Məhkəmə qərarları › İş №2-2(103)-363/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-363/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-363/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: ipotekanın qiyməti, likvid qiymət) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 qızının iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən 95,44 kv.m ümumi sahədən ibarət 104 nömrəli mənzil xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir.

2. İddiaçı ASC (bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış xx.xx.2021ci il tarixli MKOS №043/05-21 nömrəli kredit müqaviləsinə əsasən, bank borcalana 36 ay müddətinə qaytarmaq şərti ilə 105 000 manat məbləğində kredit verir, borcalan krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür.

3. Müqavilənin 1.4-cü bəndinə əsasən borcalan kreditdən istifadəyə görə illik 17 faiz ödəyir; 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 17 faiz olmaqla cərimə faizi ödəyir.

4. Müqavilənin 2.6-cı bəndinə əsasən, əsas borca görə faizlər borcun banka tam ödənildiyi günə qədər hesablanır və ödənilir. Bu səbəbdən, borcun məcburi alınmasına dair məhkəmənin qərarı/qətnaməsi (və ya notarisun icra qeyri) icra olunub başa çatanadək hesablanan faizlər Borcalandan (eləcə də zamindən) tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka və ya girov predmət(lər)inə və ya onun digər daşınar və daşınmaz əmlaklarına yönəldilir.

5. Bank, borcalan və Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, sonrakı ipoteka qoyan mülkiyyət haququ əsasında ona məxsus olan ipoteka predmetini kredit müqavilə üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə sonrakı ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir; müqavilənin 2.1-ci bəndinə əsasən, ipoteka predmeti Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 10 ünvanında yerləşən 95,44 kv.m ümumi sahədən ibarət 104 nömrəli mənzildir.

6. Müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılığı ilə 110 000 manat müəyyən edilir, tutma yönəldilməsi zamanı ipoteka predmeti bu qiymət əsasında hərraca çıxarılır.

7. Bank tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borcu 56 317,14 manat, faiz borcu 2610,74 manat, cərimə borcu 22 113,28 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı ASC (iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2021-ci il tarixli MKOS № 043/05-21 saylı kredit müqaviləsi üzrə 56 317,14 manat əsas, 2610,74 manat faiz, 22 113,28 manat cərimə borcu olmaqla, cəmi 81 041,16 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat məbləğində rüsumun, 420 manat məbləğində mediasiya rüsumunun Cavabdeh2 tutulub ona ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən 95,44 kv.m. ümumi sahədən ibarət 104 nömrəli mənzilə yönəldilərək, mənzilin açıq hərracda satılması, əmlakın satılmasından əldə edilən məbləğ hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi belə əsaslandırılmışdır ki, bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS № 043/05-21 saylı kredit müqaviləsinə əsasən, adı çəkilən şəxsə illik faiz dərəcəsi 17 % olmaqla 36 ay müddətinə 105 000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh1 (ipoteka qoyan) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan (DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 10 ünvanında yerləşən 95.44 kv.m. ümumi sahədən ibarət 104 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 110 000 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2021-ci il tarixli MKOS № 043/05-21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmiş, banka 55 448,19 manat əsas, 2610,74 manat faiz, 22 113,28 manat cərimə borcu olmaqla, cəmi 80 172,21 manat ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə Bakı 14 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında cavabdehlər iştirak etmədiyindən mübahisənin mediasiya sessiyasında həlli mümkün olmamışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS № 043/05-21 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 17 % olmaqla cərimə faizi ödəyir. 3.1.7-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı/qətnaməsi (və ya icra sənədi) tam icra olunub başa çatanadək hesablanan faizləri və/və ya vurulmuş zərərin ödənilməsini tələb etmək hüquqları var.

10. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

11. Cavabdeh2 iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qismən – 55 000 manat hissəsində - qəbul etdiyini bildirmiş, Cavabdeh1 nümayəndəsi (vəkili) məhkəməyə vəsatət ünvanlayaraq mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir.

12. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli MKOS №043/05-21 nömrəli kredit müqaviləsi üzrə kredit borcu iddia tələbində göstərilən xx.xx.2023-cü il tarixinə əsas borc 56 317,14 manat, faiz borcu 1994,57 manat təşkil edir.

13. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/58xx-xx/5716 saylı rəyində göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 166 500 manat, 10% azalma əmsalı tətbiq edilməklə likvid dəyəri təqribən 150 000 manat təşkil edir.

14. Birinci instansiya məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh2 56 317 (əlli altı min üç yüz on yeddi) manat 14 (on dörd) qəpik əsas, 2610 (iki min altı yüz on) manat 74 (yetmiş dörd) qəpik manat faiz, 2816 (iki min səkkiz yüz on altı) manat cərimə borcunun tutulub İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 (əlli bir) manat məbləğində rüsumun və 420 (dörd yüz iyirmi) manat məbləğində mediasiya xərcinin əvəzinin tutulub İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 10 ünvanında yerləşən 95.44 kv.m. ümumi sahədən ibarət 104 nömrəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit üzrə borcun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 150 000 (bir yüz əlli min) manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manatın Cavabdeh2, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manatın 50 (əlli) manatının Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 50 (əlli) manatının isə İddiaçı ASC-dən tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəliyi tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehə qarşı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır.

16. Məhkəmə iddiaçının tələb etdiyi əsas və faiz borcuna münasibətdə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli MKOS №043/05-21 nömrəli kredit müqaviləsi üzrə iddiaçı 56 317,14 manat əsas borc və 2610,74 manat faiz borcunun ödənilməsini tələb etmiş, keçirilmiş ekspertiza ilə iddia ərizəsinin tərtib edildiyi xx.xx.2023-cü il tarixə 56 317,14 manat əsas borc, 1994,57 manat faiz borcu olduğu müəyyən olunmuşdur. Lakin iddiaçının təqdim etdiyi sonuncu xx.xx.2024-cü il tarixli maliyyə arayışından müqavilənin başa çatdığı xx.xx.2024-cü il tarixə cavabdehin 56 317,14 manat əsas və 2610,74 manat faiz borcu olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə, müqaviləyə və qanunvericiliyə əsasən müqavilə müddəti bitənə kimi faiz hesablana biləcəyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq əsas və faiz borcunun məbləği iddia tələbinə uyğun, 56 317,14 manat əsas, 2610,74 manat faiz borcu müəyyən olunmalıdır. Bundan başqa iddiaçı, cavabdehdən 22 113,28 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır, lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 2816 manat müəyyən edilməlidir.

17. İpoteka predmetinin ilkin satış qiymətinə münasibətdə məhkəmə hesab etmişdir ki, ipoteka müqaviləsi bağlandığı vaxtdan keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin qalxması nəzərə alınaraq ekspert rəyi əsas götürülməli, ünvan 2 ünvanında yerləşən əmlakın ilkin satış qiyməti 150 000 manat müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməlidir.

18. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 269-cu, 317.1-ci, 319.1-ci, 442-ci, 448.1-ci, 462.1-ci, 462.1-ci, 463-cü, 465.2ci, 467-ci, 739-cu, “İpoteka haqqında” Qanunun 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci, 34.1-ci, 39.3-cü, 41.1-ci, 47.5-ci maddələrinə istinad etmişdir.

19. Qətnamədən Cavabdeh1 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, ipoteka predmetinin bazar dəyərinin 250 000 manat olduğu, lakin məhkəmənin mənzilə olduqca az qiymət qoyduğu arqumenti ilə əsaslandırmaqla, təkrar əmtəəşünaslıq ekspertizası keçirilməsini və əmlakın yenidən qiymətləndirilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

21. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 (nümayəndəsi), habelə digər cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

23. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

24. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

25. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

26. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

32. Maddə 1.0.9. ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

33. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

34. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

35. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

42. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

45. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.

46. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.

Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadı

47. ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

48. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.

49. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.

50. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “İpoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.

Apellyasiya baxışının həddi

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

52. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

53. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 10 ünvanında yerləşən 95.44 kv.m. ümumi sahədən ibarət 104 nömrəli mənzilin ilkin satış qiymətinin 150 000 (bir yüz əlli min) manat müəyyən edilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı bank ümumiyyətlə şikayət verməmiş, cavabdeh Zöhrə Almaməmmədovanın nümayəndəsi (vəkili) isə qətnamənin ləğv olunmasını xahiş etsə də, şikayətinin dəlili yalnız qeyd olunan hissənin düzgün olmamasına yönəlmişdir.

54. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir”.

55. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmədiyi hissədə, eləcə də “Cavabdeh2 56 317 (əlli altı min üç yüz on yeddi) manat 14 (on dörd) qəpik əsas, 2610 (iki min altı yüz on) manat 74 (yetmiş dörd) qəpik manat faiz, 2816 (iki min səkkiz yüz on altı) manat cərimə borcunun tutulub İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 (əlli bir) manat məbləğində rüsumun və 420 (dörd yüz iyirmi) manat məbləğində mediasiya xərcinin əvəzinin tutulub İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 10 ünvanında yerləşən 95.44 kv.m. ümumi sahədən ibarət 104 nömrəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit üzrə borcun ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manatın Cavabdeh2, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manatın 50 (əlli) manatının Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 50 (əlli) manatının isə İddiaçı ASC-dən tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi” hissələrində hazırkı apellyasiya baxışının predmeti deyildir. Qeyd olunmalıdır ki, Zöhrə Almaməmmədovanın nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətinin məzmunu sözügedən hissələrdə qətnamənin yoxlanılmasını qeyri-mümkün edir.

56. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

57. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Belə ki, birinci instansiya məhkəməsi əmlakın ilkin satış qiymətini təyin etdiyi ekspertizanın rəyi əsasında müəyyənləşdirmişdir və apellyator əmlakının dəyərinin daha yüksək olduğuna dair alternativ qiymətləndirmə rəyi təqdim etməmişdir.

59. Müvafiq rəyin xüsusi bilik tələb edən suala aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır.

60. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir; hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar qiymətləndirmə təyin edilməsinin prosessual əsasları mövcud deyildir.

61. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, 2021-ci ilin iyun ayında bağlanmış ipoteka müqaviləsində əmlak 110 000 manat məbləğində qiymətləndirilmiş və onun məhz həmin qiymətlə satışa çıxarılacağı razılaşdırılmışdır; bu qiymətlə müqayisədə isə ekspertin müəyyənləşdirdiyi qiymət real qiymətə uyğun olmayan hesab edilə bilməz.

62. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

63. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün apellyatorun ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-870/2024 saylı iş üzrə 06 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən (yoxlanılan) hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən Cavabdeh1 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar