Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-356/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsi Açar söz: zaminlik müqaviləsi, əqdin etibarlılığı X5 Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 203/2024-015 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq qərara aldılar. İşin halları
1. iddiaçı ilə cavabdeh TRİLLİANT” MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-05934LE/2019 saylı Razılaşma imzalanmışdır.
2. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X6 qeyd edilmiş şərtləri qəbul edir.
3. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində 2021-ci il 30 noyabr tarixli DC00395945-01 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana 2023-cü il 30 noyabr tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 180.000 manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir.
4. Borcalan Cavabdeh1 MMC-nin Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə Cavabdeh2 arasında DC00395945-01 nömrəli maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq 2021-ci il 30 noyabr tarixli DG**********850 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
5. Maliyyələşdirmə üçün ərizələr, zaminlik müqaviləsi və ödəniş planları tərəflərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 (bundan sonra birlikdə-“cavabdehlər”, ayrı-ayrılıqda-“MMC” və “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 2021ci il 30 noyabr tarixli DC00395945-01 nömrəli kredit müqaviləsinə (bundan sonra-“kredit müqaviləsi”) əsasən 160.521.26 manat əsas borc, 43.179,58 manat faiz borcu, 10.459,27 manat cərimə borcu olmaqla, cəmi 214.160,11 manat borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 105 manat dövlət rüsumu və mediasiya prosesi üzrə ödənilmiş 400 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinə əsasən 160.521.26 manat əsas borc, 47.995.21 manat faiz borcu, 13.117.05 manat cərimə borcu olmaqla, cəmi 221.633.52 manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 112 manat dövlət rüsumu və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. . İddia tələbi işin göstərilən halları ilə (bax §1-2) əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, cavabdeh MMC qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməmiş, 463 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. X7 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 31 yanvar tarixli 9/9481 nömrəli rəyi ilə cavabdehlərin 2023-cü il 6 iyul iddiaçıya olan əsas borcu 161.185,75 manat, faiz borcu 43.519,50 manat, 2023-cü il 8 sentyabr tarixinə 161.185,75 manat əsas borc, 49.071,45 manat faiz borcu müəyyən edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 fevral tarixli e-2-2(113)- 203/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, kredit müqaviləsinə əsasən 160.521,26 manat əsas borc, 47.995,21 manat faiz borcu, 8.000 manat cərimə, cəmi 216.516,47 manat borc, dövlət rüsumuna görə 100 manat və mediasiya xərcinə görə 400 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Z.Pirverdiyev).
11. Birinci instansiya məhkəməsi iş üzrə verilmiş ekspert rəyini işdə olan digər sübutlarla birgə qiymətləndirərək qeyd etmişdir ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və işin materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış maliyyələşdirmə üçün ərizələrdən və zaminlik müqavilələrindən irəli gəlir. İşin materiallarında olan əlavə ödəniş qrafikləri, maliyyə arayışları və hesabdan çıxarışların müqayisəli təhlilinə görə, cavabdehlər üzərinə düşən öhdəliylərini icra etməmişlər.
13. Məhkəmə hesab etmişdir ki, iddia dəbbə pulunun tələb edilməsi hissəsində də əsaslıdır. Cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Həmin müqavilələrə əsasən borcalan borc verənə illik cərimə faizi 15%-dək olmaqla dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin qeyd edilmişdir ki, maliyyələşdirmə üçün ərizə üzrə tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, 8.000 manat dəbbə pulu cavabdehlərdən tutulmalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 425, 467, 470, 739.1 və 741-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 iyul tarixli 2-2(103)-726/2024 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər V.Baxışova və R.Qurbanov).
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı, cavabdeh MMC-yə kredit vermiş, kreditin təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən iddiaçı kredit müqaviləsinə əsasən 160.521.26 manat əsas borc, 47.995.21 manat faiz borcu, 13.117.05 manat cərimə borcu olmaqla, cəmi 221.633.52 manat məbləğində borcun cavabdehlərdən tutulmasını xahiş etmiş, lakin Cavabdeh2 zaminlik müqaviləsini mübahisələndirərək, imzanın ona məxsus olmamasını iddia etmişdir. O, apellyasiya şikayətində imzanın məxsusluğu barədə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsinin zəruri olmasını bildirmiş və apellyasiya icraatında buna dair vəsatət təqdim etmişdir.
18. Bu baxımdan məhkəmə apellyasiya baxışının hədləri ilə bağlı qeyd etmişdir ki, apellyasiya baxışının predmeti yalnız zaminlik müqaviləsinin qanuniliyi təşkil edir.
19. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyator ilk məhkəmə iclasında iştirak etməmiş, lakin imzanın ona məxsus olmamasını iddia edərək, imza nümunələrini elektron kabinetə yerləşdirərək, məhkəmə ekspertizasının təyin olunmasını xahiş etmişdir. Bundan sonra verdiyi vəsatətin cavabdehin iştirakı ilə müzakirə edilməsi üçün məhkəmə iclası təxirə salınmış, Cavabdeh2 xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və imza nümunələrini şəxsən təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim edilən imza nümunələri kserosurət olduğundan xətşünaslıq ekspertizasının təyin edilməsi mümkün olmadığından kollegiya tərəfindən vəsatət əsassız hesab edilərək təmin edilməmişdir.
20. Zaminlik müqaviləsinin etibarlılığı və qanuniliyi barədə məhkəmə kollegiyası qeyd edir ki, kredit razılaşmasını hüquqi şəxsin direktoru kimi cavabdeh olan Cavabdeh2 tərəfindən elektron qaydada imzalanmışdır. Kredit razılaşması ilə eyni gündə iddiaçı və Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminə göndərilmiş xəbərdarlıq məktubunun çatdırılması qəbzində onun imzası vardır. Qeyd edilənlər göstərir ki, apellyatorun zaminlik müqaviləsindən xəbəri olub və imza edib. Onun zaminlik müqaviləsindən xəbəri olmaması inandırıcı olmamaqla işin halları ilə təkzib edilir. Odur ki, şikayətin müvafiq dəlili əsassızdır. Zaminlik müqaviləsi qanuni və etibarlıdır. Qeyd edilənlərə əsasən kredit borcunun cavabdehdən tutulması qanunidir.
21. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
22. Məhkəməsi gəldiyi nəticəni MM-nin 470.1, 472.1, 472.2, 739.1, 739.2 və 741-ci maddələrinə; MPM-nin 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
23. Cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin mübahisələndirilən hissəsinə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.
c) Kassasiya instansiya məhkəməsindəki icraat
24. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 08 yanvar tarixli 2-2(102)-3/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 iyul tarixli 2-2(103)-726/2024 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
25. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə kredit müqaviləsinə əsasən borcun cavabdehlər borcalan MMC və zamin Cavabdeh2 iddiaçının xeyrinə tutulmasına dair birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız zamin tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində zaminlik müqaviləsinin zamin (apellyator) tərəfindən imzalanmamasına istinadla müqavilənin etibarlılığı və qanuniliyi mübahisələndirilmişdir.
26. Həmçinin işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman Cavabdeh2 tərəfindən vəsatət təqdim edilərək, zaminlik müqaviləsindəki “Cavabdeh2” yazısının və imzanın ona məxsus olmaması əsas gətirilərək, müqavilədəki “Cavabdeh2” yazısının və imzanın onun tərəfindən icra edilib-edilməməsinin araşdırılmasının təmin edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir.
27. İşə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsi həmin vəsatəti təmin etməmiş, mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən təqdim edilən imza nümunələri kserosurət olduğundan xətşünaslıq ekspertizasının təyin edilməsi mümkün olmamışdır.
28. Məhkəmənin gəldiyi nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, imza nümunələri kserosurət olmamaqla, elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən ekspertiza təyin edilməli və ekspertizanın keçirilməsi üçün imza nümunələri ekspert üçün kifayət olmayan halda, ekspert məhkəməyə vəsatət verərək imza nümunələrini yenidən təqdim edilməsini xahiş etməli idi.
29. Elektron işin materiallarından göründüyü kimi, iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatət və cavabdehin xətt nümunələri «Elektron məhkəmə informasiya sistemi» vasitəsilə 18 iyul 2024-cü il tarixində təqdim olunmuş, növbəti-2024-cü il 25 iyul tarixli məhkəmə iclasında həmin vəsatət müzakirə edilmiş, cavabdehə zəruri hesab edilən qaydada xətt nümunələrinin təqdim edilməsi üçün prosessual imkan verilmədən, eyni tarixdə iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir
30. Halbuki, işdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir (MPM-nin 97.4-1-ci maddəsi).
31. Lakin işin materiallarından cavabdehin vəsatəti üzrə MPM-nin 97.4-1-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslandırılmış qərardadın qəbul edilməsi müəyyən edilmir.
32. Məhkəmə kollegiyası iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətin, cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə düzgün dəyərləndirmə aparılması üçün əhəmiyyətini nəzərə alaraq hesab etmişdir ki, işin yeni apellyasiya baxışında qeyd olunan prosessual pozuntu aradan qaldırılmaqla, cavabdeh tərəfindən təqdim olunmuş vəsatətə və apellyasiya şikayətinin dəlillərinə qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hüquqi qiymət verilməlidir
33. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinin dəlilləri:
34. Cavabdeh2 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə X2 getmişəm və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respunlikasına geri qayıtmışam. (Pasportumu qoşmada əlavə etmişəm) İddiçının tələbinə əsasən, məhkəmə tərəfindən araşdırılma aparılan zaman mən ölkədə olmamışam və iddiaçının iddia tələbindən, iddia ərizəsinin mahiyyətindən, məhkəmədə gedən proseslərdən və məhkəmə iclaslarından xəbərsiz olmuşam. xx.xx.2023-cü il tarixdə ölkəyə geri qayıtdıqdan sonra, Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən xəbərim olmuşdur. İddiaçının, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman elektron məhkəmə sisteminə əlavə etdiyi sənədlərə baxış keçirərkən, xx.xx.2021-ci il tarixli, DG**********850 saylı zaminlik müqaviləsinin mövcudluğundan xəbərim olmuşdur. Həmin günə kimi zaminlik müqaviləsinin mövcudluğundan xəbərim olmayıb. İddiaçı ilə mənim aramda mövcud öhdəliyin icrasını təmin etmək üçün zaminlik müqaviləsi imzalanmamışdır. Zaminlik müqaviləsindəki imza və “Cavabdeh2” yazısı mənim tərəfimdən icra edilməmişdir. Müqavilədəki yazı və imza mənə aid deyil. İddiaçı ilə mənim aramda hər hansı bir kredit müqaviləsi üzrə öhdəliyin icra olunması üçün zaminlik müqaviləsi imzalanmamışdır. Zaminlik müqaviləsindəki imza və “Cavabdeh2” yazısının mənim yerimə kimin tərəfindən icra edilməsindən məlumatsızam. Ölkədə olmamağım və məhkəmə proseslərindən xəbərsiz olmağım, məhkəmə araşdırmasında iştirakımı mümkünsüz etmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsində zaminlik müqaviləsinə münasibətdə araşdırma aparılmasını və müvafiq xətşünaslıq ekspertizasının təyin olunmasına dair vəsatətlə çıxış edə bilməmişəm. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə bütün sübutları araşdırmalı, qətnamə qanuni və əsaslı olmalıdır. Məhkəmə qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. xx.xx.2023-cü il tarixdə X1 getmişəm və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışam. Bu səbəbdən də, iddiaçının tələbindən, məhkəmə araşdırmasından, məhkəmə bildirişlərindən xəbərsiz olmuşam. Hesab edirəm ki, məhkəmə mülki işi hərtərəfli araşdırmalıdır. Məhkəmə məsələyə hüquqi qiymət verməklə qətnamə qəbul etməli və ədalət mühakiməsinin təməli olan "həqiqətin ortaya çıxarılması" prinsipini həyata keçirməsi üçün zaminlik müqaviləsindəki imza və yazının mənə aid olmaması həqiqiliyinin müəyyən olunmasına nail olmalıdır.
Apellyasiya şikayətinə qarşı etiraz
35. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
37. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
38. Maddə 470. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
39. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
40. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
41. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
42. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
43. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
48. Maddə 255.0.5. Hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraatı dayandıra bilər.
49. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
51. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
53. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, Cavabdeh2 qətnaməni zaminlik müqaviləsinin qanuniliyi hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-203/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt.
56. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə Mülki Məcəllənin 337.1 və 339- 350-ci maddələrində göstərilmişdir.
57. Hazırki işdə də apellyator əqdin subyekt tərkibinə aid edilən şərtin pozulduğunu, yəni zaminlik müqaviləsinin onun tərəfindən bağlanmadığına istinad etmişdir.
58. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi barədə Cavabdeh2 dəlili əsassızdır.
59. Belə ki, əsaslı qətnamə qəbul edilməsi üçün işə aid bütün zəruri məsələlərə aydınlıq gətirmək, ziddiyyətli məqamlar aradan qaldırılmaq məqsədilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
60. Həmin ekspertizanın icrası ilə bağlı ekspert tərəfindən tədqiqat obyektləri olan eksperimental xətt və imza nümunələrinin təqdim edilməsi barədə vəsatət verilmiş (iş materialları: İİ cild; 124,125-ci vərəqə) və həmin vəsatət təmin edilmiş, Cavabdeh2 imza nümunələrinin təqdim edilməsi barədə bildiriş göndərilmişdir. (iş materialları: İİ cild; 126-cı vərəqə)
61. İş materiallarına əlavə edilmiş xəbərnəmayə (iş materialları: İİ cild; 128-ci vərəqə) əsasən Cavabdeh2 vəsatət barədə məlumatı olmuş, ancaq vəsatətdə göstərilən sənədləri təqdim etməmiş və bu səbəbə görə ekspert tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
62. Mübahisələndirilən müqavilə əsasında Cavabdeh2 Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında MMC-nin öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü nəzərə alaraq kollegiya hesab edir ki, ekspert vəsatətində göstərilən imza nümunələrini cavabdeh təqdim etməli idi. Lakin o, həmin nümunələri təqdim etməmiş və nəticədə iş üzrə təyin olunmuş məhkəmə ekspertizasının keçirilməsi mümkün olmamışdır.
63. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
64. Bu baxımdan, kollegiya hesab edir ki, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında "xxxx" MMC-nin öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi faktı təsdiq edilmiş hesab edilməlidir.
65. Ona görə də, həmin hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməli və zaminlik müqaviləsinin qanuniliyi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməməlidir.
66. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-203/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.