Məhkəmə qərarları › İş №2-2(103)-36/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-36/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-36/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqavilələri üzrə yaranmış borcların ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqavilələri üzrə yaranmış borcların ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, cərimə borcu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqavilələri üzrə yaranmış borcların ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, e-2-2(113)-185/2022 saylı qətnaməsindən iddiaçı və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 MMC-yə İddiaçı ASC tərəfindən xx.xx.2020ci il tarixinədək illik faiz dərəcəsi 16% (illik cərimə faizi 31%, gündəlik 0.086111%) olmaqla, 100.000 manat məbləğində kredit vermişdir.

2. 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 MMC-yə İddiaçı ASC tərəfindən xx.xx.2022ci il tarixinədək illik faiz dərəcəsi 17% (illik cərimə faizi 15%, gündəlik 0.0416%) olmaqla, 125 000 manat məbləğində birdəfəlik krеdit verilmişdir.

3. 12 iyun 2018-ci il tarixli İ2357 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2018-ci il tarixli, GL2606 saylı kredit limiti müqaviləsi üzrə borcalanın Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evi və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən 21 iyun 2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.Həmçinin ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında razılığa əsasən 270000 manat göstərilmişdir.

4. xx.xx.2019- cu il tarixli İ2357 saylı ipoteka müqaviləsinə 01 nömrəli əlavədən görünür ki, xx.xx.2018-ci il tarixli, GL2606 nömrəli kredit limiti müqaviləsindən və ona edilmiş xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evi və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən 01 avqust 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. 12 iyun 2018-ci il tarixli Z2615 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi üzrə zamin Cavabdeh2 borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

6. 25 iyun 2019-ci il tarixli Z2615 nömrəli zaminlik müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi və ona əlavə edilmiş xx.xx.2019-cu il tarixli 01 saylı əlavə üzrə zamin Cavabdeh2 borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

7. Cavabdeh1 MMC-nin xx.xx.2018-ci il tarixli xx.xx.2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi və ona əlavə edilmiş xx.xx.2019-cu il tarixli 01 saylı əlavə üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə olan borcu barədə maliyyə arayışından görünür ki, K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 9492,45 manat, faiz borcu isə 387,15 manat, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 120138,70 manat, faiz borcu isə 28025,84 manat təşkil edir.

8. İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli ********* nömrəli, ********** qeydiyyat kodlu Azərbaycan Respublikası Mərkəzi Bankının–X5 ödənilmiş mədaxil qəbzindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat məbləğində xidmət haqqı ödənilmişdir.

9. 30 iyun 2021-ci il tarixli **********31 nömrəli DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ASC-yə göndərdiyi məktubdan göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı ASC iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə 9492,45 manat əsas borc, 387,15 manat faiz borcu, 3284,24 manat cərimə borcu olmaqla, cəmi 13163,84 manat məbləğində borcun K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə 120138,70 manat əsas borc, 28025,84 manat faiz borcu, 7554,99 manat cərimə borcu olmaqla, cəmi 155719,53 manat, K2607 saylı və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 248000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 İddiaçı ASC-yə olan K2607 saylı və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borclarının ödənilməsinə yönəldilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti K2607 saylı və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 149 manat məbləğində dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli PB/GTC-073/2015 saylı bank xidmətlərinin göstərilməsinə dair “X7” müqaviləsi bağlanmış, sonradan tərəflər arasında xx.xx.2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi və ona xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavə imzalanmışdır. Daha sonra GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində tərəflər arasında xx.xx.2018ci il tarixli K2607 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən Borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə xx.xx.2020-ci il tarixinədək illik faiz dərəcəsi 16% (illik cərimə faizi 31%, gündəlik 0.086111%) olmaqla, 100.000 manat məbləğində tranşlarla krеdit verilmişdir. Bununla yanaşı GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində tərəflər arasında xx.xx.2020-ci il tarixli K4058 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən borcalana K3313 saylı və K3809 saylı öhdəliklərin bağlanması məqsədilə xx.xx.2022-ci il tarixinədək illik faiz dərəcəsi 17% (illik cərimə faizi 15%, gündəlik 0.0416%) olmaqla, 125.000 (yüz iyirmi beş min) manat məbləğində birdəfəlik krеdit verilmişdir. xx.xx.2018-ci il tarixli, GL2606 saylı kredit limiti müqaviləsi üzrə borcalanın Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə: - Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evi İddiaçı ASCnin xeyrinə 12 iyun 2018-ci il tarixli İ2357 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2018-ci il tarixli RX1312702 saylı dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, GL2606 nömrəli kredit limiti müqaviləsindən və ona edilmiş xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İ2357 saylı ipoteka müqaviləsinə 01 nömrəli xx.xx.2019- cu il tarixli əlavə imzalanmış, ipoteka müqaviləsinə edilmiş xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavə dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa xx.xx.2018-ci il tarixli, GL2606 nömrəli kredit limiti müqaviləsi üzrə borcalanın bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli, Z2615 saylı zaminlik müqaviləsi və zaminlik müqaviləsinə xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavə bağlanmışdır. Lakin müştəri K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə 259 gün, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 252 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyan Cavabdeh3 ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır.

12. Bakı Kommersiya Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, e-2-2(113)-185/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 9492,45 manat, faiz borcu 387,15 manat və cərimə 120,40 manat cəmi 10000 manat, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə əsas borc 120138,70 manat, faiz borcu 28025,84 manat və cərimə 335,46 manat cəmi 148500 manat ümumilikdə 158500 manat məbləğində borcun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 139,83 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatın və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi,tutmanın Cavabdeh3 məxsus ilkin satış qiyməti 270000 manat məbləğində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməsi,ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması,ipoteka predmetinin satışından əldə olunan vəsait K2607 saylı və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 birgə qaydada tutulması,mühasibatlıq ekspertizası ilə bağlı olan 200 manat məbləğində xərcin 12,30 manatı "xxxx" ASC-dən, 187,70 manatı isə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 250 manat məbləğində xərcin 15,37 manatı "xxxx" ASC-dən, 234,63 manatı isə Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə K2607 və K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas və faiz borcu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı, bununla yanaşı tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılması, eyni zamanda ipoteka predmetin satışından əldə edilmiş vəsaitin borcun ödənilməsi kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC və Cavabdeh2 birgə tutulması hissəsində iddiaçının tələbləri əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın cərimə tələbi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə 120,40 manat, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 335,46 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə tərəfindən təyin edilən məhkəmə-əmtəəşünaslıq rəyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinin likvid qiymətinin 248000 manat, bazar dəyəri isə 292000 manat məbləğində müəyyən edildiyini, Cavabdeh3 nümayəndəsi Vəkil1 müstəqil əmtəəşünaslıq rəyinə əsasən ipoteka predmetinin bazar dəyərinin 620000 manat məbləğində müəyyən edildiyini bildirdiyini nəzərə alan məhkəmə hesab edir ki, gələcəkdə tərəflərin ipoteka predmetinin likvid qiyməti ilə bağlı mübahisənin qarşısının alınması məqsədi ilə ipoteka predmetinin likvid satış qiyməti tərəflərin ipoteka müqaviləsində razılaşdığı kimi 270000 manat məbləğində müəyyən edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 21.1, 146.1, 152.1, 152.5, 157.4, 385.1, 386.1, 421.2, 424.2, 424.3, 424.5, 427.3, 439.1, 439.2, 442.1, 443.1, 445.2, 448.1, 463.1, 467-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 10.4, 33, 39.1, 39.3, 59.3, 59.4-cü maddələri, Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarı, "AR Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair" AR Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 216-220-ci maddəsinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 fevral tarixli 2-2(103)-24/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh3 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi 2018-ci il 12 iyun tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimənin tutulması və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, 2018-ci il 12 iyun tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə cavabdeh və zamin Cavabdeh2 iddiaçının xeyrinə 474,5 manat cərimə tutulmuş, tutma yönəldilmiş ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 410.000 manat müəyyən edilərək qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, 150 manat ekspertiza xərci (apellyasiya instansiyası mərhələsində) Cavabdeh3 Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmuş, işə apellyasiya qaydasında baxılarkən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliyin icra müddəti xx.xx.2020-ci il tarixdə bitdiyi halda kredit borcunun qaytarılması təmin edilmədiyindən cavabdehlərdən icrası 1 il gecikdirilmiş öhdəlik üzrə cəmi 120,40 manat cərimə tutularkən məhkəmə tərəfindən kreditorun mənafeyi nəzərə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti bu hissədə qismən təmin edilərək 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə məhkəmə tərəfindən tutulmuş cərimənin məbləği dəyişdirilərək formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq əsas borcun 5% məbləğində-474,5 manat müəyyən edilməlidir. Məhkəmə K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliyin icra müddəti xx.xx.2022ci il tarixinədək müəyyən edildiyini, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə, qrafik üzrə ödənişlərin gecikdirilməsinə əsaslanaraq kreditin qaytarılması ilə bağlı öhdəliyin icra müddəti bitmədən müraciət etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin müqavilə üzrə məhkəmə tərəfindən tutulmuş 335,46 manat cərimə məbləği ağlabatan məbləğ olduğundan bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətində tutma yönəldilmiş ipoteka predmetinin ilkin satış qiymətinin onun real dəyərinin xeyli aşağı müəyyən edildiyini iddia etdiyindən bu halın yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4119 saylı rəyinə əsasən ümumi sahəsi 500 kv.m olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 25-ci döngədə yerləşən 2 mərtəbəli 4 saylı fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 585000 manat, 30% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 410000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflər arasında ipoteka müqaviləsinin 12 iyun 2018-ci il tarixdə bağlandığını və ipoteka ilə yüklü edilmiş mənzilin bazar dəyərinin 3 il əvvəl 270.000 manat müəyyən edildiyini, daşınmaz əmlak bazarında qiymətlərin bu müddət ərzində xeyli artdığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tutma yönəldilmiş ipoteka predmetinin ilkin satış qiyməti kimi ipoteka müqaviləsindəki qiyməti əsas götürməyə haqlı olmamışdır. Eyni zamanda məhkəmə hesab edir ki, "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə 9/21 nömrəli 16 noyabr 2021-ci il tarixli hesabatında ipoteka predmeti olan əmlakın likvid dəyəri onun ipoteka müqaviləsi ilə müəyyən edilmiş ilkin satış qiymətindən belə aşağı (248000 manat) göstərildiyindən həmin rəy əsaslı hesab edilə bilməz.

17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,739.1,739.2,467-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3,1.0.9-cu maddələrinə istinad etmişdir.

b) Kassasiya instansiyası məhkəməsindəki icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-348/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh3 kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 fevral tarixli 2-2(103)-24/2023 saylı qətnaməsi qismən - 2020ci il 21 iyul tarixli K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə borcunun müəyyən edilməsi və tutma yönəldilən ipoteka predmetinin ilkin qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

19. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiyası məhkəməsi K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə cəriməni 335,46 manat məbləğində müəyyən etmişdir ki, bu da təmin edilmiş əsas borcun (120.138,70 manat) cəmi 0,3 %-ni təşkil edir. Həmin ərizə üzrə öhdəliyin icra müddətinin bitməməsi hazırkı halda dəbbə pulu ilə bağlı kommersiya məhkəmələrində formalaşmış təcrübənin (cərimə kimi, təmin edilmiş əsas borcun 5%-nin tutulması) tətbiq edilməməsi üçün əsas ola bilməz.

20. Habelə, ipoteka predmetinin likvid dəyəri 30 faiz azalma əmsalı tətbiq edilərək müəyyən edilmiş, nəticədə əmlakın bazar dəyəri ilə likvid dəyəri arasında 175.000 manat məbləğində fərq yaranmışdır ki, bu da ağlabatan uyğun görünmür.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

22. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, ekspertiza rəyi ilə razı deyil. Buna görə də təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsini xahiş edir. Ekspert torpaq sahəsini 0.20 ha olduğu rəyini verib.Lakin, çıxarış üzrə 0.03189 ha göstərilib. Rəyin bu hissəsi ilə razılaşmır. Ekspert düzgün hesablama aparmayıb. Bütün torpaq sahəsi ölçülüb və bu da qiymətə təsir göstərib.Bütün tədqiqat 0.20 ha üzərində aparılıb.Yerli baxışda nümayəndələri iştirak edib. Cavabdehə evin satılmasını təklif etmişdir, o razılaşmayıb.

23. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 çıxış edərək bildirdi ki, Qərarda göstərilib ki,175000 manat bazar qiyməti ilə likvid dəyəri arasında fərq var.Ali Məhkəmə bunu əhəmiyyətli dəyər itkisi hesab edir.Bunun üçün ekspertiza təyin edilmişdir.Vəsatət əsassızdır. Eskpert analoji evlərə uyğun olaraq hesablama aparıb, orta bazar qiymətinə uyğun qiymətləndirib. Ekspert hesablama zamanı kv.metri qiymətə vurub. Çıxarışda tikilinin altı göstərilib. İddiaçının təklifi ilə razı deyil, perspektivli olduğunu düşünmür.

Tətbiq edilən hüquq normaları:

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

25. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, İddiaçı ASC və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimənin məbləği və tutma yönəldilən ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməlidir.

30. Belə ki, işdə olan maliyyə arayışından görünür ki, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 120138,70 manat təşkil edir.

31. Məhkəmə kollegiyası hesab edir ki, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə icra müddətinin bitməməsi cərimənin təmin edilmiş əsas borcun 5 faizi məbləğində tutulmasının tətbiq edilməməsi üçün əsas ola bilməz. Belə olan halda K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə kreditorun mənafeyi baxımından 6006,93 manat cərimə borcunun tutulması məhkəmə təcrübəsinə uyğundur. (120138,70/100 x 5 % = 6006,93)

32. Bundan əlavə, işə birinci instansiya məhkəməsində baxılması zamanı ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 270000 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən məhkəmə tərəfindən təyin edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə istinad etmişdir. Apellyasiya baxışında olan birinci incraat zamanı əmlakın ilkin satış qiyməti 410.000 manat məbləğində müəyyən edilmişdir.

33. Kassasiya instansiya məhkəməsi isə hesab etmişdir ki, əmlakın ilkin satış qiyməti ilə bağlı biri birindən kifayət qədər fərqlənən rəylər olmuşdur. Habelə ekspert ilkin satış qiymətini 30 faiz azalma əmsalını tətbiq edərək müəyyən etmiş, lakin bunun əsaslarını, hesablama metodunu göstərməmiş, nəticədə əmlakın bazar dəyəri ilə likvid dəyəri arasında 175.000 manat məbləğində fərq yaranmışdır ki, bu da ağlabatan deyildir.

34. İşə təkrar apellyasiya instansiya məhkəməsində baxılması zamanı təyin edilmiş iş üzrə əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertizanın nəticəsi olaraq verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyul 2024-cü il tarixli, 3-16-16/2-9/101xxxx/9988/2024 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 25-ci döngədə yerləşən 4 saylı fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 633500,0 manat (500x1267), 15% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 538000 manat (633500 – 15%) məbləğində müəyyən edilir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 25-ci döngədə yerləşən 4 saylı fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri, həmin ərazidə satışda olan analoji evlərin qısa müddətdə dəyərini çox itirmədən satılan qiyməti deməkdir. Həmin evin xüsusiyyətləri (yerləşdiyi ərazi, təmirlilik səviyyəsi, görünüşü və s.) və hal-hazırda yay mövsümündə bağ evlərinə tələbatın çoxalması nəzərə alınmaqla müəyyən edilmiş orta bazar qiymətinə təxminən 15 % likvidlik tətbiq edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İddiaçı və cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

36. Məhkəmə kollegiyası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyul 2024cü il tarixli, 3-16-16/2-9/101xx-xx/9988/2024 saylı ekspert rəyini mətəbər sübut qismində qiymətləndirərək hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 25-ci döngədə yerləşən 4 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 538000 manat məbləğində müəyyən edilməlidir.

37. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı ASC və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, e-2-2(113)-185/2022 saylı qətnaməsi K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimənin məbləği və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə 6006,93 manat cərimə tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma yönəldilmiş ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 538000 manat müəyyən edilməlidir.

38. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, e-2-2(113)-185/2022 saylı qətnaməsi K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimənin məbləği və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə 6006,93 manat cərimə tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma yönəldilmiş ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 538000 manat müəyyən edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid olunsun. Ekspertizanın keçirilməsi ilə bağlı 100 manat məbləğində xərcin 50 manatı İddiaçı ASCdən, digər 50 manatı isə Cavabdeh3 tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar