Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-359/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutun nümayəndəsi X1, cavabdeh Cavabdeh2MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna qarşı tenderin nəticələri haqqında yekun protokolun və satınalma müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e- 2-2 (113)-2148/2020 saylı qətnaməsindən (hakim L.Əliyeva) Cavabdeh2 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər “xxxx” MMC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən laboratoriya avadanlığının satın alınması məqsədi ilə xx.xx.2019-cu il tarixində keçirilən açıq tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli satınalma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçının razılığı ilə cavabdeh “xxxx” MMC əsl Cavabdeh2 MMC ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC xx.xx.2009-cu il tarixində təsis edilmiş və Azərbaycanda fiziki-kimyəvi laboratoriyaların ən müasir avadanlıqlarla təchiz olunması, servis xidməti və işçi kadrlarının hazırlanması üzrə ixtisaslaşmışdır. Cavabdeh satınalma təşkilatı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən laboratoriya avadanlığının satın alınması məqsədi ilə xx.xx.2019-cu il tarixində elektron satınalma vasitəsilə açıq tender keçirilmişdir. Cavabdeh satınalan təşkilat tərəfindən təqdim olunan tenderin əsas şərtlər toplusunun 6-cı bölməsində satın alınan “Qaz xromatoqrafı sistemi”nin tələb olunan göstəriciləri əks olunmuşdur. Tələblər on bir bənddən ibarət olmuşdur. İddiaçının tender təklifləri tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş şərtlərə tam uyğun olaraq satınalma qiyməti 119.180 manat olmuşdur. Tenderdə iştirak edən 2 iddiaçı təklif etdikləri qiymətdən baha (121.000 və 127.440 manat), 2 iddiaçı isə ucuz (88500 və 80000 manat) qiymətlər təklif etmişlər. Qeyri-şəffaf və qanunvericiliyin tələblərinin pozulması ilə keçirilmiş tenderin qalibi Cavabdeh2 MMC seçilmişdir. İddiaçı hesab edir ki, cavabdehin tender təklifi, tenderin əsas şərtlər toplusuna uyğun gəlmir və bu səbəbdən də cavabdehin tender təklifinin qiyməti aşağıdır. Tenderin əsas şərtlər toplusunun 4-cü bəndində nəzərdə tutulan “Qaz xromatoqrafı – S/SL giriş (İnlet) malik olmalıdır. Aşağı konsentrasiyalı maddələrin itkisinin qarşısını almaq üçün sistem nümunəni birbaşa olaraq da kolonkaya yeritmə imkanına malik olmalıdır” tələbinin əvəzinə cavabdeh tərəfindən təklif olunan avadanlıq yalnız SSL girişə malikdir ki, bu da tələb olunan S/SL girişdən daha aşağı göstəricidir və bu giriş sistemi ilə nümunənin birbaşa kolona daxil edilməsi mümkün deyildir. Bundan başqa, tenderin əsas şərtlər toplusunun 6-cı bəndində nəzərdə tutulan “Qaz xromatoqrafı sistemi “direct heating” sistemə malik olmalı və “ferul free connection” texnologiyalarına malik olmalıdır (kolonların istifadəçi tərəfindən daha rahat dəyişdirilməsi və bu dəyişiklik zamanı arzu edilməyən qaz sızıntılarının qarşısını almaq üçün) tələbinin əvəzində tenderdə qalib gələn şirkətin təklif etdiyi avadanlıqda “direct heating” sistemi və “ferul free connection” texnologiyaları mövcud deyildir. Bundan başqa, şərtlər toplusunun həmin bəndində nəzərdə tutulmuş “Surətli analizlərin həyata keçirilməsi üçün sobanın temperaturu 450 dərəcədən 50 dərəcəyə 3 dəqiqədən az müddətdə düşməlidir” şərtin əvəzinə qalib şirkətin təklif etdiyi avadanlıq tələb olunan temperaturu 4 və daha çox dəqiqə ərzində düşür. Bundan başqa, tenderin əsas şərtlər toplusunun 8-ci bəndində nəzərdə tutulmuş “Minimum 14 nümunəlik avtomatik özünümunəverən (avtosampler) ilə təchiz olunmalıdır” tələbinin qarşısında cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu müqavilə bağladığı şirkət “8 nümunəlik avtosampler” ilə təchiz edilmiş avadanlıq satmışdır. Cavabdehin tenderin əsas şərtlər toplusuna cavab verməyən təklif olunan mallar iddiaçıda daha ucuz qiymətdir və əgər cavabdeh satınalma təşkilatı tenderin əsas şərtlər toplusunda bu göstəricilərə malik malları istəsəydi, həmin malların alınması üçün daha az dövlət vəsaiti xərclənərdi. Göründüyü kimi, təklif olunan avadanlıqların şərtləri tenderin tələb etdiyi şərtlərə uyğun olmamışdır və bu səbəbdən də, təklif olunan avadanlıqların qiyməti aşağı olmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-2148/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh2 MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-2148/2020 saylı qətnaməsindən ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə qətnamə qəbul edərkən “Dövlət satınalmaları haqqında” Qanunun 38.2-ci maddəsinin tələbini nəzərə almamışdır. İstinad olunan normada qeyd edilmişdir ki, tender komissiyası bu qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə tenderin nəticələrinin ləğv edilməsi üçün müraciət edə bilər. Hazırkı halda isə iddiaçı tenderin nəticələrinin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, tenderin nəticələrinin ləğv edilməsi il tenderin nəticələrinin etibarsız hesab edilməsinin hüquqi nəticələri fərqlidir. Bundan əlavə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Cavabdeh2 MMC iddiaya etirazın əsası kimi istinad etdiyi halları sübut edərək tender şərtlərinin pozulmadığını sübuta yetirmişdir. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi- Tədqiqat İnstitutu ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən müqavilə dəyəri olan pul vəsaiti MMC-nin hesabına köçürülmüş və müqavilə üzrə yerinə yetirilməli olan işlər görülərək təhvil verilmişdir. İnstitut 11 aydan çoxdur ki, ona təhvil verilmiş avadanlıqdan istifadə edir. Məhkəmə işin qeyd edilən hallarını nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutun nümayəndəsi X2 məhkəmə iclasında digər cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmənin izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-2148/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən dövlət satınalması qaydasında laboratoriya avadanlığının satın alınması məqsədi ilə xx.xx.2019-cu il tarixində elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderin nəticələri mübahisələndirilir. İşdəki “Respublika” qəzetinin xx.xx.2019-cu il tarixli buraxılışından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və X4 İnstitutu laboratoriya avadanlığının satınalınmasına dair açıq tenderin xx.xx.2019-cu il tarixdə keçiriləcəyi barədə elan vermiş, tenderdə iştirakın, tenderin qiymətləndirilməsinin elektron qaydada- dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçiriləcəyi göstərilmişdir. Nəticələri mübahisələndirilən tender dövlət satınalması ilə həyata keçirildiyindən mübahisəyə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normaları tətbiq edilməklə baxılmalıdır. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən tender- satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçılarınkağız daşıyıcıda və ya elektron formadatəqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqə, elektron satınalma– qalib təklifin seçilməsi üçün satınalan təşkilat tərəfindən tətbiq edilən, real vaxt rejimində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən, malgöndərənlərin (podratçıların) təqdim etdikləri təkliflərin avtomatik qiymətləndirilməsini təmin edən satınalma prosedurudur. Qanunun 40.9-cu maddəsinə əsasən satınalma müqaviləsi qüvvəyə mindikdən və əgər tələb olunarsa, malgöndərən (podratçı) müqavilənin icrası üçün təminat təqdim etdikdən sonra həmin müqavilə barədə digər malgöndərənlərə (podratçılara) bildiriş göndərilir. İş materiallarının 1-ci cildinin 28-ci vərəqinə əlavə edilmiş bildirişdən görünür ki, qanunun 40.9-cu maddəsinin tələbinə uyğun olaraq iddiaçıya tenderin qalibi Cavabdeh2 MMC ilə xx.xx.2019-cu il tarixdə 88.500 manat dəyərində satınalma müqaviləsi bağlanması barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmişdir. Qanunun 38.2-ci maddəsinə görə tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı tenderin keçirilməsi zamanı pozuntulara yol verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Hesablama Palatasına müraciət etmiş, həmin müraciət aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə göndərilmiş, müraciət araşdırılaraq tenderin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirildiyi, tenderin qalibinin təklif etdiyi qaz xromatoqrafı sisteminin tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş texniki tələblərə uyğun olduğu qeyd edilmişdir. İddiaçı tenderin qalibi olmuş şirkətlə xx.xx.2019-cu il tarixdə bağlanmış satınalma müqaviləsi qüvvəyə mindikdən 8 ay sonra-xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsində tenderin qalibi olmuş Cavabdeh2 MMC-nin tender təklifinin tenderin əsas şərtlər toplusuna uyğun olmadığını, tenderin qeyri-şəffaf və qanunvericiliyin tələblərinin pozulması ilə keçirildiyini iddia edərək tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli satınalma müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb irəli sürmüşdür. Qanunun 38.2-ci maddəsinin məzmunundan göründüyü kimi, tenderin qeyriobyektiv keçirildiyi və bununla da qanun pozuntusuna yol verildiyi təsdiq edildiyi halda iddiaçı şirkətin tenderin nəticələrinin ləğv edilməsi barədə iddia qaldırmaq hüququ nəzərdə tutulur. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin bu dəlili ilə razılaşır ki, iddiaçı tenderin nəticələrinin ləğv edilməsi barədə deyil, etibarsız hesab edilməsi barədə iddia qaldırmaqla iddianın predmetini “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsinin tələbinə uyğun seçməmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda tenderin nəticələrini mübahisələndirmək üçün konkret müddət müəyyən edilməmiş, satınalma müqaviləsi qüvvəyə mindikdən və icra edildikdən sonra tenderin nəticələrinin ləğvinin hansı hüquqi nəticələr doğurduğu nəzərdə tutulmamışdır. Müqavilənin etibarsız hesab edilməsinin hüquqi nəticələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində nəzərdə tutulur. Həmin normaya əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianı təmin edərək xx.xx.2019-cu il tarixli satınalma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul etsə də, qətnamənin nəticə hissəsində satınalma müqaviləsinin etibarsız hesab edilməsinin hüquqi nəticəsini qeyd etməmişdir. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iş materiallarında nəticələri mübahisələndirilən tender üzrə tender komissiyasının qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verdiyini təsdiq edən hər hansı sübut yoxdur. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 44.3-cü maddəsinə əsasən satınalan təşkilat təkliflərin müqayisəsində onların keyfiyyət və texniki cəhətlərinə aid tələblərin minimum səviyyəsini müəyyənləşdirir və təkliflər sorğusunda göstərilən qiymətləndirmə meyarlarına, həmçinin bu meyarların nisbi qiymətinə və tətbiqi qaydasına müvafiq surətdə hər bir təklifə qiymət verir. Həmin Qanunun 44.4-cü maddəsinə əsasən bu halda aşağıdakı təkliflər qalib gəlmiş sayılır: 44.4.1-ən aşağı qiymətli təklif; 44.4.2-bu Qanunun 44.3-cü maddəsində göstərilən keyfiyyət və texniki cəhətləri və qiyməti əsas götürülməklə məcmu qiyməti optimal olan təklif. Qanunun 36.7.2-ci maddəsinə əsasən tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli sayılan tender təklifi qalib gəlmiş sayılır. İş materiallarının 1-ci cildinin 174-177-ci vərəqlərinə əlavə edilmiş təkliflərdən görünür ki, tenderdə qalib gəlmiş Cavabdeh2 MMC-nin (Rusiyanın “MC-Analitika” şirkətinin Azərbaycandakı dileri) təklif etdiyi qiymət 88500 manat, İddiaçı MMC-nin təklif etdiyi qiymət isə 119.180 manat, qalib şirkətin təklifindən 30680 manat yuxarı olmuşdur. Cavabdeh2 MMC-nin əməkdaşlıq etdiyi “MC-Analitika” şirkətinin qaz xromatoqrafının təchizatı ilə bağlı ixtisaslı və təcrübəli şirkət olduğunu təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. İddiaçı iddia edir ki, Cavabdeh2 MMC-nin təklif etdiyi avadanlığın texniki göstəriciləri tenderin əsas şərtlər toplusundakı tələblərə uyğun olmadığı (cihazın modelinin 14 nümunəlikdən az olduğu) və lazımı keyfiyyətdə olmadığı üçün qiyməti aşağı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh2 MMC-dən satın alınmış laboratoriya avadanlığının keyfiyyətsiz olması və texniki göstəricilərinin tenderin əsas şərtlər toplusuna uyğun olmadığı (8 nümunəlik olduğu) iddiaçının izahatından başqa hər hansı mötəbər sübutla təsdiq edilmir. Belə ki, Cavabdeh2 MMC-nin tender təkliflərində cihazın 8 nümunəlik olduğu qeyd edilməmiş, yalnız modeli göstərilmişdir Cavabdeh2 MMC-nin iddiaya etirazında qeyd edilmişdir ki, təqdim edilmiş “Al 1310 autosampler” “AS 1310” modifikasiyalı olmuş və 105 nümunə üçün nəzərdə tutulmuşdur. İş materiallarına avadanlığın şəkli və 105 nümunəli olduğunu təsdiq edən spesifikasiyası əlavə edilmişdir. “Əsas şərtlər toplusu”nun 6-cı bölməsinin 6-cı bəndində nəzərdə tutulmuşdur ki, qaz xromatoqrafı sistemi “direct heating” sistemə və “ferul free connection” texnologiyalarına malik olmalıdır.(kalonların istifadəçi tərəfindən daha rahat dəyişdirilməsi və bu dəyişiklik zamanı arzu edilməyən qaz sızıntılarının qarşısını almaq üçün). Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun işə apelyasiya qaydasında baxılarkən təqdim etdiyi yazılı izahatda satın alınmış avadanlığın tələb olunan şərtlərə tam uyğun olduğu və cihazdan bir ildir nəzərdə tutulmuş məqsədlər üçün istifadə edildiyi və bütün əməliyyatları yerinə yetirdiyi qeyd edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən şahid qismində dindirilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda direktor müavini vəzifəsində işləyən X5 ifadəsində göstərmişdir ki, satın alınmış avadanlıqda tenderin şərtlər toplusunda göstərilmiş bütün parametrlər mövcuddur. İddiaçının nümayəndəsi işə apelyasiya qaydasında baxılarkən Cavabdeh2 MMC-nin tender təklifinə əlavə edilmiş, avadanlığın texniki göstəriciləri barədə sənədlərin sonradan dəyişdirildiyini, əvvəlki sənədlərdə avadanlığın 8 nümunəlik olduğu qeyd edildiyi halda (tender şərti- 14 nümunədən az olmaması), məhkəməyə 105 nümunəlik avadanlıq təklif edildiyi barədə sənədlər təqdim edildiyini iddia edərək, sübutların saxtalaşdırılması faktı bağlı xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tender təklifinə əlavə edilmiş sənədlərin saxtalaşdırıldığı və ya sonradan dəyişdirildiyi təsdiq edilmədiyindən iddiaçının nümayəndəsinin bu vəsatəti məhkəmə tərəfindən təmin edilmir. İddiaçının digər bir dəlili ondan ibarət olmuşdur ki, tender komissiyası tərəfindən qiymətləndirmə həyata keçirilərkən İddiaçı MMC-nin Cavabdeh2 MMC-dən tələb olunan avadanlığın təchizatı sahəsində daha peşəkar və təcrübəli şirkət olduğu, əvvəlki layihələri nəzərə alınmamışdır. “Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolu”ndan görünür ki, tender üzrə iddiaçı şirkətlərin tələb olunan malların təchizatı sahəsində təcrübəsinə görə (analoji müqavilələr üzrə təcrübəsinə görə) İddiaçı MMC maksimum 15 balla, Cavabdeh2 MMC isə 6,45 balla qiymətləndirilmişdir. Göründüyü kimi, tender təkliflərinin təcrübə meyarı üzrə qiymətləndirilməsi zamanı tender komissiyası tərəfindən qeyri-obyektivliyə yol verilməmişdir. Qiymətləndirmənin ümumi nəticəsinə görə İddiaçı MMC 84,55 bal, Cavabdeh2 MMC isə 86,45 bal topladığı üçün tenderin qalibi Cavabdeh2 MMC elan edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçının tələbi mötəbər sübutlarla təsdiq edilmədiyi halda birinci instansiya məhkəməsi hər hansı konkret sübuta istinad etmədən, yalnız iddiaçının izahatlarına əsaslanaraq iddia tələbinin əsaslı olduğuna dair nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-2148/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-2148/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən,elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə göndərilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-359/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-359/2021
14.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver