Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-345/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-975/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı “Araz Supermarket" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Araz Supermarket" MMC cavabdeh X3 qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın subicarə müqaviləsi üzrə ödənilməmiş 200,39 manat məbləğində pul vəsaiti, habelə mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 20 manat, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 10 manat olmaqla, ümumlikdə 230,39 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-975/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı “Araz Supermarket" MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 150.1 və 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsində isə göstərilmişdir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 214.02.284 nömrəli daşınmaz əmlakın subicarə müqaviləsinin 12.2-ci bəndinə əsasən, bu müqavilədən irəli gələn və ya onunla bağlı bütün mübahisələr, danışıqlar yolu ilə həll oluna bilmədikdə, aidiyyəti üzrə Azərbaycan Respublikasının məhkəməsinə verilir. Lakin iddia ərizəsinə MPM-in 150.2-ci maddəsinə riayət edilməsi barədə sənəd əlavə edilməmişdir. Belə ki, işin hallarından müəyyən edir ki, iddia ərizəsinə əlavə edilmiş pretenziya məktubu “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə göndərilmiş, cavabdehin isə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcud deyildir. Belə olan halda kollegiya hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş pretenziya məktubu cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.6-cı maddəsində isə təsbit olunmuşdur ki, hakim müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini geri qaytarır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsini icraata qəbul etməmişdir. Şikayətin dəlillərinə dair kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsini və ona əlavə olunuş sənədləri X1 Sistemi (AVİS) vasitəsi ilə göndərdiyi halda, pretenziya məktubunu eyni qaydada göndərməmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər yalnız o vaxt X1 Sistemi (AVİS) vasitəsi ilə göndərilir ki, sahibkar “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmiş olsun. Hazırkı halda da iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri AVİS vasitəsi ilə göndərdiyi kimi pretenziya məktubunu da eyni qaydada göndərməli idi. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “Araz Supermarket" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-975/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-345/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-345/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver