Məhkəmə qərarları › İş №2-2(103)-374/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-374/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-374/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli e-2-2(113)-861/2024 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və X2 birgə qaydada DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 68801,03 manat əsas borc, 8133,81 manat cərimə borcu olmaqla, cəmi 76934,84 manat məbləğində borcun; DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 125000 manat əsas borc, 1770,83 manat faiz borcu, 19888,89 manat cərimə borcu olmaqla, cəmi 146659,72 manat məbləğində borcun; DC00181216-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12272,69 manat əsas borc, 1284,78 manat faiz borcu, 155,03 manat cərimə borcu olmaqla, cəmi 13712,5 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 128 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-861/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş və həmin şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommerisya Kollegiyasının 2-2(103)-1160/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti müddət ötürülərək verildiyi üçün həmin şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-861/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdeh1 apellyasiya şikayətin verilmə müddətinin bərpa olunması barədə ərizə verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-861/2024 nömrəli iş üzrə xx.xx.2024cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına səbəb Cavabdeh1 MMC-nin elektron məhkəmə kabinetinə gələn hazırda mübahisələndirilən qətnamənin sistemə yerləşdirilməsi ilə bağlı iki bildirişin gəlməsidir. Belə ki, sonuncu gələn bildirişdə qətnamənin proses iştirakçısına xx.xx.2024- cü il tarixdə göndərildiyi qeyd edilmişdir. Buna görə də cavabdeh qətnamədən xx.xx.2024- cü il tarixdə apellyasiya şikayət vermişdir. Şikayət geri qaytarıldıqdan sonra aparılan araşdırma nəticəsindən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə qətnamənin yerləşdirilməsi ilə bağlı daha bir bildiriş mövcuddur. Sistemdə qətnamənin sistemə yerləşdirilməsi ilə bağlı iki fərqli bildirişin olması cavabdehdə çaşqınlıq yaratmış və bu səbəbdən də cavabdeh sonuncu, yəni xx.xx.2024-cü il tarixdən müddətin axımını hesablamışdır. Müddətin cəmi 1 gün və texniki səhv ucbatından buraxılması səbəbilə buraxılmış müddət bərpa edilməlidir. Elektron məhkəmə sistemindən qətnamənin sistemə yerləşdirilməsi ilə bağlı iki fərqli tarixli bildiriş gəlməsi cavabdehin məhkəməyə çatımlılıq hüququnu məhdudlaşdırmamalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-861/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli və Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli e-2-2(113)-861/2024 saylı qərardadı ləğv edilməli, Cavabdeh1 MMC tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya qeyd edir ki, qətnamə xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC-nin elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada verildiyi halda sonuncu həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermiş, bununla da qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddəti bir gün buraxmışdır. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh prosessual müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilərək bərpa edilməsi üçün əsas qismində ona istinad etmişdir ki, cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetində hazırkı iş üzrə məhkəmə aktının xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə imzalanması barədə iki fərqli bildiriş yerləşdirilib, göstərilən hal onun tərəfindən prosessual müddətin axımının xx.xx.2024-cü il tarixdən hesablanmasına səbəb olmuşdur. İstinad etdiyi halı sübuta yetirmək üçün cavabdeh elektron kabinetin “bildirişlər” bölməsindən çıxarışı təqdim etmişdir. Sözügedən çıxarışdan müəyyən edilir ki, cavabdehin elektron kabinetinə “e-2-2(113)-861/2024 saylı iş üzrə məhkəmə aktı proses iştirakçısına xx.xx.2024-cü il tarixdə imzalandı” adlı bildiriş daxil edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpa edilməsi barədə ərizəyə baxarkən, cavabdehin EMİS-də yaradılmış elektron kabinetinə məhkəmə aktının xx.xx.2024-cü il tarixdə imzalanması barədə bildirişin yerləşdirilməsinin sonuncuda apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımının başladığı tarixlə bağlı çaşqınlıq yaratmasını, elektron sistemdəki çatışmazlıq və qeyri-müəyyənliklərin cavabdehin məhkəməyə çatımlılıq hüququnun, o cümlədən həmin hüququn tərtib hissəsi olan məhkəmə aktlarından şikayət etmək hüququnun əsassız məhdudlaşdırılmasına gətirib çıxarmasının yolverilməz olduğunu, eləcə də prosessual müddətin cəmi bir gün ötürüldüyünü nəzərə almamış və nəticədə prosessual müddətin buraxılmasının üzürlü səbəbdən baş verməməsi barədə əsassız nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, Cavabdeh1 MMC-nin ərizəsi təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-861/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət Cavabdeh1 MMC-yə münasibətdə bərpa edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli e-2-2(113)-861/2024 saylı qərardadı ləğv edilsin. Cavabdeh1 MMC-nin müddətin bərpası barədə ərizəsi təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-861/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət Cavabdeh1 MMC-yə münasibətdə bərpa edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Elnur Həsənov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar