Məhkəmə qərarları › İş №2-2(103)-366/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-366/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-366/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-1220/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 08 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 25627,31 manat əsas borc, 3117,26 manat faiz borcu və 47,83 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 28792,40 manat borcun və 176,38 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1220/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 25627,31 manat əsas borc, 3117,26 manat faiz borcu, 47,83 manat dəbbə pulu, 176,38 manat dövlət rüsumu, ümumilikdə 28968,78 (iyirmi səkkiz min doqquz yüz altmış səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

3. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1220/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, əsas və faiz borcunun azaldılması, dəbbə pulunun tamamilə silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi birtərəfli qaydada aparmış, düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmin qətnamə tamamilə ləğv edilməli, əsas və faiz borcunun azaldılması, dəbbə pulunun tamamilə silinməsi barədə yeni qətnamə qəbul edilməlidir. Bakı Apellyasiya Məhkəməsindən iş üzrə əsas və faiz borcunun düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək ücün məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi xahiş edilir. Məhkəmə cavabdeh tərəfindən banka ödənilmiş məbləğləri nəzərə almamışdır. Məhkəmə iddianın əsas və faiz borcunun azaltmaq əvəzinə iddianı tam təmin etmişdir, qətnaməsini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyim faktiki hallar ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, cavabdeh banka indiyənədək pul ödəmişdir, bank isə ondan 25627,31 manat əsas borc, 3117,26 manat faiz borcu, 47,83 manat dəbbə pulu, 176,38 manat dövlət rüsumu, ümumilikdə 28968,78 (iyirmi səkkiz min doqquz yüz altmış səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti tələb edir, məhkəmə isə pulun tutulması barədə qətnamə qəbul edir, lakin qətnaməsini əsaslandıra bilməmişdir. Cavabdeh tərəfindən ödənilən həmin pullar ortada yoxdur, əlavə olaraq əsassız pul yazılıb, nəticədə müqavilə üzrə düzgün hesablama aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə (cərimə) pulunu azalda bilər. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Belə olan halda iddiaçının belə şişirdilmiş məbləğlə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi əsassızdır və bu səbəbdən iddia tələblərinin əsas və faiz borcunun azaldılması, dəbbə pulunun tamamilə silinməsi barədə qətnamə qəbul edilməlidir. Lakin Bakı Kommersiya məhkəməsi tərəfindən bu hallar ümumiyyətlə araşdırılmamışdır, məhkəmə həmin hallara göz yummuşdur, sanki görməmişdir, onlara lazımi hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır

10. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

13. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür

14. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

15. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

16. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

21. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli kredit limiti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 50000 manat, 120 ay müddətinə, aylıq 2.50 % dərəcəsi ilə kredit limiti ayrılmışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmş xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 21 % dərəcəsi ilə 18 ay müddətinə 30000 manat kredit verilmişdir. Cavabdeh2 iddiaçı ilə xx.xx.2023-cü il tarixli, Z/20679/23 nömrəli zaminlik müqaviləsi bağlamış və müqaviləyə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 krеdit müqaviləsinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.

22. Qeyd edilənlər işdə olan müqavilələr, ödəniş qəbzi, maliyyə arayışı və digər sənədlərlə təsdiq edilmişdir.

23. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun və faiz borcunun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehlərdən (əsas borcu və zamin) əsas borc və faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

24. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 47,83 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

25. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

26. Məhkəmə araşdırması zamanı cavabdehlərin öz öhdəliklərini pozması müəyyən edildiyindən, ödənişlərin gecikdirilməsi faktı cavabdehlər tərəfindən də təkzib edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.

27. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi və istinad etdiyi hallara dair sübutlar təqdim edilməmişdir. Belə ki, banka ödənilmiş məbləğlərin nəzərə alınmaması vurğulansa da, şikayətdə borcun ödənilməsinə dair sübut və dəlillər əlavə edilməmişdir. Mühasibatlıq ekspertizasının təyin edilməsi zərurəti cavabdeh tərəfindən əsaslandırılmamışdır. Hansı tarixli ödənişin və ya hansı məbləğli ödənişin nəzərə alınmaması göstərilməmişdir.

28. Müqavilə öhdəliyi cavabdehlər tərəfindən pozulduğu üçün iddiaçı verdiyi kredit məbləğini bütövlüklə cavabdehlərdən tələb etməkdə haqlıdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş üzrə maddi və prosessual hüquq normalarını da düzgün tətbiq edərək, iş üzrə mövcud olan bütün mötəbər sübutları araşdırmış və düzgün nəticəyə gəlmişdir.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-1220/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar