Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-351/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “dövlət qeydiyyat nişanının geri qaytarılması” tələbi barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-1103/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia edir ki, ona məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı cavabdehin qanunsuz sahibliyindədir. Hazırda o, həmin qeydiyyat nişanının qaytarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanının Cavabdeh MMC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, **-AA-*** dövlət qeydiyyat nişanı İddiaçı MMC-yə məxsusdur və həmin nömrə İddiaçı MMC-nin mülkiyyətində olan avtomobillərdə istifadə edilmişdir. X7 ilə lizinq verən Cavabdeh MMC arasında bağlanmış A452 nömrəli, 18 sentyabr 2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinin surətindən görünür ki, X7 lizinq obyekti olan 2014-cü il buraxılışlı, «Mercedes Benz S63 AMG» minik markalı avtomobili bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür.12 iyul 2019-cu il tarixli öhdəliklərin ötürülməsi haqqında A452 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşmadan görünür ki, A452 nömrəli X9 üzrə öhdəliklər X8 ötürmüşdür. Sözügedən lizinqə götürülmüş «Mercedes Benz S63 AMG» minik markalı avtomobili lizinq müqaviləsi üzrə X11 tərəfindən alındıqdan sonra həmin avtomobilə X5 qardaşı X6 təsisçisi olduğu İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. Yəni, sözügedən dövlət qeydiyyat nişanı mülkiyyətçi İddiaçı MMC-nin razılığı ilə müvəqqəti olaraq X5 idarə etdiyi və lizinqə götürdüyü «Mercedes Benz S63 AMG» minik markalı avtomobilə təhkim edilmişdir. Bundan sonra, iddiaçı Cavabdeh MMC cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 iyul 2019-cu il tarixli A452 saylı daxili lizinq müqaviləsinin və həmin müqavilə üzrə öhdəliklərin ötürülməsinə dair X11 arasında bağlanmış 09 iyul 2020-ci il tarixli razılaşmanın ləğv olunması və hesablanmış 19824 ABŞ dolları məbləğində borc və 8774 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 28598 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə olan manat ekvivalentinin, həmçinin, avtomobilin nasazlığı üçün hesablanmış 13000 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun X2 tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2800/2021 saylı iş üzrə qəbul etdiyi 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X2 9364 ABŞ dolları əsas borc, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9564 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə tutularaq iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1357/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2800/2021 saylı iş üzrə qəbul etdiyi 08 oktyabr 2021-ci il tarixli qətnaməsi əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdeh X2 iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməli olan əsas borcun məbləği 6261 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3365/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1357/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən icraya yönəldilmiş, “Mercedes Benz S63” minik markalı avtomobil Cavabdeh MMC-yə təhvil verildiyindən həmin avtomobilin üzərində İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı da qalmışdır və həmin dövlət qeydiyyat nişanı da avtomobillə birlikdə Cavabdeh MMC tərəfindən X3 onun iradəsinə zidd olaraq götürülmüşdür. Hazırda İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı Cavabdeh MMC tərəfindən əsassız olaraq istifadə edilməkdədir. Odur ki, hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Hesab edir ki, İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1103/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə; "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 30 iyul tarixli qərarına istinad etməklə əsaslandırmaqla hesab etmişdir ki, hazırki tələb təmin edilə bilməz. Belə ki, dövlət qeydiyyat nişanları avtonəqliyyat vasitələrini fərqləndirən nişanı olmaqla, nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan tərəfindən nəqliyyat vasitəsi istismar olduğu dövr ərzində fiziki və hüquqi şəxslərə istifadəyə verilir. Göründüyü kimi, dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan (dövlət) tərəfindən verildiyinə görə və iddiaçının **-AA-*** dövlət qeydiyyat nişanına mülkiyyət hüququ olmadığından, iddiaçının hazırki tələblə bağlı məhkəməyə müraciət etməklə subyektiv hüququ yoxdur. Həmçinin məhkəmə qeyd etmişdir ki, sözügedən hüquq olsaydı belə, dövlət qeydiyyat nişanları avtonəqliyyat vasitələrinin sahiblərinin mülkiyyətinə keçməməklə, həmin nişanların təhkim edilməsi və dəyişdirilməsi nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan (dövlət) tərəfindən həyata keçirildiyindən iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi dövlət qeydiyyat nişanının iddiaçı tərəfindən pulla alınması ilə bağlı qeyd etmişdir ki, dövlət qeydiyyat nişanları nəqliyyat vasitəsinin sahibinə alqı-satqı müqaviləsinə əsasən satılmır, sadəcə olaraq üzərində olan rəqəm və hərflərin kombinasiyasından asılı olaraq müxtəlif məbləğlərdə dövlət rüsumu ödənilir və şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinə təhkim edilir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1103/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2800/2021 saylı iş üzrə qəbul etdiyi 08 oktyabr 2021-ci il tarixli qətnaməsi E.Vəliyev tərəfindən tam icra edilmiş, E.Vəliyev Cavabdeh MMC-yə 2014-cü il buraxılışlı, «Mercedes Benz S63 AMG» minik markalı avtomobilə görə qalıq borcu tam ödənmişdir. 12 iyul 2019-cu il tarixli “öhdəliklərin ötürülməsi haqqında A452 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşma”dan görünür ki, A452 nömrəli X9 üzrə öhdəliklər X8 ötürülmüşdür. Avtomobil lizinqə götürülsə də, Cavabdeh MMC avtomobilə dair dövlət qeydiyyat nişanı verməyib. Yəni **-AA-*** dövlət qeydiyyat nişanı Cavabdeh MMC tərəfindən E.Vəliyevə verilməyib. Ona görə də avtomobil E.Vəliyevdən alınanda **-AA-*** dövlət qeydiyyat nişanı da E.Vəliyevə, E.Vəliyev isə həmin dövlət qeydiyyat nişanını mülkiyyətçisi İddiaçı MMC-yə təhvil verməli idi. Cavabdeh MMC İddiaçı MMC ilə bu dövlət qeydiyyat nişanını şərikinə almamışdır ki, indi onu özünə götürsün. Cavabdeh MMC əsassız olaraq varlanmış, İddiaçı MMC-yə məxsus dövlət qeydiyyat nişanını heç bir əsas olmadan ələ keçirmiş, mənimsəmişdir. Pretenziya məktubu ilə cavabdehə müraciət olunaraq, İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanının geri qaytarılması xahiş edilmiş, əks halda eyni tələblə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar olunmuşdur. Lakin buna baxmayaraq, cavabdeh heç bir cavab məktubu göndərməmiş, müraciəti cavabsız qoymuşdur. Birinci instansiya məhkəməsi tərəfindən isə əsassız qətnamə ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 2-2(103)-598/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 9 mart 2023-cü il tarixli, e-2-2(113)-1103/2023 saylı qətnaməsi ləğv edilərək, iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın hüquqi əsasını müəyyən etməli olduğu halda mübahisənin MM-in hansı normaları ilə tənzimlənməli olduğunu göstərməmişdir; İddia ərizəsində qeyd edilənlər və işdəki sübutlara əsasən müəyyən edilmişdir ki, **-AA-*** dövlət qeydiyyat nişanının əvvəlki sahibi iddiaçı olmuş və həmin nişan 2016-cı ildə verilmiş qeydiyyat şəhadətnaməsinə əsasən hüquqi şəxsin mülkiyyətində olan “Mercedes Benz S400” markalı avtomobilə təhkim olunmuş, 2019-cu il 12 iyun tarixində həmin nişan cavabdehə əvəzsiz istifadəyə verilmişdir. Cavabdeh qeyd edilən dövlət qeydiyyat nişanına görə hər hansı ödəniş etmədiyi və nəqliyyat vasitəsi 2021-ci il 2 mart tarixində X2 geri götürülərkən **-AA-*** dövlət qeydiyyat nişanı əvvəlki sahibinə qaytarılmadığı üçün məhkəmə hesab etmişdir ki, iddiaçı MM-nin 732, 736-cı maddələrinə əsasən əvəzsiz istifadəyə verdiyi nişanın onun sahibliyinə qaytarılmasını tələb etməkdə haqlıdır; Birinci instansiya məhkəməsi düzgün olmayaraq qeyd etmişdir ki, iddiaçı **-AA-*** dövlət qeydiyyat nişanını cavabdehdən geri tələb etməyə nişana mülkiyyət hüququ olmadığı üçün subyektiv hüququ yoxdur. MM-in 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Yol hərəkəti haqqında” Qanununun 29-cu maddəsinə və “Dövlət rüsumu” haqqında Qanununun 18.65.6.2-ci maddəsinə əsasən, dövlət qeydiyyat nişanı müvafiq dövlət rüsumu ödənilməklə əldə edilir və nişana qanuni sahiblik hüququ yaranır; Qanunda eyni zamanda qeyd edilir ki, nəqliyyat vasitəsi özgəninkiləşdirilərkən dövlət qeydiyyat nişanı bir qayda olaraq saxlanılır, lakin nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə nişan bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinin Vİ hissəsində dövlət qeydiyyat nişanının əvvəlki sahibi, nişana sərəncam vermək hüququna malik şəxs anlayışlarından istifadə edilir. Məhkəmə “Yol hərəkəti haqqında” Qanununda qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, dövlət qeydiyyat nişanının qanuni sahibi və nişana sərəncam vermək hüququ olan şəxs-həmin nişanın əldə edilməsi üçün dövlət rüsumu ödəmiş və ya nişanın təhkim edildiyi nəqliyyat vasitəsini həmin nişanla bir yerdə əldə etmiş şəxs sayılır. Cavabdeh hazırkı halda bu şəxslərə aid olmadığından **-AA-*** dövlət qeydiyyat nişanı iddiaçının sahibliyinə qaytarılmalıdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 649/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 25 avqust tarixli 2-2(103)-598/2023 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, işin apellyasiya baxışı zamanı iddiaçının vəsatəti təmin olunaraq, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsi və Baş X19 İdarəsinin Qeydiyyat-İmtahan Şöbəsinə 2023-cü il 22 iyun tarixli sorğu göndərilmiş, sorğuya əsasən, 2014-cü il buraxılışlı, “Mercedes Benz S63 AMG” minik markalı avtomobilin hazırda üzərində olan **-AA-*** dövlət qeydiyyat nişanının hansı tarixdə və kim tərəfindən dövlət rüsumu ödənilməklə əldə edilməsi, həmin dövlət qeydiyyat nişanının hansı sənəd və əsaslarla “Mercedes Benz S63 AMG” minik markalı avtomobilə təhkim edildiyi və həmin avtomobil hazırda cavabdehin mülkiyyətində olduğundan onun üzərində olan **-AA-*** dövlət qeydiyyat nişanının əvvəlki sahibinə qaytarılması proseduru barədə məlumatın verilməsi və cavab məktubuna təsdiqedici sənədlərin əlavə edilməsi xahiş olunmuşdur. Həmin sorğuya Baş X19 İdarəsinin 2023-cü il 10 iyul tarixli cavab məktubunda bildirilmişdir ki, **-AA-*** dövlət qeydiyyat nişanı 12 iyun 2019-cu il tarixdə cavabdehə məxsus “Mercedes Benz S63 AMG” markalı nəqliyyat vasitəsinə təhkim olunaraq AD520187 nömrəli yeni qeydiyyat şəhadətnaməsi verilmişdir. Göründüyü kimi, cavab məktubu ilə məhkəmə tərəfindən sorğu edilmiş suallar cavablandırılmamış, apellyasiya instansiyası məhkəməsi isə bunu nəzərə almadan yekun qərar qəbul etmiş, gəldiyi nəticəni əsaslandırarkən isə qeyd etmişdir ki, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən dövlət qeydiyyat nişanının qanuni sahibi və nişana sərəncam vermək hüququ olan şəxs – həmin nişanın əldə edilməsi üçün dövlət rüsumu ödəmiş və ya nişanın təhkim edildiyi nəqliyyat vasitəsini həmin nişanla bir yerdə əldə etmiş şəxs sayılır. Cavabdeh hazırkı halda bu şəxslərə aid olmadığından **- AA-*** dövlət qeydiyyat nişanı iddiaçının sahibliyinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, sorğu edilmiş məlumatlar tərəflər arasında yaranmış mübahisəli məsələnin həlli baxımından mühüm əhəmiyyət kəsb etsə də, həmin suallar cavablandırılmadan, cavabdehin dövlət qeydiyyat nişanını dövlət rüsumu ödəyərək və ya nişanın təhkim edildiyi nəqliyyat vasitəsi ilə birgə əldə edən şəxs olmadığına dair gəlinmiş nəticə ziddiyyətli olmuş, bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, 2014-cü il buraxılışlı, “Mercedes Benz S63 AMG” minik markalı avtomobilin hazırda üzərində olan **-AA-*** dövlət qeydiyyat nişanının hansı tarixdə və kim tərəfindən dövlət rüsumu ödənilməklə əldə edilməsi, həmin dövlət qeydiyyat nişanının hansı sənəd və əsaslarla “Mercedes Benz S63 AMG” minik markalı avtomobilə təhkim edilməsi barədə məlumatlar əldə edilməklə, hərtərəfli araşdırma aparılmalı və hazırkı mübahisənin qanuni həlli təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının son iclası barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının vəkili məhkəmə kollegiyasının iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. 736.4. Əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu:
29.İ.Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. 29.İİ. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. 29.İİ-İ. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. 29.İİİ. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. 29.Vİ. Bu maddənin İİİ, İV və V hissələrində nəzərdə tutulmuş hallarda dövlət qeydiyyat nişanının əvvəlki (sonuncu) sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə görə, həmin şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunu ödəməlidir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, xx.xx.2022-ci il tarixli 118744-1222 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin məktubdan görünür ki, «Mercedes Benz S63 AMG» minik markalı avtomobil xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-nin adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə sözügedən nəqliyyat vasitəsinə **-AA-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq yeni AD520187 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. AC seriyalı 675329 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, **-AA-*** dövlət qeydiyyat nişanı İddiaçı MMC-yə məxsus 2013-cü il buraxılışı olan “Mercedes Benz S400” minik markalı avtomobilə təhkim edilmişdir. Qeyd edilən məktuba əlavə edilmiş komputer çıxarışından isə görünür ki, **-RG- *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz S63 AMG» minik markalı avtomobil xx.xx.2018-ci il tarixdə X1 adına qeydiyyatdan keçmiş, həmin tarixdə də qeydiyyatda çıxaraq eyni dövlət qeydiyyat nişanı ilə Cavabdeh MMC-nin adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə sözügedən nəqliyyat vasitəsinə **-AA-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq yeni AD520187 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin apellyasiya instansiyası məhkəməsinə ünvanladığı məktuba əlavə edilmiş **- AA-*** dövlət qeydiyyat nişanın təhkim olunduğu nəqliyyat vasitələrinin komputer çıxarışıdan görünür ki, qeyd edilən nömrə “Mercedes Benz S400” markalı avtomobil xx.xx.2016-cı ildə İddiaçı MMC-nin adına qeydiyyata alınmış, xx.xx.2017-ci ildə qeydiyyatdan çıxarılmış, xx.xx.2018-ci il tarixdə «Mersedes Benz E300» "xxxx" ASC-nin adına eyni dövlət qeydiyyat nişanı qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə isə nömrə qeydiyyatdan çıxarılaraq Cavabdeh MMC-nin adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin apellyasiya instansiyası məhkəməsinə ünvanladığı məktuba əlavə edilmiş **- AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixdə "xxxx" ASCnin adına rəsmiləşdirlməsinə və xx.xx.2019-cu il tarixdə onun adından qeydiyyatdan çıxarılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 saylı Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Beləliklə də müəyyən edilmişdir ki, İddiaçı MMC **-AA-*** dövlət qeydiyyat nişanının onun mülkiyyətində olmasına istinad edərək Cavabdeh MMC-nin qanunsuz sahibliyində olmasını mübahisələndirir və iddiasının əsası kimi 2019-cu il 12 iyul tarixli A452 saylı daxili lizinq müqaviləsinin və həmin müqavilə üzrə öhdəliklərin ötürülməsinə dair X11 arasında bağlanmış 9 iyul 2020-ci il tarixli razılaşmanın ləğv olunması və hesablanmış 19.824 ABŞ dolları məbləğində borc və 8.774 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 28.598 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə olan manat ekvivalentinin, həmçinin, avtomobilin nasazlığı üçün hesablanmış 13.000 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun X2 tutularaq iş üzrə hazırki cavabdehə (Cavabdeh MMC) ödənilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarları icra edildikdən, yəni, “Mercedes Benz S63” minik markalı avtomobil iş üzrə hazırki cavabdehə (Cavabdeh MMC) təhvil verildiyindən həmin avtomobilin üzərində iş üzrə hazırki iddiaçıya məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanının da qalmasını və həmin dövlət qeydiyyat nişanı da avtomobillə birlikdə cavabdeh tərəfindən X3 onun iradəsinə zidd olaraq götürülməsinə, hazırda iddiaçıya məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı cavabdeh tərəfindən əsassız olaraq istifadə edilməkdə olmasına istinad etmişdir. Cavabdeh isə **-AA-*** dövlət qeydiyyat nişanını alan zaman rüsum ödədiyindən onun qanuni sahibi hesab olunduğu üçün nömrənin onun qanunsuz sahibliyində olmasına dair iddiaya etiraz edir. Kassasiya instansiyası məhkəməsinin qərarında 2014-cü il buraxılışlı, “Mercedes Benz S63 AMG” minik markalı avtomobilin hazırda üzərində olan **-AA-*** dövlət qeydiyyat nişanının hansı tarixdə və kim tərəfindən dövlət rüsumu ödənilməklə əldə edilməsi, həmin dövlət qeydiyyat nişanının hansı sənəd və əsaslarla “Mercedes Benz S63 AMG” minik markalı avtomobilə təhkim edilməsi barədə məlumatlar əldə edilməklə, hərtərəfli araşdırma aparılmalı və hazırkı mübahisənin qanuni həlli təmin edilməli olması göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC tərəfindən dövlət rüsumu ödənildikdən sonra **-AA-*** dövlət qeydiyyat nişanı “Mercedes Benz S63 AMG” markalı avtomobilə təhkim olunmuşdur. «Yol hərəkəti haqqında” Qanununun 29-cu maddəsinə və “Dövlət rüsumu” haqqında Qanununun 18.65.6.2-ci maddəsinə əsasən, dövlət qeydiyyat nişanı müvafiq dövlət rüsumu ödənilməklə əldə edilir və nişana qanuni sahiblik hüququ yaranır. Göründüyü kimi “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən dövlət qeydiyyat nişanının qanuni sahibi və nişana sərəncam vermək hüququ olan şəxs – həmin nişanın əldə edilməsi üçün dövlət rüsumu ödəmiş və ya nişanın təhkim edildiyi nəqliyyat vasitəsini həmin nişanla bir yerdə əldə etmiş şəxs sayılır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, mübahisələndirilən dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan (dövlət) tərəfindən verilmiş və xx.xx.2018-ci il tarixdən artıq «Elva Group” MMC-nin **-AA-*** dövlət qeydiyyat nişanına sahiblik hüququ olmamışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, dövlət qeydiyyat nişanları avtonəqliyyat vasitələrini fərqləndirən nişanı olmaqla, nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan tərəfindən nəqliyyat vasitəsi istismar olduğu dövr ərzində fiziki və hüquqi şəxslərə istifadəyə verilir. İş materiallarından göründüyü kimi, **-AA-*** dövlət qeydiyyat nişanı xx.xx.2016-cı ildə “Mercedes Benz S400” markalı avtomobilə təhkim olunduqdan sonra İddiaçı MMCnin adına rəsmiləşdirilmiş, avtomobili xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında **-RH-*** dövlət qeydiyyat nişanı təhkim olunmaqla "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş, sonuncu sonradan xx.xx.2018-ci il tarixdə mülkiyyətçisi olduğu sözügedən nəqliyyat vasitəsinə yeni **-AA-*** dövlət qeydiyyat nişanı əldə etmişdir. Başqa sözlə, İddiaçı MMC-i "xxxx" MMC-nə “Mercedes Benz S400” markalı avtomobili xx.xx.2017-ci il tarixdə sataraq **-AA-*** dövlət qeydiyyat nişanını öz sahibliyində saxlamışdır. İş materiallarından daha sonra görünür ki, **-AA-*** dövlət qeydiyyat nişanı xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə isə nömrə qeydiyyatdan çıxarılmış və eyni tarixdə də «Mercedes Benz S63 AMG» minik markalı avtomobilə münasibətdə Cavabdeh MMC-nin adına qeydiyyata alınmışdır. Göründüyü kimi, **-AA-*** dövlət qeydiyyat nişanı xx.xx.2018-ci il tarixdən İddiaçı MMC-nin adında olmamış, nömrənin sonuncu sahibi "xxxx" ASC olmuşdur. Belə olan halda iddiaçının sözügedən dövlət qeydiyyat nişanının sahibi - iddiaçının razılığı ilə müvəqqəti olaraq X5 idarə etdiyi və lizinqə götürdüyü «Mercedes Benz S63 AMG» minik markalı avtomobilə təhkim edilməsi və məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən icraya yönəldildikdən sonra “Mercedes Benz S63” minik markalı avtomobil iş üzrə hazırki cavabdehə (Cavabdeh MMC) təhvil verildiyindən həmin avtomobilin üzərində iş üzrə hazırki iddiaçıya məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı da qalmaqla həmin dövlət qeydiyyat nişanının da avtomobillə birlikdə cavabdeh tərəfindən X3 onun iradəsinə zidd olaraq götürülməsi və hazırda iddiaçıya məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı cavabdeh tərəfindən əsassız olaraq istifadə edilməsinə dair iddianın dəlilləri əsassızdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən mübahisəli dövlət nömrə nişanının əvvəlki sahibinin artıq İddiaçı MMC-i deyil, "xxxx" olmasını xüsusilə vurğulayır. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən hüquq olsaydı belə, dövlət qeydiyyat nişanları avtonəqliyyat vasitələrinin sahiblərinin mülkiyyətinə keçməməklə, həmin nişanların təhkim edilməsi və dəyişdirilməsi nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan (dövlət) tərəfindən həyata keçirildiyindən iddianın təmin edilə bilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, qanunvericiliyə əsasən nəqliyyat vasitəsi özgəninkiləşdirilərkən dövlət qeydiyyat nişanı bir qayda olaraq saxlanılır, lakin nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə nişan bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinin Vİ hissəsində dövlət qeydiyyat nişanının əvvəlki sahibi, nişana sərəncam vermək hüququna malik şəxs anlayışlarından istifadə edilir. Məhkəmə kollegiyası hesab edir ki, “Yol hərəkəti haqqında” Qanununda qeyd edilənlərə əsasən dövlət qeydiyyat nişanının qanuni sahibi və nişana sərəncam vermək hüququ olan şəxs-həmin nişanın əldə edilməsi üçün dövlət rüsumu ödəmiş və ya nişanın təhkim edildiyi nəqliyyat vasitəsini həmin nişanla bir yerdə əldə etmiş şəxs sayılır. Cavabdeh hazırkı halda bu şəxslərə aid olduğundan, yəni, 2014-cü il buraxılışlı, “Mercedes Benz S63 AMG” minik markalı avtomobilin hazırda üzərində olan **-AA-*** dövlət qeydiyyat nişanı 12 iyun 2019-cu il tarixdən cavabdeh tərəfindən dövlət rüsum ödənildikdən sonra qeyd olunan nəqliyyat vasitəsinə təhkim edildiyindən, “Yol hərəkəti haqqında” Qanuna əsasən də qeydiyyat nişanının qanuni sahibi və nişana sərəncam vermək hüququ olan şəxs-həmin nişanın əldə edilməsi üçün dövlət rüsumu ödəmiş və ya nişanın təhkim edildiyi nəqliyyat vasitəsini həmin nişanla bir yerdə əldə etmiş şəxs sayıldığından iddia tələblərinin əsassız olmaqla rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405 və 420-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1103/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov