Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-352/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Rafiq qızına qarşı iddia tələbi üzrə (Açar sözlər: kredit borcunun tutulması, ekspert rəyinin mötəbərliliyi, əsas və faiz borcunun düzgün hesablanmaması, ipotekanın qiyməti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 və Cavabdeh1 Rafiq qızına qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli qətnaməsindən Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" ASC (bank) ilə Cavabdeh2 (kredit alan) arasında 15 oktyabr 2019cu il tarixdə 11/0017/OBK nömrəli kredit müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci, 2.1-ci, 4.2-ci və 6.10-cu bəndlərinə əsasən, bank 36 ay müddətinə, illik 20% olmaqla, 200 000 manat məbləğində krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə kredit alanının mülkiyyətinə verir, kredit alan isə həmin kreditlərdən məqsədli, təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onun faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür.
3. Bank, kredit alan və Cavabdeh1 Rafiq qızı (zamin) arasında bağlanmış 15 oktyabr 2019- cu il tarixli 11/0017/OBK nömrəli zaminlik müqaviləsinə əsasən, bank və Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli 11/0017/OBK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Rafiq qızı bank qarşısında öz üzərinə zamin qismində məsuliyyət götürmüşdür.
4. "xxxx" (ipoteka saxlayan) ASC, Cavabdeh1 Rafiq qızı (ipoteka qoyan) və Cavabdeh2 (kredit alan) arasında bağlanmış və Bakı şəhəri 54 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 15 oktyabr 2019-cu il tarixli ipoteka müqaviləsinə görə, kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Rafiq qızı tərəfindən ünvan 1 ünvanında olan 0,1345 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280,1 m2 olan 306 nömrəli bağ evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı əsasında 400 000 manat məbləğində qiymətləndirilmişdir.
5. Sözügedən ipoteka müqaviləsində göstərilmiş ipoteka predmetinin yüklülüyü Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 98 nömrəli reyestr kitabının 9967 nömrəli vərəqində qeydiyyata alınmışdır.
6. Bank tərəfindən tərtib edilmiş 07 avuqst 2023-cü il tarixli **********007 nömrəli maliyyə arayışına görə, kredit alanın 15 oktyabr 2019-cu il tarixli 11/0017/OBK nömrəli kredit müqaviləsi üzrə 01 avqust 2023-cü il tarixinə banka 166 319,80 manat əsas, 85 214,63 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 6606,60 manat olmaqla, ümumilikdə 258 141,03 manat borcu vardır.
7. Bankın kredit alana və zaminə ünvanladığı 04 avqust 2023-cü il tarixli xəbərdarlıq məktubu ilə 258 141,03 manat məbləğində borcun 3 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.
8. 30 yanvar 2023-cü il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişlərdən görünür ki, ipoteka saxlayan tərəfindən kredit alana və ipoteka qoyana müvafiq bildirişlər göndərilmiş, bildirişlərin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə 10 fevral 2023-cü il tarixdə təqdim olunmuş və 14 fevral 2023-cü il tarixdə ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır.
9. Bank ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 45 (qırx beş) manat məbləğində xidmət haqqı ödəmişdir.
10. “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” Bakı şəhəri 12 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş arayışda göstərilmişdir ki, 404 manat İMS xərci Əmanətlərin Sığortalanması Fondu tərəfindən nağdsız qaydada ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı ASC-nin (iddiaçı) ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 və Cavabdeh1 Rafiq qızına (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada 166 319,80 (bir yüz altmış altı min üç yüz on doqquz manat səksən qəpik) manat əsas borcun, 85 214,63 (səksən beş min iki yüz on dörd manat altmış üç qəpik) manat faiz borcunun və gecikdirilmiş vaxt üçün hesablanmış 6606,60 (altı min altı yüz altı manat altmış qəpik) manat faiz borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 404 (dörd yüz dörd) manat məbləğində mediasiya xərcinin, 145 (bir yüz qırx beş) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödədiyi 60 (altmış) manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 Rafiq qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində 0.1345 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 m2 olan 306 nömrəli bağ evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia tələbini işin faktiki hallarına uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdehlər öhdəliklərini yerinə yetirməmiş, bununla bağlı onlara edilən müraciətlər nəticəsiz qalmışdır. “Kredit borcunun qaytarılması” tələbi ilə əlaqədar 23 mart 2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər mediasiya sessiyasında iştirak etmədiklərindən “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə MŞB/12/2023-00564 nömrəli 23 iyun 2023-cü il tarixli arayış tərtib edilmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 01 avqust 2023-cü il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 258 141,03 manat təşkil edir.
13. Məhkəmənin 20 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq və əmlakın qiymətləndirilməsi üzrə ekspertizalar təyin edilmiş, ekspertlər qarşısında bankla Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 15 oktyabr 2022-ci il tarixə, 01 avqust 2023cü il tarixə (maliyyə arayışının verildiyi tarixə) və məhkəməyə müraciət olunan 07 sentyabr 2023-cü il tarixə əsas borc, faiz borcu, illik 5%-lə hesablanan məbləğ və cərimə borcunun, həmçinin ünvan 1 ünvanında olan 0.1345 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 m2 olan 306 nömrəli bağ evinin likvid və bazar dəyərinin nə qədər təşkil etdiyi barədə suallar qoyulmuşdur.
14. İddiaçının nümayəndəsi ekspertizanın təyin edilməsinə etiraz etməmiş, cavabdehlər məhkəməyə gəlməmişlər.
15. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli rəyində göstərilmişdir ki, cavabdehin 15 oktyabr 2022-ci il tarixə əsas borc üzrə 169 352,98, faiz borcu üzrə 56 096,09 manat, 01 avqust 2023-cü il tarixə əsas borc üzrə 169 352,98, faiz borcu üzrə 56 096,09 manat, əldən çıxmış fayda borcu üzrə (illik 5%) 6727,08 manat, 01 avqust 2023-cü il tarixə əsas borc üzrə 169 352,98, faiz borcu üzrə 56 096,09 manat, əldən çıxmış fayda borcu üzrə (illik 5%) 7573,84 manat məbləğində müəyyən olunur.
16. Məhkəmənin təyinatı əsasında qiymətləndirmə aparan "xxxx" MMC-nin 31 may 2024-cü il tarixli rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında olan 0.1345 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 m2 olan 306 nömrəli bağ evinin likvid dəyəri 421 000 manat, bazar dəyəri 468 000 manat təşkil edir.
17. Cavabdeh2 nümayəndəsi (vəkili) iştirak etdiyi məhkəmə iclasında bildirmişdir ki, əsas borc məbləğini qəbul edirlər, lakin faiz borcu tələbini qəbul etmirlər.
18. Birinci instansiya məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin olunması, Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada 166 319,80 manat (yüz altmış altı min üç yüz on doqquz manat səksən qəpik) əsas borcun, 56 096,09 manat (əlli altı min doxsan altı manat doqquz qəpik) faiz borcunun, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 6606,60 manat (altı min altı yüz altı manat altmış qəpik) faiz məbləği olmaqla, cəmi 229 022,49 (iki yüz iyirmi doqquz min iyirmi iki manat qırx doqquz qəpik) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat xidmət haqqının, ödənilmiş mediasiya və dövlət rüsumuna görə 486,30 manatın (dörd yüz səksən altı manat otuz qəpik), ümumilikdə 229 568,79 manat (iki yüz iyirmi doqquz min beş yüz altmış səkkiz manat yetmiş doqquz qəpik) məbləğində pul vəsaitinin LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 Rafiq qızına məxsus, ünvan 1 ünvanında olan 0.1345 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 m2 olan 306 nömrəli bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 421 000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 Rafiq qızına qaytarılması, iddianın qalan hissədə təmin olunmaması, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 266,20 (iki yüz altmış altı manat iyirmi qəpik) manatının Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada, 33,80 (otuz üç manat səksən qəpik) manat hissəsinin iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin hesabına keçirilməsi, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 177,40 (yüz yetmiş yeddi manat qırx qəpik) manatının Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada, 22,60 (iyirmi iki manat altmış qəpik) manat hissəsinin iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
19. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
19.1. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən (ekspert rəyinə uyğun müqavilə müddətinin sonuna olan faiz məbləği) təmin edilməli, cavabdehlərdən müştərək qaydada 166 319,80 manat (yüz altmış altı min üç yüz on doqquz manat səksən qəpik) əsas borc, 56 096,09 manat (əlli altı min doxsan altı manat doqquz qəpik) faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 6606,60 manat (altı min altı yüz altı manat altmış qəpik) faiz məbləği olmaqla, cəmi 229 022,49 manat iddiaçının xeyrinə tutulmalıdır. 19.2. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Rafiq qızına məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. 19.3. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma 15 oktyabr 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Rafiq qızına məxsus olan ünvan 1 ünvanında olan 0.1345 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 m2 olan 306 nömrəli bağ evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 Rafiq qızına qaytarılmalıdır. Bundan əlavə “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 Rafiq qızna məxsus olan ünvan 1 ünvanında olan 1345 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 m2 olan 306 nömrəli bağ evinin ilkin satış qiyməti 421 000 (dörd yüz iyirmi bir min) manat məbləğində müəyyən edilməlidir.
20. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 269-cu, 270.1-ci, 385.1-ci, 386-cı, 442-ci, 443.1-ci, 448.1-ci, 470.1-ci, 470.2ci, 472.1-ci, 472.2-ci, 739-cu, 741-ci, 743-cü, “İpoteka haqqında” Qanunun 1.0.6-cı, 3.1ci, 10.4-cü, 11.1-ci, 11.2-ci, 34.1-ci, 41.1-ci, 47.5-ci maddələrinə istinad etmişdir.
21. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – faiz borcunun 56 096 manat müəyyən olunması hissəsində - ləğv edilməsini və faiz borcunun tutulması ilə bağlı hissədə iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin faiz məbləği ilə bağlı düzgün nəticəyə gəlmədiyi, iddiaçı tərəfindən təqdim edilən sənədlərə qiymət verməyərək əsassız ekspert rəyinə istinad etməklə səhv qərar qəbul etdiyi arqumentləri ilə əsaslandırmışdır.
22. Qətnamədən Cavabdeh2 də apellyasiya şikayəti verərək onun qismən – faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində - ləğv olunmasını və həmin hissədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, faiz borcunun məbləğini, habelə ipoteka predmetinin qiymətini düzgün müəyyənləşdirmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
23. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar)verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
24. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi özünün apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
27. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
28. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
29. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
32. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
33. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
34. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
37. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
38. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
39. Maddə 1.0.9. ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
40. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
41. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
42. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
46. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
49. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
52. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
53. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadı
54. ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.
55. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.
56. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.
57. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “İpoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.
Apellyasiya baxışının həddi
58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
60. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yalnız “Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada 56 096,09 manat (əlli altı min doxsan altı manat doqquz qəpik) faiz borcunun tutulması və ünvan 1 ünvanında olan 0.1345 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evinin ilkin satış qiymətinin 421 000 manat məbləğində müəyyən edilməsi” hissələrində yoxlanılması təşkil edir. Belə ki, iddiaçının nümayəndəsi qətnaməni yalnız “faiz borcunun 56 096 manat müəyyən olunması” hissəsində, Cavabdeh2 isə həm ondan faiz borcunun tutulması, həm də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissələrində mübahisələndirmişlər. Başqa sözlə qətnamə, “Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada 166 319,80 manat (yüz altmış altı min üç yüz on doqquz manat səksən qəpik) əsas borcun, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 6606,60 manat (altı min altı yüz altı manat altmış qəpik) faiz məbləğinin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat xidmət haqqının, ödənilmiş mediasiya və dövlət rüsumuna görə 486,30 manatın (dörd yüz səksən altı manat otuz qəpik), LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 Rafiq qızına məxsus, ünvan 1 ünvanında olan 0.1345 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 Rafiq qızına qaytarılması, iddianın qalan hissədə təmin olunmaması, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 266,20 (iki yüz altmış altı manat iyirmi qəpik) manatının Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada, 33,80 (otuz üç manat səskən qəpik) manat hissəsinin iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin hesabına keçirilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 177,40 (yüz yetmiş yeddi manat qırx qəpik) manatının Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada, 22,60 (iyirmi iki manat altmış qəpik) manat hissəsinin iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi” hissələrində apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
61. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
62. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
63. Cavabdeh2 öhdəliyini lazımınca icra etmədiyini mübahisələndirməsə də, faiz borcunun olmadığını irəli sürmüş, iddiaçı bank isə cavabdehlərdən tutulan faiz borcunun məbləği ilə razılaşmamışdır.
64. Kollegiya qeyd edir ki, digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspert rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir (“B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu 12 mart 2020-ci il tarixli Qərarı).
65. Formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması müəyyən edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması qəbul olunmuşdur.1
66. Faiz borcunun məbləğinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı hər iki tərəfin irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, onlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə faiz borcunun 15 oktyabr 2022-ci il tarixinə (müqavilənin qüvvədə olduğu tarixə) olan məbləği dəqiqləşdirilmişdir.
67. Kollegiya vurğulamağı zəruri hesab edir ki, ekspertiza rəyini mübahisələndirən tərəf yalnız formal dəlillər ilə kifayətlənməməli, ekspertiza zamanı istifadə edilən tədqiqat üsullarının və yaxud materiallarının yanlış olması barədə konkret sübutlar təqdim etməlidir.
68. Bu kontekstdə dəyərləndirmə aparan kollegiya qeyd edir ki, iddiaçının ekspertiza rəyini yalnız özü tərəfindən tərtib edilmiş daxili sənədlər əsasına mübahisələndirməsi, cavabdehin isə, ümumiyyətlə, konkret dəlil təqdim etməməsi ekspertiza rəyinin mötəbərliyini şübhə altına alınması üçün əsas ola bilməz.
69. Kollegiya, Cavabdeh2 şikayətini, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə də əsassız hesab edir; belə ki, müvafiq qiymətlər birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi əsasında müəyyən olunmuşdur. Cavabdeh əmlakın bazar dəyərinin 1 000 000 manat məbləğində olmasını qeyd etsə də, bununla bağlı hər hansı dəlil və ya əmlakın dəyərinin daha yüksək olduğuna dair alternativ qiymətləndirmə rəyləri təqdim etməmişdir.
70. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, ipoteka predmetinin dəyəri müəyyən edilərkən yalnız bazar dəyəri deyil, bazar qiyməti nəzərə alınmaqla likvid dəyəri əsas götürməlidir (§ 57).
71. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, 2019-cu ildə bağlanmış ipoteka müqavilələsində müəyyənləşdirilən qiymətlə müqayisədə, qiymətləndiricinin müəyyənləşdirdiyi qiymət real qiymətə uyğun olmayan hesab edilə bilməz.
72. Beləliklə, apellyasiya şikayətlərində irəli sürülənlər formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
1 Ali Məhkəmə, İş № 2-2(102)-553/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_553+31.10.2024.pdf) § 49 İş № 2-2(102)-560/2024 İş № 2-2(102)-560/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_560+20.11.2024.pdf) § 53 İş № 2-2(102)-685/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_685+18.12.2024.pdf) § 74
73. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətlərini vermək üçün ödədikləri dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-241/2024 saylı iş üzrə 02 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Ziya Şirinov
Leyla Əliyeva