Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-371/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh (bundan sonra - cavabdeh) vəkili və nümayəndəsi Vəkil2 iştrakı ilə İddiaçı MMC-yə (bundan sonra - iddiaçı) qarşı müqavilənin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-339/2019 nömrəli iş üzrə 24 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 538 nömrəli 07.01.2014-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdeh tərəfindən ödənilməmiş qalıq borc qismində ƏDV daxil 186.035,26 manat məbbləğdə pulun və dövlət rüsumu qismində iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə pulun iş üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, 07.01.2014-cü il tarixdə tərəflər arasında ümumi dəyəri ƏDV daxil olmaqla 471.133,88 manat dəyərində tibbi avadanlıqlar və ləvazimatların alınmasına dair müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə cavabdehə təhvil verilmiş malların dəyəri ilk dəfə 29.01.2014-cü il tarixli HG 826561 nömrəli elektron vergi hesabfaktura əsasında (ƏDV daxil 235.566,94 manat) qısa müddətdə sonuncu tərəfindən ödənilmişdir. Müqavilə üzrə növbəti faktura 21.09.2015-ci il tarixli HJ 814264 nömrəli elektron vergi hesab-faktura əsasında keçirilmiş, lakin həmin faktura üzrə hər hansı ödəniş həyata keçirilməmiş, bu səbəbdən alınmış tibbi mallar üzrə ƏDV daxil olmaqla 186.035,26 manat məbləğdə borc bu günə qədər ödənilməmiş qalmışdır. Dəfələrlə yazılı pretenziya və xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfdən müqavilə üzrə alınmış avadanlıqların dəyəri ödənilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.10.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamənin əsaslarına görə, “... mübahisələndirilən müqavilə üzrə mallar sonuncu dəfə 02 iyun 2015-ci il tarixdə cavabdehə təhvil verilmiş, 3 il ərzində iddia qaldırılmalı olduğu halda, bu müddət ötürülmüşdür.” Qətnaməylə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, naməlum səbəblərdən axırıncı iki il cavabdeh şirkətin səlahiyyətli şəxsləri öz obyektlərini tərk edərək iddiaçının yazılı və şifahi sorğularına cavab verməmiş, borcun qalan hissəsini ödəməkdən boyun qaçırmışdır. Tibbi avadanlıqlar onlar tərəfindən götürülmüş “Altıağacda” yerləşən pansionatla birlikdə satılmışdır. Ancaq onlar nəzərə almamışlar ki, şirkətin məsul işçisi və baş həkimi Çingiz Hacıyev 22.09.2016-cı il tarixdə 308879,308880 nömrəli qaimə-fakturalara imza etməklə, qalıq borcu etiraf etmişdir. Təəssüf olsun ki, məhkəmə gedişində hakim qiyabi qətnamə çıxarsa da, sonradan dəqiq araşdırma aparmamış və nəzərə almamışdır ki, həmin avadanlıqlar hal-hazırda cavabdeh tərəfindən topdansatış qiymətinə müalicə müəssisəsi ilə birlikdə satılmışdır. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının e-2-2(103)-263/2020 nömrəli iş üzrə 11.06.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.10.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 328/2020 nömrəli iş üzrə 04.11.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.06.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək, izahatında göstərmişdir ki, tibbi avadanlıqların sonuncu partiyasına dair iddiaçının məxaric qaiməsi 2015-ci ilin iyun ayında cavabdehə təqdim edildiyi, iddia isə 2019-cu ilin yanvar ayında qaldırıldığı üçün, üç illik iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, tərəflər arasında 07.01.2014-cü il tarixdə bağlanmış 538 nömrəli alqısatqı müqaviləsinin: 1 və 2-ci bəndlərinə əsasən satıcı (iddiaçı) ümumi dəyəri ƏDV daxil 471.133,88 manat məbləğdə tibbi avadanlıq və ləvazimatlarla (mallarla) alıcını (cavabdehi) təchiz edəcəkdir; 3.1-ci bəndinə görə alıcı satıcıdan ümumi məbləğin 50 faizini, avans zəmanəti aldıqdan sonra, 10 bank günü müddətində avans kimi, qalan məbləği isə malların quraşdırılmasından sonra, keyfiyyətinə və avadanlığın istənilən komplektasiyada olmasına dair təhvil-təslim aktı imzalandıqdan sonra 10 bank günü müddətində müvafiq olaraq 50 faiz ödəniləcəkdir. İddiaçı tərəfindən aşağıdakı anbar məxaric qaimələri ilə müqavilədə nəzərdə tutulan tibbi avadanlıqlar və ləvazimatlar cavabdehə təhvil verilmişdir: 27.04.2015-ci il tarixli 11449 nömrəli; 05.05.2015-ci il tarixli 11592 nömrəli; 20.05.2015-ci il tarixli 11884 nömrəli və 02.06.2015-ci il tarixli 12152 nömrəli. Malların qeyd olunan tarixlərdə cavabdehə təhvil verildiyi və ona məxsus tibb müəssisəsində quraşdırıldığı işin mübahisəsiz hallarıdır. İddiaçı tərəfindən ƏDV daxil ümumilikdə 421.602,20 manat məbləğdə mallara dair ilkin olaraq 07.01.2014-cü il tarixli 538 nömrəli hesab-faktura cavabdehə təqdim edilmiş, cavabdeh 29.01.2014 tarixli HG 826561 nömrəli elektron vergi hesab-fakturaya əsasən 235.566,94 manat ödəniş etdikdən sonra iddiaçı qalıq borca dair 09.09.2015-ci il tarixli 565 nömrəli 186.035,26 manat məbləğdə hesab-faktura təqdim etsə də, qalıq borc ödənilməmiş və cavabdehə ünvanladığı 11.06.2018 və 15.08.2018-ci il tarixli pretenziya məktubları da nəticə verməmişdir. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “37. Hazırki halda, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçıya 186.035,26 manat məbləğində borcun olduğunu müəyyən edərək, sonuncunun subyektiv hüququnun olduğu, cavabdeh tərəfindən isə həmin hüququn pozulduğu, lakin həmin tələb üzrə iddia müddətinin keçməsi qənaətinə gəlmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, işə baxmış məhkəmələr tərəfindən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə və iddia müddətinin axımının başlanması tarixinə mülki qanunvericiliyin qeyd olunan normalarının (bax yuxarıda § 30) və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından düzgün hüquqi qiymət verilməmişdir.
39. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə görə, alıcı satıcıdan ümumi məbləği 50 faiz olan avans zəmanətini aldıqdan sonra 10 bank günü müddətində avans ödəyir. Qalan məbləğ, malların quraşdırılmasından sonra, keyfiyyətinə və avadanlığın istənilən komplektasiyada olmasına dair təhvil-təslim aktı imzalandıqdan sonra 10 bank günü müddətində müvafiq olaraq 50 faiz ödəniləcəkdir.
40. Göründüyü kimi, müqavilənin 3.1-ci bəndi alıcının qalıq məbləği “malların quraşdırılmasından sonra, keyfiyyətinə və avadanlığın istənilən komplektasiyada olmasına dair təhvil-təslim aktı imzalandıqdan sonra” ödənilməsini müəyyən edir. İşin materialından və tərəflərin izahatlarından müəyyən edilir ki, iddia olunan dəyərdə malın cavabdehə verilməsi işin mübahisələndirilməyən halıdır. Həmçinin tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun keyfiyyətdə və komplektasiyada malın cavabdehə təhvil verilməsi ilə bağlı hər hansı mübahisəli halın olmasıda işin materiallarından müəyyən edilmir.
41. Tərəflər, qalıq borcun ödənilməsini, müqavilə üzrə verilmiş malların dəyərinin əks olunduğu hesab fakturanın tərtib edilməsi tarixi ilə deyil, məhz malların təhvil-təsliminə dair aktın tərtib edilmə tarixi ilə şərtləndirmişlər. İşin materialına isə belə akt əlavə edilmədiyindən, məhkəmənin, 538/2 saylı yenilənmiş hesab fakturanın tərtib edildiyi 09 sentyabr 2015-ci il tarixi iddia müddətinin axımının başlanğıc tarixi kimi qiymətləndirməsi, Mülki Məcəllənin 377-ci maddəsinin və tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinin tələblərinə uyğun olmamışdır.
43. İşin materiallarından görünür ki, tərəflər 07 yanvar 2014-cü il tarixli, 538 saylı müqavilə üzrə verilmiş malların ümumi dəyərinə (421.602,20 manat olmaqla) dair üç dəfə- 07 yanvar 2014-cü il tarixli, 538 saylı (i.v 48), 09 sentyabr 2015-ci il tarixli 538/2 saylı (i.v 47) və 25 iyul 2016-cı il tarixli, 565 saylı hesab fakturalar (i.v 150) tərtib etmiş, başqa sözlə, mallara dair hesab faktura tarixlərini ildən-ilə yeniləmişlər. Apellyasiya instansiyası məhkəməsi düzgün əsaslandırma aparmadan, iddia müddətinin axımını 09 sentyabr 2015ci il tarixli hesab fakturanın tərtib edildiyi tarixdən hesablamışdır.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən, iddia müddətinin axımının başlama tarixi dəqiq müəyyən edilərək, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və mülki qanunvericiliyin tələblərinə müvafiq hüquqi qiymət verilməlidir.
45. İddiaçının kassasiya şikayətində göstərilmişdir ki, şirkətin məsul işçisi və baş həkimi Çingiz Hacıyev ilə mütəmadi olaraq borcun ödənilməsi istiqamətində hər kvartal qaimə-faktura birlikdə tərtib edilərək, borcun mövcudluğunu təsdiq edərək, qalıq borc şirkət tərəfindən etiraf edilmişdir.
48. 2016-cı il 22 sentyabr tarixli ƏİE seriyalı 308879 və 308880 saylı qaiməfakturaların “təhvil aldım” qrafasında “Ç.Hacıyev” adlı şəxsin imzası vardır (i. v 185- 186). Lakin iş üçün əhəmiyyətli olsa da, apellyasiya məhkəməsi iddiaçının apelyasiya şikayətinin bu dəlilinə də müfəssəl hüquqi qiymət verilməsini təmin etməmişdir.
51. Məhkəmə kollegiyası hesab edir ki, iş üçün əhəmiyyətli olsa da, apelyasiya məhkəməsi iddiaçının şikayətlərində cavabdehin işçisi və baş həkimi kimi qeyd edilmiş Çingiz Hacıyevin məhkəmə iclaslarında iştirakını təmin edərək onun cavabdehlə hüquqi bağlılığını, işin hallarına dair onun münasibətini, iddianı etiraf etmək səlahiyyətinin olubolmadığını müəyyən etməmişdir. Belə ki, işə apelyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş 22 sentyabr 2016-cı il tarixli, №308879 saylı qaimə-fakturada iddiaçı şirkətin rəhbəri Nümayəndə imzası və müəssisənin möhürü, həmçinin “təhvil aldım” qrafasında Ç.Hacıyevin imzası vardır.
52. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, işdəki sübutların hərtərəfli və obyektiv qiymətləndirilməsi, Çingiz Hacıyevin iştirakı təmin edilməli, onun cavabdeh hüquqi şəxslə hüquqi bağlılığı, işin hallarına dair onun münasibəti, iddianı etiraf etmək səlahiyyətinin olub-olmadığı dəqiq müəyyən edilməklə mübahisənin qanuni həllinə nail olunmalıdır.”
MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28.02.2012-ci il tarixli Qərarına əsasən, “MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.” Ali Məhkəmənin qərarından müəyyən olunur ki, kassasiya instansiyası məhkəməsinin iş üzrə göstərişləri ikidir: 1. iddia müddətinin axımının başlanğıc tarixi tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinin tələblərinə uyğun olmamışdır; 2. Ç.Hacıyevin iştirakı təmin edilməlidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarının birinci göstərişi ilə bağlı sonrakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 448.4-cü maddəsinə görə, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin; 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarında göstərilmişdir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.” Mülki qanunvericiliyin iddia müddətinə dair istinad olunan normalarının tələblərinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə əsasən şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07.07.2009-cu il tarixli Qərarında göstərmişdir ki, “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə görə, alıcı satıcıdan ümumi məbləği 50 faiz olan avans zəmanətini aldıqdan sonra 10 bank günü müddətində avans ödəyir. Qalan məbləğ, malların quraşdırılmasından sonra, keyfiyyətinə və avadanlığın istənilən komplektasiyada olmasına dair təhvil-təslim aktı imzalandıqdan sonra 10 bank günü müddətində müvafiq olaraq 50 faiz ödəniləcəkdir. Göründüyü kimi, müqavilənin 3.1-ci bəndi alıcının qalıq məbləği “malların quraşdırılmasından sonra, keyfiyyətinə və avadanlığın istənilən komplektasiyada olmasına dair təhvil-təslim aktı imzalandıqdan sonra” ödənilməsini təsbit edir. İş materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, iddia olunan dəyərdə malların cavabdehə təhvil verilməsi işin mübahisələndirilməyən halıdır. Həmçinin, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun keyfiyyətdə və komplektasiyada malların cavabdehə təhvil verilməsi ilə bağlı hər hansı mübahisəli halın olması da işin materiallarından müəyyən edilmir. Tərəflər, qalıq borcun ödənilməsini, müqavilə üzrə verilmiş malların dəyərinin əks olunduğu hesab fakturanın tərtib edilməsi tarixi ilə deyil, məhz malların təhvil-təsliminə dair aktın tərtib edilmə tarixi ilə şərtləndirmişlər. Belə bir akt işə əlavə edilmədiyindən, birinci instansiya məhkəməsinin iddia müddətinin axımının başlanğıc tarixini 18.06.2015-ci il kimi qiymətləndirməsi Mülki Məcəllənin 377-ci maddəsinin və tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinin tələblərinə uyğun olmamışdır. Belə ki, tərəflər 07.01.2014-cü il tarixli müqavilə üzrə verilmiş malların ümumi dəyərinə (421.602,20 manat) dair üç dəfə - 07.01.2014-cü il tarixli 538 nömrəli (iş vərəqi - 48), 09.09.2015-ci il tarixli 538/2 nömrəli (i.v-47) və 25.07.2016-cı il tarixli 565 nömrəli hesab fakturalar (i.v-150) tərtib etmiş, başqa sözlə, mallara dair hesab fakturaları, dolayısı ilə onların tarixlərini ildən-ilə yeniləmiş, lakin birinci instansiya məhkəməsi düzgün əsaslandırma aparmadan, iddia müddətinin axımını malların tam təhvil verildiyi 02.06.2015-ci il tarixdən 10 bank günü sonrakı tarixdən hesablamışdır. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən ona təhvil verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh aldığı məhsulların alqı-satqısı üzrə iddiaçıya olan borcunu tam ödəməlidir. Göstərilənlərə əsasən, iddia cavabdeh tərəfindən ödənilməmiş qalıq borc qismində ƏDV daxil 186.035,26 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi hissədə əsaslı olduğundan, təmin edilməlidir. Ali Məhkəmənin qərarının ikinci göstərişinin icrası ilə bağlı isə cavabdehin vəkili və nümayəndəsinə Ç.Hacıyevin növbəti məhkəmə iclasında iştirakının təmin edilməsi tövsiyə edilmiş, səlahiyyətli nümayəndə, həmin şəxs artıq onlarla işləmədiyi və hazırda harada olduğunu bilmədikləri üçün, iştirakını təmin edə bilməyəcəklərini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, mülki mühakimə icraatında dispozitivlik prinsipi hökm sürür. Bu prinsip mülki prosesdə formal həqiqətə nail olunmasını kafi hesab edərək, məhkəmənin (hakimin) yalnız arbitr rolunda çıxış etməsini qəbul edib, mübahisənin işin tərəfləri arasında çəkişərək həll olunmasına əsaslanır. Prinsip məhkəmədən tələb edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırsın və onlardan istifadə etsin (MPM-in 14.2-ci maddəsi), öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları isə hər bir tərəf özü sübut etsin (MPM-in 77.1-ci maddəsi). Digər tərəfdən, MPM-in 371-ci maddəsinə görə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu baxımdan, həm də, Ali Məhkəmənin iş üzrə qərarında da vurğulandığı kimi, iddia olunan dəyərdə malın cavabdehə verilməsinin işin mübahisələndirilməyən halı olması, həmçinin, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun keyfiyyətdə və komplektasiyada malın cavabdehə təhvil verilməsi ilə bağlı hər hansı mübahisəli halın olmasının işdən müəyyən edilməməsi, habelə, cavabdehin 27.08.2019-cu il tarixli İddia müddətinin tətbiqi haqqında ərizəsində belə sözügedən hallarla razılaşması və iddianı yalnız müddət ötürüldüyü üçün mübahisə etməsi nəzərə alınmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia 07.01.2014-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair hissədə əsassız olduğu üçün, təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin: 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər; 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh tərəfindən ödənilməmiş qalıq borc qismində ƏDV daxil 186.035,26 manat məbləğdə pulun tutularaq ona ödənilməsi tələbini faktiki cəhətdən vurulmuş zərərin əvəzi kimi yox, müqavilə öhdəliyinin cavabdeh tərəfindən ödənilməməsi ilə əsaslandırır. Bu isə eyni anda mümkün deyil. Belə ki, əgər müqavilə ləğv edilərsə, o halda cavabdehin öhdəliklərinə də xitam veriləcək və iddiaçı hazırkı pul tələbini zərər qaydasında irəli sürməli olacaqdı. Lakin bu baş verməmiş, iddiaçı pul tələbini məhz müqavilə öhdəliyi ilə əlaqələndirmişdir ki, bunun üçün də qüvvədə olan müqavilənin mövcudluğu şərtdir. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməklə (MPM-in 390-cı maddəsi) iddianı rədd etməsi faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur. Bununla bağlı olaraq, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli (MPM-in 385.1.4-cü maddəsi), iş üzrə yeni qətnamə qəbul edilməli (MPM-in 384.0.2-ci maddəsi), iddia qalıq borc məbləğinin tutulması hissədə qismən təmin edilməli və alqı-satqı müqaviləsinin ləğv edilməsi hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir (MPMin 119.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-339/2019 nömrəli iş üzrə 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh MMC-dən 07 yanvar 2014-cü il tarixli 538 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalıq borc qismində ƏDV daxil 186.035,26 manat (yüz səksən altı min otuz beş manat iyirmi altı qəpik) məbləğdə pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia 07 yanvar 2014-cü il tarixli 538 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Aida Hüseyn