Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-354/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “Türkkan Yağ Sanayi ve Ticaret Anonim Şirketi”nə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Alom Limited Şirekti”nə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin bərpası barədə ərizə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Türkkan Yağ Sanayi ve Ticaret Anonim Şirketi”nə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Alom Limited Şirketi”nə qarşı “pulun ödənilməsi”, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “öhdəliyə xitam verilməsi”, “Alom Limited Şirketi”nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “öhdəliyə xitam verilməsi”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “öhdəliyə xitam verilməsi”, Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “öhdəliyə xitam verilməsi”, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “öhdəliyə xitam verilməsi” tələblərinə dair birləşdirilmiş işlər üzrə Bakı Kommersiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ASC (iddiaçı) “Türkkan Yağ Sanayi və Ticaret Şirketi”nə, Cavabdeh1, X3, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Alom Limited Şirkətinə (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən birgə (müştərək) qaydada İddiaçı ASC-nin xeyrinə 02 oktyabr 2019-cu il tarixli 030CRLN19000025 nömrəli “baş kredit müqaviləsi” çərçivəsində bağlanmış 06 noyabr 2019-cu il tarixli 03GR19000021 nömrəli qarantiya müqaviləsi və 19 noyabr 2019-cu il tarixli 03GR19000025 nömrəli qarantiya müqaviləsinə əsasən 9 000 420 (doqquz milyon dörd yüz iyirmi) ABŞ dolları əsas, 1 645 076,77 (bir milyon altı yüz qırx beş min yetmiş altı dollar yetmiş yeddi sent) ABŞ dolları faiz, 37 500 (otuz yeddi min beş yüz) ABŞ dolları komissiya borcu təşkil etməklə, cəmi 10 682 996,77 (on milyon altı yüz səksən iki min doqquz yüz doxsan altı dollar yetmiş yeddi sent) ABŞ dolları məbləğində borcun, 9871 manat dövlət rüsumunun, 400 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh2 İddiaçı ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli 003GRNT19000124 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. “Alom Limited Şirketi” İddiaçı ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli 003GRNT19000126 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə arasında bağlanmış 13 aprel 2020-ci il tarixli 003GRNT190000049 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Cavabdeh1 İddiaçı ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli 003GRNT19000125 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh3 İddiaçı ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli 003GRNT19000123 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin 26 oktyabr 2023-cü, 27 oktyabr 2023-cü, 03 noyabr 2023-cü il tarixli, həmçinin e-2-2(113)-5314/2023 saylı iş üzrə 07 noyabr 2023cü il tarixli, e-2-2(113)-5308/2023 saylı iş üzrə 07 noyabr 2023-cü il tarixli qərardadları ilə yuxarıda göstərilən işlər (§ 2-6) məhkəmənin icraatında olan İddiaçı ASC-nin “Türkkan Yağ Sanayi ve Ticaret Şirketi”nə, Cavabdeh3, "xxxx" MMC-yə və digərlərinə qarşı “pulun ödənilməsi” tələbinə dair (§ 1) işlə (e-2-2(113)-4700/2023 nömrəsi verilməklə) birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.
8. Məhkəmənin 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin “Türkkan Yağ Sanayi ve Ticaret Anonim Şirketi”nə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" MMC-yə və “Alom Limited Şirketi”nə qarşı iddiasının təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 02 oktyabr 2019-cu il tarixli 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 06 noyabr 2019-cu il tarixli 03GR19000021 nömrəli qarantiya müqaviləsi və 19 noyabr 2019-cu il tarixli 03GR19000025 nömrəli qarantiya müqaviləsinə əsasən 9 000 420 (doqquz milyon dörd yüz iyirmi) ABŞ dolları əsas borc, 1 645 076,77 ABŞ dolları (bir milyon altı yüz qırx beş min yetmiş altı dollar yetmiş yeddi sent) faiz borcu, 37 500 (otuz yeddi min beş yüz) ABŞ dolları komissiya borcu olmaqla, cəmi 10 682 996,77 ABŞ dolları (on milyon altı yüz səksən iki min doqquz yüz doxsan altı dollar yetmiş yeddi sent) məbləğində pul vəsaitinin manatın ödəniş gününə məzənnə nisbəti ilə, 400 (dörd yüz) manat mediasiya xərcinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9470,55 manatın (doqquz min dörd yüz yetmiş manat əlli beş qəpik) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, digər iddiaların təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın cavabdehlərdən müştərək qaydada tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi qət olunmuşdur.
9. Həmin qətnamədən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Alom Limited Şirketi”nin nümayəndəsi (vəkili) 01 noyabr 2024-cü il tarixində apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, zaminlik müqavilələri üzrə yaranmış öhdəliklərinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 05 dekabr 2024-cü il tarixli qərardadı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Alom Limited Şirketi”nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti dövlət rüsumunun natamam ödənilməsi səbəbindən qeyrimümkün hesab edilmişdir.
c) Birinci instansiya məhkəməsində müddətin bərpası ilə bağlı icraat
11. 18 dekabr 2024-cü il tarixində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Alom Limited Şirketi”nin və “Türkkan Yağ Sanayi və Ticaret Anonim Şirketi”nin nümayəndəsinin (vəkilinin) birinci instansiya məhkəməsinin qətnaməsindən növbəti dəfə verdiyi apellyasiya şikayəti və şikayət üzrə ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi məhkəməyə daxil olmuşdur.
12. Nümayəndə (vəkil) ərizəsini belə əsaslandırmışdır ki, apellyasiya şikayəti vaxtında verilmiş, bununla belə dövlət rüsumu düzgün ödənilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bununla əlaqədar olaraq tərəflərindən qeyd edilən iradların aradan qaldırılması və sonradan yenidən müraciət edilməsi zərurəti meydana gəlmişdir ki, hazırda bu zərurətlərlə əlaqədar məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddətin bərpa edilməsinə barədə müvafiq qərardad qəbul olunmasını xahiş etmişlər.
13. Birinci instansiya məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərardadı ilə 17 sentyabr 2024-cü il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Alom Limited Şirketi”nin və “Türkkan Yağ Sanayi və Ticaret Anonim Şirketi”nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş ərizənin təmin olunması və buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi, apellyasiya şikayətlərinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Həmin qərardaddan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, onun ləğv olunmasını xahiş etmiş, məhkəmənin ilkin olaraq apellyasiya şikayəti verməmiş “Türkkan Yağ Sanayi və Ticaret Anonim Şirketi”nə 14 yanvar 2025-ci il tarixli qərardadla apellyasiya şikayətini qaytarmasının əsassız olmasını və sonradan həmin cavabdeh tərəfindən 18 dekabr 2024-cü il tarixində verilmiş apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddəti bərpa etməsinin absurd olmasını irəli sürmüşdür.
15. Birinci instansiya məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
17. Maddə 10-1.5. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
18. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
21. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
22. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
23. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
24. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər
25. Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
Müddətin bərpası barədə ərizəyə baxan məhkəmə kollegiyasının mövqeyi
26. İşin materiallarından görünür ki, iş üzrə bütün cavabdehlər 01 noyabr 2024cü il tarixində prosessual müddətə riayət etməklə apellyasiya şikayəti vermiş, lakin həmin şikayət dövlət rüsumunun natamam ödənilmiş olması səbəbindən qeyri-mümkün hesab edilmişdir.
27. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin məhkəmə müdafiəsi hüquqlarını reallaşdıra bilməsi üçün müddətin bərpası barədə ərizəni təmin etməkdə haqlı olmuşdur.
28. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
29. “Türkkan Yağ Sanayi və Ticaret Anonim Şirketi”nin tərəfindən 01 noyabr 2024-cü il tarixdə şikayət verilmədiyi ilə bağlı iddiaçının nümayəndəsinin arqumentinə münasibətdə kollegiya qeyd edir ki, 01 noyabr 2024-cü il tarixli apellyasiya şikayətini cavabdehlərin nümayəndəsi (vəkili) bütün cavabdehlərin adından imzalamış, apellyasiya şikayətinin əsaslandırıcı hissəsində “Türkkan Yağ Sanayi və Ticaret Anonim Şirketi”nə münasibətdə maddi və prosessual hüquq normaların pozulmasını da göstərmişdir.
30. Kollegiya vurğulamağı zəruri hesab edir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququna formal yanaşılması konstitusion hüquq və azadlıqların ruhuna ziddir. Belə ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli Qərarı)
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-230/2024 saylı iş üzrə 21 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: Elnur Həsənov
Leyla Əliyeva
Ziya Şirinov