Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-346/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kommersiya işi Açar söz: kredit müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2-2(113)-4059/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2021-ci il tarixli razılaşmanın şərtlərindən görünür ki, Müştəri bu Razılaşmanı imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində “https://www.pashabank.az/gsa_addendum/lang.az/” link üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli 1.0.3 №-li versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.
2. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının 4-cü hissəsinin şərtlərindən görünür ki, Bank Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi etdikdə təqdim olunan “Maliyyələşdirmə üçün Ərizə” Bankın krediti vermək üçün təklifə dəvətini ifadə edir və Müştəri onu imzalamaqla təklif edir, Bank isə maliyyələşdirməni həyata keçirməklə əqdi aksept etmiş olur (1.1). Kredit, Bank tərəfindən kredit məbləğinin Müştəriyə Bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir (Overdraftlara şamil olunmur) (3.1). Müştəri Kreditdən istifadəyə görə Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir (3.2). Kreditin əsas məbləği və ona hesablanmış faizlər Müştəri tərəfindən Banka nağd və ya köçürmə yolu ilə ödənilir. Faizlərin son ödənişi Kreditin son ödənişi ilə birlikdə həyata keçirilir (Overdraftlara şamil olunmur) (3.5). Kredit məbləği Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən müddət ərzində tam olaraq qaytarılır (3.7).
3. xx.xx.2022-ci il tarixli DC00330812-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixinədək qaytarılmaqla illik 17 faiz, faktiki illik faiz 19,09 faiz şərti ilə mal alışı üçün 35 000 manat kredit vermişdir.
4. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, DC00330812-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehin iddiaçıya olan əsas borcu 28623,06 manat, faiz borcu isə 3828,81 manat təşkil edir.
5. Mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, cavabdehdən xx.xx.2022-ci il tarixli DC00330812-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcun tam və xx.xx.2023-cü il tarixə olan faiz borcunun ödənilməsi tələb edilmiş, həmin məktub poçt rabitəsi vasitəsilə xx.xx.2023-cü il tarixdə cavabdehə çatdırılmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, DC00330812-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 28623,06 manat əsas borc, 3828,81 manat faiz borcu, 691,65 manat cərimə borcu olmaqla ümumilikdə 33143,52 manat məbləğində pulun və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC/SE/9188 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq cavabdeh “www.pashabank.az” saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00330812-04 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 35000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin cavabdeh DC00330812-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2-2(113)- 4059/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia qismən təmin edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında imzalanmış 17 may 2022-ci il tarixli DC00330812-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 28623 (iyirmi səkkiz min altı yüz iyirmi üç) manat 06 (altı) qəpik əsas borc, 2642 (iki min altı yüz qırx iki) manat 13 (on üç) qəpik faiz borcu, 691 (altı yüz doxsan bir) manat 65 (altmış beş) qəpik cərimə borcu, əsas borca illik 5% ilə hesablanmaqla 345 (üç yüz qırx beş) manat 46 (qırx altı) qəpik olmaqla, ümumilikdə 32302 (otuz iki min üç yüz iki) manat 30 (otuz) qəpik məbləğində pulun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 02 oktyabr 2023-cü il tarixli 9/6467 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli DC00330812-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc 28657,68 manat, faiz borcu 3535,76 manat, xx.xx.2023cü il tarixə əsas borc 28657,68 manat, faiz borcu 3833,49 manat təşkil edir.
10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC/SE/9188 saylı razılaşma çərçivəsində xx.xx.2022-ci il tarixli DC00330812-04 saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 35000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit məbləğini təşkil edən 35000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
11. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya təklifi yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixədək (xx.xx.2023-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2023-cü il tarixə olan əsas və faiz borcunu tələb edir.
12. Məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsinin ləğvi tarixinə cavabdehin əsas borcu 28657,68 manat təşkil edir. Ekspert rəyi üzrə xx.xx.2022-ci il tarixdən hər gün üçün düşən faiz məbləği (13,53 manat) nəzərə alınmaqla kredit müqaviləsinin ləğvi tarixinə (xx.xx.2023-cü il) qədər 169 gün üçün xx.xx.2023-cü il tarixə cavabdehin faiz borcu isə 2642,13 manat (xx.xx.2022-ci il tarixə faiz borcu 355,56 manat + 2286,57 manat (169 gün üçün faiz borcu 169 * 13,53 manat)) kimi müəyyən olunur. İddiaçı 28623,06 manat əsas borcun tutulmasını tələb edir.
13. İddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tələb etdiyi müqavilə üzrə kreditdən istifadə faizi ilə bağlı məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsinə xitam verildikdən sonra kreditdən istifadə faizinin tutulması qanunvericilikdə nəzərdə tutulmasa da, həmin dövr üçün əsas borca illik 5 faizlə hesablanmaqla maliyyə sanksiyası kimi qanuni faizin tutulması mümkündür.
14. Məhkəmə iddianın cərimə borcunun tutulması hissəsinə münasibətdə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 691,65 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2-2(113)-4059/2023 nömrəli qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, müqavilənin şərtinə uyğun olaraq DC00330812-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3828,81 manat faiz borcu təmin edilməli idi. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında 17 may 2022-ci il tarixli DC00330812-04 saylı kredit müqaviləsi 24 (iyirmi dörd) ay müddətinə bağlanmış və müqavilənin müddəti xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Tərəflər arasında olan öhdəlik münasibətləri davam etdiyindən, iddia ərizəsinə əlavə verilən günədək faiz borcunun hesablanması davam etmişdir. Tərəfimizdən xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmiş və məhkəmənin icraatına qəbul edilmişdir. Bundan əlavə, müqavilənin şərtinə uyğun olaraq faiz dərəcəsi 17% faiz ilə hesablanmağa davam etməli idi. Həmin qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin ipoteka (girov) predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. KM-nin qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, müqavilənin qüvvədə olmada müddəti qurtarmamış kredit müqavilələri üzə Borclulara göndərilmiş xəbərdarlıq məktublarında bütün qalıq kredit məbləği tələb edilməklə müqavilə ləğv edilsə də, müqavilənin ləğvindən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsait deyil, digər əsaslardan çıxış edərək həmin müqavilədə qeyd edilən faiz dərəcəsi ilə borcun tutulması imkanı nəzərdə tutulmuşdur. Bunun üçün, bağlanmış kredit müqavilələrində müqavilə müddəti bitdiyi və ya müqavilə ləğv edildiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün müqavilədə qeyd edilmiş faiz dərəcəsi ilə faizlərin hesablanması və ödəniləcəyi nəzərdə tutulmuş olmalıdır. Belə olan halda, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində deyil, müqavilədə qeyd edilmiş faiz dərəcəsi ilə vəsaitin ödənilməsini tələb edə bilər. Hazırkı işin hallarından görünür ki, hər iki maliyyələşdirmə üçün ərizədə kreditin gecikdirilmiş əsas məbləğinə tətbiq olunan nominal illik faiz dərəcəsinin 17 % dərəcəsi olması qeyd edilmişdir. Odur ki, gecikdirikmiş əsas borc məbləğinə 5 faiz dərəcəsi ilə deyil, müqavilədə nəzərdə tutulmuş 17 % dərəcəsi ilə faiz borcunun hesablanması və tələb edilməsi əsaslı olmuşdur. İş üzrə borc məbləğinin düzgün hesablanmasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin ekspertiza rəyindən göründüyü kimi, xx.xx.2023-cü il tarixə 3828,81 manat faiz borcunun düzgün hesablanması ekspert rəyi təsdiq edilmişdir. Bu səbəbdən də, qətnamə ilə müəyyən edilən faiz borc məbləği əsaslı hesab edilə bilməz.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
18. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etmişdir.
19. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddə- borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddə (əvvəlki redaksiya)- borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3). 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
20. Qətnamə iddiaçı tərəfindən qismən –faiz borcunun təmin edilmədiyi hissədə mübahisələndirdiyindən həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2-2(113)-4059/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, hazırkı halda iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya təklifi yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsini bildirərək müqavilədən imtina etdiyindən müqavilə üzrə faiz borcu mediasiya təklifinin cavabdehə şatdırıldığı tarixədək (xx.xx.2023-cü il) tələb edilə bilər.
24. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert qarşısında faiz borcunun həmin tarixədək hesablanması barədə sual qoyulmamışdır. Məhkəmə ekspert rəyi ilə xx.xx.2022ci il tarixdən bir günlük faiz məbləğinin 13.53 manat olduğunu nəzərə alaraq xx.xx.2023-cü il tarixədək 169 gün üçün 2286,57 manat faiz hesablamış və bu məbləği xx.xx.2022-ci il tarixədək hesablanmış 355,56 manat faizin üzərinə gəlməklə müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixədək cavabdehin ödəməli olduğu faiz borcu 2642,13 manat təşkil etmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, faiz borcunun rədd edildiyi hissədə qətnamə qanuni və əsaslı olduğundan həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2-2(113)- 4059/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2-2(113)-4059/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.