Məhkəmə qərarları › İş №2-2(103)-345/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-345/2024

16.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-345/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-3569/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 365 841,28 ABŞ dolları (ödənilən gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manat) əsas borcun, əsas borca illik 5%-lə hesablanmaqla 217 675 manat pulun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 730 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-3569/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apelyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə müqavilə münasibətlərinin mövcudluğunu qəbul etsə də, satıcının malı tərəfə təhvil vermədiyi qənaətinə gəlmişdir. Halbuki Türkiyə Respublikası gömrük sənədlərindən belə görsənir ki, satılan malları cavabdeh Türkiyə ərazisindən çıxarıb. Cavabdeh özü də etiraf etmişdir ki, malları Azərbaycan Respublikası ərazisinə keçirib. Məhkəmə şifahi əqdin tələblərini nəzərə almayıb. İddiaçının qardaşı və cavabdehlə olan telefon danışıqlarından və Türkiyə gömrük sənədlərindən belə aydın olur ki, cavabdeh əqd bağlamaq fikrində olub. Digər tərəfdən unutmaq lazım deyil ki, birinci instansiya məhkəməsində təqdim edilən digər fakturalarda da Cavabdeh adına olub. Yəni o bu yolla bir neçə dəfə əqd bağlamış olub. Məhkəmənin qətnaməsinin 45-ci paraqrafında göstərdiyi əsaslandırma MM-nin 409.9-cu maddəsi ilə uzlaşmır. Birinci instansiya məhkəməsi Türkiyə Respublikasına Ədliyyə orqanlarına məhkəmə tapşırığı yazmaq əvəzinə səfirliyə sorğular yazmaqla kifayətləndi. Beləcə vaxt tamamında məhkəmə tələsik qətnamə qəbul etmiş oldu. Məhkəmə MPM-in 14.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Türkiyə Respublikasının qanunvericiliyinə əsasən fakturalar üzrə satılan mallara görə Türkiyə vergi orqanlarına vergi bəyannaməsi verilir. Həmin bəyannamələr üzrə satılan malların ƏDV-ni Türkiyə höküməti ixracatçılara yəni malı satan şəxslərə geri ödəyir. Bunun təsdiqi üçün isə Türkiyə vergi orqanları hər bir faktura üzrə ixrac olunan malların gömrük bəyannamələrini Türkiyə gömrük orqanlarından tələb edir. Əgər o, faktura yazıb vergi orqanına bəyan etsə ki, bu satılan mal ixrac olunur və Türkiyə gömrük orqanı bunu təsdiq etməzsə o zaman onu vergi qanunvericiliyinin pozulmasına görə cərimə və həbs edilə bilər. Bir sözlə belə bir avantüraya getmək Türkiyədə biznesinin məhv olunması ilə nəticələnək. Ona görə də birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi yazılan fakturalar bir tərəfli qaydada təsdiq edilmiş sənəd sayılması qətiyyən düzgün yanaşma deyil. Digər tərəfdən Türkiyə gömrük orqanları tərəfindən verilmiş gömrük bəyamnamələrinə əsasən açıq-aydın məlum olur ki, Cavabdeh fakturada göstərilən malları ondan alıb və Azərbaycana aparıb. Azərbaycan Gömrük Komitəsinin səhlənkarlığı və ya digər səbəbdən bu malın ölkəyə daxil olmasını qeydiyyata almayıbsa bu hal heç bir halda onun pulunun ödənilməməsi üçün əsas ola bilməz. Hesab edir ki, cavabdehlə onun arasında ticarət əlaqələrinin olması, ondan mal alması, alınmış malı Türkiyədən ixrac etməsi rəsmi sənədlərlə işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Lakin birinci instansiya məhkəməsi qərəzli olaraq bu hallara göz yummuş və cavabdehin izahatı üzərində növbətçi sözlərlə əhatə olunmuş bir qətnamə qəbul etmişdir. Bir daha qeyd edir ki, Türkiyə Respublikasında alqı-satqı zamanı yazılı müqavilənin olması vacib şərt deyildir. Ən vacib məsələlərdən biri isə tərəfindən məhkəməyə cavabdehin əməllərində cinayət tərkibi olması ilə bağlı və bununla əlaqədar xüsusi qərardadın qəbul edilməsi ilə məhkəməyə vəsatət versə də, məhkəmə bu vəsatətə ümumiyyətlə münasibət bildirmədi. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəf malları Azərbaycan Respublikasına gətirməyini etiraf etsə də, məhkəmə öz qətnaməsində fakturada qeyd edilmiş malların Azərbaycan Respublikasına gəlmədiyini və cavabdehə təhvil verilmədiyini qeyd edir. Məhkəmənin bu mövqeyi açıq-aşkar qərəzlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

11. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

12. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

15. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı Türkiyə Respublikasının vətəndaşıdır və Türkiyə Respublikasında fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçmişdir. İddiaçı Türkiyə Respublikasının Bursa şəhərindən Cavabdeh adına xx.xx.2015-ci il tarixli malların göndərilməsi qaiməsinə əsasən dəyəri 31 668 ABŞ dolları olan 35 adda mebel, xx.xx.2015-ci il tarixli malların göndərilməsi qaiməsinə əsasən dəyəri 72 280 ABŞ dolları olan 45 adda yataq otağı mebeli, xx.xx.2015-ci il tarixli malların göndərilməsi qaiməsinə əsasən dəyəri 62 463 ABŞ dolları olan 53 adda mebel, xx.xx.2015-ci il tarixli malların göndərilməsi qaiməsinə əsasən dəyəri 62 000 ABŞ dolları olan 42 adda mebel, xx.xx.2015-ci il tarixli malların göndərilməsi qaiməsinə əsasən dəyəri 70 447 ABŞ dolları olan 285 adda mebel, xx.xx.2015-ci il tarixli malların göndərilməsi qaiməsinə əsasən dəyəri 66 983,08 ABŞ dolları olan 73 adda mebel göndərmişdir. Lakin bu günədək cavabdeh tərəfindən yuxarıda göstərilən mebellərin dəyəri – 365 841, 28 ABŞ dolları iddiaçıya ödənilməmişdir.

16. Cavabdeh tərəf apellyasiya şikayətində qeyd olunanın əksinə olaraq birinci instansiya məhkəməsində iddianı etiraf etməmiş, şifahi müqavilənin bağlanmasını, malın iddiaçıdan sifariş verməsini inkar etmişdir. Cavabdehin nümayəndəsi yalnız malın daşıyıcısı olması ehtimalını irəli sürmüşdür. Odur ki, iddiaçının iddianın əsasını təşkil edən halları, yəni müqavilənin bağlanmasını, onun iddiaçı tərəfdən icrasını və cavabdehin öz öhdəliyini yerinə yetirməməsi kimi halları sübut etmək vəzifəsi olmasına baxmayaraq məhkəmə icraatında bunu edə bilməmişdir.

17. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halı təsdiq edən sübutlar qismində məhkəməyə təqdim etdiyi faktura, çəki siyahısı adlı sənədlər iddiaçı tərəfindən tərtib edilən birtərəfli sənədlər olmaqla məzmununda yalnız Cavabdeh adı qeyd edilmiş, qeyd olunan şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən hər hansı məlumat daxil edilməmiş, malların cavabdeh və ya lazımi qaydada səlahiyyət verilmiş nümayəndəsi tərəfindən təhvil alınması təsdiqlənməmişdir.

18. Bundan başqa, iddiaçı məhkəməyə sübut qismində Türkiyə gömrük orqanları tərəfindən verilmiş gömrük bəyannamələrini təqdim etmişdir. Lakin məhkəmənin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı sorğuya sonuncunun cavab məktubunda Cavabdeh adına 2015-ci il ərzində Türkiyə Respublikasından mal idxalı haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında hər hansı qeyd olmadığı göstərilmişdir. İddiaçı malların bəyan edilməsinin əsasında duran sənəd qismində yuxarıda qeyd edilən faktura və çəki siyahısını təqdim etmişdir ki, qeyd olunan sənədlərə məhkəmə tərəfindən qiymət verilmişdir.

19. Həmçinin məhkəmə tərəflər arasında alqı-satqı münasibətləri ilə bağlı hər hansı yazışmanın (malın sifarişi və s. ilə bağlı) və ya yazılı sənədin mövcud olubolmadığını iddiaçı tərəflə aydınlaşdırmış, iddiaçı tərəf sifarişin şifahi şəkildə verildiyini, tərəflər arasında yazılı sənədin tərtib olunmadığını, yazışma olmadığını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında ofertanın göndərilməsi, digər tərəfin onu aksept etməsi ilə bağlı hər hansı yazılı təsbitin olmaması, 365 841,28 ABŞ dolları dəyərində malın tərəflərin təsdiq etdiyi yazılı sənədin tərtib olunması yolu ilə rəsmiləşdirmədən (müqavilə tərtib olunmadan, malın təhvil-təslimi alıcı tərəfindən təsdiq olunmadan) təqdim olunması ağlabatan deyildir.

20. İddiaçı tərəf iddiaçının qardaşı ilə cavabdeh arasında olan danışığın səs yazısını sübut qismində məhkəməyə təqdim etmiş, məhkəmə iclasında qeyd olunan səs yazıları tədqiq edilmişdir. Qeyd olunan sübutla bağlı məhkəmə qeyd etmişdir ki, səs yazıları ilə tərəflərin arasında alqı-satqı münasibətlərinin mövcud olduğu, iddia ərizəsində qeyd olunan dəyərdə malların cavabdehə satılması, qeyd olunan malların cavabdeh tərəfindən təhvil alınması təsdiq olunmur. Həmçinin məhkəmə qeyd edir ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada qeyd olunan sübut tərəflər arasında mövcud olan alqı-satqı münasibətlərini, o cümlədən alıcı tərəfindən malların qəbul edilməsini təsdiq edə bilməz, həmin səs yazıları yalnız iddiaçının istinad etdiyi hallar mötəbər sübutlarla təsdiq olunduğu halda digər sübutlarla yanaşı dolayı sübut kimi qiymətləndirilə bilərdi. Hazırkı halda isə adıçəkilən sübut sübutetmə predmetinə daxil olan halları təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.

21. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı sübutetmə üzrə vəzifələrini yerinə yetirə bilməmişdir. Belə ki, iddiaçı cavabdehlə aralarında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətinin mövcud olduğunu, cavabdehə iddia ərizəsində qeyd etdiyi malları satdığını, həmin malları cavabdehə təhvil verdiyini sübuta yetirə bilmədiyindən, beləliklə də subyektiv hüquqa malik olmadığından iddia tələbi əsassızdır və təmin olunmamalıdır.

22. Apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəf malları Azərbaycan Respublikasına gətirməyini etiraf etsə də, məhkəmə öz qətnaməsində fakturada qeyd edilmiş malların Azərbaycan Respublikasına gəlmədiyini və cavabdehə təhvil verilmədiyini qeyd edir. Məhkəmənin bu mövqeyi açıq-aşkar qərəzlidir.

23. Bu dəlillə əlaqədar apellyator nəzərə almalıdır ki, cavabdeh malı alıcı kimi gətirməsini deyil, daşıyıcı kimi gətirməsini etiraf etmişdir. Odur ki, məhkəmənin qərəzli olmasını iddia etmək əsaslı deyil.

24. Apellyasiya şikayətində qeyd olunmuşdur: hesab edir ki, cavabdehlə onun arasında ticarət əlaqələrinin olması, ondan mal alması, alınmış malı Türkiyədən ixrac etməsi rəsmi sənədlərlə işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Lakin birinci instansiya məhkəməsi qərəzli olaraq bu hallara göz yummuş və cavabdehin izahatı üzərində növbətçi sözlərlə əhatə olunmuş bir qətnamə qəbul etmişdir. Bir daha qeyd edir ki, Türkiyə Respublikasında alqı-satqı zamanı yazılı müqavilənin olması vacib şərt deyildir. Ən vacib məsələlərdən biri isə tərəfindən məhkəməyə cavabdehin əməllərində cinayət tərkibi olması ilə bağlı və bununla əlaqədar xüsusi qərardadın qəbul edilməsi ilə məhkəməyə vəsatət versə də, məhkəmə bu vəsatətə ümumiyyətlə münasibət bildirmədi.

25. Şikayətin bu dəlili ona görə əsassızdır ki, iddiaçı tərəfin vəkilləri birinci instansiya məhkəməsinə hüquq mühafizə orqanına müraciət etmələri ilə bağlı məlumat vermişdirlər. Bu vəziyyətdə məhkəmənin iddianın əsassız olması nəticəsinə gəldiyi halda iş üzrə xüsusi qərardadı qəbul etməməsi prosessual qanunvericiliyin pozulması halı kimi qiymətləndirilə bilməz. Məhkəmə qətnaməsini növbətçi sözlərlə deyil, iddiada irəli sürülən dəlillərə ətraflı cavab verməklə hüquqi dəyərlindərmə və əsaslandırmalarla əhatə etmişdir. Məhkəmə qətnamədə qanunvericilikdə alqı-satqı müqaviləsinin yalnız yazılı şəkildə nəzərdə tutulması mövqeyini qeyd etməmişdir.

26. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-3569/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar