Məhkəmə qərarları › İş №2-2(103)-365/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-365/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-365/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2rşı kredit borcunun tutulmasına dair Açar söz: kredit borcunun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və X5 iştirakları ilə, iddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 (borcalan), Cavabdeh2 və X6 (zaminlər) qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4875/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşdəki xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0-136-20 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nin “Nərimanov” filialı tərəfindən 12 ay müddətinə illik 25%-lə 11 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir..

2. Öhdəliyin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X7 arasında xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0-136-20 nömrəli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0-136-20 nömrəli zaminlik müqavilələri bağlanmışdır.

3. İşdən görünür ki, kredit müqaviləsinə 1 saylı Əlavə edilmiş, öhdəliyin icra müddəti artırılaraq xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş, yeni ödəniş qrafiki imzalanmış, borclu xx.xx.2021-ci il tarixə olan qalıq borcunun 10064,97 manat olduğunu təsdiq etmişdir. Bununla bağlı zaminlik müqavilələrinə də əlavələr edilmişdir.

4. xx.xx.2022-ci il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0-136-20 nömrəli kredit razılaşması üzrə 6628,3 manat əsas, 1791,09 manat faiz, 1571,25 manat cərimə, cəmi 10025,99 manat borcu vardır.

5. xx.xx.2022-ci il tarixli MŞB/5-02106 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 5 saylı mediasiya xidmətinə 100 manat məbləğində pul ödəyib.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2020- ci il tarixli kredit müqaviləsi üzrə 8128,3 manat əsas borc, 705,21 manat faiz borcu, 73,09 manat cərimə borcu olmaqla cəmi 8906,60 manat məbləğində borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat məbləğinin və 9,07 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Nərimanov” filialından illik 25%-lə 11 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və X7 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2021ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il aprelin 08-dək Cavabdeh1 banka xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8128,3 manat əsas borc, 705,21 manat faiz borcu və 146,18 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8979,69 manat borcu vardır. Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 146,18 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 73,09 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabadehlər Cavabdeh1, Cavabdeh2 və X7 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4875/2022 saylı saylı qətnaməsi ilə (Emin Əliyev) iddia tələbi qismən edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 müştərək qaydada 6628,30 manat əsas, 705,21 manat faiz və 6,49 manat cərimə, cəmi 7340 manat, həmçinin mediasiya xərci kimi ödənilmiş 100 manat məbləğində pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcunu tam olaraq ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.

10. Məhkəmə hesab etmişdir ki, iddia əsas və faiz borcu hissədə qismən, yəni 6628,30 manat əsas, 705,21 manat faiz borcu təmin edilməlidir, belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, cavabdehlər əsas borcun bir qismini ödəmiş və cavabdehlərin 6628,30 manat əsas borcu, 705,21 manat faiz borcu qalmışdır.

11. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 6,49 manat məbləğində müəyyən edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4875/2022 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi birtərəfli qaydada aparmış, düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən cavabdeh kimi Cavabdeh1 iştirakı təmin edilməməsi səbəbindən Cavabdeh1 məhkəmədə öz dəlillərimi və etirazlarını deyə bilməmişdir. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsindən iş üzrə əsas və faiz borcunun düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə banka ödənilmiş məbləğləri nəzərə almamışdır. Məhkəmə iddian ırədd etmək əvəzinə iddianı təmin etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh1 bankdan 15.000 (on beş min) manat kredit götürmüş, indiyənədək banka isə 20.000 (iyirmi min) pul ödəmiş, bank isə cavabdehdən 8906,60 (səkkiz min doqquz yüz altı manat 60 qəpik) pul tələb etmiş, məhkəmə isə 7340 (yeddi min üç yüz qırx) manat pulun tutulması barədə qətnamə qəbul etmişdir. Lakin məhkəmə qətnaməni əsaslandıra bilməmişdir. Cavabdeh1 tərəfindən ödədiyi həmin pullar ortada yoxdur, əlavə olaraq əsassız pul yazılıb, nəticədə müqavilə üzrə düzgün hesablama aparılmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehlər Cavabdeh1 və X7 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdirlər.

15. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

16. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. .

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə Cavabdeh1 tərəfindən qismən-iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4875/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. İşin mübahisəsiz halıdır ki, xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0-136-20 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 iddiaçı tərəfindən 15000 manat kredit verilmişdir.

20. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən borcun məbləği düzgün müəyyən edilməmiş, ödənişlər nəzərə alınmamışdır.

21. İşdəki hesabdan çıxarışdan və iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında kredit öhdəliyi üzrə sonuncu ödəniş qrafiki tərtib edildiyi xx.xx.2021-ci il tarixdən sonra borcalan tərəfindən xx.xx.2022-ci il (qətnamə qəbul edildiyi tarixədək) 3436,67 manat əsas, 707,38 manat faiz, 121,05 manat olmaqla 4265,1 manat ödəniş olunmuşdur. Qətnamə qəbul edildiyi tarixdən sonra isə borcalan tərəfindən 3000 manat ödəniş edilmiş, bu məbləğ əsas borcdan silinmişdir.

22. Apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərədindən kredit borcunun düzgün müəyyən edilmədiyinə dair apellyasiya şikayətinin dəlili təsdiq edilmədiyindən və iş üzrə hesablanması xüsusi bilik tələb olunan rəqəmlər olmadığından iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə ehtiyac yoxdur. Məhkəmə izah edir ki, qətnamə qəbul edildikdən sonra ödənilmiş 3000 manat qətnamənin icra mərhələsində nəzərə alınmalıdır.

23. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə kağız daşıyıcıda məktubar, eyni zamanda mobil telefon nömrələrinə SMS xəbərdarlıq göndərilmişdir.

24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4875/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4875/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar