Məhkəmə qərarları › İş №2-2(103)-35/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-35/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-35/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-545/2023 saylı qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli 017L**********90 saylı uzunmüddətli kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən kredit limitinin məbləği 500.000 manat məbləğində müəyyən edilmişdir

2. Bundan sonra xx.xx.2021-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında Bank tərəfindən Cavabdeh2 aylıq faiz dərəcəsi 1,8333 % olmaqla 36 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir.

3. Kredit müqaviləsi, kredit razılaşması və ödəniş planı tərəflərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.

4. xx.xx.2021-ci il tarixli 017L**********90 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh1 ilə xx.xx.2021ci il tarixli 017S**********03 saylı saylı zaminlik müqaviləsi bağlanılmışdır.

5. xx.xx.2021-ci il tarixli 017L**********90 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Bankla Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli 017M**********01 saylı ipoteka müqaviləsi bağlanaraq Cavabdeh2 məxsus 2012-ci il istehsal tarixli Hyundai Elantra markalı 90NU116 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir.

6. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh2 23.1.2021-ci il tarixi 017R********** saylı kredit razılaşması üzrə 47002,7 manat əsas borc, 4120,33 manat faiz borcu, 2791,97 manat cərimə borcu cəmi 53915 manat məbləğində borc hesablanmışdır

7. Məhkəmə Ekspertiza Mərkəzinin 31 oktyabr 2024-cü il tarixli 9/1352 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən aparılmış tədqiqat nəticəsində yerli internet (sayt:Turbo.az) məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən qərardadda göstərilən 2012-ci il buraxılışlı Hyundai Elentra markalı **-NU-*** dövlət qeydiyyat nişanlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin nəzəri qaydada hazırki tarixə orta bazar qiyməti təxminən 19800 manat likvid dəyəri isə 17820(19800 m-10%) manat müəyyən edilir. Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 017R********** saylı krеdit razılaşması üzrə 47.002,7 manat məbləğində krеdit bоrcu, 4.120,33 manat məbləğində faiz bоrcu və 2.791,97 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 53.915 manat məbləğində bоrcun, ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutulması, tutmanın Cavabdeh2 məxsus olan Hyundai Elantra markalı, 90NU116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin 53.915 manat məbləğində borcun və ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin ödənilməsinə yönəldilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 017L**********90 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500.000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 017R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2- ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit üzrə əsas borcundan 2.997,3 manat ödəmiş, onun 47.002.7 manat məbləğində əsas borcu qalmışdır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 117 gün üçün hesablanmış faiz borcu 4.120,33 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2- ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh ipoteka verən Cavabdeh2 ilə Bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi əsasında Hyundai Elantra markalı, 90NU116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

10. İddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448, 467, 445.2.1 və s. maddələri göstərilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-545/2023 saylı qətnaməsi ilə iddia qismən edilmiş, xx.xx.2021-ci il tarixli 017R********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 47.002 manat 70 qəpik, faiz borcu üzrə 3.312 manat 21 qəpik, cərimə borcu üzrə 2.300 manat, əsas borca illik 5 faiz hesablanmaqla 195 manat, 84 qəpik, cəmi 52.810 manat, 75 qəpik məbləğində pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan Hyundai Elantra markalı, 90NU116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, Cavabdeh2 mülkiyyətində olan Hyundai Elantra markalı, 90NU116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait xx.xx.2021-ci il tarixli 017R********** saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 47.002 manat 70 qəpik, faiz borcu üzrə 3.312 manat 21 qəpik, cərimə borcu üzrə 2.300 manat, əsas borca illik 5 faiz hesablanmaqla 195 manat, 84 qəpik, cəmi 52.810 manat, 75 qəpik məbləğində pulun ödənilməsinə yönəldilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, bankla Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən 50.000 manat məbləğində pul xx.xx.2021-ci il tarixdə Cavabdeh2 İddiaçı QSC-dəki hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 da müqavilənin bağlanmasını və 50.000 manat məbləğində pulun verilməsini mübahisələndirməmiş və hesablanmış borcları qəbul etdiyini, cərimə borcunun silinməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia kredit müqaviləsi üzrə əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və xx.xx.2021-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 47.002,70 manat əsas borc müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə bank tərəfindən tələb edilən 4.120,33 manat faiz borcu ilə bağlı aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixi Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarına əlavə edilmiş bank tərəfindən Cavabdeh2 xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilənin müddətinin bitməsinə baxmayaraq Bank borcludan məhz xəbərdarlıq tarixinə yaranmış əsas borcu deyil, məhz qeyd edilmiş müqavilə üzrə tam olaraq qalıq borcunu tələb etmiş və müqavilənin vaxtından əvvəl xitam veriləcəyi iradəsini ifadə etmişdir. Yuxarıda qeyd edilmiş qərarda əks olunmuş hüquqi mövqe də, nəzərə alındığında məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi artıq xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Bu baxımdan da, Bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 017R********** saylı kredit müqaviləsində nəzərdə tutulmuş faiz borcu məhz həmin tarixədək hesablanmalıdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank Cavabdeh2 3.312,21 manat faiz borcunun olduğunu qeyd etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, müqavilədə nəzərdə tutulmuş faiz borcu üzrə 3.312,21 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda da, Cavabdeh2 göndərilmiş xəbərdarlıq məktubunun xx.xx.2022-ci il tarixli olması, məhkəməyə təqdim edilmiş maliyyə arayışında isə xx.xx.2022-ci il tarixə yaranmış borcun tələb edilməsi nəzərə alındığında məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək də, Müllki Məcəllənin 445.7- ci maddəsinin tələbləri baxımından əsas borca illik 5 faiz hesablanmaqla pul tutulmalıdır.. Qeyd edilmiş tarixlərə nəzər yetirildiyində aydın olur ki, maliyyə arayışı xəbərdarlıq məktubundan təxmini 1 ay sonra verilmişdir. Belə olan halda, əsas borca illik 5 faiz hesablanmaqla 195,8 (47.002,7x5/100=2.350,135 (1 il üçün), 2.350,135/12=195,84 (1 ay üçün)) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. Hazırki işin hallarından görünür ki, cavabdehin 47.002,7 manat məbləğində əsas borcuna münasibətdə 2.300 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.. Məhkəmə iddianın borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd etmişdir. İşin hallarından da göründüyü kimi, Bankla Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə 017M**********01 nömrəli ipoteka müqaviləsi bağlanaraq Cavabdeh2 məxsus 2012ci il istehsal tarixli Hyundai Elantra markalı 90NU116 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş Cavabdeh2 göndərilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, tutma Cavabdeh2 mülkiyyətində olan Hyundai Elantra markalı, 90NU116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, Cavabdeh2 mülkiyyətində olan Hyundai Elantra markalı, 90NU116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi açıq hərracda satılmalıdır. Məhkəmə ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin tutulması barədə iddia ərizəsində göstərilmiş hissəyə münasibət bildirməmişdir. Belə ki, ipoteka predmeti satıldıqdan sonra vəsait borc məbləğini bağlamağa kifayət etmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri ilə umumi qaydada tutulacaqdır.

13. İddiaçı QSC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən-ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində ləğv edilərək xx.xx.2021-ci il tarixli 017M**********01 saylı ipoteka müqaviləsində tərəflərin razılığı ilə müəyyən edilmiş 8000 manat likvid qiymətin əmlakın ilkin satış qiyməti kimi müəyyən edilməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 017M**********01 saylı ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri-ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 8000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsində əmlakın likvid dəyərinin müəyyən edilməsinə baxmayaraq, qətnamədə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti göstərilməmişdir. Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəmənin 20 iyul 2020-ci il tarixli qərardadında birbaşa göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Lakin hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində bu hal nəzərə alınmamış, əmlakın likvid qiyməti müəyyən edilməmişdir. Belə ki, məhkəmə tərəfindən əmlakin ilkin satış qiyməti kimi ipoteka müqaviləsində göstərilmiş 8000 manat likvid qiymət müəyyən edilməli idi. Bu səbəbdən hazırki qətnamə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində əsassızdır. Hesab edir ki, ipoteka müqaviləsində göstərilmiş 8000 manat likvid qiymət ilkin satış qiyməti kimi qətnamədə göstərilməlidir. Məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməməklə hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipini pozmuşdur. Bu hal qətnamənin icra olunmasında qeyri-müəyyənliyin yaranmasına səbəb olacaqdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, qətnamənin qismən ləğv edilməsini xahiş etdi. Məhkəmədə verdiyi izahatında iddiaçının nümayəndəsi və vəkili ipoteka predmetinin ilkin satış dəyərinin ekspert rəyi ilə müəyyən edilmiş likvid qiymətlə müəyyənləşdirilməsinə razı olduğunu bildirdi.

17. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. Mülki Məcəllənin: -269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. -317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

19. “İpoteka haqqında” Qanunun:

- 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. -47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. -39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. -1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətində qətnamənin əsaslılığı birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirilmiş, cavabdehlər apellyasiya şikayətini verməmişlər. Odur ki, kollegiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki. qətnamənin əsaslığı ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə - mübahisələndirilən hissədə, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.

25. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Hyundai Elantra markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməsi, ipoteka predmetinin hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, dəbbə pulu və faizlərin tutulmasını qət edilsə də, ipoteka predmeti olan avtomobilin ilkin satış dəyəri müəyyən edilməmişdir.

26. Halbuki “İpoteka haqqında” AR Qanununun 39.3-ci maddəsinin tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə 2012-ci il buraxılışlı Hyundai Elantra markalı **-NU-*** dövlət qeydiyyat nişanlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avomobilin nəzəri qaydada orta bazar qiyməti təxminən 19800 manat, likvid dəyəri isə 17.820 manat məbləğində müəyyən edilmişdir.

1. Ekspert rəyi ilə razılaşmamaq üçün əsas olmadığından məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetin ilkin satış dəyəri həmin rəydə müəyyən edilmiş likvid qiymətə əsasən 17.820 manat məbləğində müəyyənləşdirilməlidir.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Hyundai Elantra markalı, 90NU116 dövlət qeydiyyat nişanlı avtomobilinin ilkin satış dəyəri 17820 manat məbləğində müəyyən edilməlidir.

29. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən MPM-in 119.1-119.4-cü maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 62 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

30. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-545/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin, ipoteka predmeti olan Cavabdeh2 məxsus Hyundai Elantra markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış dəyəri 17.820 manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 62 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar