Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-363/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimləri X8 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6, Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2-2(113)- 415/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanan 1 iyun 2007-ci il tarixli kredit müqaviləsinə əsasən Borc alana 50.000 manat məbləğində illik 22% olmaqla 18 ay müddətinə kredit verilmiş, borcun təminatı olaraq, ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir.
2. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2009-cu il 12 fevral tarixli 2(81)-562/2009 saylı qətnaməsi ilə Bankın iddiası təmin edilmişdir. Qeyd edilmiş qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli 2-1(103)-147/2010 saylı qətnaməsi ilə qismən ləğv edilərək, Cavabdeh MMC-dən "xxxx" ASC-nin xeyrinə 2007-ci il 1 iyun tarixli kredit müqaviləsinə əsasən 43.317 manat əsas borcun, 7.215,82 manat faiz borcunun, 4.079,54 manat cərimə borcunun, cəmi 54.612,36 manat borcun tutulması, borcun girov qoyulmuş ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin hərracdan satılması və əldə olunmuş vəsait hesabına ödənilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2-1(103)-147/2010 saylı qətnaməsi üzrə 2010-cu il 8 noyabr tarixdə icra vərəqəsi verilərək qətnamə icraya yönəldilmişdir. 2010-cu il 30 noyabr tarixində Səbail rayon İcra Şöbəsi tərəfindən qeyd edilmiş icra vərəqəsi əsasında icraata başlanılmışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3 oktyabr 2024-cü il tarixli 3-16-16/2-9/6852/2024 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC (hazırda İddiaçı ASC) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 45/03/07 saylı kredit müqaviləsinə əsasən Cavabdeh MMC-də yaranmış əsas borc üzrə (43.317,00 manat) xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək (sualda göstərilən dövr) olan dövr üzrə faiz borcunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına əsasən illik 5% olmaqla 26.892,64 manat məbləğində olduğu müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 24 noyabr 2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 33.905,17 manat məbləğin və ödənilmiş 210 manat dövlət rüsumunun (mediasiya xərcinin) cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (iddiaçı) ilə cavabdeh arasında bağlanan 1 iyun 2007-ci il tarixli kredit müqaviləsinə əsasən Borc alana 50.000 manat məbləğində illik 22% olmaqla 18 ay müddətinə kredit verilmiş, borcun təminatı olaraq, ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. "xxxx" ASC (iddiaçı) cavabdehdən 1 iyun 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 50.000 manat əsas borcun, 7.215,82 manat faiz borcunun, 4.079,54 manat cərimənin və 19,80 manat dövlət rüsumunun tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2009-cu il 12 fevral tarixli 2(81)-562/2009 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli 2-1(103)-147/2010 saylı qətnaməsi ilə cavabdehdən "xxxx" ASC-nin xeyrinə 2007-ci il 1 iyun tarixli kredit müqaviləsinə əsasən 43.317 manat əsas borcun, 7.215,82 manat faiz borcunun, 4.079,54 manat cərimə borcunun, cəmi 54.612,36 manat borcun tutulması, borcun ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin hərracdan satılması hesabına ödənilməsi qət olunmuşdur. Cavabdehin Banka 29 aprel 2010-cu il tarixindən 29 sentyabr 2022-ci il tarixinədək 1 iyun 2007-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olmaqla (əsas borca hesablanmış 5%) 33.905,17 manat borcu vardır.
7. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, məhkəmə qətnaməsinin icra olunmamasının səbəbləri iddiaçının özünün qanunsuz hərəkətləri ilə bağlıdır. Bu vaxta kimi icra qanuni əsaslarla dayandırılmışdır. Burada cavabdehin hər hansı qeyri-qanuni hərəkəti olmamışdır. Faktiki olaraq cavabdeh uzun illərdir ki, fəaliyyətini dayandırıb. Bu barədə Dövlət Vergi Xidməti tərəfindən verilmiş sənədlər etiraza əlavə olunur. Digər tərəfdən, Bank kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirməsə də cavabdeh tərəfindən kreditin təminatı olaraq banka əmlak təqdim olunmuşdur. Bank da əmlakı dəyərləndirərək kreditin təminatı olaraq həmin əmlakı ipoteka ilə yüklü etmişdir. İddiaçı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 12 fevral 2009-cu il tarixli qətnaməsinə istinad edərək, həmin qətnamə ilə iddia tələblərinin təmin edilməsini və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini bildirir. Halbuki istinad olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin 1 iyul 2009-cu il tarixli qətnaməsi ilə dəyişdirilmiş, sonradan həmin qətnamədən də tərəflərin hər biri tərəfindən verilmiş kasasiya şikayətləri əsasında Ali Məhkəmədə yenidən baxılmış və Ali Məhkəmənin 4 dekabr 2009-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli qətnaməsi ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 12 fevral 2009-cu il tarixli qətnaməsi dəyişdirilmiş, 6.683 manat əsas kredit borcunun tutulması və girov əmlak yetərli olmadıqda cavabdehin başqa əmlakı hesabına borcun qalan hissəsinin ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan cavabdeh ilə Nikoyl İKB arasında bağlanılmış 2007-ci il 1 iyun tarixli 450307 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən Nikoyl İKB-nin xeyrinə 1 iyun 2007-ci il tarixli 450307 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 43.317 manat məbləğində əsas kredit borcunun, 7.215,82 manat məbləğində faiz borcunun, gecikdirməyə görə 2008-ci il 1 iyun tarixinədək hesablanmış 4.079,54 manat cərimənin, cəmi 54.612,36 manatın tutulması, borcun girov qoyulmuş ünvan 2 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına ödənilməsi, iddia üzrə ödənilmiş 19,80 manat dövlət rüsumunun cavabdehdən Nikoyl İKB-nin xeyrinə tutulması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırda qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli qətnaməsi ilə cavabdeh ilə Nikoyl-İKB arasında olan mülki mübahisəyə yekun hüquqi qiymət verilərək son qoyulmuş, həmin qətnamə ilə tərəflər arasında qarşılıqlı mülki hüquq münasibətləri, hüquq və öhdəlikləri yaradan müqaviləyə xitam verilmiş, yaranmış borcun ipoteka ilə yüklü edilmiş əmlak hesabına ödənilməsi qət edilmişdir. Bununla da cavabdehin bank qarşısında hər hansı öhdəliyi qalmamışdır. Xitam verilmiş kredit müqaviləsi üzrə hər hansı öhdəliyi əsas gətirərək cavabdehdən əlavə pul tələb etməyin heç bir hüquqi əsası yoxdur. İddiaçı iddia tələblərinin hüquqi əsası kimi MM-in 442, 448, 21, 445.1, 445.7-ci maddələrinə istinad edir və gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsini tələb edir. Qeyd olunan maddələr borclunun öz risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyətindən bəhs edilir və MM-in 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə gecikdirilmiş vaxt üçün illik 5 % ödənilməsini tələb etmək hüququna malik olduğu qeyd olunur. İşin hallarından göründüyü kimi, borcalan cavabdeh kredit müqaviləsi üzrə öz risklərinin təminatı olaraq ipoteka ilə yüklü edilməsi üçün daşınmaz əmlak təqdim edib. Bank eyni zamanda gələcəkdə baş verə biləcək risklərdən sığortalanmaq üçün daşınmaz əmlakı ipoteka ilə yüklü edib və bu günə qədər də daşınmaz əmlak iddiaçının yüklülüyündədir. Yəni bank bu gün də ipoteka saxlayandır. Bununla yanaşı, iddiaçı öz hüququndan istifadə edərək MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş məbləğdən daha yüksək məbləğ tələb etmiş və həmin tələblərə baxılaraq qətnamə çıxarılmışdır. Bu gün də həmin qətnamə qanuni qüvvədədir. Qətnamənin icra olunmamasına görə cavabdeh məsuliyyət daşımır. İddiaçı istinad etdiyi maddələri düzgün təfsir etmir. İddiaçı 2010-cu ildən 2022-ci il tarixinədək olan müddət, yəni 12 il müddətinə 5% ödəniş tələb edir. Sual yaranır ki, iddiaçı əldə edə biləcəyi faydadan məhrum olurdusa, nəyə görə daha tez iddia qaldırmırdı və ya nə üçün 12 il gözləyirdi? Qanunla iddia tələbi ilə bağlı müəyyənləşdirilmiş iddia müddətləri vardır. İddia ərizəsi həmin iddia müddətləri daxilində verilməli idi. İddiaçı qeyd etmişdir ki, onlara tələblə bağlı müvafiq sənədlər göndərilmişdir. Əslində isə iddiaçı tərəfindən, o cümlədən icra məmuru tərəfindən məhkəməyə təqdim olunan sənədlər onlara verilməmişdir. Tərəflər arasında olan kredit müqaviləsi üzrə tələblərə baxılmış və hüquqi qiymət verilmişdir. Hazırkı vəziyyətdə cavabdehin iddiaçı bank qarşısında hər hansı öhdəliyi yoxdur. İddiaçı xitam verilmiş müqavilə əsasında 12 il sonra əsassız iddia qaldıraraq pul tələb etmişdir ki, bunun da heç bir hüquqi əsası yoxdur.
8. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-415/2023 saylı 14 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmə əsası məhz Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli 2-1(103)-147/2010 saylı qətnaməsinin icra edilməməsinin nəticəsidir. MM-in 445.7-ci maddəsinin təbiəti məhz pul öhdəliyinin icra edilməməsi ilə bağlı bir növ qanundan irəli gələn dəbbə xarakteri daşıyır. Yəni qanunun qeyd edilmiş normasına istinad etməklə məhz mövcud olan, yəni xitam (və yaxud ləğv) edilməmiş öhdəlik münasibətlərinin olması şərtdir. Məhkəmənin qətnaməsi isə hər hansı bir yeni öhdəlik münasibətləri yaratmır, əksinə, mübahisə tərəfləri arasında olan öhdəlik münasibətləri ilə bağlı mübahisəni həll edərək bir növ tərəflər arasında mövcud olmuş öhdəlik münasibətlərinə məhkəmənin qətnaməsi ilə qərar qəbul etməklə xitam etmiş olur. Yəni məhkəmənin qətnaməsi (indiki mübahisə ilə bağlı) qəbul edildikdən sonra tərəflər arasında mövcud olmuş öhdəlik münasibətləri davam etmir. Belə olan halda, yəni Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli qətnaməsinin icra edilməməsi ilə bağlı iddiaçı tərəfin MM-in 445.7-ci maddəsinə istinad etməklə pul tələbi barədə iddiası, qanun normasında olan dispozitiv şərtlərlə üst-üstə düşməməsi səbəbindən təmin edilə bilməz.
10. Bundan başqa, məhkəmə tərəfindən həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli qətnaməsinin icrası ilə bağlı icra materialları tələb edilmiş (müvafiq sənədlərin surətləri işə əlavə edilmişdir) və qeyd edilmiş icra materiallarında borclunun qətnamənin icrası ilə bağlı hər hansı qərəzli maneələrin yaradılması aşkar olunmamışdır. Qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməmişdir. 2011-ci il 14 yanvar tarixli Səbail rayon İcra Şöbəsinin icra məmurunun qəbul etmiş olduğu qərarla ipoteka predmetinin qiymətləndirilməsi ilə məqsədi ilə qiymətləndirici dəvət edilmişdir. Bundan sonra “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən 4 oktyabr 2011-ci il tarixində rəy verilərək ipoteka predmetinin qiyməti 35.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X12 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən hərracın keçirilməsi 5 yanvar 2015-ci il tarixinə təyin edilmişdir. Ancaq qeyd edilmiş hərracın nəticəsi ilə bağlı hər hansı məlumat yoxdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(004)- 2852/2022 saylı qətnaməsi ilə X2 İddiaçı ASC və qeyrilərinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddiası təmin edilməmiş və qeyd edilmiş qətnamə Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(103)-7317/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır.
11. Göründüyü kimi, cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsinin icrası ilə bağlı hər hansı qərəzli olaraq boyun qaçıran hərəkətləri müşahidə olunmamışdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.7-ci maddələrinə istinadla əsalsandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" İKB ASC arasında 01 iyun 2007-ci il tarixli kredit müqaviləsi illik 22 faizlə 18 ay müddətinə bağlanmış və bu müddət ərzində Cavabdeh MMC tərəfindən kreditin tam ödənilməməsi öhdəliyin lazımınca icra edilməməsinə gətirib çıxarmışdır. Belə olan halda isə Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsində göstərilən halın baş verdiyi aydın şəkildə görünür. Kredit müqaviləsi üzrə borc ödənilmədiyindən bankın illik beş faizlə hesablanmış əldən çıxmış fayda borcu tələb etmək hüququ yaranmışdır. Cavabdeh MMC üzərinə düşən öhdəliyi 1 dekabr 2008-ci il tarixədək icra etməli olduğu halda, icra etməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlar 449.1ci maddənin tərkibini yardır. Məhkəmə qətnaməsinin icra olunmadığına dair kifayət qədər sübutlar təqdim edilmiş, lakin məhkəmə təqdim edilmiş sübutlara obyektiv yanaşmamışdır. Belə ki, 1 iyun 2007-ci il tarixli kredit müqaviləsi hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını – yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin 22-ci (“Öhdəliklərin icra edilməməsi”) və 23-cü (“Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət”) fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində ilkin icraat
16. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-596/2023 saylı iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən: A.Hüseyn, hakimlər: E.Kazımov və V.Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmış və iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə əlavə olaraq göstərmişdir ki, iddia tələbi əsaslı olmadığından iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsi zərurəti yoxdur.
18. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
Kassasiya instasiyası məhkəməsində ilkin icraat
19. Azərbaycan Respublikası Ali Məhkəmənin Kommersiya Kollegiyasının (sədrlik edən İ.Dadaşov, hakimlər B.Qəribov və M.Əhmədova) 2-2(102)-581/2023 saylı 27 dekabr 2023cü il tarixli qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş; Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 iyul 2023-cü il tarixli 2-2(103)- 596/2023 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə ondan ibarət olmuşdur ki: 1) məhkəmə qətnaməsi hər hansı yeni öhdəlik münasibətləri yaratmır, əksinə, mübahisə tərəfləri arasında olan öhdəlik münasibətləri ilə bağlı mübahisəni həll edərək bir növ tərəflər arasında mövcud olmuş öhdəlik münasibətlərinə məhkəmənin qətnaməsi ilə qərar qəbul etməklə xitam etmiş olur. Yəni məhkəmənin qətnaməsi (indiki mübahisə ilə bağlı) qəbul edildikdən sonra tərəflər arasında mövcud olmuş öhdəlik münasibətləri davam etmir. Belə olan halda yəni, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli saylı qətnaməsinin icra edilməməsi ilə bağlı iddiaçı tərəfin MM-in 445.7-ci maddəsinə istinad etməklə pul tələbi barədə iddiası, qanun normasında olan dispozitiv şərtlərlə üst-üstə düşməməsi səbəbindən təmin edilə bilməz. 2) Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli qətnaməsi ilə bağlı icra materiallarında borclu tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı qərəzli maneələrin yaradılması aşkar olunmamışdır.
21. Kassasiya instansiyası məhkəməsi MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Belə ki, pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir.
22. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq, tələb etməsi üçün maneə deyildir.
23. Bununla yanaşı, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə istinadən hesab edir ki, burada önəmli olan məsələlərdən biri əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilib-törədilməməsi, o cümlədən ipoteka predmetini aidiyyəti icra qurumuna təhvil verib-verməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub-olmamasının düzgün müəyyən edilməsidir. Ümumiyyətlə, məhkəmə zərərin həcminə qiymət verərkən istənilən halda tərəflərin, eyni zamanda ipoteka qoyulmuş əmlakın sahibinin davranışlarının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını, eləcə də öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət edib-etməmələrini, müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinib-çəkinməmələrini MM-in müvafiq olaraq 21.3 və 425-ci maddələrinin (bax § 33) tələbləri kontekstindən də qiymətləndirməlidir.
24. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, hər hansı qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə borclu (cavabdeh) tərəfindən maneçilik törədilib-törədilməməsi barədə yekun qənaətə məhkəmə yalnız həmin qətnamə üzrə icra işinin materialları ilə bilavasitə tanış olduqdan sonra gələ bilər. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi borclu tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı qərəzli maneələrin yaradılmasının aşkar olunmadığına dair nəticəyə gələrkən qeyd olunmuş xüsusatları nəzərə almamış, ümumiyyətlə bu istiqamətdə hər hansı hüquqi qiymətləndirmə aparmamışdır.
25. O da qeyd olunmalıdır ki, borcu ilə ipoteka qoyan şəxslərin ayrı-ayrı şəxslər olması heç də borclunu aktiv şəkildə icra hərəkətlərinin həyata keçirilməsinə köməklik göstərmək imkanından məhrum azad etmir. Belə ki, hər hansı şəxsin yaxından bilmədiyi, tanımadığı digər şəxsin borcunun təminatı kimi öz əmlakını itirmək risqi altında ipoteka qoyması sağlam məntiqə, düşüncəyə sığacaq bir şey deyildir. Elə kreditor da məhz bu yaxınlığa güvənərək həmin əmlakın ipoteka qoyulmasına razılaşır və kredit alana borc verir. Digər tərəfdən, borcun vaxtında və tam ödənilməsində ilk növbədə borclunun özü maraqlı olmalıdır. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasına qərəzli şəkildə maneçilik törədilməsində ipoteka qoyulan əmlakların mülkiyyətçiləri ilə yanaşı, borclular da müəyyən mənada təqsirkar hesab edilməlidirlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş edərək bildirmişdir ki, 2010- 2022-ci il tarixlərinədək heç bir ödəniş etməmişdir, çünki məhkəməyə xitam verilmişdir. Onun əsaslı səbələri vardır. xx.xx.2007-ci il tarixində bağlanmış müqaviləyə əsasən 50 min manat pul nə ona, nə də onun ailə üzvlərinə verilməmişdir. Bu illər ərzində onun icraçı ilə hər hansı qərəzli münasibəti olmamışdır. İcra qanuni şəkildə dayanmışdır. Onlar heç bir ödəniş etməmişdir, o özü özünü borclu hesab etmir. 2010-cu ildən 2016-cı ilə qədər o, Maliyyə Nazirliyinə, Prokurorluğa, Polis İdarəsinə və məhkəməyə müraciətləri olmuşdur. Bu illər ərzində qanun çərçivəsində icra həyata keçirilməmişdir. Ekspertizaya heç bir sənəd təqdim olunmamışdır. O, qiymətləndirməni düzgün hesab etmir. Bundan başqa bu işlə bağlı cavabdeh tərəfindən onlara heç bir sənəd təqdim edilməmişdir.
Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
32.21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 33.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 34.399.3 və 399.4-cü maddələrinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 35.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 36.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 37.443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 38.445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (zamana görə qüvvədə olan redaksiyası). 39.448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və yahərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 40.528-ci maddələrinə əsasən, öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki: “... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki: “... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
43.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (4.1-ci maddə). 44.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 45.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 46.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
47. Tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (106.3).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
49. Mübahisələndirilən qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi yeni öhdəlik münasibətlərinin yaranması üşün əsas deyildir. Əksinə, məhkəmənin qətnaməsi mübahisə tərəfləri arasında olan öhdəlik münasibətləri ilə bağlı mübahisəni həll edərək tərəflər arasında mövcud olmuş öhdəlik münasibətlərinə xitam verilməsinə səbəb olur. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli qətnaməsinin icra edilməməsi ilə bağlı iddiaçı tərəfin MM-in 445.7-ci maddəsinə istinad etməklə pul tələbi barədə iddiası, onun istinad etdiyi qanun normasının dispozitiv şərtlərlə üst-üstə düşməsi müəyyən edilmir. Bundan başqa, borclu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli qətnaməsinin icrasına hər hansı qərəzli maneələrin yaradılması halı öz təsdiqini tapmır.
50. Məhkəmə kollegiyası Mülki Məcəllənin yuxarıda sadalanan normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə əsaslanaraq qeyd edir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
51. Hazırkı işə münasibətdə qeyd edilməlidir ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir.
52. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini Mülki Məcəllənin 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq, tələb etməsi üçün maneə deyildir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə isə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir.
53. Beləliklə, cavabdehin 1 iyun 2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə əməl etməməsi, bunun nəticəsində iddiaçının məhkəmədə iddia qadırmağa məcbur olması, məhkəmə qətnaməsi qəbul edildikdən sonra da cavabdeh tərəfindən qətnamənin könüllü icra edilməməsi işin mübahisələndirilməyən hallarına aiddir.
54. Belə ki, borcalan-cavabdeh isə kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara, məhkəmə qətnaməsinin mövcudluğuna baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, bankın, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən müəyyən edilmiş kreditin gecikdirildiyi vaxt üçün dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır.
55. Bununla yanaşı, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə istinadən hesab edir ki, burada önəmli olan məsələlərdən biri əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilib-törədilməməsi, o cümlədən ipoteka predmetini aidiyyəti icra qurumuna təhvil verib-verməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub-olmamasının düzgün müəyyən edilməsidir.
56. Ümumiyyətlə, məhkəmə zərərin həcminə qiymət verərkən istənilən halda tərəflərin, eyni zamanda ipoteka qoyulmuş əmlakın sahibinin davranışlarının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını, eləcə də öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət edib-etməmələrini, müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinib-çəkinməmələrini Mülki Məcəllənin müvafiq olaraq 21.3 və 425-ci maddələrinin tələbləri kontekstindən də qiymətləndirməlidir.
57. Məhkəmə kollegiyası 8 noyabr 2010-cu il tarixdə icraya yönəldilmiş Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2-1(103)-147/2010 saylı icra sənədi üzrə 30 noyabr 2010-cu il tarixində Səbail rayon İcra Şöbəsi tərəfindən başlanılmış icra icraatına dair işin materialları ilə tanış olaraq aşağıdakı qeyd etməyi zəruri sayır.
58. İş materiallarında olan işdəki icra materiallarında olan Qanuni nümayəndə (cavabdeh MMC-nin direktoru və qanuni təmsilçisi) müvafiq icra qurumuna yazdığı 3 oktyabr 2011-ci il tarixli ərizədən görünür ki, ipoteka qoyulmuş mənzilin mülkiyyətçisi X1 Aynurə Minasib qızının anasıdır (İ cild, i/v 79, 80). Tərəflər arasında bağlanmış kredit müqaviləsində, elektron internet vergi idarəsinin məlumatında (İ cild, i/v 24, 37) əks olunmuş cavabdehin hüquqi ünvanı ilə həmin müqavilənin təminatı kimi ipoteka qoyulmuş və tutma yönəldilmiş mənzilin ünvanı eynidir.
59. Bundan başqa, X7 həmin ipoteka müqaviləsinə xitam verilməsi, sözügedən ipoteka predmeti olan evin ipoteka yüklülüyündən azad olunmasına dair digər iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin iddiası əsassız və qanunsuz hesab edilərək, rədd edilmiş, məhkəmənin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, işdə olan icra materiallarından məlum olur ki, sözügedən iddiaya məhkəmələrdə baxılması ilə əlaqədar icra sənədi üzrə icraat X2 müraciəti ilə müvafiq məhkəmə tərəfindən 6 dekabr 2011-ci il tarixində dayandırılmış, icra icraatı 18 sentyabr 2014-cü il tarixindən davam etdirilmişdir (İ cild, i/v 85-86, 131-138).
60. Həmçinin icra materiallarında X2 Qanuni nümayəndə ilə birlikdə, ipoteka qoyulmuş mənzil barəsində icra tədbirlərinin həyata keçirilməsinə maneçilik törətmələri barədə müvafiq icra qurumunun, polis idarəsinin və digər qurumların əməkdaşları tərəfindən tərtib olunmuş 24 iyun və 4 oktyabr 2011-ci il tarixli aktlar mövcuddur (İ cild, i/v 76-78, 80, 81).
61. Daha sonra isə tərəflər arasındakı kredit müqaviləsinin təminatı kimi ipoteka predmeti olan mənzilin mülkiyyətçisi olan X2 iddiaçıya və digərlərinə qarşı qaldırdığı iddia üzrə çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2022-ci il tarixli 2(103)-7317/2022 saylı qətnaməsinin (İ cild, i/v 164-177) əsaslandırıcı hissəsində göstərilmişdir ki, iddiaçı (ipoteka qoyan X7) əsassız iddia qaldırmaqla icra hərəkətlərinin qarşısını almışdır. Həmin qətnamədən məlum olur ki, X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 4 saylı evin ipotekaya qoyulmasına dair "xxxx" İKB ilə 1 iyun 2007-ci il tarixində bağlanılmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin evin həbsdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiası rədd olunmuş, məhkəmənin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
62. Eləcə də müvafiq qiymətləndirici şirkətin icra qurumuna yazdığı 28 mart 2022-ci il tarixli məktubdan məlum olur ki, X7 əmlaka baxış keçirilməsinə icazə verməmişdir (İ cild, i/v 89). Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin 1 mart 2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəməyə bildirdiklərindən aydın olur ki, o, ipoteka qoyulmuş mənzildə yaşayır; icra məmuru əmlaka baxış keçirmək üçün gələrkən ona mənzilə daxil olmağa və əmlakı qiymətləndirməyə imkan verməmişdir; həmçinin müəyyən edilmiş qiymətlə razı olmadıqlarından icra məmurunun qərarından şikayət verilmişdir (İ cild, i/v 109).
63. Məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə birinci instansiya məhkəməsi borclu tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı qərəzli maneələrin yaradılmasının aşkar olunmadığına dair nəticəyə gələrkən yuxarıda qeyd olunmuş xüsusatları nəzərə almamış, ümumiyyətlə bu istiqamətdə hər hansı hüquqi qiymətləndirmə aparmamışdır. O da qeyd olunmalıdır ki, borcu ilə ipoteka qoyan şəxslərin ayrı-ayrı şəxslər olması heç də borclunu aktiv şəkildə icra hərəkətlərinin həyata keçirilməsinə köməklik göstərmək imkanından azad etmir. Digər tərəfdən, borcun vaxtında və tam ödənilməsində ilk növbədə borclunun özü maraqlı olmalıdır. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına qərəzli şəkildə maneçilik törədilməsində ipoteka qoyulan əmlakların mülkiyyətçiləri ilə yanaşı, borclular da müəyyən mənada təqsirkar hesab edilməlidirlər.
64. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya baxışı zamanı məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini labüd hesab etmiş, iş üzrə müvafiq ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3 oktyabr 2024-cü il tarixli 3-16-16/2-9/6852/2024 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC (hazırda İddiaçı ASC) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 45/03/07 saylı kredit müqaviləsinə əsasən Cavabdeh MMC-də yaranmış əsas borc üzrə (43.317,00 manat) xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək (sualda göstərilən dövr) olan dövr üzrə faiz borcunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına əsasən illik 5% olmaqla 26.892,64 manat məbləğində olduğu müəyyən edilmişdir.
65. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəmədə istinad etdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, zərər olaraq 26.892,64 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş (210+105) 315 manatın 249 manatı məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.
66. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-415/2023 saylı 14 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Zərər olaraq 26.892,64 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş (210+105) 315 manatın 249 manatı məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 79 manatı Cavabdeh MMC-dən, 21 manatı isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova