Məhkəmə qərarları › İş №2-2(103)-37/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-37/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-37/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Kurtman Nuri, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC), Cavabdeh3 və Kurtman Nuriyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 636-KQ nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 100000 manat əsas, 13081,83 manat faiz və 7770,11 manat cərimə borcu olmaqla, cəmi 120851,94 manat məbləğində pul, 400 manat mediasiya xərci, 11,25 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər "xxxx" MMC, Kurtman Nuri və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 16096,39 manat əsas borc, 643,87 manat faiz borcu, 643,85 manat cərimə borcu olmaqla, cəmi 17384,11 manat borc, məhkəmə rüsumu kimi ödənilmiş 11,25 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

4. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Bank tərəfindən "xxxx" MMC-yə dövriyyə vəsaitinin artırılması məqsədilə kredit xəttindən istifadəyə görə 16 faiz ödəmək şərtilə 24 ay müddətində 100 000 manat məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. Həmçinin kredit öhdəliklərinin təminatı olaraq "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh3 arasında 636-İZG/2 saylı xx.xx.2022-ci il tarixli, Kurtman Nuri ilə isə 636-İZG/1 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri imzalanmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etməyinə baxmayaraq, müqavilənin şərtlərini pozmuş kredit üzrə əsas borcu və hesablanmış faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. xx.xx.2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli 636-KQ saylı kredit xətti müqaviləsinə əsasən 100 000 manat əsas, 13081.83 manat faiz, 7770.1 manat cərimə borcu olmaqla cəmi 120851.94 manat borc məbləği mövcuddur. Cavabdehlərə xx.xx.2022-ci il tarixli 636-KQ saylı kredit xətti müqaviləsi üzrə borcun qaytarılması haqqında tərəfimizdən poçt vasitəsilə xx.xx.2023-cü il tarixli 6-2-22/2-4585/2023 saylı bildiriş, eyni zamanda həm poçt həm də elektron kabinet vasitəsilə ilə xx.xx.2023-cü il tarixli 6-2-22/2-13795/2023 saylı bildiriş göndərilərək xəbərdarlıq edilsə də, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Eyni zamanda, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə tərəfimizdən cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra cavabdehlər tərəfindən təklifə cavab verilmədiyindən mediatora müraciət edilmiş, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə mediasiya prosesinə xitam verilməsi haqqında arayış verilmiş, həmçinin ilkin mediasiyanın keçirilməsi üçün "xxxx" ASC tərəfindən 400 manat mediasiya xərci mediatorun hesabına təktərəfli qaydada ödənilmişdir. Mübahisə üzrə iddia qiyməti ümumilikdə 120 851 .94 manat olduğundan iddia irəli sülülərkən 410.85 manat dövlət rüsumu ödənilməlidir ki, "xxxx" ASC mediasiya xərci olan 400 manat ödədiyindən, həmin həddə dövlət rüsumu ödəməkdən azad olunur. Buna görə də iddiaçı tərəfindən 10.85 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə gedişatı zamanı xx.xx.2023-cü il tarixli qərardadla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən əsas və faiz borcu azaldılmış, hesablanmış cərimə borcu nəzərə alınmamışdır. Daha sonra məhkəmə gedişatı zamanı cavabdeh ödəniş etmiş, bu səbəbdən iddia tələbinin həcminin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən cavabdehlər "xxxx" MMC-dən, Kurtman Nuri və Cavabdeh3 bankın xeyrinə 16 096.39 manat əsas, 643.87 manat faiz borcu, 643.85 manat cərimə borcu olmaqla, cəmi 17384.11 manat borc müştərək qaydada tutulması, ödənilmiş rüsumun 11.65 manat və 400 manat mediasiya xərci cavabdehlərdən tutulması qeyd edilmişdir. Cavabdehin ödəniş etdiyini və əvvəlki ekspert rəyində cərimə borcunun nəzərə alınmaması səbəbi ilə yenidən təkrar mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən cərimə hesabının olmadığı bu səbəbdən cərimənin hesablanması mümkün olmadığı qeyd edilmişdir. Lakin müqavilədə cərimə hesablanması barədə bəndlər göstərilmişdir. Məhkəmə gedişatı zamanı ekspert Əli Abdullayevin məhkəmə iclasına dəvət edilməsi barədə vəsatət verilmişdir. Lakin ekspert məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə mülki məcəllənin və müqavilənin tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Bundan əlavə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən ekspert cavabdeh tərəfindən ödənişləri müqavilədə göstərilən 16 faizlə 24 ay müddətinə deyil, 16 faizlə 6 ay müddətinə hesablamışdır. Belə ki, qalıq əsas borc müqavilənin müddəti bitmə tarixinə kimi (yəni xx.xx.2024-cü il tarixinə kimi) faiz borcu 16 faizlə hesablanmalı halda ekspert xx.xx.2022-ci il tarixinə kimi 16 faizlə faiz borcunu hesablamış, geri qalan tarixləri isə 5 faizlə hesablamışdır. Bu səbəbdən ödənişlər yanlış qaydada silinmişdir. Bununla da xx.xx.2022-ci il tarixli, 636-KQ nömrəli Kredit müqaviləsinin 1.1-ci bəndi üzrə əsas şərtlərin pozulmasına əsas olmuşdur. Eyni zamanda ekspert rəyində xx.xx.2023-cü il tarixində ödənilmiş 13000 manat məbləğində borcun faiz və əsas borcuna ödənildiyi nəzərə alınmışdır. Halbuki təqdim etdiyi maliyyə arayışında 6792.95 manat cərimə borcuna, 6207.05 manat faiz borcuna ödənildiyi göstərilmişdir. xx.xx.2023-cü il tarixdə ödənilmiş 110 000 manat məbləğində borcun faiz və əsas borcuna ödənildiyi nəzərə alınmışdır. Halbuki təqdim etdiyi maliyyə arayışında 83 903.61 manat əsas borca, 10 392.34 manat cərimə borcuna, 15 704.05 manat faiz borcuna ödənildiyi göstərilmişdir. Beləliklə, ekspert cərimə üzrə borcu nəzərə almadan, ekspert rəyini faiz və əsas borca münasib əsassız olaraq tərtib etmiş, halbuki müqavilə və qanunverciliyin tələbləri üzrə hesablanması nəzərədə tutulmuşdur. Bundan əlavə ekspertin rəydə qeyd etdiyi cərimə borcu cərimə hesabı olmadığına görə müəyyən edilə bilməməsi halı hər hansı təlimata əsaslanmadan tərtib edilmişdir. Ekspertin məhkəmə iclasına dəvət edilməsində əsas məqsəd cərimə hesabının hansı hesab olması və Mərkəzi Bankın hansı təlimatı ilə tənzimlənməsi barədə suallara cavab verməsi zərurətidir. Lakin ekspert məhkəmə iclasında iştirakını təmin etməmiş və bu hallara aydınlıq gətirilmədən məhkəmə qərar qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

9. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

14. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

15. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

17. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

18. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

22. İşin müəyyən olunan hallarından göründüyü kimi, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 636-KQ nömrəli kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MMCyə 24 (iyirmi dörd) ay müddətinə, illik faiz dərəcəsi 16% olmaqla, 100000 manat məbləğində kredit xətti açılmışdır. "xxxx" ASC ilə Kurtman Nuri və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 636-İZG/1 və xx.xx.2022-ci il tarixli, 636-İZG/2 nömrəli zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022- ci il tarixli, 636-KQ nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Kurtman Nuri və Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Həmin tarixdə borcalana 16 % dərəcəsi ilə 6 ay müddətinə 100000 manat məbləğində kredit verilmiş, kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, ona görə də iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixdə banka ödənişlər edilmişdir. Maliyyə arayışında xx.xx.2023-cü il il tarixdə 10392,34 manat cərimə məbləği də daxil olmaqla, ümumilikdə 123000 manat ödənişin edildiyi qeyd olunur. İş üzrə ekspertiza təyin olunmuş, ikinci ekspertiza rəyi ilə cavabdehlərin banka borcunun olmaması müəyyən edilmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin bir hissəsini xx.xx.2023-cü il tarixə banka olan 16096,39 manat məbləğində əsas borcun tutulması təşkil edir. Yuxarıda qeyd olunan ekspert rəyindən göründüyü kimi, həmin tarixə banka olan əsas borc 0 manat təşkil etmişdir. İddia tələbinin digər hissəsini cavabdehlərin xx.xx.2023-cü il tarixə banka olan 643,87 manat faiz borcunun tutulması təşkil edir. xx.xx.2024-cü il tarixli, 9/9701 saylı ekspert rəyindən göründüyü kimi, həmin tarixə banka olan faiz borcu 0 manat təşkil etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, ekspert rəyindən göründüyü kimi, xx.xx.2022- ci il tarixə (müddət xx.xx.2022-ci il tarixədək müəyyən olunmuşdur) faiz məbləği 8000 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə həmin məbləğ borcalan tərəfindən tam ödənilmişdir. İlkin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə faiz borcu 0 manat olmuşdur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində təmin olunmamalıdır. Göstərilən hallar diqqətə alınaraq, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 643,85 manat cərimə borcunun tutulmasına münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, həmin hissədə də iddia təmin olunmamalıdır. Belə ki, əvvəla, nəzərə alınır ki, iddiaçı tərəfindən təqdim olunan maliyyə arayışında xx.xx.2023-cü il tarixə banka olan əsas borcun 16096,39 manat, faiz borcunun isə 643,87 manat məbləğində olması qeyd olunsa da, ekspert rəyi ilə göstərilən tarixə həmin borcların olmadığı müəyyən olunmuş, eyni zamanda ekspert rəyi ilə 815,28 manat artıq ödəmənin olduğu müəyyən edilmişdir.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9701 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 636-KQ saylı kredit xətti müqaviləsi üzrə borcalanın kreditora xx.xx.2022-ci il tarixinə olan əsas borcu 100000 manat, faiz borcu 8000 manat, faiz borcu illik 5% 250 manat, xx.xx.2023-cü il tarixinə olan əsas borcu 95000 manat, faiz borcu 0 manat, faiz borcu illik 5% 3406,25 manat, xx.xx.2023-cü il tarixinə olan əsas borcu 95000 manat, faiz borcu 0 manat, faiz borcu illik 5% 3472,22 manat, xx.xx.2023-cü il tarixinə olan əsas borcu 95000 manat, faiz borcu 0 manat, faiz borcu illik 5% 3643,75 manat, xx.xx.2023-cü il tarixinə olan əsas borcu 0 manat, faiz borcu 0 manat, faiz borcu illik 5% 0 manat, artıq ödəmə 815,28 manat təşkil edir.

25. Məhkəmə bu ekspert rəyinə əsaslanaraq iddia tələbini rədd etmişdir.

26. Apellyasiya şikayətinin dəlillərini yoxlamaq məqsədilə Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-596/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə daxil olunanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/5799 №li ekspert rəyi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/5799 saylı rəyinin nəticə hissəsində müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan "xxxx" MMC-nin cari hesabından çıxarış məlumatlarından göründüyü kimi, "xxxx" ASC tərəfindən həmin hesabdan xx.xx.2022-ci il tarixdə 6.792,95 manat, xx.xx.2023-cü il tarixdə isə 10.392,34 manat, cəmi 17.185,29 manat pul vəsaiti cəriməyə silinmişdir. Lakin hazırki ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında cərimə hesabından çıxarış olmadığından, cəriməyə silinmiş məbləğlərin doğruluğunu və xx.xx.2023-cü il tarixinə cərimə borcunun nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmədə və apellyasiya icraatında iki fərqli ekspert rəylərində cərimə məbləğinin hesablanması mümkün olmamışdır. Ekspertlər mövqelərini belə əsaslandırmışlar ki, cərimə hesabından çıxarış bank tərəfindən təqdim edilmədiyindən hesablama aparmaq mümkün deyil. Bank açıqlamalı cərimə hesabından çıxarışı təqdim etməmişdir. Kollegiya hesab edir ki, ekspertin belə vəziyyətdə məhkəmə iclasında dindirilməsinə zərurət yoxdur. Çünki ekspertlər gəldiyi qənaətlərini rəydə ətraflı qeyd etmişlər. Göründüyü kimi apellyasiya şikayətinin dəlillərində göstərilən xüsusatlar araşdırma nəticəsində təsdiqini tapmamışdır. Ona görə məhkəmə əsaslı olaraq ekspert rəyini nəzərə almışdır.

29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. 50 manat ekspertiza xərci iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar