Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-370/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin (VÖEN **********, hüquqi ünvan-AZ1106, ünvan 1X3, dövlət qeydiyyatına alındığı tarix-07.01.1994-cü il) Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə çıxarılmış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2-2(82)-104/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) 11.09.2018-ci il tarixində Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə vurulmuş 33701,96 manat artıq ödənilmiş məbləğin geri qaytarılması, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə 2018-ci ilin may, iyun, iyul və avqust ayları üçün artıq hesablanmış 16640,8 manat borcun silinməsi, vəkilə ödənilmiş 200 manat Cavabdeh İBdən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə 2015, 2016 və 2017-ci illərdə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanaraq qazdan istifadə edilir. Müqavilənin 2.3.1-ci maddəsinin tələbinə əsasən, yəni qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməli olduğundan hər ay hesab fakturada göstərilən pul vəsaitini tam həcmdə köçürmə üsulu ilə ödəmişdir. Sonradan həmin hesab fakturalara diqqət yetirərkən müəyyən edilmişdir ki, Cavabdeh İB şirkətə əlavə borc hesablanmışdır. Belə ki, 03.04.2015-ci il tarixli 760 nömrəli hesab fakturasından məlum olur ki, ayın əvvəlinə qaz sayğacının göstəricisi 1.854.826 kub.m, ayın sonuna isə 1.894.691 kub.m olmuşdur və ayın sonuna olan göstəricidən ayın əvvəlinə olan göstəricini çıxdıqda nəticə 39.865 kub metr edir. Lakin hesab fakturada bu rəqəm 43932 kimi göstərilir, nəticədə 3986,50 manat əvəzinə MMC-dən 4287.60 manat, yəni 301.10 manat artıq pul ödənişi tələb edilmişdir. Analoji olaraq bu proses 2015, 2016 və 2017-ci il tarixlərinin hər bir ayında təkrar olunur və hazırda da təkrar olunmaqdadır. Yekun olaraq 2015-ci tarixdə sayğac göstəricisi ilin əvvəlinə 1778182, ilin sonuna 2124560, yəni sərfiyyat 346378 kub.m olmuşdur, lakin Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamentinin hesablamasına əsasən bu rəqəm 436881 kub.m olmuşdur, yəni 48883 kub.m artıq, bununla da 4888.3 manat artıq pul ödənilmişdir, 2016-cı il tarixdə ilin əvvəlinə sayğac göstərici 2124560, ilin sonuna ******* olmuş, yəni 364144 kub.m, lakin qaz idarəsi 431551 kub.m hesablayaraq 67407 kub.m artıq hesablamış və nəticədə 7641.5 manat artıq pul ödənilmişdir. 2017-ci il tarixdə ilin əvvəlinə sayğac göstəricisi 2188704, ilin sonuna ******* olmuş, faktiki sərfiyyat 574192 olsa da qaz idarəsinin tərtib etdiyi hesab fakturalarına əsasən bu rəqəm 639258 olmuş və bu da 65066 kub.m artıq hesablama deməkdir. 2017-ci ildə əvvəlki 650-lik sayğacdan sonra 25-lik sayğac quraşdırılmış və həmin sayğacın sərfiyyatı 19651 kub.m olmuş, bu sərfiyyat əslində ümumi hesaba daxil olmalı olduğu halda qaz idarəsi əlavə olaraq 23368 kub.m qaz sərfiyyatı hesablamışdır və nəticədə 2017-ci il tarixdə qaz idarəsinə 13756.6 manat artıq pul ödənilmişdir. 2018-ci il tarixdə ilin əvvəlinə sayğacın göstəricisi ******* kub.m, iyun ayının sonuna isə bu göstərici ******* kub.m olmuş və faktiki sərfiyyat 226343 kub.m, lakin qaz idarəsinin yazdığı sərfiyyat 326507 kub.m olmuş, 25-lik sayğac 650-lik sayğacdan sonra quraşdırılsa da, qaz idarəsi yenə əlavə olaraq 12190 kub.m sərfiyyat yazaraq ümumilikdə 2018-ci il tarixdə 7415.56 manat artıq pul ödətdirmişdir. Bundan əlavə olaraq iyul və avqust aylarında istifadə edilmiş qazın pulu ödənilmiş, sayğacdan kənar olaraq artıq yazılmış may ayı üçün 3482,40 manat, iyun ayı üçün 4902,80 manat, iyul ayı üçün 3763,40 manat və avqust ayı üçün 4492,20 manat pul ödənilməmişdir. 22.06.2018-ci il tarixdə 26 saylı məktubla Cavabdeh İB-nə müraciət edilərək bildirilmişdir ki, 2015-2018-ci il tarixlərdə müəssisəyə artıq qaz pulu hesablanmışdır, həmin pulun ya qaytarılmasını ya da Bakı regional qazın satışı departamentinin Nərimanov XS-nin müəssisəyə borcu kimi qəbul edilməsini xahiş etmiş və məktuba 2015-2018-ci illəri əhatə edən qaz sərfiyyatı və ödəmələrin cədvəlini əlavə etmişdir. 10.07.2018-ci il tarixli SOCAR **********31790029X00095 nömrəli məktubu ilə müəssisənin 22.06.2018-ci il tarixli 26 nömrəli məktubuna cavab olaraq bildirmişdir ki, 10.07.2018-ci il tarixinə təbii qazdan istifadə nəticəsində 15694,13 manat borcu vardır. Lakin məktubda göstərdiyi artıq yazılmış pul vəsaitlərinin hansı səbəbdən yaranması və ya düzgün olub-olmaması barədə heç bir qeyd edilməmişdir. 11.07.2018-ci il tarixli 82 nömrəli bildirişdə göstərilmişdir ki, İddiaçı müəssisəsinin borcu vardır, lakin istifadə olunmuş qazın dəyərinin ödənişi hissəsini boş buraxaraq ödənişin təmin olunması tələb edilmişdir, əks halda qaz təhcizatını əlavə məlumat vermədən kəsiləcəyi bildirilmişdir. İddiaçı tərəfindən Bakı Regional qaz satışı departamentinə müraciət edilərək bildirilmişdir ki, müəsissə indiyə qədər və bundan sonra da istifadə etdiyi təbii qazın dəyərini tam ödəmiş və ödəyəcəkdir, yaranmış mübahisə məhkəmə qaydasında öz həllini tapması üçün aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Qazdan istifadə Qaydaları’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 5.2-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir) və həmin Qərarın 5.5-ci maddəsində bildirilir ki, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında 19.09.1995-ci il tarixli qanunu: 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.6. həcmi müvafiq qaydada müəyyənləşdirilərək, təsdiq olunmuş maddi və mənəvi zərərin satıcı tərəfindən (istehsalçı, idxalçı, reklam fəaliyyətinin subyekti)alıcıya (istehlakçıya) ödənilməsini; Həmin qanunun 21-ci maddəsində göstərilir ki, bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar və qanunun 26-cı maddəsinə əsasən İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir, İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir, İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Tərəflər arasında bağlanmış 2015, 2016 və 2017-ci illərdəki “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.1.8 bəndinə əsasən paylayıcının vəzifəsi istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstərilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etməkdir. Həmin müqavilələrin 2.2.1-ci bəndinin tələbinə əsasən paylayıcının hüququ vardır ki, istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etsin. Müqavilənin 2.4.6-cı maddəsinə əsasən istehlakçı paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsini paylayıcıdan tələb etmək hüququ vardır. Odur ki, yuxarıda göstərilənlərə və əlavə edilən sənədlərə əsasən müəssisəyə dəymiş 33701,96 manat ziyanın və vəkilə ödənilmiş 200 manat pul Cavabdeh İB-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 2015, 2016, 2017 və 2018-ci ilin may ayından avqust ayına qədər Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış 43.413 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2-2(82)-104/2019 nömrəli qətnaməsi ilə (hakim X.İmanov) iddia təmin edilmiş, 2015, 2016, 2017 və 2018-ci ilin may ayından avqust ayına qədər Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 43.413 manat borcun silinməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh üzərinə qoyulması, 30 manat dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi, Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin hesabına (X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, araşdırma natamam və birtərəfli aparılmış, qanunun tətbiqində səhvə yol verilmişdir. İşə baxan məhkəmə mübahisəni həll edərkən, əslində, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanmayıb, əksinə, öz qətnaməsini digər tərəfin izahatları üzərində qurulmuş mülahizələri əsasında əsaslanlırmağa çalışıb. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 385.1.1-ci maddəsinin müddəalarına istinadən hesab edir ki, şikayəti təmin olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-179/20 saylı, 11.06.2020-ci il tarixli qətnaməsi ilə (hakimlər C.Yusifov,V.Baxışova, R.Qurbanov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-104/2019 saylı 04.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 327/2020 saylı, 03.11.2020-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov,İ.Dadaşov, Ə.Seyidov) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 iyun 2020-ci il tarixli, 2-2(103)-179/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni ekspertiza rəyi ilə əsaslandırsa da, həmin ekspertizanın araşdırdığı ilkin sənədlərdəki (hesab fakturalardakı) elektrik enerjisi sərfiyyatını qeyd edən sayğacın hansı məlumatlarından (mexaniki və ya elektron göstəricilərindən) istifadə etməsi məsələsinə cavab verilməmişdir. Təsadüfü deyil ki, cavabdeh İstehsalat Birliyi işdə olan ekspertiza rəyinin nəticələri ilə razı qalmamış, iş üzrə yeni ekspertizanın keçirilməsi haqqında vəsatət vermişdir. Hazırkı işin materiallarında olan müvafiq hesab fakturalarda iddiaçı MMC-yə məxsus olan sayğacın 2 növ - mexaniki və elektron göstəricisi qeyd olunmuşdur ki, bu rəqəmlər arasında əhəmiyyətli fərq mövcuddur. Ekspert rəyindən isə onun hansı rəqəmləri əsas tutduğu məlum deyil.” Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 (Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu) apellyasiya şikayətini etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “iş materiallarında olan 2015, 2016 və 2017-ci il və 2018-ci ilin may, iyun, iyul və avqust ayları üzrə hesab fakturalar əsasında qazdan istifadəyə görə hesablanmış və ödənilmiş məbləğlərin "xxxx" MMC-də quraşdırılmış sayğacın göstəricilərinə uyğun olubolmamasının müəyyən edilməsi, uyğunsuzluq müəyyən edildiyi təqdirdə, həmin dövr üzrə artıq ödənilmiş (və ya borcun) məbləğin müəyyən edilməsi məqsədilə 2-2(82)104/2019 saylı, 12.06.2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə ekspertizası mərkəzinin 30.10.2019-cu il tarixli 17938 nömrəli ekspert rəyindən müəyyən olunur ki, 01.07.2017-ci il tarixdə 2326-07-17 saylı müqavilə üzrə "xxxx" MMC-yə ümumilikdə Cavabdeh İB tərəfindən 43.413 manat məbləğində artıq borc hesablanmışdır. Cavabdehin nümayəndəsi göstərilən fərqin sayğacların mexaniki göstəriciləri ilə elektron göstəriciləri arasında fərqin olması ilə əlaqələndirsə də, bununla bağlı hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.10.2019-cu il tarixli 17938 nömrəli ekspert rəyində tədqiqat nəticəsində cavabdehin iddiaçıya təqdim etdiyi hesablar üzrə 2015-ci ildə - 4.888,30 manat ; 2016-cı ildə - 7.641,50 manat; 2017-ci ildə - 13.756,60 manat; 2018-ci ildə (may-avqust) – 17.126,60 manat, ümumilikdə 43.413,00 manat məbləğində artıq borc hesablandığı aşağıdakı uyğunsuzluqlar müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan müvafiq hesab fakturalardan görünür ki, iddiaçıya məxsus olan sayğac iki – mexaniki və elektron göstəricilərə malikdir ki, bu göstəricilər arasında fərqliliklər mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş ekspertiza rəyində ekspertin hansı göstəricələrə istinad etməsi qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə müvafiq olaraq ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq ekspert rəyinə istinad edərək, iddia tələbini təmin etməkdə düzgün qənaətə gəlməmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 01.07.2017-ci il tarixli 2326-07-17 saylı müqavilə üzrə iddiaçı MMC-yə cavabdeh İstehsalat Birliyi tərəfindən 43.413 manat məbləğində artıq borc hesablandığını qeyd etmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, Bakı şəhərinin Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə iddiaçıya məxsus iki ədəd sənaye müəssisəsi vardır. Hər iki sənaye müəssisəsinə ayrılıqda qaz xətti çəkilmiş və hər bir qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Həmin sənaye müəssisələrinə ayrı-ayrılıqda **********00000 və **********00030 nömrəli abonent kodları da verilmişdir. Hazırda iddiaçı tərəf ona hesablanmış 43.413 manat borcun silinməsini məhkəmədən xahiş etmiş, iş materiallarına da 07.07.2017-ci il tarixində bağlanılmış 2326-07-17 nömrəli təbii qazın alqı-satqısına dair müqaviləni əlavə etmişdir. Bağlanmış müvafiq müqavilə isə "xxxx" MMC-yə məxsus **********00030 nömrəli abonent kodu üzrə fəaliyyət göstərən sənaye müəssisəsində tərəflər arasında yaranacag öhdəlik münasibətlərini tənzimləyir (09/2017-ci il tarixindən bugünə kimi). Təbii qazın alqı-satqısına dair müvafiq müqavilə bağlandıqdan sonra iddiaçı "xxxx" MMC ona məxsus **********00030 nömrəli abonent kodu üzrə fəaliyyət göstərən sənaye müəssisəsində istehlak etdiyi təbii qazdan irəli gələn borc münasibətlərini deyil, ona məxsus **********00000 nömrəli abonent kodu üzrə Pivə istehsalı ilə məşğul olan digər sənaye müəssisəsində yaranmış, müqavilə tarixindən öncəki 2015, 2016, 2017-ci il tarixli borclarını mübahisələndirmişdir. Yəni təbii qazın alqı-satqısına dair tərəflər arasında bağlanmış müqavilə iddiaçıya məxsus **********00030 nömrəli abonent kodu üzrə fəaliyyət göstərən sənaye müəssisəsinə aid olduğu halda, iddiaçı həmin müqavilənin ona məxsus **********00000 nömrəli abonent kodu üzrə Pivə istehsalı ilə məşğul olan digər sənaye müəssisəsinə aid olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsində, tərəflər arasında yaranmış mübahisənin 07.07.2017-ci il tarixində bağlanılmış 2326-07-17 nömrəli təbii qazın alqı-satqısına dair müqavilədən irəli gəldiyini iddia etmiş, həmin müqavilə iddia ərizəsinə qoşma qismində əlavə edilmiş və işə baxan birinci instansiya məhkəməsi də həmin müqaviləyə, eləcə də onun bəndlərinə istinad etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, sözügedən müqavilə 07.07.2017-ci il tarixində bağlanıldığından, həmin müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması 07/2017-ci il tarixindən sonrakı dövrü əhatə etməli və iddiaçı yalnız 07/2017-ci il tarixdən sonrakı dövr üçün onun barəsində hesablanmış borcun silinməsini tələb etməli olduğu halda, iddiaçı qeyd edilən tarixdən əvvəlki dövrə aid artıq ödənilmiş məbləğinin geri qaytarılmasını tələb etdiyindən, hazırkı iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2-2(82)-104/2019 nömrəli qətnaməsi əsassız olduğundan ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2-2(82)-104/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “2015, 2016, 2017 və 2018-ci ilin may ayından avqust ayına qədər Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış 43.413 manat borcun silinməsi”nə dair iddia tələbi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin hesabına (X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-370/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-370/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver