Məhkəmə qərarları › İş №2-2(103)-375/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-375/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-375/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-259/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.01.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı Kommersiya Məhkəməsinin 11.01.2022-ci il tarixli e-2-2(113)-259/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı borcun ödənilməsi tələbinə dair iddia rədd edilmişdir. İddiaçı MMC həmin qətnamədən apelyasiya şikayəti vermişdir. İddiaçının və cavabdehin nümayəndələri elektron qaydada məhkəməyə müraciət edərək, tərəflər arasında mediasiya qaydasında barışıq sazişinin bağlandığını bildirmiş və həmin sazişi təqdim edərək, onun təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İddiaçı MMC, Cavabdeh MTK və mediator X1 tərəfindən imzalanmış 07.04.2022-ci il tarixli barışıq sazişində aşağıdakı şərtlər müəyyən edilmişdir: Maddə 2. Barışığın şərtləri 2.1. ünvan 1 ünvanda daimi qeydiyyatda olan və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X4 ilə Cavabdeh MTK arasında imzalanan 08 yanvar 2015-ci il tarixli "öhdəliklər haqqında" müqavilə ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin sahibliyinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 3 ünvanda yerləşən ərazidə hündürmərtəbəli yaşayış binalarının inşa edilməsinə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən başlayanadək icarə haqlarının hesablanması müvəqqəti olaraq dayandırılır və həmin müddətdə icarə müqaviləsi üzrə ödənişlər edilmir. 2.2. Cavabdeh "xxxx" MTK ünvan 1 ünvanda daimi qeydiyyatda olan və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 qarşı "öhdəliklərin icra edilməsi, o cümlədən sahənin təhvil-təslim edilməsi və vurulmuş maddi ziyanın ödənilməsinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edir. 2.3. İddiaçı ilə cavabdeh arasında imzalanmış 15 iyun 2021-ci il tarixli üzləşmə aktı ilə təsdiq edilmiş 2.210.000 (iki milyon iki yüz on min) manat icarə haqqı üzrə cavabdeh "xxxx" MTK-nın borcunun ödənilməsi təmin edilməklə, həmin məbləğin gecikdirilməsinə görə hesablanmış 331.500 (üç yüz otuz bir min beş yüz) manat təşkil edən cərimənin ödənilməsini cavabdehdən tələb etmir. 2.4. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, 3 ünvanda yerləşən ərazidə hündürmərtəbəli yaşayış binalarının inşa edilməsinə cavabdeh tərəfindən başlanandan sonra 2.210.000 (iki milyon iki yüz on min) manat icarə haqqı borcunun hissəvi ödənilməsi üçün iddiaçı cavabdehə 18 (on səkkiz) ay müddət verir və cavabdeh "xxxx" MTK həmin müddət ərzində 2.210.000 (iki milyon iki yüz on min) manat icarə haqqını ödəməyi öhdəsinə götürür. 2.5. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.6. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.7. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.8. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm də məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 2.9. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5. yaxın qohumlara; 3.4.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mülki Prosessual Məcəllənin 52.3, 52.5, 191.1, 191.2, 261.0.5, 262.4, 384.0.5-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunduğuna, barışıq sazişi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməli, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı MMC, Cavabdeh MTK və mediator X1 tərəfindən imzalanmış 07.04.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-259/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.01.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar