Məhkəmə qərarları › İş №2-2(103)-372/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-372/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-372/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı icarəyə verilmiş sahənin qaytarılmasına dair Açar söz: əmakın qanunsuz sahiblikdən geri alınması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı icarə sahəsinin boşaldılıb iddiaçıya təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-324/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" QSC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəyə götürən) arasında bağlanmış xx.xx.2021-ci il tarixli İM-02 nömrəli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" QSC-nin balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri stansiyasına birləşmiş sol “Vetka dalan” yolunun 2648-ci km-də yerləşən ümumi sahəsi 5 sot təşkil edən icarə sahəsi Cavabdeh MMC-yə 11 ay müddətinə ƏDV daxil hər ay 590 manat (icarə haqqı) ödənilməsi şərti ilə icarəyə verilmiş, xx.xx.2021-ci il tarixli 1 nömrəli razılaşmaya əsasən icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinə kimi uzadılmış, aylıq icarə haqqı ƏDV daxil hər ay 649 manat (icarə haqqı) olmuşdur. Müqavilə notarial qaydada təsdiq edilməmişdir.

2. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilə, tərəflərin yazılı razılığı əsasında müqavilə müddətinin bitməsinə 1 ay qalmış,sonrakı müddətə uzadıla bilər. Uzadılmadıqda, hazırki müqavilə sonlanmış və qüvvədən düşmüş hesab edilməlidir.

3. 7.2.4-cü bəndinə görə icarəçi 2 ay bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını vaxtında ödəmədikdə icarəçiyə əvvəlcədən xəbərdarlıq etmədən bu icarə müqaviləsinə xitam vermək icarəyəverənin hüququdur.

4. 8.1-ci bəndinə görə bu icarə müqaviləsinə heç bir artıq və əlavə xərc çəkilmədən və hər hansı bir ödəməni həyata keçirmədən icarəyə götürənə 1 ay müddətdən az olmamaq şərti ilə qabaqcadan yazılı xəbərdarlığın verilməsi ilə icarəyəverən/mülkiyyətçi tərəfindən xitam verilə bilər.

5. 8.2-ci bəndinə əsasən icarəçi bu müqavilənin 4.1-ci bəndində müəyyən olunmuş aylıq icarə haqqını ardıcıl olaraq 2 dəfə (ay) vaxtında ödəmədikdə icarəyəverən bu müqaviləyə dərhal xitam verə bilər.

6. xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli İM- 02 nömrəli icarə müqaviləsi üzrə Cavabdeh MMC-yə: - 2022-ci ilin may və iyun aylarında hər ay 649 manat icarə haqqı hesablanmış, həmin aylar üzrə (2 dəfə (ay) ardıcıl olaraq) heç bir ödəniş edilməmiş, 2022-ci ilin avqust ayında 1298 manat icarə haqqı ödənilmiş və Cavabdeh MMC-nin ödənilməmiş icarə haqqı qalmamışdır.

7. "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq icarə obyekti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri stansiyasına birləşən sol “Vetka dalan” yolunun 2648-ci km-də yerləşən ümumi sahəsi 5 sot olan icarə sahəsinin boşaldılması xahiş edilmiş, əks təqdirdə tələbin təmin edilməsi məqsədi ilə qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən icarə obyekti - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri stansiyasına birləşən sol “Vetka dalan” yolunun 2648-ci km-də yerləşən ümumi sahəsi 5 sot olan icarə sahəsinin boşaldılıb, iddiaçı "xxxx" QSC-yə təhvil verilməsi, Cavabdeh MMC-dən 100 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli İM-02 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri stansiyasına birləşən sol “Vetka dalan” yolunun 2648-ci km-də yerləşən ümumi sahəsi 5 sot olan icarə sahəsi Cavabdeh MMC-yə icarəyə verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə müddəti 2021-ci il 29 yanvar tarixdən 2021-ci il 29 dekabr tarixədək müəyyən edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 590 manat müəyyən edilmişdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqı 2021-ci il 01 fevral tarixdən hesablanır. Müqaviləyə əlavə olaraq tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 128139 nömrəli 1 nömrəli razılaşma üzrə müqavilənin müddəti xx.xx.2022-ci il tarixinə qədər uzadılmış və icarə haqqı 649 manat müəyyən edilmişdir. İcarəçi 2022-ci ilin may və iyun ayları üzrə icarə haqqını ödəməmiş, nəticədə 1298 manat borcu yaranmışdır. Müqavilənin 8.1-ci bəndinə əsasən bu icarə müqaviləsinə heç bir artıq və əlavə xərc çəkilmədən və hər hansı bir ödəməni həyata keçirmədən icarəyə götürənə 1 ay qabaqcadan yazılı xəbərdarlığın verilməsi ilə icarəyəverən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Müqavilənin 8.5-ci bəndinin 2-ci hissəsinə əsasən torpaq sahəsinə dövlətin ehtiyacı yarandıqda müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Müqavilənin 6.1.3-cü bəndinə əsasən icarəyə verilmiş torpaq sahəsini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəyə götürənin vəzifəsidir. Göstərilənlərə əsasən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli 182322 nömrəli pretenziya məktubu ünvanlanmış və pretenziya tələbi icra edilmədiyi təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi göstərilmişdir. Lakin pretenziya tələbi təmin olunmamış və tərəflər arasında bağlanmış müqaviləyə "xxxx" QSC tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Daha sonra Cavabdeh MMC tərəfindən 2022-ci ilin avqust ayında icarə haqqından yaranmış1298 manat borc tam şəkildə ödənilmiş, lakin icarə müqaviləsinə xitam verilməsinə baxmayaraq cavabdeh tərəfindən icarə obyekti boşaldılmamışdır.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-324/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli İM-02 nömrəli icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri stansiyasına birləşən sol “vetka dalan” yolunun 2648-ci km-də yerləşən ümumi sahəsi 5 sot olan icarə sahəsi cavabdehin icarəsinə verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən xx.xx.2021-ci il tarixli İM-02 nömrəli icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinə kimi uzadılmışdır.

12. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına istinad edərək hesab etmişdir ki, iddiaçı "xxxx" QSC tərəfindən iddia tələbinin xx.xx.2021-ci il tarixli İM-02 nömrəli icarə müqaviləsinə əsaslanmaqla irəli sürüldüyünü nəzərə alaraq ilk növbədə sözügedən müqavilənin etibarlı olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi zəruridir. Tərəflər arasında mübahisəli torpaq icarəsi müqaviləsi dövlət mülkiyyətində olan torpaq sahəsinə dair bağlansa da, həmin torpaq sahəsinin icarəyə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı mövcud deyildir, eləcə də həmin müqavilə əsasında icarəçiyə ilkin olaraq 11 ay müddətinə icarə hüququ verilməsinə (və sonradan həmin müddətin bir il müddətinə uzadılmasına) baxmayaraq həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

13. Bundan əlavə mübahisəli torpaq sahəsini icarəyə vermək hüququna malik olmasını təsdiq etmək üçün iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33/N saylı qərarına münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin qərarla təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nda dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələrinin onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə vermək hüququ nəzərdə tutulmuşdur ki, həmin müddəa iddiaçının sözügedən torpaq sahələrini icarəyə vermək hüququna da malik olması anlamına gəlmir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-324/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi ilə bağlı məhkəmənin xx.xx.2021-ci il tarixli İM-02 nömrəli icarə müqaviləsinin etibarlı olubolmaması məsələsinə hüquqi qiymət verməsinə ehtiyac yoxdur. Məhkəmə nəzərə almalıdır ki, iş üzrə mübahisəli olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri stansiyasına birləşən sol “Vetka dalan” yolunun 2648-ci km-də yerləşən ümumi sahəsi 5 sot olan torpaq sahəsi ADY-nin mülkiyyətindədir. ADY mülkiyyətində olan həmin torpaq sahəsini "xxxx" MMC-yə icarəyə vermiş, lakin sonuncu 2022-ci ilin may və iyun ayları üzrə icarə haqqını ödəmədiyindən yaranmış borcun ödənilməsi ilə bağlı cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci iltarixli 182322 nömrəli pretenziya məktubu ünvanlanmışdır. Pretenziya tələbi icra edilmədiyi təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi göstərilmişdir. Lakin, pretenziya tələbi təmin olunmadığından tərəflər arasında bağlanmış müqaviləyə ADY tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Məhkəmə nəzərə almamışdır ki, halhazırda iddia tələbi xitam verilmiş əqdin mübahisələndirilməsi deyil, ADY-nin mülkiyyətində olan torpaq sahəsinin boşaldılaraq təhvil verilməsidir. Məhkəmə qətnaməsini əsaslandırarkən mübahisəli torpaq sahəsinin ADY-nin mülkiyyətində olmasına münasibət bildirməmiş və mülkiyyət ilə bağlı normaların heç birinə istinad etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xitam verilmiş və hal-hazırda heç bir hüquqi qüvvəsi olmayan icarə müqaviləsinə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, hazırkı iddianın əsasını icarə müqaviləsi təşkil etmir. Belə ki, cavabdehin ADY-nin balansında olan torpaq sahəsindən istifadəsi icarə müqaviləsi əsasında həyata keçirilsə də, ADY öz iddia ərizəsində həmin müqaviləyə əsasən cavabdehin torpaq sahəsindən çıxarılmasını xahiş etməmişdir. İddianın mahiyyətini cavabdehin ADY-nin balansında olan torpaq sahəsindən çıxarılması təşkil edir. Yuxarıda da qeyd edildiyi kimi ADY-nin hazırkı iddiasının əsasını icarə müqaviləsi üzrə yaranan bir hüquq deyil, qanunla ona tanınan hüquq təşkil edir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

17. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini tələbini nəzərə alaraq işə baxılmasını mümkün hesab etmişdir.

18. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

157.2-ci maddə-mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddə-mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 421.1-ci maddə-müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3-cü maddə-müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 719.1-ci maddə-torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. 721.1-ci maddə-əgər torpaq icarəsi müqaviləsinin iştirakçıları torpaq icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdirlərsə, bu hüquqa onlar müqavilə üzrə hüquq münasibətlərinin müddəti uzadıldıqdan və ya müqavilə dəyişdirildikdən sonra da malikdirlər. 721.2-ci maddə-müqavilə iştirakçılarından birinin iddiası üzrə məhkəmə qüvvəsinə vaxtından əvvəl və ya qismən xitam verilmiş torpaq icarəsi müqaviləsinin təsviyəsi qaydasına dair qərar qəbul edə bilər. 722.1. Müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 66-cı maddənin 2-ci hissəsi-torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddənin 1-ci hissəsi-. torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67-ci maddənin 4-cü hissəsi- torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

“Torpaq icarəsi haqqında” Azərbaycan respublikasının Qanunu 15-ci maddə- torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 23-cü maddə-icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin vəzifəsidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

19. Qətnamə iddiaçı tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

20. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-324/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.

21. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsassız olduğuna dair nəticəyə gələrkən birinci instansiya məhkəməsi iddianın qanuni əsasını düzgün müəyyən etməmiş, mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərini nəzərə almamışdır.

22. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli İM- 02 nömrəli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" QSC balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri stansiyasına birləşmiş sol “Vetka dalan” yolunun 2648-ci km-də yerləşən ümumi sahəsi 5 sot təşkil edən torpaq sahəsini Cavabdeh MMC-yə icarəyə vermiş, icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir.

23. Eyni zamanda işdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə bildiriş (pretenziya) göndərməklə 1298 manat (2022-ci ilin may və iyun ayları üzrə borc) icarə haqqı borcu ödənilmədiyi üçün xx.xx.2022-ci il tarixdən müqaviləyə birtərəfli qaydada xitam verdiyinə dair qarşı tərəfə məlumat verməklə sahənin həmin tarixdə boşaldılmasını və təhvil verilməsini tələb etmişdir. İddiaçının müqaviləyə birtərəfli qaydada bir əvvəl xəbərdarlıq etməklə xitam vermək hüququ icarə müqaviləsinin 8.1-ci bəndində nəzərdə tutulmuşdur.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

25. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında 11 aydan uzun müddətə bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən yaranmış hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından müqavilə həmin Məcəllənin 109-cu maddəsinə əsasən etibarsız-əhəmiyyətsiz əqddir. İddiaçının tələbi əhəmiyyətsiz əqdə əsaslanmaqla irəli sürüldüyündən təmin edilə bilməz.

26. Məhkəmə kollegiyası tərəflər arasında icarə müqaviləsi bağlanarkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci maddəsinin tələbinə riayət edilmədiyinə dair məhkəmənin mövqeyi ilə razılaşsa da qeyd edir ki, hazırkı halda iddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixli İM-02 nömrəli icarə müqaviləsindən irəli gələn hər hansı öhdəliyin icrasını tələb etmədiyindən və irəli sürülmüş iddia tələbi-vindikasiya iddiası, yəni qanunsuz sahiblikdən əmlakın geri alınması ilə bağlı olduğundan birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış icarə müqaviləsini əhəmiyyətsiz əqd hesab etməklə icarəyə verilmiş torpaq sahəsinin hazırda icarəçinin qanunsuz sahibliyində olduğunu müəyyən etmiş olur. Bu hal isə iddianın rədd edilməsi üçün deyil, onun təmin edilməsi üçün əsasdır. Belə ki, tərəflər arasında etibarlı müqavilənin mövcud olmaması təsdiq edir ki, cavabdehin icarə predmeti üzərində sahibliyinin qanuni əsası yoxdur. Buna görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə ləğv edilməklə iddia təmin edilməli, MPM-nin 119-cu maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci, iddia ərizəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş cəmi 90 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 324/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.

28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-324/2023 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" QSC-nin iddiası təmin edilərək icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri stansiyasına birləşən sol “Vetka dalan” yolunun 2648-ci km-də yerləşən ümumi sahəsi 5 sot olan icarə sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi Cavabdeh MMC-yə həvalə edilsin. Cavabdeh MMC-dən iddiaçı "xxxx" QSC-nin xeyrinə 150 manat məbləğində dövlət rüsumu və mediasiya xərci tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar