Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-350/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 489/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 236.458,76 manat məbləğində zərər məbləğinin və ödənilmiş 127 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017 - xx.xx.2018-ci il tarixlərdə cəmi dəyəri 676956,51 ABŞ dolları olan İtaliya və Avropa istehsalı park salınması üçün müxtəlif mal-materialları idxal etmişdir. Həmin mal-materiallar Moldova Respublikasının “Landsaftul Verde” SRL şirkəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli, “Gran Decor” şirkəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli və “Paghera Green Service Societa Agricola S.R.L.” şirkəti ilə bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələri üzrə Azərbaycana idxal olunmuşdur. Bu mal-materialların idxalı Dövlət Gömrük Komitəsinin iddiaçı tərəfindən xx.xx.2017 - xx.xx.2018 dövrü ərzində idxal əməliyyatları haqqında məlumatda əksini tapmışdır. Mal-materiallara görə görə ödənilmiş vergilər iddiaçının Dövlət Vergi Xidmətinin elektron sistemindəki şəxsi hesab vərəqəsində əksini tapmışdır. Sözü gedən mal-materiallar cavabdehin sahibliyindədədir. Cavabdeh mal-materiallara görə iddiaçıya ödənişi etmədiyi səbəbdən mal-materiallar iddiaçının balansında qalır. Bu əsasla vergi orqanı 236.458,76 manat vergi hesablamış və iddiaçıdan tutmuşdur. Cavabdehin hərəkətləri (mal-materiallara görə iddiaçıya ödəniş etməməsi) nəticəsində iddiaçıya ondan tutulan vergi məbləğində (236.458,76 manat) zərər dəymişdir. Cavabdehə həmin zərərin ödənilməsinə dair xx.xx.2022-ci il tarixli pretenziya göndərilmişdir. Lakin, cavabdeh həmin pretenziyaya cavab verməmişdir və bu səbəbdən mübahisənin pretenziya qaydasında nizama salınması mümkün olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraata xitam verilmişdir. İddiaçı qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 489/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və iş üzrə icraatın bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı dəyəri 676956,51 ABŞ dolları olan İtaliya və Avropa istehsalı park salınması üçün müxtəlif mal-materialları idxal etmişdir. Sözü gedən mal-materiallar cavabdehin sahibliyindədədir. Cavabdeh mal-materiallara görə iddiaçıya ödənişi etmədiyi səbəbdən mal-materiallar iddiaçının balansında qalır. Bu əsasla vergi orqanı 236.458,76 manat vergi hesablamış və iddiaçıdan tutmuşdur. Cavabdehin hərəkətləri (mal-materiallara görə iddiaçıya ödəniş etməməsi) nəticəsində iddiaçıya ondan tutulan vergi məbləğində (236.458,76 manat) zərər dəymişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edir. Lakin, Bakı Kommersiya Məhkəməsinin qərardadında qeyd olunur ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-489/2023-033 saylı qərardadı aşağıdakılara görə əsassızdır və ləğv olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 261.0.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Lakin, tərəflər arasında əvvəl olmuş məhkəmə işlərinin hüquqi əsasını 1-ci halda əsassız varlanma, yəni Mülki Məcəllənin (MM) 1091-ci maddəsi, 2-ci halda isə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələbi, yəni 157.2.-ci maddəsi təşkil etmişdir. Bakı Kommersiya Məhkəmməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-489/2023- 033 saylı qərardadında iş üzrə xitam verilməsinin əsası kimi istinad olunmuş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021- ci il tarixli, e-2-2(113)- 1102/2021 saylı qətnaməsi üzrə iddianın əsasını əsassız varlanma, yəni MM-nin 1091- ci maddəsinin müddəası təşkil etmişdir. Hazırki iş üzrə iddianın hüquqi əsasını iddiaçıya dəymiş zərərin ödənilməsi tələbi, yəni MM-nin 21-ci maddəsinin müddəası təşkil edir. MPM-nin 261.0.2-ci maddəsinə əsasən icraata xitam verilməsi üçün həmin maddədə nəzərdə tutulmuş hər 3 ünsürün (eyni tərəflər, eyni predmet və eyni əsaslar) eyni zamanda mövcud olması tələb olunur. Hazırki iş üzrə iddianın əsasını zərərin ödənilməsi tələbi, yəni MM-nin 21-ci maddəsinin müddəası təşkil edir və bu əsas Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021- ci il tarixli, e- 2-2(113)-1102/2021 saylı qətnaməsi üzrə iddianın əsasından (əsassız varlanma, yəni MMnin 1091-ci maddəsinin müddəası) fərqlidir. Göründüyü kimi, iş üzrə icraata xitam verilməsi üçün MPM-nin 261.0.2-ci maddəsində nəzərdə tutulmuş üç əsaslardan ən azı biri mövcud deyil. Halbuki, MPM-nin 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün həmin maddədə nəzərdə tutulmuş hər üç şərtin eyni zamanda mövcudluğunu tələb edir. Yuxarıda qeyd olunanlarla yanaşı Bakı Kommersiya Məhkəmməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-489/2023-033 saylı Qərardadında iş üzrə xitam verilməsinin əsası kimi istinad olunmuş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)- 1102/2021 saylı Qətnaməsi üzrə iddianın predmeti də fərqlidir. Belə ki, həmin iddia üzrə artırılan tələbin məbləği 208953,23 manat, hazırki iddia üzrə tələb olunan zərər məbləği isə 236.458,76 manat təşkiledir. Yuxarıda qeyd olunandan aydın görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-1102/2021 saylı Qətnaməsi üzrə iddianın və hazırki iş üzrə iddianın predmetləri də fərqlidir. Göründüyü kimi, iş üzrə icraata xitam verilməsi üçün MPM-nin 261.0.2-ci maddəsində nəzərdə tutulmuş üç əsaslardan ikincisi (eyni predmet) də mövcud deyil. Halbuki, MPM-nin 261.0.2.-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün həmin maddədə nəzərdə tutulmuş hər üç şərtin eyni zamanda mövcudluğunu tələb edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-489/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-489/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd edilir ki, “qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti -iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İşdəki sənədlərdən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı «pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1.100.000 avro məbləğində pulun və ödənilmiş 208953,23 manat əlavə dəyər vergisinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-1102/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)972/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və qətnamə qanuni qüvvəyə minmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı cavabdehə alqı-satqı müqaviləsi əsasında xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə idxal edilmiş mallara görə ödənilməmiş 1.100.000 avro məbləğində borcun və idxal edilmiş mallara görə gömrük rüsumları ilə yanaşı 208953,23 manat ƏDV-nin tutulmasını xahiş etmişdir. Hazırkı iddia ərizəsində də eyni sübutlara istinad edilərək vergi orqanı tərəfindən hesablanmış 236458,76 manat verginin cavabdehdən dəymiş zərərin əvəzi olaraq tutulmasını xahiş edir. İddiaçı hazırkı iddia ərizəsində cavabdehdən tutulmasını tələb etdiyi vergi məbləğini artırmaqla iddianın predmetini deyil, əvvəlki iddianın obyektinin (pul məbləğinin) həcmini dəyişmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əvvəl baxılmış mübahisə üzrə tərəflər, iddia tələbinin əsaslandığı hüquqi faktlar və iddianın predmeti (iddiaçının öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilməməsi ilə əlaqədar pul məbləğinin ödənilməsini tələb etmək hüququ) eyni olduğundan iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin mövqeyi əsaslıdır. Şikayət ərizəsinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, MPM-nin 261.0.2-ci maddəsində iddia tələbinin hüquqi əsası deyil, faktiki əsası nəzərdə tutulduğundan hazırkı iddia ərizəsində hüquqi əsasın dəyişdirilməsi həmin maddənin tətbiqini istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-489/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-489/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-350/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-350/2023
01.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver