Məhkəmə qərarları › İş №2-2(103)-354/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-354/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-354/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4921/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixli, 2653 nömrəli dövlət əmlakının (qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi, 110,8 m2 təşkil edən qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə vermişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən illik icarə haqqı 1008,28 manat təşkil edir.

2. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixli, 4776/2653 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi, 110,8 m2 təşkil edən qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə vermişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 110,8 m2 olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli, 4776/2653 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə yaranmış 7652 (yeddi min altı yüz əlli iki) manat məbləğində icarə haqqı borcunun Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, icarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə yaranmış 7652 manat məbləğində icarə haqqı borcu mövcuddur. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, habelə icarə müqaviləsinin tələbləri pozulmuşdur.

5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, icarə müqaviləsi bağlandıqdan bir müddət sonra ona məlum oldu ki, icarəyə verilmiş qeyri-yaşayış sahəsi mütəmadi olaraq qrunt suları ilə dolur. Qeyri-yaşayış sahəsini dəfələrlə öz vəsaiti hesabına əsaslı təmir etdirsə də, bir müddət sonra qrunt sularının dolması səbəbindən yenidən yararsız hala düşür. Bundan başqa, qeyri-yaşayış sahəsinin əvvəlki icarədarı “Səpfir” kiçik müəssisəsi ilə iddiaçı arasında məhkəmə mübahisəsi olmuşdur. Həmin mübahisəli iş üzrə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 12 may 2004-cü il tarixli qətnaməsi ilə Dövlət Əmlak Komitəsi ilə cavabdeh “Səpfir” kiçik müəssisəsi arasında bağlanmış 02 fevral 1999-cu il tarixli, 4056 saylı icarə müqaviləsinin 01 yanvar 2000-ci il tarixdən ləğv edilməsi qət edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, icarə sahəsi Dövlət Əmlak Komitəsi tərəfindən istifadəyə yararlı halda müvafiq aktla təhvil verilməmişdir. Əvvəlki icarədara, yəni “Səpfir” kiçik müəssisəsinin direktoruna 2001-ci ildə 4000 manat pul ödəyərək həmin sahəni almışdır. Bundan sonra təmir işləri aparsa da, sonradan qrunt sularının dolması səbəbindən səmərəli istifadə edə bilməmişdir. Xüsusi ilə Yasamal rayonu ərazisində aparılan söküntü işlərindən sonra qrunt suları xeyli miqdarda artmışdır ki, bu da icarə obyektinin istifadə olunmasını mümkünsüz etmişdir. 07 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin rəhbərliyinə ərizə ilə müraciət edərək, qeyri-yaşayış sahəsinin tam yararsız vəziyyətdə olduğu, sahənin bərpası ilə bağlı xeyli miqdarda vəsait xərclədiyi və pandemiya səbəbi ilə bağlı işləri aparmaq mümkün olmadığı nəzərə alınaraq, hesablanmış icarə haqqının ləğv edilməsini və ya icarə haqqından azad olunmağını xahiş etmişdir. Lakin sonradan məlum oldu ki, guya onun VÖEN-i olmadığına görə Nazirlər Kabinetinin müraciəti geri qaytarıldığı bildirilmişdir. Bundan başqa, icarə borcunun yaranmadığı dövrlərdə bir neçə dəfə Əmlak Komitəsinə müraciət etmişdir ki, qeyri-yaşayış sahəsini özəlləşdirmək istəyir. Komitə sədrinin müavini bildirmişdir ki, qeyri-yaşayış sahəsinin olduğu ərazi söküntü zonasına aid olduğu üçün həmin sahənin özəlləşdirilməsi qeyri-mümkündür. Pandemiya dövründə ona maddi və s. kömək göstərilməməklə yanaşı, icarə haqqı da hesablanmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4921/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir araşdırma aparmadan, məhkəməyə təqdim etdiyi çoxsaylı sübutları tədqiq etmədən, vəsatətlərini təmin etmədən, yalnız iddiaçının ərizəsinə və nümayəndəsinin izahatına əsaslanaraq qətnamə qəbul etmişdir. Halbuki, uzun illər qeyri-yaşayış sahəsini istifadə edə bilməsə də icarə haqqını ailəsinin imkanları hesabına ödəmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edərkən məhkəməyə bildirmişdir ki, iddianı qəbul etmir və qarşılıqlı iddia ərizəsi tərtib etmiş, xahiş edir ilkin iddia ilə birlikdə qarşılıqlı iddia ərizəsini də icraata qəbul edərək birlikdə baxılsın. Məhkəmə bildirdi ki, qarşılıqlı iddia ərizəsinə ehtiyac yoxdur, etiraz ərizəsi yazmaq kifayət edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi.

11. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 692.2 və 692.2.1-ci maddələrinə görə kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır.

13. Həmin Məcəllənin 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

14. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

15. Həmin Məcəllənin 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

18. Belə ki, icarə haqqının tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi, icarə müqaviləsinin ləğv edilməsi barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 692.2, 692.2.1-ci maddələri, icarəyə verilən sahənin boşaldılması barədə tələblərin qanuni əsasını isə həmin Məcəllənin 697.1-ci maddəsi təşkil edir.

19. Hazırki işdə də həmin maddələrin bütün dispozisiya şərtləri mövcuddur.

20. Belə ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozaraq, icarə haqlarını tam olaraq iddiaçıya ödəməmişdir.

21. Çünki cavabdeh iddia ərizəsində göstərilən müddət üçün icarə haqqını ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

22. Əksinə məhkəmə iclasında borcunun olduğunu etiraf etmiş və ödəmək fikrində olmadığını bildirmişdir.

23. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 7652 manat məbləğində icarə haqqının ödənilməsini, həmçinin icarə müqaviləsinin ləğv edilməsini və icarə obyektinin boşaldılmasını tələb etməkdə tam haqlıdır.

24. Cavabdehin dəlillərinə dair qeyd olunur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.3 və 5.8-ci bəndlərinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı qənaətbəxş vəziyyətdə saxlamaq üçün əvəzini icarəyəverəndən tələb etmədən onun öz vəsaiti hesabına cari təmir etmək və icarəyə verilmiş sahədə sanitar-gigiyenik, yanğından mühafizə və texniki-təhlükəsizlik qaydalarına riayət etmək vəzifələrini daşıyır. Ona görə də, icarə sahəsini təmir etməsi, qrunt sularının qalxması və antisanitariya vəziyyətinin yaranması ilə bağlı dəlillər əsassızdır. Pandemiya ilə bağlı dəlillər də əsaslı hesab edilmir. Belə ki, cavabdehin müraciətinə cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********15 nömrəli məktubunda göstərilmişdir ki, icarəçi olaraq fəaliyyəti pandemiyadan zərə çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin siyahısına daxil olmadığı üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 280 nömrəli Qərarının müddəaları cavabdehlə bağlanmış icarə müqaviləsinə şamil olunmamışdır. Cavabdehin digər dəlilləri isə hazırki mübahisənin predmetinə aid deyildir.

25. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4921/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar