Məhkəmə qərarları › İş №2-2(103)-376/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-376/2024

29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-376/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhər Heyvanat Parkına qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-343/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Bakı Şəhər Heyvanat Parkına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən keçirilən tenderdə baş vermiş qanunsuzluqlar nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi kimi 75600 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh tərəfindən “heyvanlar və sair canlılar üçün illik rasion üzrə yemlərin, qidaların” satınalması məqsədilə xx.xx.2023-ci il tarixdə elan edilmiş elektron açıq tenderin xx.xx.2023-cü il tarixli açılış protokoluna əsasən qiymət təklifləri içərisində 1-ci yerdə göstərilmişdir. Lakin tender prosedurunun elektron idarəedicisi komissiya üzvlərinin elektron asan imzasını özündə saxlayaraq, tenderin nəticələrini komissiya üzvləri ilə müzakirə etmədən, onları məlumatlandırmadan 2-ci yer tutan “X1” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində müvafiq instansiyalara çoxsaylı şikayətlərdən sonra yuxarıda qeyd olunan tenderin nəticələri ləgv edilmişdir. Ləğvetmənin səbəbi olaraq dövlət müəssisə və təşkilatlarının ərzaq məhsulları ilə təminatının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilməli olduğu göstərilmişdir. Qeyd olunan hadisələrin məntiqi sonu kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Şəhər Heyvanat Parkının ərzaq məhsulları ilə təmin etməli idi. Lakin həmin müddətdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Şəhər Heyvanat Parkına hər hansı ərzaq məhsulları satılmamış və Bakı Şəhər Heyvanat Parkı yeni tender elan olunanadək, yəni dörd ay ərzində hər hansı tender elan etmədən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə yaxın olan şirkətdən ərzaq məhsulları almışdır. Belə olan halda, bundan əvvəl “heyvanlar və sair canlılar üçün illik rasion üzrə yemlərin, qidaların” satın alınması məqsədilə keçirilən açıq elektron tenderin nəticələrinin (müsabiqə nömrəsi – 57428) ləğv edilməsi gözdən pərdə asmaq və faktiki olaraq iddiaçını tenderdən uzaqlaşdırmaq məqsədi daşıyıb. 25 iyun 2023-cü il tarixdə yenidən açıq tender (müsabiqə nömrəsi – 68766) elan edilmiş və prosesdə 4 iştirakçı – iddiaçı qismində iştirak etmişdir. Müsabiqənin nəticələri təhrif olunaraq 1-ci və 2-ci yeri tutan iddiaçıya deyil, 3-cü yeri tutan “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmişdir. Bununla bağlı müvafiq şikayətlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baxılmış, müsabiqə üzrə tender təkliflərinin qanunvericiliyin tələbinə uyğun yenidən qiymətləndirilməsi qərara alınaraq xidmətin xx.xx.2023-cü il 3-21-1/2-16932/2023 tarixli məktubu ilə cavabdeh bu barədə məlumatlandırılmışdır. Lakin tender komissiyası 2023-cü ildə 3-cü dəfə olaraq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan etmişdir. 1-ci tenderin formal olaraq ləğv edilməsi və iddiaçının həmin tenderdən uzaqlaşdırılması nəticəsində sonuncunun tenderdə verdiyi təklifin 10%-i, yəni 75000 manat, 450 manat iştirak haqqı və 150 manat bank təminatı olmaqla ümumilikdə iddiaçıya 75600 məbləğində zərər dəymişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-343/2024 nömrəli qərardadı ilə (hakim Nərmin Əhmədova) İddiaçı MMC-nin cavabdeh Bakı Şəhər Heyvanat Parkına qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmiş, iddiaçıya eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etməli olduğu izah edilmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 343/2024 nömrəli qərardadının ləğv edilərək İddiaçı MMCnin cavabdeh Bakı Şəhər Heyvanat Parkı qarşı vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata götürülməsi, əks halda şikayətə baxılması üçün iş üzrə materialların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bir neçə məhkəmə iclası keçirilsə də, iddiaçının tələbləri məhkəmə iclaslarında bir neçə dəfə səslənilsə də, məhkəmə iddianın mahiyyətini, tələbin tenderdən kənarlaşdırma ilə bağlı deyil, satınalan təşkilatın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğunu nəzərə almamışdır. Bakı Kommersiya Məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməyərək cavabdehlə iddiaçının arasında yaranın mübahisənin inzibati münasibətlərdən irəli gəldiyini zənn etmiş, prosessual normalar pozularaq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 31-ci və 32-ci maddələrinə riayət edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-343/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-343/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının tələbinə baxılması kommersiya məhkəməsinin səlahiyyətinə aid deyil. İşdən görünür ki, iddiaçı Bakı Şəhər Heyvanat Parkının tender komissiyası tərəfindən “Dövlət satınalamaları barədə” Qanunun tələblərinin pozulduğunu (müsabiqənin nəticələrinin təhrif olunduğunu) və nəticədə ona maddi ziyan dəydiyini iddia edərək həmin ziyanın tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 1-4-cü bəndlərinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2- ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (tenderin keçirilməsi zamanı qüvvədə olan 27 dekabr 2001-ci il tarixli 245-İİQ nömrəli Qanun) 1.1-ci maddəsinə əsasən, bu Qanun, bu Qanunun 1.2-1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən, tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə) və ya məhkəməyə müraciət edə bilər. Dövlət satınalamaları haqqında qanunvericilikdə nəzərdə tutulmuş qayda nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatların bütün satınalamaları üçün yox, yalnız malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınması hallarına şamil edilir. Hazırkı iş üzrə cavabdeh kommersiya hüquqi şəxsi olsa da, adıçəkilən tender malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri hesabına satın alınması ilə əlaqədar olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mübahisə cavabdehin publik hüquq sahəsinə aid fəaliyyəti ilə bağlıdır və “Dövlət satınalmaları haqqında” Qanunun normaları əsasında inzibati məhkəmə icraatı çərçivəsində həll edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-343/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-343/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar