçiləri və ya rəhbərliyi tərəfindən iclasın keçirilməsi barədə təşəbbüs olmamış və həmin iclas barədə əvvəlcədən elan yerləşdirilməmişdir. Həmçinin, iclas faktiki olaraq keçirilməmiş və yalnız sahə mülkiyyətçilərinin bəzilərindən formal imzalar toplanılmaqla əsassız və qanunsuz qaydada kooperativin idarə edilməsinə müdaxilə olunmuşdur. Hal-hazırda ”İddiaçı” MTK nə yenidən təşkil edilmiş, nə də ləğv olunmamış və fəaliyyətini davam etdirir. MMMC təsis olunsa da, sahə mülkiyyətçilərinin MTK-ya 31000 manatdan artıq borcu olduğu, ondan da MTK-nın dövlət qurumlarına, xidmət təşkilatlarına, təsisçiyə və işçilərə borcu olduğundan ləğvetmə və təhvil-təslim prosesinin həyata keçirilməsi mümkün olmamışdır. Buna görə də, hazırda İddiaçı MTK-nın dövlət tərəfindən təsdiq olunmuş və ləğv olunmamış nizamnaməsinə əsasən ünvan 3 ünvanında yerləşən çoxmənzilli binanın idarəedici təşkilatı olaraq qalır. Cavabdehin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, "Cavabdeh" MMMC-nin təsis edilməsi ilə bağlı iclasda ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli binanın mənzil mülkiyyətçiləri iştirak etmişlər. Binanı inşa etmiş İddiaçı MTK həmin iclasda hüquqi şəxs kimi iştirak etməmişdir. İddiaçı MTK təsisçi olmadığına görə onun hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququ da yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Hazırki işin halları da ondan ibarətdir ki, “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilməsi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə tam uyğun olaraq, mübahisəli yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxu mülkiyyət hüququ əldə etdikdən sonra həyata keçirilmişdir. Lakin həmin tarixdən nəinki 1 ay, hətta 2 ilə yaxın bir müddət keçməsinə baxmayaraq İddiaçı MTK qanunla müəyyən olunmuş qaydada ləğv olunmamış və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməmiş, üstəlik hazırki iddianı qaldıraraq “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi haqqında qərarın etibarsız hesab edilməsi barədə tələb irəli sürmüşdür. Halbuki, İddiaçı MTK mübahisəli yaşayış binasında üzv kimi hər hansı pay haqqına da sahib deyil. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, sübutlar araşdırılmadan rədd olunmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1712/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-343/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-343/2021
13.04.2021 · Sair işlər - Müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver