Məhkəmə qərarları › İş №2-2(103)-374/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-374/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-374/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdeh BOKT "xxxx" ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-4799/2022 saylı qətnaməsindən cavabdeh BOKT "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ASC ilə BOKT "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli 285F4 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borc alana xx.xx.2015-ci il tarixinədək illik 2 faizl ödəmək şərti ilə 400.000 manat məbləğində kredit verilmişdir.

2. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə həmin müqaviləyə 6 saylı əlavə bağlanmış və əlavəyə görə "xxxx" MMC-yə ayrılmış ilkin məbləği 400.000 manat, 264687 manat qalıq məbləğindəki kredit xəttinin qaytarılma müddəti 6 ay müddətinə uzadılmış və kredit xəttinin son ödənilməsi tarixi 12 iyun 2016-cı il təyin olunmuşdur.

3. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 29 dekabr 2015-ci il tarixli, 285/8F4 nömrəli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən 29 dekabr 2015-ci il tarixli 69 saylı proqressiv əmanət müqaviləsi üzrə İddiaçı ASC-nin 4 saylı filialında 4-140255-16 saylı əmanət hesabında olan pul vəsaiti girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 13 yanvar 2016-cı il tarixli, 285/11F4 saylı girov müqaviləsinə əsasən İddiaçı ASC-nin 4-140255-22 saylı əmanət hesabında olan 91987 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 12 yanvar 2016-cı il tarixli, 285/10F4 saylı girov müqaviləsinə əsasən 4-140255-20 saylı əmanət hesabında olan 192187 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 07 yanvar 2016-cı il tarixli, 285/9F4 nömrəli girov müqaviləsinə əsasən 4-140255-18 saylı əmanət hesabında olan 212187 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 23 dekabr 2015-ci il tarixli, 285/7F4 saylı girov müqaviləsinə əsasən 1-140255-14 saylı əmanət hesabında olan 234687 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli, 285/6F4 saylı girov müqaviləsinə əsasən 4-140255-12 saylı əmanət hesabında olan 264687 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 02 sentyabr 2015-ci il tarixli, 285/5F4 saylı girov müqaviləsinə əsasən 4- 140255-10 saylı əmanət hesabında olan 278925 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 31 avqust 2015-ci il tarixli, 285/4F4 saylı girov müqaviləsinə əsasən 4-140255-8 saylı əmanət hesabında olan 289450 manat girov qoyulmuşdur. X2 ilə İddiaçı ASC arasında bağlanmış 27 avqust 2015-ci il tarixli, 285/3F4 saylı girov müqaviləsinə əsasən 4-140255-6 saylı əmanət hesabında olan 300000 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 03 avqust 2015-ci il tarixli, 285/2F4 saylı girov müqaviləsinə əsasən 4-140255-4 saylı əmanət hesabında olan 310000 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 12 iyun 2015-ci il tarixli, 285/1F4 saylı girov müqaviləsinə əsasən 4-140255-2 saylı əmanət hesabında olan 400.000 manat məbləğində pul girov qoyulmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ləğv Prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə (hazırkı adı "xxxx" ASC) qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 29 aprel 2019-cu il tarixə cavabdeh "xxxx" ASC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında 91987 manat məbləğində əsas borc, 766,50 manat məbləğində faiz borcu, 4650,34 manat məbləğində cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanmış 13242,49 manat borc, cəmi 110.646,33 manat məbləğində borcun və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının cavabdehdən tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh BOKT "xxxx" ASC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 91.987 manat əsas borc, 914,69 manat faiz borcu, 3587,46 manat cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 27.528,12 manat, cəmi 124.017,27 manat pul vəsaitinin və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının cavabdeh BOKT "xxxx" ASC-dən tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Tovuz Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli 2(062)-1297/2022 saylı qərardadı ilə iddiaçı mülki iş aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh BOKT "xxxx" ASC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 91.987 manat əsas borc, 914,69 manat faiz borcu, 3587,46 manat cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 27.528,12 manat, cəmi 124.017,27 manat pul vəsaitinin ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının cavabdeh BOKT "xxxx" ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-1238/2022 saylı qərardadı ilə iş materialları ərazi aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

9. 10.10.2022-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh BOKT "xxxx" ASC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 29 aprel 2019-cu il tarixə cavabdeh BOKT "xxxx" ASCnin ləğv prosesində olan İddiaçı ASC qarşısında 91.987 manat əsas, 914,69 manat faiz borcu, 3587,46 manat cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanmış 27.528,12 manat faiz borcu, 124.017,27 manat borcun və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. 19.10.2022-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə növbəti ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdeh BOKT "xxxx" ASC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 11 may 2022-ci il tarixə cavabdeh BOKT "xxxx" ASC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında 91.987 manat əsas, 914,69 manat faiz borcu, 3587,46 manat cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 27.528,12 manat, cəmi 124.017,27 manat borcun və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı son olaraq bildirir ki, cavabdeh BOKT "xxxx" ASC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 91.987 manat, faiz borcu 914,69 manat, cərimə borcu 3587,46 manat, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan faiz borcu 27.528,12 manat, cəmi borcu isə 124.017,27 manat təşkil edir.

12. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə cavabdehə müraciət olunaraq xahiş edilmişdir ki, xx.xx.2015-ci il tarixli, 285F4 saylı kredit müqaviləsi üzrə qalıq borc, kreditin təminatı kimi Cavabdeh2 depozit hesabındakı vəsaiti ilə əvəzləşdirilsin. İddiaçı tərəfindən cavabdehə xx.xx.2017-ci il tarixli məktub göndərilərək bildirilmişdir ki, iddiaçının xx.xx.2015-ci il tarixli, 285F4 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə bank qarşısında öhdəliyi 93.959,53 manat təşkil edir və Cavabdeh2 depozit hesabında olan 91.987 manat tələbi 15 mart 2016-cı il tarixində 00640 nömrəsi ilə qeydiyyata alınıb kreditorların reyestrinə daxil edilmişdir. Tələb olunan məbləğ Banklar Haqqında Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsi ilə müəyyən olunmuş qaydada kredit borcu ilə əvəzləşdiriləcək. Cavabdehin mövqeyinə görə iddiaçı cavabdehin əmanətini kredit borcuna dərhal silməli idi. Çünki, 19 yanvar 2016-cı il tarixədək Əmanətlərin Sığortalanması Haqqında Azərbaycan Respublikasının Qanununun 2.1.2.9 və 2.1.2.10-cu maddələrinə əsasən ödəniş müddətlərinin başa çatıb-çatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti; bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunmayan əmanətlər sayılırdı. Lakin həmin tarixdə qanuna dəyişiklik edilərək qeyd olunan maddələr ləğv edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən cavabdehin əmanəti qorunan əmanət sayılmalı və iddiaçı dərhal cavabdehin kredit borcunu girov təminatı ilə əvəzləşdirilməli idi. Lakin cavabdeh həmin tarixdən bugünədək depozit hesabındakı pulu kredit borcuna silməmiş, əksinə cavabdehə faiz və cərimə borcları hesablamışdır. Göründüyü kimi, cavabdehin kredit borcunun hazırda mövcud olmasında iddiaçının təqsiri olmuşdur. Bundan başa, iddiaçı məhkəməyə müraciət edərkən 3 il iddia müddətini ötürmüşdür. Belə ki, mübahisə predmeti olan kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. Lakin iddiaçı xx.xx.2019-cu il tarixdə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddia müddəti xx.xx.2018-ci il tarixdə bitdiyi halda iddiaçı müddəti ötürərək 5 ay sonra məhkəmədə iddia qaldırmışdır.

13. İddiaçı iddia müddətinin tətbiqi barədə ərizənin əsassız hesab edilməsi ilə bağlı ərizə ilə müraciət edərək, xx.xx.2015-ci il tarixli 285F4 saylı kredit xətti müqaviləsinə edilmiş 6 saylı əlavəyə əsasən kredit müqaviləsinin tarixinin 6 ay müddətində uzadıldığını və sonuncu ödəmə tarixinin xx.xx.2016-cı il təyin edildiyini bildirmiş, bununla da iddia müddətinin xx.xx.2018-ci il tarixində yox, xx.xx.2019-cu il tarixində bitməsi və bank tərəfindən xx.xx.2019-cu il tarixində məhkəmədə iddia qaldırılması səbəbilə ərizənin əsassız hesab edilməsini xahiş etmişdir.

14. Cavabdehin nümayəndəsi və vəkili etiraza əlavə təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2016-cı il tarixədək, yəni İddiaçı ASC-nin ləğv olunduğu tarixədək kredit üzrə öhdəliyini gecikdirmədən, əksinə cədvəl üzrə aylıq ödəniş məbləğindən daha çox ödəniş edərək icra etmişdir. Çünki, borc məbləği həcmində digər cavabdehin depoziti olmuş və ödənişlər həmin depozit hesabına edilmişdir. Bu fakt iş materialında olan girov müqavilələri ilə də təsdiq olunur. Həmin müqavilələrdən aydın görünür ki, kredit ödənişləri həcmində depozit məbləği azaldılmışdır. Lakin, xx.xx.2016-cı il tarixdə İddiaçı ASC ləğv edildiyi üçün cavabdeh depozitini götürə bilməmiş və nəticədə kredit borcunu ödəyə bilməmişdir. Öhdəlik iddiaçının öz öhdəliyini gecikdirməsi nəticəsində icra edilə bilməmişdir. Kreditor müflis elan olunaraq fəaliyyəti dayandırılıb və bundan sonra onun borcludan əldə edəyəcəyi vəsaiti yenidən istifadə etmək imkanı yoxdur. Bu halda iddiaçının cavabdehdən əlavə faizlər tələb etmək hüququ da yoxdur. Eyni zamanda “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 72-ci maddəsində bankın müflis olmasının nəticələri göstərilmişdir. Həmin maddədə müflis olarkən banka öhdəliklərini icra etməmək hüququ verilmir. Həmin qanunun 78-ci maddəsinə əsasən qanunun 82-ci maddəsinin tələbinə əməl edilməklə müflis bankla onun kreditoru arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Bu barədə cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə iddiaçıya müraciət ünvanlanmışdır. İddiaçı həmin müraciətə xx.xx.2017-ci il tarixdə 2948 nömrəli məktubla cavab verərək bildirmişdir ki, tələb olunan depozit məbləği qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş qaydada kredit borcu ilə əvəzləşdiriləcək. Cavabdeh nəzərə alır ki, kreditin təminatı olan depozit hesabındakı məbləğ artmayacaq, ona görə sığorta hadisəsi baş verən tarixə mövcud borc ilə girov predmeti olan depozit məbləği arasında yaranmış fərqi iddiaçıya ödəməyə hazırdır. İddiaçı ona verilmiş girov predmetinin saxlanılması üçün məsuliyyət daşıyır. Əgər girov predmeti itirilmişsə o zaman girov qoyan dəymiş zərərin əvəzini tələb edə bilər. Girovla təmin edilmiş öhdəlik üzrə borclu olan girov qoyan girov predmetinin itirilməsi və ya zədələnməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi barədə girov qoyana verdiyi tələbi girovla təmin edilmiş öhdəliyin ödənilməsinə aid edə bilər.

15. İddiaçı bununla bağlı bildirir ki, tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyən yazılı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə kredit verilmiş, lakin sonuncu müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, onun iddiaçıya əsas borc və faiz borcu ödənilməmiş qalmışdır. Mülki qanunvericiliyə görə borc öhdəliyinin onun təmini üsulu kimi girova yönəldilməsi kreditorun vəzifəsi deyil, hüququdur. Hazırkı halda, iddiaçı tərəfindən ona məxsus olan hüquqdan istifadə edilməməsi Mülki Məcəllənin tələblərinə zidd deyildir. Eyni zamanda, “Banklar Haqqında” Qanunun 78-ci maddəsinin məzmunundan göründüyü kimi, həmin norma imperativ deyil, dispozitiv xarakterli normadır, yəni həmin maddə ilə müflis elan olunmuş bankın üzərinə əvəzləşdirilmənin aparılması üçün öhdəlik qoyulmur, həmin əvəzləşdirmənin onun səlahiyyəti çərçivəsində olduğu və bu qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş qaydada aparıla biləcəyi qeyd olunur. Həmçinin, “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsində ödənişlərin növbəliliyi qaydası müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə banka girov qoyulmuş əmanət təminatsız kreditor tələblərinə aiddir və həmin tələb üzrə kredit müqaviləsinə əsasən borc öhdəliyinin əvəzləşdirilməsi yalnız bu Qanunun tələblərinə əsasən növbəlilik qaydasında bankın ləğvedicisinin səlahiyyətləri çərçivəsində aparıla bilər.

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-4799/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

17. Cavabdeh BOKT "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə iddia müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. İşin məhkəmədə qeydiyyata alınma tarixi isə xx.xx.2019-cu il tarix müəyyən olunmuşdur. Lakin məhkəmə heç bir əsas olmadan belə qənaətə gəmişdir ki, iddiaçı 5-6 gün qabaq sənədləri poçta təhvil vermişdir. Halbuki, iş materialında iddia ərizəsinin və digər sənədlərin məhkəməyə poçt vasitəsilə göndərilməsi barədə sübut yoxdur. Bundan əlavə, Mülki Məcəlləsinin 445.8-ci maddəsində qeyd olunub ki, nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Lakin hazırda öhdəlik kreditorun icranı gecikdirməsi nəticəsində icra edilməmişdir. Məhkəmə isə mübahisəyə səhv norma tətbiq etdiyi üçün və işi obyektiv araşdırmadığı üçün kreditorun icranı keçikdirməsini aşkar edə bilməmişdir. Halbuki, iddiaçı bu faktı təsdiq edən kifayət qədər sübutlar təqdim etmişdir. Mülki Məcəllənin 446-cı maddəsinin tələbindən göründüyü kimi, əgər iddiaçı cavabdehə qarşılıqlı öhdəliyin tələb olunan icrasını təklif etmirsə, yəni depozit vəsaitinin kredit borcu ilə əvəzləşdirilməsini təklif etmirsə, o zaman icranı gecikdirmiş sayılır. Belə olan halda o, cavabdehdən əlavə faizlər tələb edə bilməzdi. Məhkəmə isə, cavabdehin bu arqumentinə səhv prizmadan yanaşaraq qeyd etmişdir ki, kredit öhdəliyi ilə girovun hər hansı bir əlaqəsi yoxdur. Məhkəmə o halda haqlı ola bilərdi ki, cavabdehə məxsus depozit məbləği girov predmeti olmazdı. Digər tərəfdən iddiaçı cavabdehdən faizlər tələb etmək üçün onun ödəməli olduğu vəsaitdən gəlir əldə edə bilməməsini sübut etməli idi. Həmçinin hamıya məlumdur ki, kreditor müflis elan olunaraq fəaliyyəti dayandırılıb və bundan sonra onun borcludan əldə edəyəcəyi vəsaiti yenidən istifadə etmək imkanı yoxdur. Bu halda iddiaçının cavabdehdən əlavə faizlər tələb etmək hüququ da olmamışdır. Lakin məhkəmə bu arqumentə də münasibət bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, mülki qanunvericiliyə görə borc öhdəliyinin onun təmini üsulu kimi girova yönəldilməsi kreditorun vəzifəsi deyil, hüququdur. Hazırkı halda, iddiaçı tərəfindən ona məxsus olan hüquqdan istifadə edilməməsi Mülki Məcəllənin tələblərinə zidd deyildir. Eyni zamanda cavabdeh tərəfindən “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına da səhv izah verilmişdir. Belə ki, birincisi həmin qanunun 78-ci maddəsinin məzmunundan da göründüyü kimi, həmin norma imperativ deyil, dispozitiv xarakterli normadır, yəni həmin maddə ilə müflis elan olunmuş bankın üzərinə əvəzləşdirilmənin aparılması üçün öhdəlik qoyulmur, həmin əvəzləşdirmənin onun səlahiyyəti çərçivəsində olduğu və bu qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş qaydada aparıla biləcəyi qeyd olunur. Həmçinin, cavabdeh tərəfindən verilmiş etirazdan da göründüyü kimi müflis bankla onun kreditoru arasında öhdəliklərin əvəzləşdirilməsi “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsinin tələblərinə əsasən aparıla bilər. Həmin Qanunun 82-ci maddəsində isə ödənişlərin növbəliliyi qaydası müəyyən edilmişdir. Yuxarıda göstərilənlər həmçinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4799/2022 saylı qətnaməsi ilə də öz təsdiqini tapır. Cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd edilmiş faiz borclarının dayandırılmalı olması məsələsinə münasibətdə isə bildirilir ki, məhkəmənin də qeyd etdiyi kimi, “Banklar haqqında” Qanununun 72.1.6-cı maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Göstərilən normanın məzmunundan da göründüyü kimi bankın müflis elan olunmasına dair qərarın qüvvəyə minməsi bankın aktivlərinə faizlərin və digər haqların hesablanmasını dayandırmır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

24. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

25. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

26. Həmin Məcəllənin 295-ci maddəsinə əssən girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

27. Həmin Məcəllənin 371.1-ci maddəsinə əsasən əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır.

28. Həmin Məcəllənin 371.2-ci maddəsinə əsasən müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır.

29. “Banklar haqqında” Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür.

30. Həmin Qanunun 72.1 və 72.1.6-cı maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.

31. Həmin Qanunun 78.1-ci maddəsinə görə bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər.

32. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

35. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 462.1, 445.7-ci maddələri təşkil edir.

36. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

37. Belə ki, tərəflər arasında yuxarıda qeyd olunan kredit müqaviləsinin bağlanması mübahisəsizdir.

38. Eyni zamanda ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, BOKT "xxxx" ASC-nin xx.xx.2019-cı il tarixə dövrün sonuna qalıq əsas borcu 91987 manat, faiz borcu 914,69 manat, cərimə 3587,46 manat təşkil etmişdir.

39. İddiaçı tərəfindən verilmiş **********410 saylı, xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə də təsdiq edilir ki, BOKT "xxxx" ASC-nin İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 91987 manat məbləğində əsas, 914,69 manat məbləğində faiz borcu, 3587 manat məbləğində müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə, 27528 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi hesablanmış faiz borcu olmaqla, cəmi 124017 manat məbləğində kredit borcu vardır.

40. Eyni zamanda, cavabdeh borcun məbləğini mübahisələndirmir.

41. Göründüyü kimi cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.

42. Qeyd olunanları, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı və cavabdeh tərəfindən kredit müqaviləsi üzrə tələb olunan borcun məbləğinin mübahisələndirilmədiyini nəzərə alaraq və Mülki Məcəllənin 739.1, 741, 462.1, 445.7-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

43. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, hazırki apellyasiya baxışı zamanı iddiaçı tərəfindən iddia ərizəsinin poçt orqanına verilməsinə dair qəbzin əslinə (qəbzin kserosurəti birinci instansiya məhkəməsində təqdim edilmişdir) baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddia ərizəsi xx.xx.2019-cu il tarixdə poçt orqanına təhvil verilmişdir. Göründüyü kimi iddiaçı kredit müqaviləsi üzrə 3 illik iddia müddətinin sonuncu günündə, xx.xx.2019-cu il tarixdə iddia ərizəsini rabitə orqanına vermişdir. Mülki Məcəllənin 371.2-ci maddəsində isə təsbit edilmişdir ki, müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. Bu baxımdan kollegiya hesab edir ki, iddia müddəti ötürülməmişdir.

44. Digər dəlillərər dair kollegiya qeyd edir ki, mövcud mülki qanunvericiliyə əsasən girov (ipoteka) qoyanın bu hüququ, yəni tələbin girov (ipoteka) predmetinə yönəldilməsini tələb etmək hüququ yoxdur və bu hüquq yalnız girov (ipoteka) saxlayana məxsusdur. Ona görə də, kollegiya hesab edir ki, cavabdeh etirazını bu şəkildə (tələbin girova yönəldilməsi) əsaslandırılsa da, cavabdeh faktiki olaraq tələblərin əvəzləşdirilməsini xahiş edir. Halbuki, “Banklar haqqında” Qanunun 72.1.2, 72.1.3, 78.1-ci maddələri baxımından cavabdeh etirazında irəli sürülən tələblərə mülki məhkəmə icraatında deyil, “Banklar haqqında” Qanunun xüsusi tələbləri çərçivəsində baxılmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir.

45. Cavabdeh tərəfindən Mülki Məcəllənin 445.8-ci maddəsinə istinad edilməsi də əsassızdır. Belə ki, həmin maddədə borclunun öz öhdəliyinin kreditorun gecikdirməsi nəticəsində icra edilə bilməməsi ilə bağlı məsələlər tənzimlənir. Kredit müqaviləsinin təminatı olaraq girov müqaviləsinin bağlanması isə kreditorun tutmanın girov predmetinə yönəldilməsi ilə bağlı öhdəliyini yaratmır. Çünki Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutmanın girov qoyulmuş əşyaya yönəldilməsi girov saxlayanın (kreditorun) vəzifəsi və ya öhdəliyi deyil, hüququqdur. Bundan başqa, hazırki işdə iddiaçının son olaraq irəli sürdüyü iddia tələbləri yalnız kredit müqaviləsi üzrə borcun tutulmasından ibarət olduğuna görə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən məhkəmənin iddia tələblərindən kənara çıxmağa hüququ yoxdur.

46. Bank müflis olunduqdan sonrakı müddət üçün gecikdirilmiş borc məbləğinə faizlərin (həm müqavilə üzrə faizlərin, həm müqavilə müddəti bitdikdən sonrakı müddət üçün illik 5 % olmaqla hesablanmış faizlərin) hesablanmalı olmaması barədə cavabdehin dəlilləri də əsassızdır. Belə ki, “Banklar haqqında” Qanununun 72.1, 72.1.6-ci maddəsinə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.

47. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh BOKT "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-4799/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar