Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-377/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-298/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ASC (Borc verən) ilə Cavabdeh MMC ( Borc alan) arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Kredit Müqaviləsi”nə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli № 028/M saylı razılaşmanın 1.3-cü bəndinə əsasən Cavabdeh MMC müqaviləni imzalamaqla, krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öz öhdəsinə götürməyi qəbul etmişdir. Həmin müqavilənin: Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər ücün Borc alana İllik 6 % hesablanmaq şərti ilə, 24 ay müddətinə 351000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. 1.4-cü bəndinə əsasən FİFD-6% təşkil edir. 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində ayrılmış kredit məbləği Borc alanın "dövriyyə vəsaitinin artırılması" məqsədi üçün nəzərdə tutulmuşdur. 4.2-ci bəndinə əsasən borc alan tərəfindən kreditin qaytarılması faizlər aylıq, əsas məbləğ müddət ərzində olmaqla "01" aprel 2024-cü il tarixinə kimi tam ödənilməklə həyata keçiriləcəkdir. 4.4-cü bəndinə əsasən qaytarılmış məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, sonra isə kreditin əsas məbləğinin ödənilməsinə yönəldilir. 4.6-cı bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri vaxtında ödənllmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədlkdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda Borc alan Borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0,1 % miqdarında vaxtı keçmiş faiz ödəyir. 4.7-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə İcra edllmədlkdə Borc alan Borc verənə verilmiş kredit məbləğinin 12 % miqdarında dəbbə pulu (cərimə) ödəyir. 4.8-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi icra edilmədikdə və ya lazımınca icra edilmədlkdə Borc alan Borc verənə dəymiş zərərin əvəzini ödəməyə borcludur. 4.9-cu bəndinə əsasən borc alan müqavilə üzrə öhdəliklərini vaxtında və ya lazımi qaydada icra etməzsə, həyata keçirilən ödənişlər ilk növbədə müqavilə ilə nəzərdə tutulmuş cərimələrin, sonra faizlərin və ən sonda kreditin əsas məbləğinin ödənilməsinə yönəlir. 5.4.1-ci bəndinə əsasən bu müqavilə üzrə ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəmək borc alanın vəzifəsidir. 7.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2024-cü il tarixinə qədər bağlanılır və göstərilən müddət bitənə qədər borcun məbləği və ona hesablanmış faizlər Borc alan tərəfindən Borc verənə qaytarılmalıdır.
2. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli, **********989 saylı bildiriş məktubundan görünür ki, Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə imzalanmış № 028/M saylı “Kredit Müqaviləsi”nə əsasən gecikmə yarandığı qeyd olunmuş və öhdəliyin icrası tələb olunmuşdur.
3. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli **********153 saylı maliyyə arayışına əsasən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixə ləğv prosesində olan İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri xx.xx.2022-ci il tarixdə imzalanmış № 028/M saylı “Kredit Müqaviləsi”nə əsasən 351000 manat əsas borc, 21838.50 manat faiz borcu, cəmi 372 838.50 manat təşkil edir.
4. 17.05.2024-cü il tarixli **********87 nömrəli qəbzdən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC 891 manat məbləğində dövlət rüsumu ödəmişdir.
5. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və 30 sentyabr 2024-cü il tarixli, 3-16-16/2- 9/6803/2024 №-li ekspert rəyi ilə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 028/M saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 028/M saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu 16 yanvar 2024-cü il tarixinə əsas borc 351.000,00 manat, faiz borcu 23.125,50 manat, xx.xx.2024cü il tarixinə əsas borc 351.000,00 manat, faiz borcu 27.513,00 manat olması müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 351000 manat məbləğində əsas və 21838,50 manat məbləğində faiz borcu olmaqla, cəmi 372838,50 manat pul vəsaitinin, həmçinin iş üzrə ödənilmiş 662,84 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 04 aprel 2022-ci il tarixli, 028/M saylı Kredit xətti müqaviləsinə əsasən borcalana 24 (iyirmi dörd) ay müddətinə illik 6% (altı) faiz dərəcəsi ilə 351.000 (üş yüz əlli bir min manat) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən müqavilə üzrə ayrılmış krediti və həmin məbləğə hesablanmış faizlərin Borc alandan müqaviləyə uygun ödənilməsini tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin 5.4.2-cü bəndinə əsasən borcalan aldığı krediti qanunvericiliyə uyğun olaraq kredit məqsədi üzrə istifadə edilməsi və kreditin vaxtında qaytarılması üçün məsuliyyət daşıyır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********989 saylı xx.xx.2024-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə cavabdehin banka 351000 manat məbləğində əsas və 21838,50 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 372838,50 manat məbləğində borcu yaranmışdır
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-298/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 351000 manat məbləğində əsas və 21838,50 manat məbləğində faiz borcu olmaqla, cəmi 372838,50 manat pul vəsaiti, həmçinin iş üzrə ödənilmiş 662,84 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixdə imzalanmış № 028/M saylı “Kredit Müqaviləsi”nə əsasən illik faiz dərəcəsi 6% olmaqla 351000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək kredit məbləğini versə də, borcalan müqavilə üzrə öhdəliklərini tam icra etməmiş, aldığı krediti və faizini qaytarmamış, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehə qarşı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə işin hallarını, sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsaslı və haqlı olduğundan təmin edilməlidir. Məhkəmə borc məbləğinə münasibətdə qeyd edir ki, ekspertiza nəticəsində xx.xx.2022-ci il tarixli, 028/M saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il və xx.xx.2024- cü il tarixinə əsas borc iddia tələbi ilə eyni, faiz borcun məbləğləri isə iddia ərizəsində tələb edilən faiz borcun məbləğindən çox olduğu müəyyən edilmişdir. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə faiz borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən faiz borcu həmin kredit razılaşmaları üzrə iddia tələbinə uyğun, 21838,50 manat məbləğində tutulmalıdır. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 662.84 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
10. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi xahiş edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR MPM-də göstərilmişdir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehə borcunun ödənilməsinə dair məlumat verməmişdir. AR MPM-də göstərilmişdir ki, Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat verilməlidir. Müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bununla yanaşı bildirirlər ki, İddiaçı ASC ilə borcun ödənilməsinə möhlət verilməsinə dair razılıq əldə edilmişdir. Ona görə də, borc bir müddət ödənilməmişdir, sonradan isə bankın fəaliyyəti dayandırılmışdır. Bundan sonra isə iddiaçı cavabdeh MMC-yə borcun tələb edilməsi barədə pretenziya göndərmədən məhkəməyə müraciət etməklə AR MPM-nin tələblərini pozmuşdur. Bundan əlavə İddiaçı ASC ilə borcun ödənilməsinə möhlət verilməsinə dair razılıq əldə edilmişdir. Ona görə də, borc bir müddət ödənilməmişdir, sonradan isə bankın fəaliyyəti dayandırılmışdır. Bundan sonra isə iddiaçı cavabdeh MMCyə borcun tələb edilməsi barədə pretenziya göndərmədən məhkəməyə müraciət etməklə AR MPM-nin tələblərini pozmuşdur.
12. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
17. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş və həmin qətnamə tam olaraq cavabdeh tərəfindən mübahisələndirilmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı bütövlükdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (borc verən) ilə Cavabdeh MMC ( borc alan) arasında imzalanmış xx.xx.2022-ci il tarixli 028/M saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən borc alana illik 6 % hesablanmaq şərti ilə, 24 ay müddətinə 351000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklər Cavabdeh MMC tərəfindən lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Hazırda iddiaçı LPO İddiaçı ASC mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulmasını tələb edir.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehlərə xəbərdarlıq məktubu göndərməklə və həmin müqavilədə kredit məbləğinin tam şəkildə qaytarılmasını tələb etməklə müqavilənin ləğv edilməsinə yönəldilmiş iradəsini ifadə etmişdir. Odur ki, mübahisəli kredit müqaviləsi həmin tarixdən birtərəfli qaydada ləğv edildiyindən iddiaçı kredit müqaviləsi üzrə faizlərin həmin tarixədək olan müddət üçün tələb edə bilər. İş materiallarından isə müəyyən edilir ki, iddiaçı iddia ərizəsində 16 yanvar 2024-cü il tarixinədək, yəni müqavilə ləğv edilənədək olan müddət üçün hesablanmış borcun ödənilməsini tələb etmişdir.
24. Digər tərəfdən kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə 16 yanvar 2024-cü il tarixinə (maliyyə arayışının verilməsi tarixinə, yəni iddia ərizəsində tələb edilən tarixə) kredit müqaviləsi üzrə əsas borc 351.000 manat, faiz borcu 23.125,50 manat məbləğində müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin həmin rəylə razılaşmaması üçün əsasların mövcudluğu müəyyən edilmir. Odur ki, birinci instansiya məhkəməsi cavabdehlərdən tutulacaq əsas və faiz borclarının məbləğlərini həmin rəyə əsasən iddia tələbləri həddində müəyyənləşdirməkdə haqlı olmuşdur.
1. Pretenziya məktubunun göndərilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarına xx.xx.2024-cü il tarixli pretenziya məktubu və həmin məktubun xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə cavabdehə çatdırılmasını təsdiq edən xəbərnamə əlavə edilmişdir.
2. İddiaçı ilə borcun ödənilməsinə möhlət verilməsi razılığa gəlmələri, bu səbəbdən müəyyən müddət ərzində ödənişlərin edilməməsi barədə dəlillərə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh həmin ödənişlərə möhlət verilməsi barədə bank ilə razılaşma əldə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Odur ki, həmin dəlillər də əsassızdır.
3. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə söykənməklə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
4. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
5. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
6. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-298/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova Ziya Şirinov