Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-363/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 Bəhram oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1743/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” LTD MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZTX/430 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş icarə obyektləri (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) üzrə icarə haqqı qismində 216626,31 manat əsas borc və gecikdirilmiş günlər üzrə 3233,55 manat məbləğində cərimə olmaqla, ümumilikdə 219859,86 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1743/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2019-cu il tarixli, AZTX/430 nömrəli icarə müqaviləsi və həmin müqaviləyə 1, 2, 3, 4, 5, 7, 8, 10, 11, 12, 14 saylı əlavələr üzrə yaranmış 208298,23 (ƏDV daxil) manat məbləğində icarə haqqı borcunun, 701,77 manat cərimə borcunun, cəmi 209000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 28,52 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçı “xxxx” LTD MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət versələr də vəsatətləri məhkəmə tərəfindən qəbul edilməmişdir. İstər əsas borcun, istərsə də borca görə faiz hesablanması düzgün aparılmamış, habelə məhkəmə tərəfindən borcun haradan meydana gəlməsi və ona faizin necə hesablanması ilə bağlı məsələyə aydınlıq gətirilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə1 Bəhram oğlu isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxx” LTD MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli AZTX/430 saylı icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən “xxxx LTD” MMC müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçi Cavabdeh MMC-yə verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh icarə müqaviləsi öz öhdəliklərini tam yerinə yetirməmiş və onun ödənilməmiş əsas borcu 216626,31 manat, cərimə borcu 3233,55 manat, cəmi borcu 219859,86 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəf icarə obyektlərinin icarəçiyə təhvil verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə iş materiallarına əlavə olunmuş müqavilənin əlavələrində qeyd olunan icarə obyektləri ilə sübut kimi iş materiallarına əlavə olunmuş maliyyə arayışındakı və görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktlarındakı malların adlarında heç bir uyğunluq yoxdur. Eyni zamanda iddiaçı tərəfin cərimə ilə bağlı iddia ərizəsində göstərilən rəqəmlərdə qeyri-düzgün hesablamalar aparılmışdır. Belə ki, elektron qaimələrdə göstərilən tarixlərlə iddia ərizəsində göstərilən elektron qaimələrin göndərilməsi kimi göstərilən tarixlər düzgün deyil. Bu isə cərimənin düzgün hesablanmamasına və nəticədə həqiqətə uyğun olmayan məbləğin meydana çıxmasına gətirib çıxmışdır. Bundan əlavə istər əsas borcun, istərsə də borca görə faiz hesablanması düzgün aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, icarə haqqının ödənilməsi barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Hazırki işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə tələblərini əhəmiyyətli dərəcədə pozaraq, icarə haqlarını tam olaraq iddiaçıya ödəməmişdir. Belə ki, iş materiallarında olan “xxxx LTD” MMC tərəfindən verilən EAAU seriyalı 833432 nömrəli xx.xx.2019-cu il tarixli, EBAE seriyalı 383626 nömrəli xx.xx.2019-cu il tarixli, EBAF seriyalı 318562 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH seriyalı 493214 nömrəli xx.xx.2020-ci il tarixli, EAAZ seriyalı 036904 nömrəli xx.xx.2019-cu il tarixli, EAAY seriyalı 569395 nömrəli xx.xx.2019-cu il tarixli, EAAU seriyalı 508884 nömrəli xx.xx.2019-cu il tarixli, EBAİ seriyalı 374558 nömrəli xx.xx.2020-ci il tarixli, EAAW seriyalı 061909 nömrəli xx.xx.2019-cu il tarixli, EBAE seriyalı 494367 nömrəli xx.xx.2019-cu il tarixli, EBAG seriyalı 511775 nömrəli xx.xx.2020-ci il tarixli, EBAG seriyalı 509874 nömrəli xx.xx.2020-ci il tarixli, EBAG seriyalı 406095 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələr tərtib edilərək Cavabdeh MMC-dən müvafiq olaraq 455727,47 manat məbləğində icarə haqqının ödənilməsi tələb edilmişdir. Cavabdeh MMC də həmin elektron qaimələri qəbul etmiş və onlara dair hər hansı etirazını bildirməmişdir. İş materiallarından da görünür ki, həmin elektron qaimələr elektron qaydada oxunmuş, iddiaçıya qaytarılmamış, dolayısı ilə elektron qaimələr bəyənilməklə həmin dəyərdə icarə haqqının ödənilməsi qəbul edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 208298,23 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır. Cərimə borcunun tutulması tələblərinə dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 4.10-cu bəndində də göstərilmişdir ki, faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödəmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0,01 % gecikmə faizi hesablanacaq. İcarəçi icarə haqlarını faktura tarixindən 5 iş günü ərzində ödəyəcəyini bəyan və qəbul edir. Yuxarıda göstərilən elektron qaimələrin tarixləri və ödənilməli olan məbləğlərlə hazırki iddianın verildiyi tarixi müqayisə edərək kollegiya hesab edir ki, iddiaçı birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə cərimə pulunu tələb etməkdə haqlıdır. Cavabdehin dəlilləri isə tamamilə əsassızdır. Belə ki, cavabdeh bir tərəfdən icarə obyektlərinin ona verilmədiyini və heç bir təhvil təslim aktının olmadığını bildirsə də, digər tərəfdən icarə haqqının məbləğini mübahisələndirərək onun düzgün hesablanmadığını bildirmişdir. Göründüyü kimi cavabdehin mövqeyi özü-özlüyündə ziddiyyətlidir və o, bununla dolayısı ilə icarə obyektlərini təhvil aldığını təsdiq etmişdir. Ən əsası isə yuxarıda da qeyd olunduğu kimi cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş qaimələrə heç bir etiraz etməmişdir. Bu hal da icarə obyektlərinin cavabdehə təhvil verildiyini tam təsdiq edir. Hazırki iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə dair qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə yalnız xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə ekspertiza təyin edilir. Lakin hazırki işdə bu hal mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1743/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-363/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-363/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver