Məhkəmə qərarları › İş №2-2(103)-362/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-362/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-362/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar söz: məhkəmə qərarının icrasından boyun qaçırma, ipoteka predmetinin satılması, gecikdirilmiş dövr üçün faiz tələbi, əldən çıxmış fayda) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X2 iştirakı ilə İddiaçı QSC BOKT-un Cavabdeh MMC-nə qarşı “öhdəliyin vaxtında icra edilməməsinə görə hesablanmış əldən çıxmış faydanın, dəymiş zərərin və dövlət rüsumunun tutulması, tələbin daşınar və daşınmaz əmlaklara yönəldilməsi, həmin əmlaklara mülkiyyət hüququnun tanınması” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" ASC (bank) ilə Cavabdeh MMC arasında 01 aprel 2011-ci il tarixdə 10770 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh MMC-yə "xxxx" ASC və digər müəssisələrin sifarişi ilə ölkəyə yol tikintisi məqsədilə zəruri olan texnikanın gətirilməsi üçün illik 16 % tətbiq edilməklə, 36 ay müddətinə 5 770 000 manat məbləğində kredit xətti açılmışdır.

2. 09 aprel 2014-cü il tarixdə müqaviləyə 1 saylı əlavə edilərək müqavilənin müddəti 36 ay uzadılmış, kredit vəsaitindən istifadə müddətinin 11 aprel 2017-ci il tarixində bitməsi razılaşdırılmışdır.

3. 01 aprel 2011-ci il tarixli 10770 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilmə üsulu kimi Nümayəndə2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km., 10 ünvanda yerləşən, ümumi sahəsi 1,602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksi (“Qızıl Balıq” X3) bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir.

5. "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 101S nömrəli Sərəncamının 1ci hissəsinə əsasən, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış siyahı üzrə banka məxsus problemli aktivlərin bankdan satın alınmasnı və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri banka verir, eyni zamanda, bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt edir.

6. İddiaçı QSC BOKT-un Cavabdeh MMC-nə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Nümayəndə2 qarşı “kredit və zaminlik müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, 2 295 404,07 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC-yə ödənilməsi, tutmanın Nümayəndə2 məxsus, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə Şahidli yolu, 9-cu km, 10 ünvanında yerləşən, ümumi sahəsi 1.602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksinə ("Qızıl Balıq” X3”) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 5 800 000 manat müəyyən edilməklə açıq hərracdan satılması və evin satışından əldə edilmiş vəsait hesabına 2 295 404,07 manat məbləğində borcun ödənilməsi, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahidli yolu, 9-cu km., 10 ünvanında yerləşən, ümumi sahəsi 1,602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksinə ("Qızıl Balıq” X3) tutma yönəldikdən və satıldıqdan sonra həmin əmlakın boşaldılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq məbləğin Cavabdeh MMC-dən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ümumi qaydada tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

7. Həmin qətnamədən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi faiz borcunun tutulması barədə tələbin rədd edilməsi hissəsində və cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə aid hissədə ləğv edilmiş, faiz borcunun tutulması barədə tələb qismən təmin edilmiş, faiz borcu kimi 965 174,24 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi, faiz borcunun tutulması barədə tələbin qalan hissədə rədd edilməsi, iddianın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə aid hissədə rədd edilməsi qət olunmuşdur.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarı ilə İddiaçı QSC BOKT-un və X1 kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli qətnaməsi əsasında 11 aprel 2022-ci il tarixdə icra vərəqəsi verilərək qətnamə icraya yönəldilmiş, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmurunun 12 aprel 2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır.

10. İddiaçı QSC BOKT tərəfindən 19 iyul 2022-ci il tarixdə Cavabdeh MMC-yə pretenziya məktubu göndərilərək məhkəmə qərarları ilə təsdiq edilən borcdan əlavə 1 542 989,74 manat əldən çıxmış faydanın və zərərin 5 gün ərzində ödənilməsi təklif olunmuş, əks təqdirdə bununla bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı QSC BOKT (iddiaçı) 19 avqust 2022-ci il tarixində Cavabdeh MMCyə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 1 aprel 2011-ci il tarixli 10770 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 11 aprel 2017-ci il tarixindən 10 may 2022-ci il tarixinədək 2 295 404,07 manat əsas borca Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1 085 949,29 manat məbləğində əldən çıxmış faydanın, əsas borca Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2015-ci il tarixli Fərmanlarına əsasən iddiaçı tərəfindən dövlət zəmanəti əsasında istiqrazlar emissiya edilmiş və illik 4 % olmaqla Azərbaycan Respublikası Mərkəzi Bankında illik 4 % komissiya ödəmək şərti ilə hesablanmış 457 040,45 manat məbləğində zərərin, həmçinin ödənilmiş 1561,50 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1 544 551,24 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması; borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdeh 1 aprel 2011-ci il tarixli 10770 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün cavabdehə 11 aprel 2017-ci il tarixindən 10 may 2022-ci il tarixinədək məhkəmə qərarları ilə təsdiq edilmiş 2 295 404,07 manat əsas borca Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1 542 989,74 manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən əldən çıxmış fayda və dəymiş zərərin iddiaçıya qaytarılması mümkün deyil və o, borcun qaytarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinə etiraz etmir. Buna görə də qeyd edilən borcun hüquqi şəxsə məxsus daşınar və daşınmaz əmlaklara, bank hesablarındakı pul vəsaitlərinə yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların, bank hesabındakı pul vəsaitlərinin iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır.

13. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında 1 aprel 2011-ci il tarixli 10770 saylı kredit müqaviləsi üzrə 2016-2022-ci illərdə məhkəmə mübahisələri olmuş və hazırkı mübahisəyə məhkəmə aktı ilə hüquqi qiymət verilmişdir. Həmçinin iddiaçıya cavabdehin "xxxx" ASC-yə olan 4 484 575,58 manat borc üzrə tələb hüququ keçdiyindən hazırda iddiaçı yaranmış borca görə əldən çıxmış fayda və zərər tələbinə dair iddia qaldıra bilməzdi.

14. Birinci instansiya məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd edilməsi qət olunmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

15.1. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət olunmuşdur. Bu səbəbdən məhkəmə cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməli olması qənaətində olmuş və bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsirinin müəyyən edilmədiyini bildirmişdir. 15.2. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli 2(001)-111/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən şikayət verilməmiş, qətnamə qəbul edildiyi tarixdən 1 ay keçdikdən sonra icraya yönəldilməmiş, sonradan icraya yönəldildikdə isə cavabdehin hərəkətləri nəticəsində deyil, ipoteka predmetinin açıq hərracda satılmasının mümkün olmaması səbəbindən icra sənədinin icrasının sona çatdırılması mümkün olmamışdır. 15.3. Bundan başqa, "xxxx" MMC tərəfindən Xəzər rayon icra şöbəsinə göndərilmiş 26 sentyabr 2022-ci il tarixli 348 nömrəli məktubunda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(103)-4558/2021-02 saylı icra vərəqi və Xəzər rayon icra şöbəsinin 7 sentyabr 2022-ci il tarixli 2412Q saylı sifariş məktubuna əsasən Nümayəndə2 Vladimirovnaya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən ümumi sahəsi 1602,3 kv.m., torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksinin (Qızıl Balıq X3) dəyərinin yüksəkliyini və işin həcmini nəzərə alaraq qeyd olunan məsələlərə aydınlıq gətirilməsi üçün qısa müddət ərzində mütəxəssis dəvət edilməsi və texniki pasportun işə əlavə olunması xahiş olunmuşdur. 15.4. Bakı şəhər Xəzər rayon icra şöbəsi tərəfindən "xxxx" MMC-yə göndərilmiş 2022-ci il 27 sentyabr tarixli 13507 12Q nömrəli məktubdan görünür ki, Nümayəndə2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahidli yolu 9-cu km, 10 ünvanında yerləşən torpaq sahəsinin real sahəsinin, dəqiq sərhədlərinin müəyyən olunması üçün mütəxəssis dəvət olunması ilə bağlı qərar qəbul edilmiş, eyni zamanda, həmin əmlak kompleksinə dair sənədlərin əldə olunması üçün müvafiq sorğular göndərilmişdir. 15.5. Bakı şəhər Xəzər rayon icra şöbəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş məktubda göstərilmişdir ki, Nümayəndə2 Vladimirovnaya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən ümumi sahəsi 1602,3 kv.m., torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksinin dəqiq sərhədlərinin müəyyən edilməsi üçün mütəxəssis iştirakının təmin edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. 15.6. "xxxx" MMC tərəfindən Bakı şəhər, Xəzər rayonu İcra Şöbəsinə göndərilmiş 28 sentyabr 2022-ci il tarixli 349 nömrəli məktubda göstərilmişdir ki, Nümayəndə2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən torpaq sahəsinin real sahəsinin və dəqiq sərhədlərinin müəyyən olunması üzrə dəvət etdikləri mütəxəssis rəyinin və həmin əmlak kompleksinə dair digər sənədlərin əldə olunması üçün göndərdikləri müvafiq sorğulara cavabın işə əlavə edilərək sifarişin yenidən göndərilməsi üçün “İcra haqqında” Qanunun 61.3.3 və 61.3.4-cü maddələrinin tələblərinə əsasən sifariş üzrə təyin olunmuş il 29 sentyabr 2022-ci tarixli açıq hərrac təxirə salınaraq sənədlər toplusu icra olunmadan qaytarılmışdır. 15.7. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(103)- 4558/2021-02 saylı icra sənədinin hazıradək icra olunmamasına görə cavabdeh məsuliyyət daşımır. Belə ki, cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, şikayətlərin verilməsi və s.) təqdim edilməmişdir. Göründüyü kimi, icra sənədinin hərəkətsiz qalmasında cavabdehin təqsiri olmamışdır.

16. Məhkəmə vurğulamışdır ki, iddia tələblərinin birinci hissədə əsassız hesab edilərək təmin edilməməsi qənaətinə gəlindiyindən, iddia tələbi digər hissələrdə də əsassız hesab olunmalıdır və bununla bağlı əlavə əsaslandırılma aparılmasına zərurət yoxdur.

17. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 425.1-ci, 425.2-ci, 445.7-ci, 449.1-ci, 449.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə” 2021ci il 14 aprel tarixli Qərarına istinad etmişdir.

18. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeləri nəzərə alınmadığını irəli sürmüşdür. Şikayətdə həmçinin göstərilmişdir ki, iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş iddia tələbindən də göründüyü kimi, iddiaçı cavabdehdən kredit müqaviləsinin müddəti bitdikdən sonra 11 aprel 2017-ci il - 10 may 2022-ci il tarixinədək dəymiş zərər və əldən çıxmış faydanın iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş maliyyə arayışında və iddia ərizəsində dəymiş zərərin və əldən çıxmış faydanın məbləğləri əks edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında müəyyən edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin) həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu zərərin tərkibinə həm MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi, həm də 449.1-ci maddəsinə müvafiq olaraq pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər, həm MMnin 21.2-ci maddəsinə əsasən kreditorun, vəsaitindən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun, zərərin və əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququn daxil olduğu müəyyən edilmişdir. Cavabdeh 1 aprel 2011-ci il tarixli 10770 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 2017-ci il 11 aprel tarixindən 2022-ci il 10 may tarixinədək 2 295 404,07 manat əsas borca Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1 542 989,74 manat məbləğində əldən çıxmış fayda və zərərin ödənilməsini tələb etmək hüququndan istifadə etmişdir. Məhkəməsi səhvən bu nəticəyə gəlmişdir ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 21 may tarixli 2(103)-4558/2021-02 saylı icra sənədinin hazıradək icra olunmamasına görə iddiaçı qarşısında məsuliyyət daşımır. Halbuki, iddiaçı icra sənədinin icrasından cavabdehin yayınması ilə bağlı deyil, müqavilə öhdəliklərindən əmələ gələn hüquq pozuntularına görə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə tərəflər arasında yaranmış mübahisəyə obyektiv qiymət verməmiş, yaranmış münasibətlərə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq edilməli olmayan normaları bu münasibətlərə tətbiq etmişdir ki, son nəticədə bu da düzgün olmayan bir qətnamənin çıxarılmasına gətirib çıxarmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 07 mart 2023cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.2ci, 443.1-ci, 445.7-ci, 449.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarına istinadla belə əsaslandırmışdır ki, məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs, borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, məsuliyyətə cəlb edilə bilməz. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməli, cavabdehin hərəkətləri nəticəsində deyil, ipoteka predmetinin açıq hərracda satılmasının mümkün olmaması səbəbindən icra sənədinin icrasının sona çatdırılmadığı nəzərə alınmalıdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 27 dekabr 2023-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına qaytarılmışdır.

23. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasında əvvəllər mübahisə predmeti olmuş kredit müqavilələri üzrə kredit vəsaitindən istifadə müddətinin 2017-ci il 11 aprel tarixində bitməsi razılaşdırılmışdır. Hazırkı mübahisə üzrə iddiaçı özünün iddia tələblərini sözügedən kredit vəsaitindən istifadə müddətinin bitməsi tarixindən (2017-ci il 11 aprel) 2022-ci il 10 may tarixinədək olan 5 illik dövr üzrə əsaslandırmışdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, əvvəlki mübahisə üzrə icra sənədi məhkəmə tərəfindən yalnız 2021-ci il 21 may tarixində verilmiş və həmin icra sənədi üzrə icraata başlamaq haqqında müvafiq icra qurumunun qərarı 2022-ci il 12 aprel tarixində, yəni hazırkı iddia ilə tələb olunan dövrün (tələb dövrünün son tarixi - 2022-ci il 10 may) başa çatmasından cəmi 1 ay əvvəl qəbul olunmuşdur. Beləliklə, hazırkı iddia ərizəsi cavabdeh tərəfindən əvvəlki mübahisə üzrə məhkəmənin verdiyi icra sənədinin icrasının gecikdirilməsi ilə əlaqədar deyil, kreditdən istifadə dövrü bitdikdən sonrakı 5 illik dövr, yəni hələ sözügedən icra sənədi üzrə icraatın başlamadığı dövr üzrə müqavilə öhdəliklərinin pozulması nəticəsində kreditora vurulduğu iddia edilən zərərin əvəzinin tutulması ilə bağlıdır. O da qeyd olunmalıdır ki, hazırkı iddia tələbinə əvvəlki mübahisə üzrə məhkəmə icraatı zamanı artıq hüquqi qiymət verildiyi hazırkı işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Bu təqdirdə isə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr öz araşdırmalarını hazırkı iddianın predmeti və əsasları üzrə aparmamış, müvafiq olaraq maddi hüququn tətbiqində səhvə yol vermiş və yanlış da nəticəyə gəlmişlər. Belə ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Öhdəliklərin icrasının xitam edilməsinin ən birinci və əsas yolu öhdəliklərin icra olunmasıdır. MM-in 528-ci maddəsində öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməsi nəzərdə tutulmuşdur. Həmçinin MM-in 399.3 və 399.4-cü maddələrinin tələblərinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Sözügedən mövqenin davamı kimi Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun MM-in 447.1 -ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüququn tətbiqində səhvə yol vermiş, nəticədə MPM-in 217.1 -ci maddəsinə (bax § 38) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir”.

Təkrar apellyasiya baxışı, izahat

24. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, məhkəmə iclasları barədə dəfələrlə məlumatlandırılan cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir (cavabdehin əvvəlki apellyasiya baxışında iştirak edən nümayəndəsinin (vəkilinin), eləcə də cavabdehin təsisçisinin xahişi əsasında məhkəmə prosesi 2 dəfə təxirə salınmış, sonuncu iclasa cavabdehin adından gələn vəkil isə səlahiyyətini təsdiq edən order təqdim etmədiyindən prosesə buraxılmamışdır).

25. Cavabdehin direktoru tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz göndərilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

31. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

34. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.

35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

36. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

37. Maddə 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.

38. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

40. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

41. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

42. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarı

43. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarı

44. ...Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

48. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

54. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

55. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

56. İşin hallarından görünür ki, iddiaçı BOKT iddia tələbinin hüquqi əsası kimi, Mülki Məcəllənin öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı müddəalarına, o cümlədən 445.7-ci və 449-cu maddələrinə istinad etmişdir.

57. Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozitiv şərtlərinə görə, kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.

58. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də 29 mart 2023-cü il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

59. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cu il tarixli qərarında da qeyd etmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

60. Həmin Qərarda şərh olunan hüquqi mövqelərə əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur....Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir”.

61. İşin hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirməmişdir; onun qanuni qüvvədə olan qətnamə ilə müəyyən olunan 2 295 404,07 manat əsas borcuna müqavilənin bitdiyi tarixdən (xx.xx.2017-ci il tarixdən) xx.xx.2022-ci il tarixinədək (5 il 1 ay) illik 5%-lə hesablanacaq faiz isə 583 404 manat (2 295 404,07 manat x 5% x 5 il 1 ay) təşkil edir.

62. Bu baxımdan kollegiya, iddiaçı bankın “11 aprel 2017-ci il tarixindən 10 may 2022-ci il tarixinədək 2 295 404,07 manat əsas borca Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1 085 949,29 manat məbləğində əldən çıxmış faydanın tutulması” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və belə qənaətə gəlir ki, qanuni qüvvədə olan qətnamə ilə müəyyən olunan 2 295 404,07 manat əsas borcuna müqavilənin bitdiyi tarixdən xx.xx.2022-ci il tarixinədək (5 il 1 ay) illik 5%-lə hesablanacaq 583 404 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

63. Bununla belə kollegiya, birinci instansiya məhkəməsinin “əsas borca Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2015-ci il tarixli Fərmanlarına əsasən iddiaçı tərəfindən dövlət zəmanəti əsasında istiqrazlar emissiya edilmiş və illik 4 % olmaqla Azərbaycan Respublikası Mərkəzi Bankında illik 4 % komissiya ödəmək şərti ilə hesablanmış 457 040,45 manat məbləğində zərərin cavabdehdən tutulması” tələbi üzrə gəldiyi nəticə ilə razılaşır.

64. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.

65. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

66. Beləliklə, iddiaçı BOKT-un araşdırma predmeti olan tələbinə qiymət verilməsi üçün, ilk növbədə Mülki Məcəllənin 449.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu yoxlanılmalıdır.

67. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

68. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.

69. Kollegiya hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən nə bank uçot faizi dərəcəsinə, nə də dövlət zəmanəti əsasında emissiya edilmiş istiqrazların faiz dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

70. Digər tərəfdən, həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bu hal, Məcəllənin 449.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, həmin normaya əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir”.

71. İşin hallarından görünür ki, cavabdeh tərəfindən qətnamənin icrasına, xüsusilə ipoteka predmetinin hərracdan satışına hər hansı maneə törədilməmiş, icra sənədinin icra edilməməsində onun hər hansı təqsiri olmamışdır.

72. Bu səbəblə kollegiyanın qənaətinə görə cavabdeh, qətnamənin vaxtında icra edilməməsinə istinadən Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz və birinci instansiya məhkəməsi onun öhdəliklərinin icrasını gecikdirməsi, bu səbəblə əlavə faizlər ödəməli olduğuna əsaslanan iddiaçının iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

73. Kollegiya, birinci instansiya məhkəməsinin “borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması” tələbi üzrə gəldiyi nəticə ilə razılaşır.

74. Belə ki, birincisi, iddiaçı həmin tələbini ümumiyyətlə əsaslandırmamış, cavabdehin hansı əmlaklarına hüququnun tanınmasını istədiyini ümumiyyətlə göstərməmişdir; digər təfdən isə iddiaçının həmin tələbinin qanuni əsası ümumiyyətlə mövcud deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdehin hər hansı əmlakı tərəflər arasında yaranmış hüquq münasibətləri üzrə öhdəliklərinin təminatı kimi çıxış etməmiş, ipoteka ilə yüklü olunmamışdır.

75. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri də cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı QSC BOKT-un nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4879/2022 saylı iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsi “11 aprel 2017-ci il tarixindən 10 may 2022-ci il tarixinədək 2 295 404,07 manat əsas borca Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1 085 949,29 manat məbləğində əldən çıxmış faydanın tutulması” tələbinin təmin olunmaması, eləcə də dövlət rüsumunun İddiaçı QSC BOKT-a aid edilməsi ilə bağlı hissədə ləğv olunsun. İddiaçı QSC BOKT-un “11 aprel 2017-ci il tarixindən 10 may 2022-ci il tarixinədək 2 295 404,07 manat əsas borca Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1 085 949,29 manat məbləğində əldən çıxmış faydanın tutulması” tələbi qismən təmin edilsin. Qanuni qüvvədə olan qətnamə ilə müəyyən olunan 2 295 404,07 manat əsas borcuna müqavilənin bitdiyi tarixdən xx.xx.2022-ci il tarixinədək illik 5%-lə hesablanacaq faiz qismində 583 404 (beş yüz səksən üç min dörd yüz dörd) manat Cavabdeh MMCdən İddiaçı QSC BOKT-un xeyrinə tutulsun. İddiaçı QSC BOKT-un “11 aprel 2017-ci il tarixindən 10 may 2022-ci il tarixinədək 2 295 404,07 manat əsas borca Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1 085 949,29 manat məbləğində əldən çıxmış faydanın tutulması” tələbi qalan hissədə təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 1943 (min doqquz yüz qırx üç) manat Cavabdeh MMC-dən İddiaçı QSC BOKT-un xeyrinə tutulsun. Qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar