Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-344/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3382/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi və iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2023-cü il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 59461 manat və mediasiya ilə bağlı ödənilmiş 200 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 3382/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh xx.xx.2021-ci il tarixli 858 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə yaranmış 59461 manat, mediasiya ilə bağlı ödənilmiş 200 manat cəmi 59661 manat məbləğində vəsait tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN:**********) Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) hesabına köçürülməsi qət edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3382/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə şərtlərinə zidd olaraq cavabdehə ayrılmış torpağın bir qismi gölün ərazisinə düşür. Yəni ƏMDX-nə dəfələrlə müraciət etməsinə baxmayaraq plan cizgidə düzəliş etməmişdir. Dəfələrlə yerində yerin naturada təhvil verilməsini xahiş edilsə də, müsbət cavab verilməmişdir. Müqavilə üzrə ƏMDX-i üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə o, torpağın istifadəsindən imtina edərək Suraxanı rayonu, Əmircan Qəsəbəsi ünvanında yerləşən 30000 m2 ölçülü torpaq sahəsinə görə bağlanmış icarə müqaviləsinin ləğv olunmasına dair 29 mart 2022-ci il tarixdə notariat qaydasında ərizəsini təsdiq etdirərək 30 mart 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi qaydada göndərmişdir. Hazırda həmin ərizəni, müşayət məktubunu və poçt qəbzini sübut olaraq ərizəyə əlavə edildiyinə görə sübut kimi qəbul edilərək digər sübutlarla birlikdə qiymətləndirilməsini xahiş etsə də, əhəmiyyət verilməmişdir. Həmin sübutlar bir daha təsdiq etmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır. **********172 nömrəli xx.xx.2022-ci il tarixli 11 nömrəli notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 30000 m2 torpaq sahəsinə ehtiyacı olmadığını və müqavilənin ləğv edilməsilə bağlı tədbir görülməsini ƏMDX xahiş etmişdir. Həmin məktubu qəbul etsələr də iddiaçı təşkilatın imtinası əsassızdır. Çünki məktublar poçt qutusu vasitəsi ilə qəbul edilir. Lakin məktubu qarşı tərəfə sərf etmədiyi üçün qəbul etmədiklərini bildirmişlər. Ancaq nəzərə almaq lazımdır ki, məktub rəsmi olaraq poçt vasiətəsi ilə göndərilmişdir. Bu illər ərzində bir dəfə də olsa ondan icarə haqqı tələb edilməmişdir. Cavabdehin çox saylı müraciətlərinin qarşı tərəfdə qeydə alınmasının bu məsələyə heç bir aidiyyəti yoxdur. Həmin müraciətlərin hazırki məsələ ilə tam ziddiyyət təşkil edir. Həmin müraciətlərin qarşı tərəfə sərf etdiyindən qeydiyyatı aparılmışdır. Ancaq cavabdehin məhz yararsız yerdən imtina etməsi barədə olan müraciəti qarşı tərəfə sərf etmədiyindən qeydiyyata alınmamışdır. Həmin ərizənin qeydiyyata alınmaması onun günahı ucbatından baş verməmişdir. Odur ki, cavabdeh bir il əvvəl qarşı tərəfə müraciət edərək, müqavilənin ləğv edilməsini xahiş etmişdir. Ona görə də hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
8. Həmin Məcəllənin 423.2-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
9. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
10. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
11. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
12. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
13. Həmin Məcəllənin 704.1-ci əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.
14. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
15. “Torpaq icarəsi haqqında” AR Qanununun 10-cu maddəsinin ikinci hissəsinə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır.
16. Həmin Qanunun 29-cu maddəsinə əsasən torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır.
17. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 116 nömrəli Fərmanının 2.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirirlər.
18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş, xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmişdir. Fərmanın 4.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə dövlət xidmətinə keçmişdir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
26. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixli, 858 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilənin surətindən görünür ki, bu müqaviləyə görə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 30000 m2 torpaq sahəsi Cavabdeh istifadəsinə verilir. Müqavilənin 3.1-ci maddəsinə əsasən bir aylıq icarə haqqı 2827 manat, illik 33924 manatdır. Müqavilənin 7-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə vaxtından əvvəl xitam verilə bilər.
27. 26.09.2023-cü il tarixli 858 nömrəli müqavilə üzrə tərtib edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixə ödənilməmiş icarə haqqı 59461 manat təşkil edir.
28. **********172 nömrəli xx.xx.2022-ci il tarixli 11 nömrəli notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş ərizənin sürətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 30000 m2 torpaq sahəsinə ehtiyacı olmadığını və müqavilənin ləğv edilməsilə bağlı tədbir görülməsini ƏMDX xahiş etmişdir.
29. E&R Express Courier Service-in qəbzindən görünür ki, Cavabdeh məktubu Əmlak Məsələləri Dövlət Xidmətinin poçt qutusuna xx.xx.2022-ci il tarixdə salınmışdır.
30. Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi reyestrdən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 30000 m2 torpaq sahəsinin icarə müqaviləsinin ləğv edilməsi bağlı **********172 nömrəli xx.xx.2022-ci il tarixli Cavabdeh ərizəsi ƏMDX-də qeydiyyata alınmamışdır.
31. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, mübahisə predmeti olan icarə müqaviləsinin xitam verilməsi barədə xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə ilə iddiaçıya müraciət etmişdir. Bununla da, o, müqavilənin ləğvinə dair iradə ifadəsini bildirərək, icarə haqqını ödəməkdən imtina etmişdir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır (Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı).
33. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
34. Cavabdehin müqavilənin ləğv edilməsi ilə bağlı notarial ərizəsinin məzmunundan görünür ki, ləğv etmənin əsası kimi qarşı tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozulmasına istinad etməmiş, yalnız torpaq sahəsinin istifadə edilməsinə ehtiyacının olmamasına əsaslanmışdır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi cavabdehin ərizəsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas ola bilməz.
35. Məhkəmə kollegiyası apellyatorun mövqeyini əsassız hesab edərək qeyd edir ki, Mülki Məcəllənin 423.2-ci maddəsinin məzmununa əsasən müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifində müddət göstərilmədikdə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırki işdən görünür ki, cavabdeh təklifində müddət göstərməmiş, otuz gün qanunun müəyyən etdiyi müddət ərzində cavab almamış və müqavilənin ləğvinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Bu isə o deməkdir ki, mübahisə predmeti olan icarə müqaviləsi qüvvədə olduğuna görə cavabdeh icarə haqqını ödəməkdən əsassız olaraq boyun qaçırmışdır.
36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, e-2-2(113)-3382/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ziya Şirinov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova