Məhkəmə qərarları › İş №2-2(103)-360/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-360/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-360/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı “xxxx” MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-2951/2020 saylı qətnaməsindən (hakim E.Əliyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 2005,24 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(81)- 74/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin iddia tələbi qismən təmin edilərək, “xxxx” MMC ilə Cavabdeh (“xxxx”) ASC arasında bağlanmış xx xxxx 2015-cı il tarixli, 28-BİZ-1-0-90-15 nömrəli kredit müqaviləsinin təmin edilməsi məqsədilə xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsində ipoteka predmeti kimi göstərilmiş X1 məxsus olan ünvan 1 ünvanında yerləşən əmlak girovdan çıxarılmışdır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MMC ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 25-BİZ-1-0-90-15 nömrəli kredit müqaviləsinə əsasən borcalan tərəfindən 2005,24 ABŞ dolları məbləğində artıq ödəniş edilmişdir. İddiaçı tərəfindən həyata keçirilmiş 2005,24 ABŞ dolları məbləğində artıq ödəniş əsassız varlanma qaydalarına uyğun olaraq cavabdehdən geri tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-2951/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-2951/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Eyni zamanda ekspert rəyi ilə, “xxxx“ MMC-nin kredit müqaviləsi üzrə ödədiyi məbləğlərin silinmələri düzgün müəyyən edilməmişdir. Belə ki, işin materiallarından görünür ki, “xxxx” MMC-yə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-də illik 25 faizlə 12 ay müddətinə 47000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit üzrə borcun bağlanma tarixi xx xxxx 2016-cı il tarixə bağlanmalı olduğu halda, buna baxmayaraq kredit müqaviləsi üzrə əsas borc tam olaraq xx xxxxxx 2017-ci il tarixdə bağlanmışdır. Beləliklə də, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 12 (on iki) ay müddətində, yəni müqavilənin bitmə tarixinə yox, 1 (bir) il 5 (beş) ay, yəni 17 (on yeddi) ay keçdikdən sonra əsas borcu tam olaraq ödənilmişdir. Bununla da borclu tərəfindən kredit müqaviləsi üzrə şərtlər pozulmuş və nəticədə borclarının vaxtında ödəməməyi səbəbindən kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən gecikdirilmiş borc yaranacağı halda tətbiq olunan sanksiyalar hər gecikdirlən gün üçün gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə hesablanmışdır. Kredit borcu vaxtında ödənilmədiyinə görə kredit müqaviləsinə əsasən borcluya əlavə faiz və cərimə hesablanmış və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənişlərdən cərimə məbləğinə silinmə aparılmışdır (hesabdan çıxarış əlavə olunur). Bundan başqa kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi, “xxxx” MMC tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İddiaçı “xxxx” İKB ASC tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 25-BİZ-1-0-90-15 saylı kredit müqaviləsi 10458,52 ABŞ dolları faiz borcu və 5913,90 ABŞ dolları məbləğində hesablanmış cərimə borcunun tələb olunmasına baxmayaraq, məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert qarşısında cərimə borcun müəyyən edilməsi və ödənilən məbləğlərdən cərimə borcuna silinib-silinməməsinin müəyyən edilməsi barədə sualı qoyulmasına baxmayaraq ekspert həmin suala cavab verməmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-2951/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan eyni tərəflər arasında baxılmış mübahisə üzrə qəbul edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2-2(81)-74/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, məhkəmə araşdırması zamanı “xxxx” MMC ilə “xxxx” İKB ASC arasında bağlanmış“ xx xxxx 2015-ci il tarixli 25- BİZ-1-0-90-15 saylı kredit müqaviləsi üzrə “xxxx” MMC-nin “xxxx” İKB ASC-yə qalıq borcunun məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 13159 nömrəli xx xxxx 2018-ci il tarixli ekspert rəyi ilə borcalan “xxxx” MMC tərəfindən “xxxx” ASC-yə“ 2005,24 ABŞ dolları məbləğində artıq ödənişin edildiyi müəyyən edilmiş və məhkəmə ilk iddia üzrə iddiaçı “xxxx” MMC-nin iddiasını qismən təmin edərək, “xxxx” MMC ilə “xxxx” ASC“ arasında bağlanmış xx xxxx 2015-cı il tarixli 28-BİZ-1-0-90-15 nömrəli kredit müqaviləsinin təmin edilməsi məqsədilə“ xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsində ipoteka predmeti kimi göstərilmiş X1 məxsus olan ünvan 2 ünvanında yerləşən əmlakın girovdan çıxarılmasını, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsini və qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” İKB ASC-nin qarşılıqlı iddia tələblərinin təmin edilməməsini qət etmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə 2005,24 ABŞ dolları məbləğində artıq ödənişin cavabdehdən tutulmasını xahiş etmişdir. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İddiaçının məhkəməyə təqdim etdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə “xxxx” MMC tərəfindən xx xxxx 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 saylı kredit müqaviləsi üzrə cavabdehə 2005,24 ABŞ dolları məbləğində artıq ödəniş həyata keçirilməsi faktı müəyyən edildiyindən məhkəmə kollegiyası hesab edir ki, bu halın hazırkı icraat çərçivəsində yenidən araşdırılması və bu məqsədlə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Hazırkı halda iddiaçının cavabdehə 2005,24 ABŞ dolları məbləğində artıq ödəniş həyata keçirilməsi faktını müəyyən edən məhkəmə qətnaməsi xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə mindiyindən (qeyd edilən tarixdə həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən yekun qərar qəbul edilmişdir) həmin tarix iddiaçının hüquqlarının pozulmasını bildiyi tarix kimi qəbul edilərsə iddiaçı xx.xx.2020-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik müddəti ötürməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-2951/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-2951/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar