Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-369/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Leysan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC-yə və qeyrisinə qarşı “qiymətləndirmə rəyinin və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 10.06.2020-ci il tarixli, e- 2-2(113)-658/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC-yə, Xətai rayon İcra və Probasiya Şöbəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə) qarşı iddia ərizəsi ilə 30.01.2020-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Qiymətləndirmə Xidməti Mərkəzi MMC-nin 26.10.2018-ci il tarixli, QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 saylı hesabatın etibarsız hesab edilməsi, ipoteka predmeti olan avtomobilin satılması üzrə hərracın təşkil edilməsi məqsədi ilə Azərbaycan Respublikası Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə X3 Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş sifarişin ləğv edilməsi, ipoteka predmeti olan “Chevrolet Avoe-minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.02.2020-ci il tarixli, e-2-2(113)-658/2020 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC-yə, Xətai rayon İcra və Probasiya şöbəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə) qarşı 26.10.2018-ci il tarixli, QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 saylı qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 12.02.2020-ci il tarixli, e-2-2(113)-658/2020 saylı qərardadı ilə şikayət təmin edilmiş, iddia ərizəsinin geri qaytarılmasına dair məhkəmənin 03 fevral 2020-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə, Xətai Rayon İcra və Probasiya şöbəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə) qarşı 26.10.2018-ci il tarixli, QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 saylı qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddianın təmini tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Xətai rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubu əsasında «Chevrolet Aveo minik» markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması məqsədi ilə təşkil edilmiş açıq hərracın keçirilməsinin müvəqqəti olaraq dayandırılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.04.2020-ci il tarixli, e-2-2(113)-658/2020 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə və Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı qiymətləndirmə rəyi və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iddianın təmin edilməsi tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. Qərardaddan şikayət verilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.06.2020-ci il tarixli, e-2-2(113)-658/2020 nömrəli qərardadı ilə (hakim L.Əliyeva) İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə və Xətai rayon İcra və probasiya şöbəsinə qarşı Azərbaycan Respublikası Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi üçüncü şəxs olmaqla qiymətləndirmə rəyi və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İddiaçı qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 10.06.2020-ci il tarixli, e-2-2(113)-658/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 658/2020 saylı 10.06.2020-ci il tarixli qərardadı ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci, 29.1-ci maddələrinə, həmçinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə istinad edilərək, hazırkı işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilmişdir. Məhkəmə yalnış olaraq 26.10.2018-ci il tarixli, QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 saylı qiymətləndirmə hesabatını inzibati qərar olaraq qəbul etməklə mübahisə yarandıqda qiymətləndirmənin nəticəsindən narazı qalan tələbkar və ya borclu qiymətləndiricinin hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi və bu kimi məsələlərlə bağlı icra məmurunun qarşısında vəsatət qaldırmaq hüququna malik olduğu, vəsatətləri təmin edilmədikdə isə borclu və ya tələbkar icra məmurunun qərarı, hərəkət və ya hərəkətsizliyi ilə bağlı mübahisə qaldıra biləcəyi qənaətinə gəlmişdir. Və bu cümlə ilə kifayətlənmişdir. Halbuki, İPM-in 2.0.2-ci maddəsinin tələblərinə diqqət edilsəydi inzibati akt və rəy (hesabat) arasındakı kəskin fərq seziləcəkdi. Belə ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmçinin İnzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) baxılması təsbit edilmişdir. Amma müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumu A.Səlimzadənin şikayəti ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Beynəlxalq hüquqda (İnsan hüquqları haqqında Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Bu səbəbdən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-658/2020 saylı 10.06.2020-ci il tarixli qərardadı tamamilə qanunsuz və əsassızdır. Bakı Kommersiya Məhkəməsinin 10.07.2020-ci il tarixli, e-2-2(113)-658/2020 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 10.06.2020-ci il tarixli, e-2-2(113)-658/2020 saylı qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-451/2020 saylı, 11.08.2020-ci il tarixli qərardadı ilə (hakimlər R.Qurbanov, C.Yusifov, V.Baxışova) İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-658/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.06.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 25.08.2020-ci il tarixdə iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 03 noyabr 2020-ci il tarixli, 2-2(103)- 330/2020 saylı qərardadı ilə (A.Hüseynov, Ə.Seyidov, İ.Dadaşov) İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11.08.2020-ci il tarixli qərardadı ləğv edilmiş, işin mahiyyəti üzrə baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 şikayəti müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil, cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının şikayəti təmin edilməli və Bakı Kommersiya Məhkəməsinin 10.06.2020-ci il tarixli, e-2-2(113)-658/2020 nömrəli qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının məqsədi mübahisə predmeti olan avtomobilin əsassız hesab etdiyi ilkin qiymətlə açıq hərraca çıxarılmasının qarşısını almaq olduğundan iddiaçı ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir və belə hüquqdan məhrum oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarına əsasən, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati-İqtisadi Məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə görə, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, hazırkı işdə iddiaçı qismində çıxış edən ASC-nin başqa bir iş üzrə 11.828,81 ABŞ dolları məbləğində iddiası təmin olunmuş və bu əsasla o həmin iş üzrə başlanılmış icra icraatında tələbkar qismində iştirak edir. Hazırkı işdə iddiaçı ASC-nin tələblərindən biri əvvəlki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasını təmin edən İcra Şöbəsinə qarşı yönəlmişdir ki, ASC, sonuncunun borclunun əmlakının açıq hərracda satılması üçün bu hərracın təşkili məqsədilə 3-cü şəxs Mərkəzə müvafiq sifariş vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yeni iddia verməklə cavabdeh Şöbənin bu hərəkətini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının məqsədi mübahisə predmeti olan avtomobilin əsassız hesab etdiyi ilkin qiymətlə açıq hərraca çıxarılmasının qarşısını almaq olduğundan və onun mübahisələndirdiyi qiymətləndirici rəyi və hesabatının onun hüquqi vəziyyətinə təsir etdiyindən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti təmin edilməli , Bakı Kommersiya Məhkəməsinin 10.06.2020-ci il tarixli, e-2- 2(113)-658/2020 nömrəli qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397- 398-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin 10.06.2020-ci il tarixli, e-2-2(113)- 658/2020 nömrəli qərardadı ləğv edilməli . İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC-yə, Xətai rayon İcra və Probasiya Şöbəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə) qarşı “Qiymətləndirmə Xidməti Mərkəzi MMC-nin 26.10.2018-ci il tarixli, QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 saylı hesabatın etibarsız hesab edilməsi, ipoteka predmeti olan avtomobilin satılması üzrə hərracın təşkil edilməsi məqsədi ilə Azərbaycan Respublikası Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə X3 Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş sifarişin ləğv edilməsi, ipoteka predmeti olan “Chevrolet Avoe-minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi” tələbinə dair kommersiya işi yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-369/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-369/2021
13.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver