Məhkəmə qərarları › İş №2-2(103)-345/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-345/2022

06.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-345/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılmasına dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 20.12.2021-ci il tarixli 2- 2(113)-5207/2021 nömrəli qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 18.08.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 13.883,14 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 78.200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafıə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 18.08.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 18.08.2021-ci il tarixə yaranan 13.883,14 manat borcuna görə 78.200 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 19.08.2021-ci il tarixli **********3 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 23.08.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 18.08.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna 13.883,14 manat ödənilməmiş borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 20.12.2021-ci il tarixli 2-2(113)-5207/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 18.08.2021-ci il tarixə olan Dövlət Sosial Müdafiə Fonduna 13.883,14 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 78.200 manat dəyərində olan əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 13.883,14 manat məbləğində borcun tutularaq Dövlət Sosial Müdafiə Fonduna və 100 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdehnə qaytarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdeh dövlət büdcəsinə olan borcdan iş məhkəməyə göndərildikdən sonra 4833 manatını ödəmiş və bu şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Lakin məhkəmə bu ödənişi nəzərə almamışdır. Bundan başqa məhkəmə siyahıya alınmış əmlakın 1 kv.m-nin nəyə görə 850 manatdan hesablandığına münasibət bildirməmişdir. İşə baxılması 30.03.2022-ci il tarixə təyin edilmiş, tərəflər işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 20.12.2021-ci il tarixli 2-2(113)-5207/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlər əsasında müəyyən olunur ki, vergi ödəyicisi olan Cavabdeh məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, dövlət büdcəsinə 13883,14 manat borcunun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borclarının ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüş, borcla bağlı bildiriş göndərilmiş, əmlakı siyahıya alınmış, borc ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq göndərilmişdir. Vergi ödəyicisinə 26.01.2021-ci il tarixdə göndərilmiş bildirişdən görünür ki, tələb olunan 13883,14 manat borcun 10440,47 manatı muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə, 3442,67 manatı faiz borcudur. Görülmüş tədbirlər nəticə vermədiyindən 18.08.2021-ci il tarixdə Cavabdeh 18.08.2021-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 78.200 manat dəyərində əmlakı siyahıya alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən, siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.14.1-ci maddəsinə əsasən, siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.4-cü maddəsinə əsasən, əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Əmlakın satışından daxil olan pul vəsaiti vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərracda satılmadıqda, borcların dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə icra məmuru tərəfindən vergi ödəyicisinin həmin borclarının qalan məbləği həcmində digər əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada siyahıya alına bilər. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə görə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Birinci instansiya məhkəməsi qeyd edilən normaların tələblərinə əsasən düzgün olaraq hesab etmişdir ki, Cavabdeh dövlət sosial sığorta haqlarını tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində məcburi dövlət sosial müdafiə haqları üzrə borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcun cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Borc məbləğindən 4833 manat ödəniş edilməsi, həmin ödənişin şəxsi hesab vərəqəsində öz əksini tapması, lakin məhkəmə tərəfindən nəzərə alınmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsinin vergi orqanında qeydə alınmış mobil telefon nömrəsinə məhkəmə iclaslarının vaxtı barədə SMS göndərilsə də, cavabdeh məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə borcun qismən ödənilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin iş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, 21.10.2021-ci il tarixədək muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə borc məbləğində hər hansı azalma olmamış, əksinə əsas borc artaraq 12975,47 manat olmuşdur. Bundan əlavə əgər borc üzrə qismən ödəniş edilmiş olsaydı belə dövlət büdcəsinə olan borc tam ödənilmədiyindən iddianın rədd olunması üçün əsas ola bilməzdi. Siyahıya alınmış əmlakın dəyərinə məhkəmə tərəfindən münasibət bildirilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan məsələ hazırkı məhkəmə mübahisəsinin predmetini təşkil etmədiyindən birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 20.12.2021-ci il tarixli 2-2(113)-5207/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 20.12.2021-ci il tarixli 2-2(113)-5207/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yürləşdirildiyi) gündən 2 (iki) ay müddətində qanunla nəzərdə tutulmuş halda elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar