Məhkəmə qərarları › İş №2-2(103)-371/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-371/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-371/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Şəmsi oğlu və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1549/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 11B/20 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə borc verən arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində borc verən bu müqaviləyə əsasən borc alana 60 ay müddətində (xx.xx.2025ci il tarixədək) 100000 manat məbləğində kreditdən istifadəyə görə illik 5% ödəmək şərti ilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. 1-ci bəndinə əsasən kreditin təyinatı: Əsas və dövriyyə vəsaitlərinin artırılması; Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 5.4 faiz təşkil edir. 3.9-cu bəndinə əsasən Kreditdən istifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür.

2. xx.xx.2020-ci il tarixli, 11B/20 saylı kredit müqaviləsinə əlavə olunan ödəniş qrafikindən görünür ki, xx.xx.2025-ci il tarixi son ödəniş tarixi olaraq müəyyən olunmuşdur.

3. xx.xx.2020-ci il tarixli, 11B/20 saylı kredit müqaviləsinin təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 11BZ/20 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə müvafiq olaraq zamin 1.2-ci bənddə qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür.

4. xx.xx.2020-ci il tarixli, 11B/20 saylı kredit müqaviləsinin təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 11BZ- 1/20 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə müvafiq olaraq zamin 1.2-ci bənddə qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür.

5. xx.xx.2020-ci il tarixli, 11B/20 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh2 arasında xx.xx.2020-ci il, 11Bİ/20 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən ipoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan aşağıdakı əmlakdır: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən 5B nömrəli binanın 3 nömrəli mənzili, Yeni qaydalarla: AZ1124, ünvan 1. "xxxx" MMC qiymətləndirmə şirkətinin 1064/İBAR saylı rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 200000 manat, likvid dəyəri isə 180000 manat məbləğində müəyyən edilir (1.7-ci bənd).

6. İş materiallarına ilkin olaraq əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdeh4 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 59547,93 manat, faiz borcu üzrə 683,57 manat, cərimə borcu üzrə 108,89 manat borcu vardır.

7. İş materiallarına iddia tələbi dəqiqləşdirildikdən sonra əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdeh4 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 55699,28 manat, faiz borcu üzrə 348,05 manat, cərimə borcu üzrə 92,54 manat borcu vardır.

8. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 3258 nömrəli reyestr kitabının 304269 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən 5B nömrəli binanın 3 nömrəli mənzili, Yeni qaydalarla: AZ1124, ünvan 1 Cavabdeh2 məxsusdur. Qeydiyyat tarixi xx.xx.2019-cu ildir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 3258 nömrəli reyestr kitabının 304269 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən 5B nömrəli binanın 3 nömrəli mənzili, Yeni qaydalarla: AZ1124, ünvan 1-in kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

11. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. İddiaçı ipoteka bildirişinin qeydiyyata alınması üçün xidmət haqqı ödəmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 9/7152 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı məlumatları və 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 59187,88 manat, faiz borcu üzrə 485,01 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 54977,05 manat, faiz borcu üzrə 320,70 manat müəyyən edilmişdir.

13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 sentyabr 2024-cü il tarixli, LP- 148/2024 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı bazar qiyməti 220000 manat, likvid qiyməti 198000 manat təşkil edir.

14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 may 2025-ci il tarixli, ƏEM/M 69- 259/25 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı bazar qiyməti 295.000 manat, likvid qiyməti 265.500 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

15. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Şəmsi oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 59547,93 manat, faiz borcu üzrə 683,57 manat və cərimə borcu üzrə 108,89 manat olmaqla, cəmi 60340,39 manat borc, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46,45 manat məbləğində rüsumun və xidmət haqqı, eyni zamanda 410 manat mediasiya xərci və xidmət haqqının tutulması; tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 (128.1 kv.m) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Kredit müqaviləsinin təminatı qismində zaminlik müqavilələri imzalanmış, Cavabdeh2 məxsus mənzil ipoteka ilə yüklü edilmişdir. Borcalan müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri banka qaytarmayaraq, müqavilə şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcalana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün ümumilikdə 46,45 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Cavabdehlərə kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında həm poçt, həm VÖEN elektron kabinet, həm də elektron məhkəmə sisteminin kabineti vasitəsi ilə bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Eyni zamanda, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra cavabdehlər tərəfindən təklifə cavab verilmədiyindən mediatora müraciət edilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasına gəlmədiklərindən tərəflər arasında mediasiya baş tutmamış və mediator tərəfindən “mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayış verilmiş, həmçinin ilkin mediasiyanın keçirilməsi üçün "xxxx" ASC tərəfindən 410 manat mediasiya xərci mediatorun hesabına təktərəfli qaydada ödənilmişdir.

17. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319, 385.1, 427, 442, 445.7, 448.2, 472.1, 472.2-ci maddələrinə istinad olunmuşdur.

18. İddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edilmiş, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 11B/20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 54977,05 manat, faiz borcu üzrə 320,70 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixə qədər illik 5% olmaqla, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu üzrə 1835,52 manat, cərimə borcu üzrə 92,54 manat olmaqla, cəmi 57225,81 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46,45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 410 manat mediasiya xərci və xidmət haqqının tutulması; tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 59, M2, mənzil 3-ə yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq tələblərin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

19. “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, tələbin dəqiqləşdirilməsi ərizəsinin təqdim edilməsinin səbəbi ondan ibarətdir ki, məhkəmə prosesi zamanı mülki iş ekspertizada olmuş və cavabdehlər tərəfindən qalıq borcdan ödənişlər edilməmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/7152/2024 nömrəli ekspert rəyinə əsasən əsas borc və faiz borcunun, illik 5 % olmaqla bu günə olan gecikdirilmiş faiz borcunun, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən isə cərimə borcunun tələbi ilə bağlı tələbimizi dəqiqləşdirmək zərurəti yaranmışdır. Belə ki, ekspert rəyinə əsasən cavabdehlərin xx.xx.2024-cü il tarixə əsas borc üzrə 54977,05 manat, faiz borcu üzrə isə 320.70 manat borcu mövcuddur. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə 92,54 manat cərimə borcu mövcuddur. Əlavə olaraq, ekspert tərəfindən verilmiş rəydə olan məbləğlər əsas götürülməklə, sadə hesablama yolu ilə müəyyən edilir ki, cavabdehlərin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər 1835,52 manat illik 5 % olmaqla, hesablanmış gecikdirilmiş faiz borcu mövcuddur (239 gün x 7,68 (hər günə düşən faiz məbləği) = 1835,52 manat). AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü ii tarixli qərarına əsasən öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər

20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1549/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Şəmsi oğlundan müştərək qaydada xx.xx.2020-ci il tarixli, 11B/20 saylı kredit müqaviləsinə əsasən 54977,05 manat əsas borc, 320,70 manat faiz borcu, 92,54 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 1825,96 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat rüsum və xidmət haqqı, 410 manat mediasiya xərci olmaqla, ümumilikdə 57672,70 manat məbləğində pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma ipoteka predmeti olan, Cavabdeh2 məxsus, ünvan 1 (128.1 kv.m) (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********84-05301- 093025) ünvanında yerləşən mənzilə yönəldilməsi, ipoteka predmeti olan əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılması qət edilmişdir. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti 198.000 manat müəyyən edilmişdir. Nəticədə iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 və 300 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Şəmsi oğlundan müştərək qaydada tutularaq müvafiq qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməli olduğu da göstərilmişdir.

21. Məhkəmənin mövqeyi belə olmuşdur ki, mübahisəli müqavilə üzrə kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin (borcalan) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyi, ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi müqavilə üzrə əsas və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, 11B/20 saylı xx.xx.2020-ci il tarixli krеdit razılaşması üzrə 54977,05 manat əsas bоrc, 320,70 manat faiz bоrcu cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməlidir. Cərimə borcunun tutulması tələbinə münasibətdə məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən birgə qaydada cərimə borcu üzrə 92.54 manat məbləğində pulun tutulması ağlabatan və ədalətlidir. İddia tələbinin cavabdеhlərdən müştərək qaydada xx.xx.2024-cü il tarixdən (ikinci maliyyə arayışının verildiyi tarixdən) iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizə verilən tarixə (26 noyabr 2024-cü il tarixə) qədər illik 5% olmaqla hesablanmış gecikdirilmiş faiz borcu üzrə 1835,52 manat pulun tutulması hissəsində iddianın qismən təmin olunmasının əsası kimi ekspert rəyi ilə 5%-lə bir günə hesablanan məbləğ 7,64 manat təşkil etməsi, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan məbləğ 1825,96 manat (239 gün x 7,64 (hər günə düşən faiz məbləği) = 1825,96 manat) olması göstərilmişdir. Borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ipotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, göstərilən kredit müqaviləsi üzrə tutma mənzilə yönəldilməli, ipoteka predmeti olan əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti rəyə uyğun, 198000 manat məbləğində müəyyən edilmişdir. İddia tələbinin satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə qeyd edilmişdir ki, ümumilikdə borc məbləğinin cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Şəmsi oğlundan müştərək qaydada tutulması qət edilmişdir və bu, ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin ümumi qaydada tutulmasını da özündə ehtiva edir. Məhkəmə xərcləri hissəsində iddia təmin edilərkən məhkəmə hesabdan çıxarış, xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış, 24 oktyabr 2024-cü il tarixli, 9/7152 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildiriş, 30 sentyabr 2024-cü il tarixli, LP-148/2024 saylı mütəxəssis rəyi sübut kimi göstərmişdir.

22. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 269.1, 269.4, 269.5, 270.1, 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 470, 472, 739-cü maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 3.1, 10.4, 11, 34, 39.3, 41.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını, məsrəfləri hissəsində AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsini, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsini istinad etmişdir.

23. Cavabdeh2 apellyasiya şikayəti vermiş, araşdırma aparılmadığı üçün, ekspertizalar keçirilmədiyi üçün, məhkəmə aidiyyatı pozulduğu üçün qətnamənin qismən ləğv edilməsi, nöqsanlar aradan qaldırılmaqla araşdırılaraq ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir

Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilən sənədlərdən də göründüyü kimi tərəflərindən Mülki Məcəllənin tələblərinə uygun olaraq birgə nikah dövründə əldə edilmiş, iddia ərizəsində göstərilən əmlakların olmasını təsdiq edən sənədlər, sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən qətnamə çıxarılarkən həmin sənədlərə qiymət verilməmişdir. Qətnamənin özü belə maddi hüquq normalarına zidd qəbul edilmişdir. Tərəflərindən verilmiş vəsatətlər qəbul edilib-edilməməsi barədə nəticə vermədən, təqdim edilən sənəd və sübutlar araşdırılmadan, araşdırmaların ədalətli araşdırmasını təmin etmədən və araşdırma üçün fürsət belə yaranmamışdır. Bütün bu faktları təsdiq edəcək dəlillərdən biri də budur ki, məhkəmə prosesində tərəflərindən məhkəmə aidiyyatını mübahisələndirmiş, lakin məhkəmə qətnaməsində bu barədə hər hansı bir hala aydınlıq gətirilməmişdir. Belə ki, işə Bakı Kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılması bildirilsə də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda məhkəmə qətnaməsi də qanunvericiliyin tələblərinə zidd olmaqla tərtib edilmişdir. Digər bir tərəfdən məhkəmə tərəfindən yalan məlumatlara əsaslanılaraq keçirilməmiş ekspertiza rəyinə əsaslanılaraq nəticə verilmişdir. Əslində isə heç bir araşdırma aparılmadan mütəxəssis rəyi verilmişdir. İpoteka predmetinə baxış keçirilməmiş, müayinə aparılmamış, yerli baxış keçirilməmiş, qiymətləndirmə aparılmamış və "xxxx" MMC tərəfindən əsası olmayan rəy verilmişdir. Göründüyü kimi qətnamə və qətnamənin çıxarılması üçün əsası olan sübutlar natamam olmuşdur.

25. Apelyator şikayətinin maddi və prosessual əsası kimi AR MPM-in 386, 387-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 24-cü bəndində istinad etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

26. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili ekspert rəyi ilə razılaşmadığını bildirdi, təkrar ekspertizanın təyin edilməsini xahiş etdi. İşin mahiyyəti ilə bağlı apellyasiya şikayətini müdafiə etdi, faiz borcunun şişirdilmiş olduğunu və edilmiş ödənişlərin yalnız faiz borcundan çıxıldığını bildirdi.

27. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eksper rəyi ilə razı olmadıqlarını mübahisəli əmlakın oldğunundan yüksək qiymətləndirildiyini bildirdi. İşin mahiyyəti ilə bağlı apellyasiya şikayətinə etiraz etdi, edilmiş ödənişlərin silinməsinin qanuni olduğunu bildirdi və şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

28. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

29. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

30. Mülki Məcəllənin: -269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun: -1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. -34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: -34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

31. Mülki Prosessual Məcəllənin: -24.2-ci maddəsinə görə Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. -26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

32. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18 sentyabr 2020-ci il tarixli Qərarının: -10-cu bəndinə əsasən 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. -11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

Apellyasiya baxışının hədləri:

36. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayətini verməmişdir, Cavabdeh2 isə verdiyi apellyasiya şikayətində qətnamənin tam şəkildə ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri qətnamənin əsas, faizlər və dəbbə pulu və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğvinə yönəldilmişdir. Odur ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı həmin hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz borcu hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, əsas borc, ümumi borc məbləği və ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəslərində dəyişdirilməli, qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 11B/20 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətində (xx.xx.2025-ci il tarixədək) 100000 manat məbləğində kreditdən istifadəyə görə illik 5% ödəmək şərti ilə kredit vermişdir.

39. Həmin kreditin təminatı olaraq iddiaçı ilə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 Şəmsi oğlu arasında “arasında bağlanmış zaminlik müqavilələrinə əsasən sonuncular mübahisəli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinə zamin durmuşlar. Bununla yanaşı iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, xx.xx.2020-ci il, 11Bİ/20 saylı sonrakı ipoteka müqaviləsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən 5B nömrəli binanın 3 nömrəli mənzili (Yeni qaydalarla: AZ1124, ünvan 1) ipotekaya qoyulmuşdir. Hazırda iddiaçı kredit müqaviləsi üzrə borcun mübahisəli hüquq münasibətlərində borc alan və zaminlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Şəmsi oğlundan müştərək qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.

40. Məhkəmə kollegiyası ilk növbədə məhkəmə aidiyyəti qaydalarına əsasən işə ümumi məhkəmədə baxılması olması barədə vəsatətinə münasibət bildirilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birincisi, iddiaçı– birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə iclaslarında iştirak etməmiş və işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatət verməmişdir. İkincisi, kollegiya onu da qeyd edir ki, hazırkı mübahisə üzrə əsas tələb kommersiya hüquqi şəxsi olan iddiaçı ilə fərdi sahibkar olan Cavabdeh4 arasında dövriyyə vəsaitlərinin artırılması məqsədilə, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə bağlanmış kredit müqaviləsindən, yəni iki tərəfin birgə həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gələn tələb olduğundan hazırkı tələbə ümumi məhkəmədə baxılmalı olması barədə dəlillər əsassızdır.

41. Əsas borclu və zaminlər olan cavabdehlərdən müştərək qaydada tutulması qət edilmiş kredit borcunun (əsas və faiz borcunun) məbləğinin əsaslılığı ilə bağlı qeyd edilir ki, birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizasını keçirmiş və həmin rəyə əsasən xx.xx.2023-cü il tarixə (pretenziyanın göndərildiyi tarixə) əsas borc 94409,38 manat, faiz borcu 3352,54 manat məbləğində müəyyən edilmişdir.

42. Cavabdeh apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmadığını, həmin rəyin yalan məlumatlar əsasında verildiyini bildirsə də, həmin rəyin şübhə altına alınması üçün əsas verə biləcək konkret faktiki hallara (məsələn, etdiyi bəzi ödənişlərin nəzərə alınmamasına və s.) istinad etməmişdir. Beləliklə, məhkəmənin sözügedən ekspert rəyi ilə razılaşmaması üçün əsaslar olmadığından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən tutulacaq borc məbləğləri həmin rəy əsasında müəyyənləşdirilməlidir.

43. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən tutulacaq əsas və faiz borcunun məbləğləri müəyyən edərkən ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixə olan əsas və faiz borc məbləğlərini (müvafiq olaraq əsas borc 54977,05 manat, faiz borcu 320,70) əsas götürmüşdür.

44. Halbuki iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilməklə mübahisəli kredit müqaviləsi üzrə borcun tam şəkildə vaxtından əvvəl qaytarılması tələb edilmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir.

45. Kollegiya hesab edir ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müddət üçün müqavilə üzrə kreditdən istifadəyə görə faizlərin ödənilməsini tələb etmək hüququna malik olduğundan kredit müqaviləsi üzrə cavabdehlərdən tutulacaq məbləğ müəyyən edilərkən ekspert rəyində xx.xx.2024-cü il tarixə hesablanmış əsas və faiz borc məbləğləri əsas götürülməli və həmin tarixdən sonra edilmiş ödənişlər (xx.xx.2024-cü il tarixdə 5000 manat) həmin məbləğdən çıxılmalı idi.

46. Odur ki, ekspertin apardığı hesablamalara uyğun olaraq 5000 manat məbləğində ödənişin 485,01 manat hissəsi faiz borcundan çıxılmaqla faiz borcu 0 manat məbləğində, qalan hissəsi isə əsas borcdan çıxılmaqla əsas borc isə 54.672,89(59187,88- 4514,99) manat məbləğində müəyyən edilməlidir.

47. Dəbbə pulunun tutulması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icra edilməsinin gecikdirilməsinə görə tələb etdiyi 92,54 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından həmin hissədə iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Eləcə də müqavilə müddəti bitdikdən sonrakı müddət üçün illik 5%-lə əldən çıxmış faydanın tutulması hissəsində kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arası dövr üçün 1825,96 manat məbləğində faizlərin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə də haqlı olmuşdur.

48. Bununla yanaşı apellyasiya şikayətinin dəlillərindən biri də ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən 5B nömrəli binanın 3 nömrəli mənzili(Yeni qaydalarla: AZ1124, ünvan 1.) ilkin satış dəyərinin düzgün müəyyən edilməməsi ilə bağlıdır.

49. Göstərilən dəlillər nəzərə alınaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndirmə rəyi ilə mənzilin likvid dəyəri 265.500 manat məbləğində müəyyən edilmişdir.

50. Kollegiya həmin rəylə razılaşmaması üçün əsasların olmadığını, eləcə də ipoteka müqaviləsinin bağlanmasından keçən 5 il ərzində daşınmaz əmlak bazarındə qiymətlərdə əhəmiyyətli dərəcədə artım müşahidə olunduğundan 5 il müddət ərzində əmlakın ikvid dəyərinin 180.000 manatdan 265.500 manatadək artması ağlabatan olduğunu nəzərə almaqla hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti həmin rəydə əks olunmuş likvid qiymət nəzərə alınmaqla müəyyən edilməlidir.

51. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, faiz borcunun tutulması hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, kredit müqaviləsi üzrə tutulacaq əsas borc məbləği, buna müvafiq olaraq ümumilikdə cavbadehlərdən tutulacaq məbləğ, eləcə də ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti hissəsində qətnamə dəyişdirilməli, əsas borc 54.672,89 manat, cavabdehlərdən ümumilikdə tutulacaq məbləğ 57047,84 manat, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 265.500 manat məbləğində müəyyən edilməlidir. Qalan mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. İş üzrə keçirilmiş mütəxəssis rəyinin alınmasına görə 400 manat məbləğində pul vəsaitinin 200 manat hissəsi Cavabdeh2, 200 manat hissəsi isə iddiaçıdan tutularaq "xxxx" MMC-nin bank hesabına (VÖEN **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VOEN: **********, Müxbir Hesab: AZ03NABZ********************, KOD: 805711; SWİFT: İBAZAZ2X) ödənilməlidir.

53. Apellyasiya şikayətinin qismən təmin edildiyini (qiymətləndirilməyən hissədə və qiymətləndirilən iddianın cüzi hissəsində) nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi iddiaçıdan tutularaq Cavabdeh2 ödənilməli, qalan hissədə dövlət rüsumu cavabdehə aid edilməlidir.

54. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1549/2024 saylı qətnaməsi qismən - kredit müqaviləsi üzrə faiz borcunun cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Şəmsi oğlundan müştərək qaydada tutulması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia rədd edilsin. Kredit müqaviləsi üzrə tutulacaq əsas borc məbləği, cavabdehlərdən tutulacaq ümumi ümumi məbləğ hissəsində və ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilsin, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Şəmsi oğlundan müştərək qaydada tutulacaq əsas borc 54.672,89 manat məbləğində, ümumi məbləğ 57.047,84 manat, ipoteka predmetinin ilkin satış qiyməti 265.500 manat məbləğində müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş mütəxəssis rəyinin alınmasına görə 400 manat məbləğində pul vəsaitinin 200 manat hissəsi Cavabdeh2, 200 manat hissəsi isə iddiaçıdan tutularaq "xxxx" MMC-nin bank hesabına (VÖEN **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VOEN: **********, Müxbir Hesab: AZ03NABZ********************, KOD: 805711; SWİFT: İBAZAZ2X) ödənilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi iddiaçıdan tutularq Cavabdeh2 ödənilsin, qalan hissədə dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar