Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-379/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı kommersiya işi Açar söz: kredit müqaviləsi, ipoteka Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər “X4 MMC-yə və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-481/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 03 oktyabr 2019-cu il tariхli, 2019/00279-01 (KTN) nömrəli kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə (xx.xx.2022-ci il tarixədək) illik 7% hesablanmaq şərti ilə 25000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq tərəflər arasında 03 oktyabr 2019-cu il tariхli, 2019/00279-01İP nömrəli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 75 saylı mənzil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kredit üzrə ödənişlər vaxtlıvaxtında aparılmamış, kredit müqaviləsinin tələblərinə əməl olunmamış, nəticədə cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya borcu yaranmışdır. Kredit müqaviləsi və ödəniş planı tərəflərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC cavabdehlər “X4 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcmini artıraraq tərəflər arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli, 2019/00279-01 (KTN) nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən kreditin əsas borcu üzrə 14065.41 manat məbləğində qalıq, ona hesablanmış 5435.95 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14950 manat məbləğində dəbbə pulu, cəmi 34451.36 manat borcun, mediasiya xərci kimi ödənilmiş 205 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1, mənzil 75-ə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 180.000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 14065,41 manat məbləğində qalıq, ona hesablanmış 5435.95 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14950 manat məbləğində dəbbə pulu, cəmi 34 451.36 manat borcun, mediasiya xərci kimi ödənilmiş 205 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “X4” MMC arasında bağlanmış 03 oktyabr 2019-cu il tariхli, 2019/00279-01 (KTN) №-li Krеdit Müqaviləsinə əsasən 36 ay müddətinə illik 7% hesablanmaq şərti ilə 25000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1, mənzil 75-i (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış Seriya RX 0186094, tarix xx.xx.2013) ipoteka predmeti kimi iddiaçıya təqdim etmiş və bu barədə 03 oktyabr 2019-cu il tariхli, 2019/00279-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 180000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-481/2023 saylı qərardadı ilə, iddianın, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-481/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilmiş, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli, 2019/00279-01 (KTN) nömrəli kredit müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilmiş, cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən kreditin əsas borcu üzrə 14065.41 manat məbləğində qalıq, 202,22 manat məbləğində faiz borcu, 700 manat dəbbə pulu, cəmi 14967,63 manat borc və mediasiya xərcinə görə 95,65 manat pulun tutulması, tutma, ilkin satış qiyməti 192000 manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan ünvan 1, mənzil 75-ə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 14065,41 manat məbləğində qalıq, faiz borcu üzrə 202,22 manat, dəbbə pulu üzrə 700 manat, cəmi 14967,63 manat və mediasiya xərcinə görə 95,65 manat İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən 17570 ABŞ dolları məbləğində pul cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.
7. Məhkəmə faiz borcuna münasibətdə qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsinə əsasən faiz borcu üzrə 5435.95 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6470 saylı rəyi ilə cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya ödəməli olduğu faiz borcu 202,22 manat məbləğində müəyyən olunmuşdur.
8. Məhkəmə dəbbə pulunun tutulmasına münasibətdə qeyd etmişdir ki, tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, 700 manat məbləğində dəbbə pulu cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmalıdır.
9. Məhkəmə iddianın müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliyini icra etməməsi, nəticədə iddiaçıya kredit borcu yaranması, bununla da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olması tam təsdiq olunduğundan, yəni cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edildiyindən iddiaçı haqlı olaraq müqavilənin ləğv edilməsi barədə bildiriş göndərmiş və ona xx.xx.2022-ci il tarixədək vaxt vermişdir. Bu halda məhkəmə hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə 03 oktyabr 2019-cu il tariхli, 2019/00279-01 (KTN) nömrəli kredit müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edildiyindən iddia göstərilən hissədə qismən təmin edilməlidir.
10. İddia tələbinin tutumanın ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 oktyabr 2019-cu il tariхli, 2019/00279-01İP nömrəli İpoteka Müqaviləsi ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilə yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir.
11. Məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 10/1800-9/1916 saylı rəyi ilə mənzilin likvid dəyəri 192000 manat müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti 192000 manat məbləğ müəyyən edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-481/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbini yenidən hesablamaqla iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş, tərəflərin çəkişmə prinspinə əməl etməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəblə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya qaydasında ləğv edilməli və iddia tələbi yenidən hesablanmaqla iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə səbəb olmuş halları ümumiyyətlə araşdırmamış, icra edilməməsi və ya lazımınca icra edilməməsində tərəflərin məsuliyyətini müəyyən etməmişdir. Məhkəmə işin bu halını araşdırmış olsaydı mülki qanunvericiliyin (maddə 458.1) tələbinə əsasən borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaltmalı idi. Birinci instansiya məhkəməsində Cavabdeh2 digər cavabdeh “X4” MMC-nin yeganə təsisçisi və direktoru olmuş X1 vəfat etməsi barədə məhkəməyə şifahi məlumat versə də məhkəmə işin bu halını araşdırmamış, hüquq varisliyi məsələsinə qiymət vermədən qətnamə çıxarmışdır. Nəticə etibarı ilə istinad olunan maddənin tələbini pozmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
15. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddə-əvvəlki redaksiya borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddə- əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Qanun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 102.2-ci maddə-məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə Cavabdeh2 tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2023-cü il tarixli e-2-2(113)- 481/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. İşin hallarından görünür ki, mübahisə kredit müqaviləsi üzrə hüquq münasibətindən irəli gəlir.
19. Hazırda qətnamə ipoteka qoyan- Cavabdeh2 tərəfindən mübahisələndirilir İpoteka qoyanın apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, borclu “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəfat etmiş, bu səbəbdən borc vaxtında ödənilməmiş, məhkəmə tərəfindən qeyd edilən hal nəzərə alınmamışdır.Məhkəmə bu dəlillə bağlı qeyd edir ki, kredi öhdəliyi hüquqi şəxsin öhdəliyi olduğundan hüquqi şəxsin direktorunun vəfat etməsi onu öhdəliyin icrasından azad etmir və mülki məsuliyyətinin ölçüsü azalmır. Buna baxmayaraq hazırkı halda iddiaçı tərəfindən 14950 manat məbləğində dəbbə pulu tələb edildiyi halda məhkəmə MM-nin 467-ci maddəsinə istinad etməklə dəbbə pulu borcunu azaltmış və 700 manat məbləğində müəyyən etmişdir.
20. İş materiallarından görünür ki, kredit öhdəliyinin icra müddəti 2022-ci ilin oktyabr ayında bitmiş və birinci instansiya məhkəməsi tərəfindən kredit borcunun hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6470 saylı rəyi ilə cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya ödəməli olduğu əsas borc 15552,33 manat, faiz borcu 202,22 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı tərəfindən tələb eilən əsas borcun məbləği daha aşağı olduğundan məhkəmə iddianı əsas borc hissəsində iddia ərizəsində qeyd edilmiş məbləğdə, faiz borcu hissəsində ekspert rəyində qeyd edilmiş məbləğdə təmin etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təkrar ekspertiza təyin edilməsi üçün MPM-nin 102.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından apellyasiya şikayətində qeyd edilənlər qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz.
21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2023-cü il tarixli e-2-2(113)-481/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-481/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.