Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-344/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia tələbi üzrə (Açar sözlər: kredit borcunun tutulması, sübutların qiymətləndirilməsi, ekspertiza rəyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (kreditor) ilə Cavabdeh (borcalan) arasında 18 avqust 2014cü il tarixdə 340/14-AYİB saylı kredit müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə görə, müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödəməsinə dair pul öhdəliyidir; 2.1-ci və 2.2-ci bəndlərinə görə, kreditor borcalana 10 200 ABŞ dolları məbləğində kredit verir, kredit borcalana dövriyyə vəsaitləinin artırılması məqsədilə verilir.
3. Müqavilənin 2.3-cü və 2.6-cı bəndlərinə əsasən, kredit 18 ay müddətinə, güzəşt müddəti müəyyən edilmədən verilir; 2.4-cü bəndinə görə, kreditin istifadəsinə görə borcalan kreditora illik 28 faiz ödəyir, kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 30,86 faiz təşkil edir.
4. Müqaviləyə əlavə edilən ödəniş qrafikindən görünür ki, kreditin ilk ödəmə tarixi 18 sentyabr 2014-cü il, son ödəmə tarixi 18 fevral 2016-cı il, məbləği 10 200 ABŞ dolları, illik faiz dərəcəsi 28%, aylıq ödəniş 701 ABŞ dolları (sonuncu ay 695 ABŞ dolları), banka ödəniləcək ümumi faiz məbləği 2412 ABŞ dolları, ümumi məbləğ isə 12 612 ABŞ dolları təşkil edir.
5. 18 avqust 2014-cü il tarixli 340/14-AYİB nömrəli kredit müqaviləsi üzrə 10 200 ABŞ dolları 18 avqust 2014-cü il tarixli kassa məxaric orderi əsasında borcalana verilmişdir.
6. Sözügedən müqaviləyə 19 mart 2015-ci il tarixdə 53/15-ƏS nömrəli əlavə saziş bağlanmış, kreditorun borcalana verdiyi kreditin qalıq məbləğinin 7227,5 ABŞ dolları təşkil etdiyi, (Bənd 1.1), kreditin müddətinin 19 avqust 2016-cı il tarixədək təyin olunduğu razılaşdırılmışdır (Bənd 1.2).
7. 18 avuqst 2014-cü il tarixli 340/14-AYİB nömrəli kredit müqaviləsi üzrə 03 aprel 2017-ci il tarixli 02 nömrəli əlavə sazişə görə, kredit aşağıdakı şərtlərlə restrukturizasiya edilir: “borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 dollar = 1,4 manat) 7041,43 manat təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4507,62 manat əsas borc, 1621,98 manat faiz borcu və 911,82 manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu “Əlavə Saziş” qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları 1 dollar = 1,4 manat məzənnəyə əsasən manata konvertasiya edilməklə ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti 03 aprel 2021-ci il tarixədək təşkil edir (Bənd 1.1). Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 20 faiz təşkil edir (Bənd 1.2). Borcalan yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduqda, kreditorun təşəbbüsü ilə X3 birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin, hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. X3 Kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə Tərəflər arasında imzalanmış 18 avqust 2014-cü il tarixli 340/14-AYİB nömrəli Kredit Müqaviləsinin şərtləri tətbiq olunur. Bu zaman Borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər Bankın ödəniş tarixinə qüvvədə olan məzənnəsi ilə yenidən hesablanır və bu fərq Borcalan tərəfindən dərhal Kreditora ödənilir (Bənd 1.6).
8. Həmin sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi 03 may 2017-ci il, son ödəniş tarixi 03 aprel 2021-ci il, hər ay 137,17 manat (sonuncu ay isə 137,13 manat) olmaqla ümumilikdə 4507,62 manat əsas borc, 2076,5 manat faiz borc üzrə ödənişlərin edilməsi nəzərdə tutulmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. İddiaçı ASC-nin (iddiaçı) ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, tərəflər arasında bağlanmış 18 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2875,06 manat əsas borc, 1716,11 manat faiz borcu, 4384,68 manat cərimə, əsas borca illik 5 faizlə hesablanmış 421,2 manat faiz olmaqla ümumilikdə 9397,05 manat borcun və ödənilmiş 113,98 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 05 fevral 2024-cü il tarixli məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmiş, sonuncu dəfə 05 fevral 2019-cu il tarixdə 86 manat məbləğində ödəniş etmiş, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bankın lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmişdir. 20 fevral 2024-cü il tarixə cavabdehin kredit üzrə cəmi borcu 9397,05 manat təşkil edir. Bundan 2875,06 manat əsas, 1716,11 manat faiz, 4384,68 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 421,20 manat faiz borcu təşkil edir.
11. Məhkəmənin 25 aprel 2024-cü il tarixli nömrəli qərardadı əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi (Məhkəmə Ekspertiza Mərkəzi) tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, “03 aprel 2021-ci il tarixə (müqavilənin müddətinin bitdiyi) cavabdehin 18 avqust 2014-cü il tarixli 340/14- AYİB nömrəli kredit müqaviləsi üzrə əsas borcu 2059,04 manat, faiz borcu 944,11 manat təşkil edir. Bundan başqa görünür ki, 03 aprel 2017-ci il tarixli, 2 saylı Əlavə sazişin şərtlərinə əsasən 1621,98 manat faiz borcu və 911,82 manat cərimə borcu konvertasiya dövründə müəyyən edilmiş borcdur və həmin borc ayrıca hesabda dondurulur”.
12. İddiaçı 05 dekabr 2024-cü il tarixində təkrar məhkəmə-mühasibtatlıq ekspertizasının keçirilməsi barədə vəsatət təqdim etmiş, iddia tələbindəki məbləğlər ilə ilkin ekspertiza rəyi arasındakı məbləğlər arasında kəskin fərqlərin olması əsası ilə rəyin mötəbələriyini mübahisələndirmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh 18 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmadığını hesab etdiyini, 21 oktyabr 2024-cü il tarixli ekspert rəyinə etiraz etmədiyini qeyd etmişdir.
14. Birinci instansiya məhkəməsinin 07 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 18 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2059,04 manat əsas borc, 944,11 manat faiz borcu, 100 manat cərimə, əsas borca illik 5% hesablanmaqla 297,01 manat olmaqla ümumilikdə 3400,16 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ödənilməli olan kredit məbləği məhz məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməklə müəyyən edilməli, rəylə müəyyən edilmiş 2059,04 manat əsas borc, 944,11 manat faiz borcu məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Məhkəmə bu zaman iki halı nəzərə almışdır: maliyyə arayışı iddiaçı tərəfindən tərtib edildiyindən onu mötəbər sübut kimi qəbul etmək olmaz, bununla müqayisədə məhkəmə qərardadı əsasında təyin edilmiş ekspertiza rəyi borc məbləğinin müəyyən edilməsində daha mötəbər sübut qismində çıxış edir; cavabdeh ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişdir, iddiaçı iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etsə də, ekspert rəyinin nə üçün əsassız olması barədə formal mülahizələr irəli sürmüşdür.
17. Məhkəmə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənişlə bağlı iddiaçının tələbini haqlı hesab etmişdir. Məhkəmə vurğulamışdır ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət 03 aprel 2021-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır. Bu baxımdan, qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, müqavilə müddətinin bitdiyi 03 aprel 2021-ci il tarixdən etibarən iddiaçının tələb etdiyi (maliyyə arayışına əsasən) 20 fevral 2024-cü il tarixədək (1053 gün) əsas borca illik 5 faizlə hesablanmış məbləğ 297,01 (2059,04*5/100/365*1053) manat təşkil edir.
18. Məhkəmə, iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən cavabdehin 05 fevral 2020-ci il tarixdən hər hansı ödəniş etməməsini (ekspert rəyinə əsasən), digər tərəfdən iddiaçı tərəfindən də uzun müddət iddia ilə məhkəməyə müraciət olunmamasını nəzərə alaraq, cavabdehdən tutulmalı cərimə məbləğinin 100 manat həddində müəyyənləşdirmişdir.
19. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 445.7-ci, 462.1-ci, 467-ci, 739.1-ci, 739.2-ci, 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına istinad etmişdir.
20. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin dəbbə pulu ilə bağlı əsassız nəticəyə gəldiyini və iddiaçı tərəfindən təqdim edilən sənədlərə qiymət verməyərək ekspertiza rəyinə istinad etməklə əsassız qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apelyasiya baxışı, izahat
22. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
25. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. Maddə 739.1 (xx.xx.2023-cü il tarixədək olan redaksiyada). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
38. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
41. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
42. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Apellyasiya baxışının həddi
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
45. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı bank isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
46. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
47. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
48. Əsas, faiz, cərimə borcunun məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, o nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi isə kredit borcunun (əsas, faiz və cərimə) 03 aprel 2021-cü il tarixinə (müqavilənin qüvvədə olduğu tarixə) olan məbləğləri dəqiqləşdirilmişdir.
49. Belə olan halda isə ekspertiza rəyinin mötəbərliyinə şübhə doğuracaq və təkrar ekspertizanın keçirilməsini zəruri edəcək hal müəyyən edilməmişdir.
50. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş ilkin ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından birinci instansiya məhkəməsi tərəfindən yenidən ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.
51. Kollegiya məhkəmənin, cavabdehdən 100 manat cərimə borcunun tutulması ilə qənaətini də əsaslı hesab edir.
52. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
53. Hazırki işin hallarından görünür ki, borcalanın 2059,04 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı bank 4384,68 manat cərimə hesablayıb tələb etmiş, məhkəmə isə cavabdehdən tutulmalı olan cəriməni 100 manat həcmində müəyyənləşdirmişdir. Kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab olunmalıdır.
54. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün (mübahisələndirilən hissədə) əsas təşkil etmir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-149/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Ziya Şirinov
Leyla Əliyeva