Məhkəmə qərarları › İş №2-2(103)-356/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-356/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-356/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X9 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh MMC-nin nümayəndəsi X8 iştirakı ilə, iddiaçı Hüseynov (əvvəlki soyadı İsmayılov) Mikayıl Hüseyn oğlunun Cavabdeh MMC-yə qarşı “istifadə hüquqlarının tanınması” tələbinə dair ilk, Cavabdeh MMC-nin X5 qarşı “qeyri-yaşayış sahəsinin geriyə qaytarılması” tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (81)-294/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadlarından (hakim Aytən Əliyeva) Cavabdeh MMC tərəfindən verilmiş şikayətlərə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Cavabdeh MMC-yə qarşı “istifadə hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” Metrostansiyasının yaxınlığında, yeraltı keçid kompleksinə daxil olan Ticarət Mərkəzində yerləşən 32 kv.metrdən ibarət “71” saylı qeyri-yaşayış sahəsinə iddiaçının müddətsiz və əvəzsiz olaraq istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC X5 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə X6 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli əvəzsiz istifadə müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verilməsi və sonuncunun istifadəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı Ticarət Mərkəzində yerləşən 32 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin mülkiyyətçi Cavabdeh MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2 (006)-5054/2018 saylı qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” Metrostansiyasının yaxınlığında, yeraltı keçid kompleksinə daxil olan Ticarət Mərkəzində yerləşən 32 kv.metrdən ibarət “71” saylı qeyri-yaşayış sahəsindən X4 istifadəsinə yaradılan maneələr, həmin qeyri yaşayış sahəsinin başqa fiziki və hüquqi şəxslərə verilməsinə dair edilə biləcək bütün hərəkətlər və müdaxilələr cavabdehə qadağan edilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-294/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasını xahiş etmişdir. Cavabdeh isə xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2 (006)-5054/2018 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (81)-294/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadları ilə iddiaçı tərəfindən 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2- 2(81)-294/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət buraxılmamış hesab edilmiş, bu əsasla Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2 (006)-5054/2018 saylı qərardadının ləğv edilməsi barədə cavabdehin ərizəsi təmin edilməmişdir. Cavabdeh hər iki qərardaddan şikayət verərək qərardadların ləğv edilməsini, Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2 (006)-5054/2018 saylı qərardadının ləğv edilməsi barədə ərizəsinin təmin edilməsini, iddiaçının apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şikayət ərizələri onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etdiyi halda məhkəmə müddətin buraxılmamış hesab edilməsi barədə qərardad qəbul etmişdir. İddiaçının ərizəsində qeyd edilənlərə əsasən o müddətin ötürüldüyünü artıq bilmiş, xəstəliyi ilə əlaqədar müddətin bərpa edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, xx.xx.2019-cu ildə iddiaçı iş materiallarındakı sənədlərin əslini geri götürmək üçün məhkəməyə müraciət etmişdir. Onun həmin tarixdən mübahisəli qətnamə barədə məlumatı olmuş, eyni zamanda həmin tarixdə tam sağlam olmuşdur. Ərizələrə baxılarkən cavabdeh məhkəmə tərəfindən məlumatlandırılmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (81)-294/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi və vəkili E.Məhərrəmov məhkəməyə teleqramla müraciət edərək ailə vəziyyəti ilə əlaqədar üzürlü səbəbdən iştirak edə bilməyəcəyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, vəkil teleqramda iclasa gəlməsinə maneə olan konkret üzürlü səbəbi göstərmədiyindən vəsatət təmin edilməmiş və işə baxılması mümkün hesab edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X12 məhkəmə iclasında şikayətləri müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayətlər qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (81)-294/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin ərizələrinə düzgün hüquqi qiymət verməmiş, ərizələrə baxarkən prosessual normaların tələblərini nəzərə almamışdır. Məhkəmə iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülmədiyinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2019-cu il tarixdən qətnamə barədə məlumatı olsa da qətnaməni rəsmi qaydada almadığından prosessual müddəti ötürməmişdir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)- 294/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi tərəflərə poçt vasitəsilə göndərilsə də iddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamadığı üçün çatmamışdır. Məhkəməyə qaytarılan poçt zərfinin üzərində ünvan sahibinin ünvan 2işdir. İddiaçı xx.xx.2019-cu il tarixdə iş materiallarına əlavə etdiyi sənədlərin əsillərinin qaytarılmasını xahiş etmiş, xx.xx.2019-cu il tarixdə ərizənin üzərində imza etməklə məhkəmə tərəfindən təqdim edilən sənədləri qəbul etdiyi təsdiq etmişdir. İddiaçının məhkəmə təqdim etdiyi sənədlərin geri qaytarılmasını tələb etməsi təsdiq edir ki, iddiaçının məhkəmə qətnaməsi barədə məlumatı olmuş, qətnamədən apellyasiya şikayəti vermək niyyəti olmadığı üçün təqdim etdiyi sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Hazırkı halda iddiaçı qeydiyyatda olduğu ünvanda yaşamadığı halda iddia ərizəsində və digər ərizələrində faktiki yaşadığı ünvanı qeyd etməmişdir. Belə olan halda MPM-nin 146-cı maddəsi tətbiq edilməklə məhkəmə sənədi məhkəməyə məlum olan axırıncı ünvana göndərildiyi halda rəsmi qaydada verilmiş hesab edilməlidir. İddiaçı qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddəti buraxdığını bildiyindən məhkəməyə müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmiş və ərizədə müddətin hansı səbəbdən ötürüldüyünü qeyd edərək məhkəmə tərəfindən bu səbəblərin üzürlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə bu ərizəyə baxarkən iddiaçının ərizədə üzürlü səbəb kimi qeyd etdiyi halların (səhhətində yaranmış problemlərin) qətnaməni əldə etdiyi və ya bu barədə məlumatı olduğu tarixdən (hazırkı halda xx.xx.2019-cu ildən) sonra bir aylıq müddət ərzində baş verib-vermədiyini araşdırmalı idi. Nəzərə alınmalıdır ki, yalnız bərpa edilməli olan prosessual müddət ərzində baş vermiş hallar məhkəmə tərəfindən müddətin bərpası üçün üzürlü səbəb kimi nəzərə alına bilər. Mülki Prosessual Məcəllənin 133.1.-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Birinci instansiya məhkəməsi ərizəyə baxarkən MPM-nin 133.2-ci maddəsinin tələbini pozmuş, məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuş ərizəsində cavabdeh faktiki fəaliyyət göstərdiyi ünvanı qeyd etdiyi halda, məhkəmə həmin ünvana iclasın vaxtı barədə bildiriş göndərməmiş, nəticədə ərizələrə baxılarkən cavabdeh tərəfin iştirakı təmin edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-294/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsi barədə qərardad ləğv edilərək iddiaçının ərizəsinə tərəflərin iştirakı təmin edilməklə və prosessual normaların tələbləri nəzərə alınmaqla yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iş üzrə görülmüş iddianı təmin etmə tədbirinin ləğv edilməsi barədə ərizəsinə hüquqi qiymət verilərkən məhkəmənin istinad etdiyi hal (qətnamənin qanuni qüvvəyə minib-minmədiyi) yenidən araşdırılmalı olduğundan Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2 (006)-5054/2018 saylı qərardadının ləğv edilməsinə dair cavabdehin ərizəsinin təmin edilməməsi barədə qərardad da ləğv edilərək MPM-nin 162.3-cü maddəsinin tələbi nəzərə alınmaqla cavabdehin ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayətlər qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (81)-294/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263, 398.0.2-ci, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş şikayətlər qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (81)-294/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar