Məhkəmə qərarları › İş №2-2(103)-369/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-369/2022

11.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-369/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-470/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28.01.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən e t d i: İddiaçı MMC cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabına köçürülən 13560 manat pulun, mediasiyaya ödənilmiş 200 manat rüsumun və 10.000 manat məbləğində mənəvi zərərin, cəmi 23760 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.01.2022-ci il tarixli, e-2-2(113)-470/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş, şikayəti MMC-nin direktoru Qanuni nümayəndə1 imzalamış, eyni zamanda sonuncu müharibə veteranı olması ilə əlaqədar verdiyi apellyasiya şikayəti üzrə dövlət rüsumunun ödənilməsindən azad olunmuş şəxs kimi dövlət rüsumunu ödəməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Lakin hazırki işdə tərəf Qanuni nümayəndə1 deyil, hüquqi şəxs İddiaçı MMC-dir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin əsasla dövlət rüsumunu ödəməkdən azad edilə bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 108.1 və 108.1.4-cü maddələrinə görə apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir. Lakin yuxarıda da qeyd olunduğu kimi apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-470/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28.01.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar