Məhkəmə qərarları › İş №2-2(103)-360/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-360/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-360/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı LPO "xxxx" Kommersiya Bankı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-405/2020 nömrəli iş üzrə 04 fevral 2022-ci il tarixli qərardadından cavabdehin şikayətinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraicət edərək, 06.04.2015-ci il tarixli 01 nömrəli kredit xətti müqaviləsi üzrə 108.541,08 manat əsas borc, 46.726,69 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 22.369,39 manat cərimə, 6.904,42 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 184.541,58 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.02.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsi və icraatın təzələnərək mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.01.2022-ci il tarixli qərardadı ilə ərizə, müvafiq prosessual müddət ərzində verilmədiyindən, qaytarılmışdır. Qərardadla razılaşmayan cavabdeh ondan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 04.02.2022-ci il tarixli qərardadı ilə şikayət, qanunla müəyyən edilmiş formada verilmədiyindən, qaytarılmışdır. Qərardadla razılaşmayan cavabdeh ondan şikayət vermişdir. Şikayətin dəlillərinə görə, prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi tələbini pozaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 269-cu maddəsinə istinad etməli olduğu halda, əsassız olaraq 361.1-ci maddəsinə istinad etmişdir. Çünki, tərəf qərardaddan apellyasiya şikayəti deyil, MPM-in 269.1-ci maddəsinə uyğun olaraq şikayət vermişdir. Şikayətə isə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılmalı, əsaslıdırsa ləğv etməli, əks təqdirdə apellyasiya məhkəməsinə göndərilməli idi. Bakı Kommersiya Məhkəməsinin 21.02.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini MPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin cavabdehin Bakı Kommersiya Məhkəməsinin 17.01.2022-ci il tarixli qərardadından şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, sözügedən Əlavə ilə tələb olunan forma və məzmuna aid tələblər həm qətnamələrə, həm də qərardadlara şamil olunur. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İşdən görünür ki, birinci instansiya məhkəməsi qanunun istinad olunan tələblərini nəzərə almış, MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən olunan forma və məzmun şərtlərinə uyğun tərtib edilməyən şikayəti düzgün olaraq qaytarmışdır. Bu mənada məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-405/2020 nömrəli iş üzrə 04 fevral 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar