Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-343/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndələri Nümayəndə3 və Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3158/2021 nömrəli iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə ümumilikdə 623.861,70 Avro və 40.606,36 ABŞ dolları məbləğdə pul vəsaitlərinin, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələbin icra tarixinədək göstərilən pul məbləğlərinin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla müvafiq vəsaitlərin və 30,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, tərəflər arasında 09.06.2009-cu il tarixli cari hesab haqqında müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən bank tərəfindən cavabdehin adına həm milli, həm də xarici valyutalarda cari hesabın açılması, cavabdehin tapşırığı ilə bank əməliyyatlarının aparılması nəzərdə tutulmuşdur. Cavabdeh 25.02.2014-cü il tarixdə akkreditivin açılması üçün ərizə ilə banka müraciət edərək, benefisiar “X4 Co” LLC-nin xeyrinə 1.600.000 ABŞ dolları məbləğdə 25.02.2016-cı il tarixədək qüvvədə olma müddəti olan akkreditiv açılmasını xahiş etmişdir. Akkreditiv (111İLC********** referensli) kredit hesabına açılmışdır. Cavabdeh 04.06.2014-cü il tarixdə akkreditivin açılması üçün ərizə ilə banka müraciət edərək, benefisiar “G.C.S.P.S Peiner System” şirkətinin xeyrinə 1.734.000 Avro məbləğdə 04.10.2014-cü il tarixədək qüvvədə olma müddəti olan akkreditiv açılmasını xahiş etmişdir. Akkreditiv (111İLC********** referensli) kredit hesabına açılmışdır. Cavabdeh 12.03.2015-ci il tarixdə akkreditivin açılması üçün ərizə ilə banka müraciət edərək, benefisiar “X2. ve Tic. A.S.” şirkətinin xeyrinə 10.000.000 Avro məbləğdə 05.03.2016-cı il tarixədək qüvvədə olma müddəti olan akkreditiv açılmasını xahiş etmişdir. Akkreditiv (111İLC********** referensli) kredit hesabına açılmışdır. İddiaçının İdarə Heyətinin Bankın müxbir hesabları üzrə keçən sənədli əməliyyatların uçotunun tənzimlənməsi üzrə tədbirlərin görülməsi haqqında 13.07.2017-ci il tarixli 269 nömrəli qərarına əsasən sənədli əməliyyatların aparılması zamanı müştərilərin adından akkreditiv və qarantiyalar üzrə ödənişlər həyata keçirildikdə, xarici kontragentlərin qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsi və eyni zamanda həmin əməliyyatların bankın müxbir hesablarında düzgün uçotunun aparılmasının təmin edilməsi məqsədilə bank tərəfindən açılmış və qüvvədə olan, eyni zamanda gələcəkdə açılacaq bütün akkreditiv və qarantiya əməliyyatlarının yalnız bu məqsəd üçün nəzərdə tutulmuş MXS-lərə aid xüsusi aralıq hesabları vasitəsilə aparılması qərara alınmışdır. Eyni zamanda, qərarda akkreditivlərə görə müxbir hesablardan tutulmuş və bankın korporativ müştəriləri tərəfindən ödənilməmiş xarici bankların komisyon haqları barədə məlumatlar qeyd edilmişdir. Beləliklə, cavabdehin sifarişi əsasında açılmış akkreditivlər üzrə xarici banklara ABB tərəfindən ödənilmiş komissiyon haqlar müştəri tərəfindən həmin banka ödənilməmişdir. 111İLC**********5, 111İLC********** və 111İLC********** referensli akkreditivlər üzrə ABB tərəfindən ödənilmiş komissiyon haqlar ümumilikdə 623.861,70 Avro və 40.606,36 ABŞ dolları təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 623.861,7 Avro, 40.606,36 ABŞ dolları məbləğdə pulun manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumuna görə 30,4 manatın iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Qətnamənin əsaslarına görə, “Məhkəmə Cavabdeh MMC-nin akkreditivin açılması barədə ərizələri üzrə "xxxx" ASC-nin qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını, iddiaçı "xxxx" ASC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh MMCdən 623861,70 avro (altı yüz iyirmi üç min səkkiz yüz altmış bir avro yetmiş avrosent), 40606,36 ABŞ dolları (qırx min altı yüz altı ABŞ dolları otuz altı sent) məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə iddiaçının xeyrinə tutulmalıdır. ... Cavabdeh Avesta Konserni” MMC-nin nümayəndəsi hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir.” Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, qeyd edilən müqavilələr üzrə tələbetmə "xxxx" QSC-yə ötürülmüş və bank özü də həmin QSC-yə ünvanlandığı müraciət məktubunda bunu xüsusilə qeyd etmişdir. Buna əsasən də müqavilədən irəli gələn tələbetmə hüququ QSCyə məxsusdur və 2018-ci ildə QSC artıq məhkəməyə müraciət etmiş və cavabdeh tərəfindən həmin müqavilə üzrə olan bütün borclar ödənilmişdir. Lakin nədənsə məhkəmə bu halların heç birini nəzərə almamış, QSC-ni də müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etməkdə maraqlı olmamışdır. İddiaçının təqdim etdiyi kserosurət olan QSCnin cavab məktubuna isə özünəməxsus şəkildə izah verərək, hər bir vəchlə əsassız iddianı əsaslı çıxarmağa çalışmışdır. Məhkəmə akkreditiv bağlandıqdan sonra hansı əsasla komisyon haqları ödəndiyini və bankın təqdim etdiyi ödəniş sənədlərinin mərkəzi bank tərəfindən təsdiq edilib-edilmədiyini araşdırmadan qanunsuz bir nəticəyə gəlmişdir. Cavabdeh iddia müddətinin ötürülməsinə dair ərizə vermiş, lakin məhkəmə ərizəyə düzgün qiymət verməmişdir. Çünki ərizələr kredit müqavilələri imzalandıqdan sonra bank tərəfdən təsdiq edilmiş və qeyd edilən müqavilələr üzrə ödənişlərin tələb edilməsi üçün və bundan əlavə akkreditivin müddətləri bitdikdən sonrakı tarixlərə nəzər yetirdikdə iddia müddəti ötürülmüşdür. Çünki həmin ərizələrin üzərində müqavilələrə və akkreditivin müddətlərinə istinad edilmişdir. Diqqətçəkən məqamlardan biri də odur ki, iddiaçı cavabdehi dəvət edib, borcun 300.000 Avroya endirilərək barışıq sazişi bağlamağı təklif etmiş, lakin cavabdeh bundan imtina edərək, borcun olmadığını bildirmişdir. Burada belə bir sual yaranır ki, bank ödədiyi pulun yarısından hansı əsasla imtina edə bilər. Lakin, məhkəmə bu xüsusatı da araşdırmamışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının nümayəndələri apellyasiya şikayətini qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, tərəflər arasında 09.06.2009-cu il tarixli Cari hesab haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqavilənin predmeti Bank (iddiaçı) tərəfindən Müştərinin (cavabdehin) adına həm milli, həm də xarici valyutalarda cari hesabının/hesablarının açılmasından və cavabdehin tapşırığı ilə bank əməliyyatlarının aparılmasından ibarətdir. Cavabdeh 25.02.2014-cü il tarixdə Akkreditivin açılması üçün ərizə ilə banka müraciət edərək, benefisiar “X5 Co LLC” şirkətinin xeyrinə qüvvədə olma müddəti 25.02.2016-cı il tarixədək olan 1.600.000 ABŞ dolları məbləğdə akkreditiv açılmasını xahiş etmiş, bu məqsədlə tərəflər arasında 04.03.2014-cü il tarixli 584/1 nömrəli Kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə (bəndlərinə) əsasən, borc alan cavabdeh hesabındakı vəsait təcrid edilmədən, “X5 Co LLC” şirkəti ilə imzalanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə 1.600.000 ABŞ dolları məbləğdə geriçağrılmayan, təsdiqlənmiş akkreditiv açır (3.1). Borc alan kredit xətti çərçivəsində ayrılan vəsaitlərdən istifadə etmək məqsədilə Banka Akkreditivin açılması üçün ərizə təqdim edir (3.2). Borc alan akkreditiv üzrə ödəniş olduğu halda ödənilən vəsait məbləği qədər öz hesablaşma hesabında həmin vəsaitin təmin olunmasını öhdəsinə götürür (3.3). Borc alanın hesabında vəsait olmadığı halda akkreditiv üzrə ödəniş borc alanın Beynəlxalq Bankdakı ssuda hesabından debetə yazılmaqla həyata keçirilir və borc alanın Bank qarşısında ssuda borcu yaranır (3.4). Borc alanın hesabında vəsait olmaması nəticəsində akkreditiv üzrə yaranan ssuda borcunu istifadə tarixindən 3 ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür (4.1). Akkreditivin açılması üçün ərizənin tərəflərin səlahiyyətli şəxslərinin imzaları və möhürlərindən sonra gələn aşağı hissəsində 04.03.2014-cü il, yəni 584/1 nömrəli Kredit sazişinin tarixi qeyd olunmuşdur. Akkreditiv 111İLC********** referensli kredit hesabına açılmışdır. Həmçinin, cavabdeh 04.06.2014-cü il tarixdə Akkreditivin açılması üçün ərizə ilə banka müraciət edərək, benefisiar “G.C.S.P.A Peiner System” şirkətinin xeyrinə qüvvədə olma müddəti 04.10.2014-cü il tarixədək olan 1.734.000 Avro məbləğdə akkreditiv açılmasını xahiş etmiş, bu məqsədlə tərəflər arasında 09.06.2014-cü il tarixli 615/1 nömrəli Kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə (bəndlərinə) əsasən, borc alan cavabdeh hesabındakı vəsait təcrid edilmədən, “G.C.S.P.A Peiner System” şirkəti ilə imzalanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə 1.734.000 Avro məbləğdə geri çağrılmayan, təsdiqlənmiş akkreditiv açır (3.1). Borc alan kredit xətti çərçivəsində ayrılan vəsaitlərdən istifadə etmək məqsədilə Banka Akkreditivin açılması üçün ərizə təqdim edir (3.2). Borc alan akkreditiv üzrə ödəniş olduğu halda ödənilən vəsait məbləği qədər öz hesablaşma hesabında həmin vəsaitin təmin olunmasını öhdəsinə götürür (3.3). Borc alanın hesabında vəsait olmadığı halda akkreditiv üzrə ödəniş borc alanın Beynəlxalq Bankdakı ssuda hesabından debetə yazılmaqla həyata keçirilir və borc alanın Bank qarşısında ssuda borcu yaranır (3.4). Borc alanın hesabında vəsait olmaması nəticəsində akkreditiv üzrə yaranan ssuda borcunu istifadə tarixindən 3 ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür (4.1). Akkreditivin açılması üçün ərizənin tərəflərin səlahiyyətli şəxslərinin imzaları və möhürlərindən sonra gələn aşağı hissəsində 09.06.2014-cü il, yəni 615/1 nömrəli Kredit sazişinin tarixi qeyd olunmuşdur. Akkreditiv 111İLC********** referensli kredit hesabına açılmışdır. Habelə, cavabdeh 12.03.2015-ci il tarixdə Akkreditivin açılması üçün ərizə ilə banka müraciət edərək, benefisiar “X3. ve Tic. A.Ş.” şirkətinin xeyrinə qüvvədə olma müddəti 05.03.2016-cı il tarixədək olan 10.000.000 Avro məbləğdə akkreditiv açılmasını xahiş etmiş, bu məqsədlə tərəflər arasında 13.03.2015-ci il tarixli 686/2 nömrəli Kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə (bəndlərinə) əsasən, borc alan cavabdeh hesabındakı vəsait təcrid edilmədən, “X3. ve Tic. A.Ş.” şirkəti ilə bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə 10.000.000 Avro məbləğdə birbaşa maliyyələşdirmə vasitəsilə istifadəni nəzərdə tutan kredit xətti açır (4.1). Borc alan kredit xətti çərçivəsində ayrılan vəsaitlərdən akkreditiv vasitəsilə istifadə etdikdə Banka Akkreditivin açılması üçün ərizə təqdim edir (4.2). Kredit vəsaitindən istifadə müddəti 36 aydır (4.4). Akkreditivin açılması üçün ərizənin tərəflərin səlahiyyətli şəxslərinin imzaları və möhürlərindən sonra gələn aşağı hissəsində 13.03.2015-ci il, yəni 686/2 nömrəli Kredit sazişinin tarixi qeyd olunmuşdur. Akkreditiv 111İLC********** referensli kredit hesabına açılmışdır. Bankın müxbir hesablarından tutulmuş, müştəri tərəfindən ödənilməmiş qalan xarici bankların komisyon haqlarına dair məlumata əsasən, müxtəlif referensli, o cümlədən 111İLC**********, 111İLC********** və 111İLC********** referensli akkreditivlər üzrə iddiaçı tərəfindən xarici banklara cəmi 982.819,97 Avro və 430.148,09 ABŞ dolları məbləğdə və cavabdehə aid birincisi 24.08.2015-ci il (3.924,38 Avro və 1.414 ABŞ dolları), sonuncusu 13.03.2017-ci il tarixdə (1.095,90 Avro) olmaqla, ödənişlər edilmişdir. Həmin ödənişlərdən yalnız 569.221,46 Avro və 40.606,36 ABŞ dolları hissəsi 111İLC**********, 111İLC********** və 111İLC********** referensli akkreditivlərə aiddir, baxmayaraq ki, iddia ilə 623.861,70 Avro və 40.606,36 ABŞ dollarının ödənilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən "xxxx" QSC BOKT-a 06.11.2018-ci il tarixli 01/8973 nömrəli məktub ünvanlanaraq, ondan tutulmuş xarici bankların komisyon haqlarının "xxxx" QSC-yə ötürülməsi məsələsinə baxılması xahiş edilmiş, məktubda kredit tələblərinin "xxxx"ə ötürülməsi ilə əlaqədar komisyon haqlarının müştəridən alınmasının mümkün olmadığı göstərilmişdir. "xxxx" QSC tərəfindən iddiaçının 06.11.2018-ci il tarixli məktubuna cavab olaraq göndərilmiş 23.11.2018-ci il tarixli 1-8/3388 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının balansından "xxxx" QSC-nin idarəetməsinə verilməsi məqsədəmüvafiq hesab edilmiş iddiaçının problemli aktivlərinin siyahısında qeyd olunan komisyon haqları üzrə tələblərin ötürülməsi nəzərdə tutulmamışdır. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia ərizəsi üzrə iddia müddətinin ötürüldüyünü nəzərə alıb, iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür; Maddə 960.1. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır; Maddə 961.1. Müştəri hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəyir; Maddə 961.2. Bu Məcəllənin 961.1-ci maddəsində nəzərdə tutulmuş bank xidmətlərinin haqqını bank hər bir əqd başa çatdıqdan sonra müştərinin hesabdakı pul vəsaitindən tuta bilər, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmasın; Maddə 977.1. Akkreditiv üzrə hesablaşmalar zamanı ödəyicinin akkreditiv açılması haqqında tapşırığı və göstərişi ilə hərəkət edən bank (emitent bank) vəsait alana vəsait ödəməyi və ya köçürmə vekselini ödəməyi, aksept etməyi və ya uçota almağı və ya bu səlahiyyətləri başqa banka (icraçı banka) verməyi öhdəsinə götürür. Vəsait alana vəsaiti ödəyən və ya köçürmə vekselini ödəyən, aksept edən və ya uçota alan emitent banka icraçı bank haqqında qaydalar tətbiq olunur; Maddə 980.2. Əgər icraçı bank akkreditivin şərtlərinə müvafiq surətdə ödənişi icra etmiş və ya başqa əməliyyatı aparmışdırsa, emitent bank ona akkreditivin icrası ilə bağlı çəkdiyi xərclərin əvəzini ödəməlidir. Göstərilən xərclərin əvəzi, habelə akkreditivin icrası ilə əlaqədar emitent bankın bütün başqa xərclərinin əvəzi ödəyici tərəfindən ödənilir; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MPM-in: 13.1. Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir; 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.” İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə tələbetmə hüququnun iddiaçıya deyil, "xxxx" QSC-yə məxsus olması barədə dəlili ilə razılaşmır. Belə ki, "xxxx" QSC-nin iddiaçıya ünvanlanan 23.11.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının balansından "xxxx" QSC-nin idarəetməsinə verilməsi məqsədəmüvafiq hesab edilmiş iddiaçının problemli aktivlərinin siyahısında qeyd olunan komisyon haqları üzrə tələblərin ötürülməsi nəzərdə tutulmamışdır. Bu da o deməkdir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olmuşdur. Şikayətin iş üzrə iddia müddətinin keçməsinə dair dəlili barədə isə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamədə iş üzrə iddia müddətinin ötürülmədiyini bildirsə də, bu qənaətini faktiki cəhətdən əsaslandırmamış, gəldiyi nəticənin qanuni əsası kimi isə, maddi hüquq normalarının tətbiqində səhv buraxaraq, Mülki Məcəllənin “Öhdəliklərin xitamı üçün müddətlər” adlı 551-ci maddəsinə istinad etmişdir. MPM-in: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin maddi hüquq normalarının pozulması ilə qəbul edilən qətnaməsi ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. İddianın mahiyyəti üzrə əsaslı olub-olmaması məsələsinə gəldikdə isə, bu məqsədlə tərəflər arasında mübahisəli məqam kimi əvvəlcə iddia müddətinin ötürülübötürülməməsi məsələsinə qiymət verilməlidir. Həmin mübahisəli hal ondan ibarətdir ki, cavabdeh müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin iddiaçı tərəfindən buraxıldığını, iddiaçı isə tərəflər arasında müqavilə hüquq münasibətləri yaranmadığı üçün işə 10 illik ümumi iddia müddətinin tətbiq edilməli olduğunu bildirir. İddiaçının mülahizəsinə görə, ödənilməsi cavabdehdən tələb edilən komisyon haqları hər hansı müqavilədən deyil, akkreditivin açılması üçün ərizədən irəli gəlmişdir. İddiaçının qeyd olunan arqumentinə hüquq qiymət verilməsi üçün iş üzrə sonrakı suallara ardıcıllıqla cavab verilməlidir: 1. cavabdehin hazırkı iddia ilə yerinə yetirilməsi ondan tələb olunan komisyon haqlarını ödəmək öhdəliyi yaranmışdırmı? 2. bu öhdəlik müqaviləyə əsasən əmələ gəlmişdirmi? 3. iş üzrə iddia müddəti keçmişdirmi? Birinci sualla bağlı, Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, bir şəxsin (kreditorun) başqa şəxsdən (borcludan) pul ödənilməsini tələb edə bilmək üçün sonuncunun belə bir öhdəliyi yaranmış olmalıdır. Həmin Məcəllənin 980.2-ci maddəsinə görə isə, akkreditivin icrası ilə əlaqədar emitent bankın bütün xərclərinin əvəzi ödəyici tərəfindən ödənilir. Belə olan halda deyilə bilər ki, cavabdehin iş üzrə yerinə yetirilməsi ondan tələb olunan komisyon haqlarını ödəmək öhdəliyi yaranmışdır. Cavabdeh də bu öhdəliyinin yarandığını mübahisə etmir. İkinci sualla bağlı, mülki qanunvericiliklə öhdəliyin əmələ gəlməsi üçün əsaslar: zərər vurulması; əsassız varlanma; müqavilə və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardır. İddiaçının yerinə yetirilməsini cavabdehdən tələb etdiyi komisyon haqlarını ödəmək öhdəliyinin sonuncunun iddiaçıya vurduğu zərərlə yaxud onun iddiaçının hesabına əsassız varlanması ilə əlaqədar olmaması işin mübahisəsiz halıdır, bu öhdəliyin Mülki Məcəllədə nəzərdə tutulan digər əsaslardan yarandığı Məhkəmə tərəfindən müəyyən edilmir, iddiaçı da bu əsasların mövcudluğuna istinad etmir. Odur ki, əgər hansısa öhdəlik yaranmışdırsa və bu öhdəliyin yaranma əsasları zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar deyilsə, o halda sözügedən öhdəlik müqavilədən əmələ gəlmişdir. İşin faktiki hallarından da eyni nəticə hasil olur. Bu baxımdan, akkreditivin açılması üçün bankla müştəri (hesabın sahibi) arasında hər bir halda bank hesabı müqaviləsi mövcud olmalıdır ki, belə bir müqavilə iddiaçı ilə cavabdeh arasında 09.06.2009-cu il tarixdə bağlanmışdır. Məhz həmin bank hesabı müqaviləsinə görə iddiaçı cavabdehin adına açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştəri kimi onun sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürmüşdür və hazırkı kazusda da belə olmuşdur. Məsələnin müzakirə doğruran yanı isə ondan ibarətdir, qeyd olunan bank hesabı müqaviləsinə görə açılmış hesabda kifayət qədər vəsait olduqda akkreditiv həmin hesabda olan pul məbləği, olmadıqda isə bankın (iddiaçının) müştəriyə (hesabın sahibinə, cavabdehə) bu məqsədlə ayırdığı kredit hesabına açılır ki, baxılan işdə də ikinci hal baş vermişdir. Göründüyü kimi, hər iki halda tərəflər arasında bank hesabı müqaviləsinin mövcud olması zəruridir və həmin şərtə iş üzrə əməl olunur. İşdə olan kredit sazişlərindən də müəyyən olunur ki, hər üç kredit müqaviləsi sırf cavabdehə mübahisəli üç akkreditivin açılması məqsədilə bağlanmışdır, kredit xətti çərçivəsində ayrılan vəsaitlərdən istifadə etmək məqsədilə cavabdehin iddiaçıya akkreditivin açılması üçün ərizə ilə müraciət etməli olması bilavasitə həmin müqavilələrdə təsbit olunmuş, başqa sözlə, iddiaçının istinad etdiyi akkreditivin açılması üçün ərizələr kredit sazişlərində nəzərdə tutulmuş, ərizələr kredit sazişləri bağlandıqdan sonra icra olunaraq, akkreditivlər də üç müxtəlif referensli kredit hesabına açılmışdır. Digər tərəfdən, baxmayaraq ki, iddiaçı yerinə yetirilməsini cavabdehdən tələb etdiyi komisyon haqlarını ödəmək öhdəliyinin müqavilədən qaynaqlanmadığını irəli sürür, "xxxx" QSC BOKT-a ünvanladığı 06.11.2018-ci il tarixli məktubda onun özü komisyon haqlarını məhz kredit tələbləri kimi xarakterizə etmişdir. Həmçinin, Mülki Məcəllənin akkreditivi tənzimləyən normalarında dəfələrlə “akkreditivin şərtləri” sözlərindən istifadə edilir, şərtlər isə hər hansı məsələ ilə bağlı hüquq münasibətinə girən tərəflər arasında razılaşma, razılaşdırma, qarşılıqlı iradələrin ifadəsi, yəni müqavilə olduqda mövcud olur. Bu kontekstdə, iş üzrə iddia müddəti keçmişdirmi sualı pozitiv cavablandırılmalıdır. İddiaçı tərəfindən Məhkəməyə mübahisəli komisyon haqlarının icraçı banklara ödənilməsi barədə ödəniş yaxud pulun hesabından silinməsi barədə sənədlər təqdim olunmasa da, onun bununla bağlı birinci instansiya məhkəməsinə təqdim etdiyi svvift sənədlərində əks olunan məbləğlərin iddiaçıdan tutulduğu fərz olunan halda, sonuncunun tərtib etdiyi Bankın müxbir hesablarından tutulmuş, müştəri tərəfindən ödənilməmiş qalan xarici bankların komisyon haqlarına dair məlumatda göstərilmişdir ki, mübahisəli akkreditivlər üzrə xarici banklara sonuncu dəfə 13.03.2017-ci il tarixdə ödəniş edilmişdir. Kredit sazişləri və akkreditivin açılması üçün ərizələr komisyon haqlarının ödənilməsi ilə bağlı hər hansı şərt və müddət ehtiva etmədiyindən, iddiaçı həmin öhdəliyin icrasını dərhal, yəni komisyon haqlarının iddiaçının müxbir hesablarından tutulduğu tarixdən tələb etmək hüququna malik idi (Mülki Məcəllə, maddə 427.2). Həmçinin, akkreditivlər açıldıqdan sonra cavabdehin icraçı banklar tərəfindən tutulan komisyon haqlarının akkreditivin icrası ilə əlaqədar emitent bankın bütün xərclərinin əvəzi olaraq iddiaçıya ödəmək öhdəliyi o şərtlə yaranmış olur ki, həmin akkreditivlər üzrə komisyon haqları iddiaçı tərəfindən icraçı banklara ödənilmiş olsun, başqa sözlə, cavabdehin bu öhdəliyinin icrası müddəti qeyd olunan şərtin baş verməsindən asılı olduğu üçün, öhdəlik də həmin şərtin baş verdiyi gündən icra edilməli idi (Mülki Məcəllə, maddə 427.5). Eləcə də, iddiaçı bank xidmətlərinin haqqını hər bir ödəniş başa çatdıqdan sonra cavabdehin hesabındakı pul vəsaitindən tutmaq, yəni həmin məbləğləri ondan tələb etmək hüququna malik idi (Mülki Məcəllə, maddə 961.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır (Mülki Məcəllə, maddə 377.3). Bütün bu təhlillər də o nəticəyə gəlməyə əsas verir ki, müqavilə tələblərindən irəli gələn öhdəliyin icrası ilə bağlı üç illik iddia müddəti, hər bir ödənişə münasibətdə ayrı nəzərə alınmaqla, iddiaçının onları ödədiyi yaxud ondan tutulduğu (güman olunan) tarixdən, yəni Bankın müxbir hesablarından tutulmuş, müştəri tərəfindən ödənilməmiş qalan xarici bankların komisyon haqlarına dair məlumatda əks olunan ödəniş tarixlərindən başlamışdır. Bu isə öz növbəsində, iddia ərizəsinin birinci instansiya məhkəməsinə təqdim edildiyi 14.06.2021-ci il tarixi əsas götürülməklə, qanunla müəyyən edilən üç illik müddətin ötürülməsi deməkdir. Bankın müxbir hesablarından tutulmuş, müştəri tərəfindən ödənilməmiş qalan xarici bankların komisyon haqlarına dair məlumatda əks olunan ödəniş tarixlərindən hesablanmaqla üç illik iddia müddətinin hətta kredit sazişlərinə şamil olunmasının mümkünlüyü qəbul edilsə belə, sazişlərdə kreditin qaytarılması yaxud kredit vəsaitindən istifadə müddəti kimi qeyd olunan üç aylıq və üç illik müddətlər də iddia qaldırılan tarixdə artıq ötmüş olmuşdur. İddia 623.861,70 Avro və 40.606,36 ABŞ dolları məbləğdə pul vəsaitlərinin tutulması tələbinə dair hissədə əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin hüquqi həllindən bilavasitə asılı olan Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələbin icra tarixinədək göstərilən pul məbləğlərinin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla müvafiq vəsaitlərin tutulması tələbi də, artıq buna zərurət qalmadığı üçün, müzakirə edilmədən rədd edilməlidir. İddiaçının apellyasiya şikayətinə etirazında banklar tərəfindən buraxılan akkreditivlərə tətbiq edilməsi üçün istinad etdiyi X1 (İnternational Chamber of Commerce) tərəfindən təsdiq edilən “Sənədli akkreditivlərin tətbiqi və ümumi qaydaları” (Uniform Customs and Practice for Documentary Credits - UCP 600) məcburi hüquqi qüvvəyə malik olmadığı, könüllü və tövsiyə xarakteri daşıdığı, o cümlədən, MPM-in 13.1-ci maddəsində sadalanan hüquqi aktlara aid olmadığı üçün, mübahisəyə tətbiq oluna bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya instansiyasında təqdim etdiyi sənədləri, MPM-in 372.2-ci maddəsinin tələbinə əsasən, qəbul etmir. Bundan əlavə, öhdəliklərin könüllü restrukturizasiyası və bu prosesə tətbiq edilən moratorium iddiaçının öhdəlikləri barədədir, hazırkı mübahisə isə iddiaçının öhdəlikləri ilə deyil, hüquqları ilə bağlıdır. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməli, apellyasiya şikayəti təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3158/2021 nömrəli iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı cavabdehdən onun xeyrinə ümumilikdə 623.861,70 Avro və 40.606,36 ABŞ dolları məbləğində pul vəsaitlərinin, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələbin icra tarixinədək göstərilən pul məbləğlərinin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla müvafiq vəsaitlərin tutulması tələblərinə dair iddiası təmin edilməsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-343/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-343/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver