Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-343/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi” tələbinə dair iddiası üzrə QƏTNAMƏ (İş № 2-2(113)-343/2024) Bakı şəhəri 12 mart 2024-cü il Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4063/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi” üzrə razılaşma və həmin razılaşmaya 1, 2, 4 saylı əlavələr imzalanmışdır.
2. Həmin razılaşmaya əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 22 faiz ödəmək şərti ilə 12 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş və həmin kreditin qaytarıması şərtləri ilə bağlı ödəniş cədvəli imzalanmışdır.
3. Həmçinin, həmin razılaşmaya əsasən xx.xx.2022-ci il tarixdə saat 16:55-də İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 24 faiz (aylıq 392,33 manat) ödəmək şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kreditin götürülməsi ilə bağlı SMS təklif göndərilmiş və müqaviləni bağlamaq üçün Ok yazıb geri göndərməyi xahiş olunmuşdur. Həmin tarixdə saat 16:56-da Cavabdeh1 geri mesaj göndərərk təklifi qəbul etmiş və saat 16:59-da həmin vəsait Cavabdeh1 hesabına yatırılmışdır.
4. Kreditin təminatı olaraq İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7700,53 manat əsas borc, 598,56 manat faiz borcu və 134,59 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8433,68 manat borcun tutulması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9411,39 manat əsas borc, 789,84 manat faiz borcu və 13,73 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 10214,96 manat borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, 2023-cü il martın 17-dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7700,53 manat əsas borc, 598,56 manat faiz borcu və 269,17 manat cərimə olmaqla ümumilikdə cəmi 8568,26 manat məbləğində borcu vardır. Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 269,17 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 134,59 manat məbləğində tələb olunur. 2023-cü il martın 17-dək Cavabdeh1 banka xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə 9411,39 manat əsas borc, 789,84 manat faiz, 54,91 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10256,14 manat məbləğində borcu vardır. Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 54,91 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 13,73 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır.
7. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4063/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müstərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7700,53 manat əsas borc, 533,21 manat faiz borcu və 66,26 manat cərimə borcu, cəmi 8300 manat; xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9411,39 manat əsas borc, 766,72 manat faiz borcu və 1,89 manat cərimə borcu, cəmi 10180 manat, ümumilikdə isə 18480 manat məbləğində borcun, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, o cümlədən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 200 manat məbləğində xərcin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir.
9. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həddən artıq şişirdilmiş məbləğin cavabdehdən ödənilməsini tələb etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasından yayınmamış, lakin kommersiya fəaliyyəti ilə əlaqədar gəliri olmadığı üçün kredit borcunu ödəyə bilməmişdir. Bu barədə dərhal banka məlumat verilməsinə baxmayaraq, bank bunu nəzərə almamış və kredit müqaviləsi üzrə hər ay ödədiyi kredit məbləğini azaltmamışdır. Birinci instansiya məhkəməsi isə maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehlər isə məhkəmə iclasına gəlməmişlər.
13. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
16. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əfər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
17. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
20. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız kredit borcunun məbləği və Cavabdeh1 aid iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsaslıdır.
23. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741 və 462.1-ci maddələri təşkil edir.
24. Hazırki işdə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli kredit müqavilələri üzrə cavabdehl Cavabdeh1 öz öhdəliyini pozmuş və həmin müqavilələr üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
25. Belə ki, borc məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli ekspert rəyi verilmişdir.
26. Həmin rəyə əsasən xx.xx.2022-ci il tarixli, 22-MCR-1-690-22/1 saylı kredit verilməsinə dair razılaşmanın şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka xx.xx.2023-cü il tarixə əsas borc üzrə 7707,61 manat, faiz borcu üzrə 533,21 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 7707,61 manat, faiz borcu üzrə 942,99 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 7707,61 manat, faiz borcu üzrə 1164,37 manat müəyyən edilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixli, SMS_LOAN_********** saylı kredit verilməsinə dair razılaşmanın şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2023-cü il tarixə banka olan əsas borc üzrə 9426,92 manat, faiz borcu üzrə 766,72 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 9426,92 manat, faiz borcu üzrə 1313,48 manat müəyyən edilmişdir.
27. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq əsas və faiz borcuna aid hissədə iddianı qismən təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir.
28. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə maliyyə arayışları, hesabdan çıxarışı və məhkəməmühasibatlıq ekspertizasının rəyini araşdıraraq və Mülki Məcəllənin 741, 739, 462.1-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə əsas, faiz borcunun və dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
29. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, kredit borcun məbləği ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə həmin borcun şişirdildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır.
30. Cavabdehin kommersiya fəaliyyəti ilə əlaqədar gəliri olmadığı ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Cavabdehin məhkəmədə iştirakının təmin olunmaması ilə bağlı qeyd edilir ki, iş materiallarına əsasən cavabdeh məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında iştirak etməmiş və bir dəfə teleqram, bir dəfə isə elektron kabinet vasitəsilə ərizə göndərərək işə baxılmasını təxirə salınmasını xahiş etmiş, bununla yanaşı məhkəməyə gəlməməsinin üzrlü səbəblərdən baş verməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
32. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4063/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn