Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-380/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin cavabdeh Azərbaycan Respublikasının Ekologiya X2 Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2-2(113)-911/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi cavabdeh Azərbaycan Respublikasının Ekologiya X2 Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə cavabdeh Azərbaycan Respublikasının Ekologiya X2 Nazirliyi yanında Milli Hidrometeorologiya Departamenti (hazırda Azərbaycan Respublikasının Ekologiya X2 Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti) arasında bağlanmış **-RX-***4 nömrəli, xx.xx.2014-cü il tarixli Rabitə xidmətinə dair müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 783,52 manat (yeddi yüz səksən üç manat əlli iki qəpik) məbləğində əsas borcun və 50 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2-2(113)-911/2024 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 911/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin cavabdeh Azərbaycan Respublikasının Ekologiya X2 Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Hesab edirlər ki, həmin qərardad əsassız olduğundan ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılmalıdır. Qərardad onunla əsaslandırılmışdır ki, “hüquqi şəxsi etibarnamə əsasında təmsil edən şəxs ya onun işçisi, ya da vəkil olmalıdır və bir hüquqi şəxsin digər hüquqi şəxsi məhkəmədə təmsil etmək səlahiyyəti yoxdur. Ona görə də "xxxx" MMC-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsini məhkəmədə təmsil etmək səlahiyyəti yoxdur. Belə olan halda "xxxx" MMC-nin vəkil Nümayəndə1 vermiş etibarnamə də sonuncunun məhkəmədə nümayəndə qismində çıxış etməyinə əsas verə bilməz. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən "xxxx" MMC-yə verilmiş etibarnamədə səlahiyyətlərin başqa şəxsə etibar edilə bilməsi göstərilməmişdir”. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin mövqeyi tamamilə yanlışdır. Belə ki, iddiaçı etibarnamə əsasında İdarəni cinayət, inzibati xətalar, mülki və kommersiya işləri üzrə icraat aparılan işlərdə bütün məhkəmə instansiyalarında, mediasiya, hüquq mühafizə, inzibati və digər orqan, idarə və təşkilatlarda təmsil etməyi "xxxx" MMC-yə tapşırmışdır. Həmin etibarnamə rəhbər şəxsin imzası və hüquqi şəxsin möhürü ilə verilmişdir. "xxxx" MMC isə sözügedən etibarnamə əsasında verilmiş səlahiyyətləri əsas iş yeri üzrə işçisi olan (eyni zamanda vəkil) Nümayəndə1 vermişdir. Eyni zamanda iş materiallarına vəkil orderi də əlavə olunmuşdur. Bundan əlavə, həmin etibarnamə üzrə səlahiyyətlərin başqa şəxslərə etibar edilə bilməsinin göstərilməməsi həmin səlahiyyətlərin başqa şəxslərə verilə bilməməsi anlamına gəlmir. Əgər belə olsaydı, “həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilməz” kimi birbaşa qadağa qeyd olunardı. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən AR Mülki Məcəlləsinin 362.5; 364.1-ci maddələrinin tələbləri pozulmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus idarələr məhkəmələrdə artıq 15 ildən çoxdur ki, "xxxx" MMC-yə verilmiş etibarnamə əsasında təmsil olunurlar. Bütün məhkəmələr – birinci instansiya məhkəmələri, apelyasiya instansiya məhkəmləri və AR Ali Məhkəməsi tərəfindən sözügedən etibarnamə əsasında nümayəndələrin səlahiyyətləri tanınmış və hər hansı məhdudiyyət qoyulmadan işlərə baxılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bakı Kommersiya Məhkəməsi tərəfindən AR MPM-nin 69.2; 73.4 və 73.5-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən qanunsuz və əsassız olaraq iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Halbuki iddia ərizəsi qanunvericiliyin tələbləri rəhbər tutulmaqla, maddi və prosessual hüquq normalarına riayət olunmaqla tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddiaverə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 73.5-ci maddəsinə əsasən vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. İddiaçı tərəfindən "xxxx" MMC-yə verilmiş etibarnamədə MMC-yə idarəni cinayət, inzibati xətalar, mülki və kommersiya işləri üzrə icraat aparılan işlərdə bütün məhkəmə instansiyalarında, mediasiya, hüquq mühafizə, inzibati və digər orqan, idarə və təşkilatlarda təmsil etmək tapşırılmışdır. Etibarnamədə "xxxx" MMC-nin mülki və kommersiya işləri üzrə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 69-74-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-366-cı maddələri ilə təsbit edilmiş hüquq və vəzifələr daxilində işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətləri etmək səlahiyyətlərinin olduğu qeyd olunmuşdur. Mülki Məcəllənin 364.1-ci maddəsinin mənasına görə etibarnamə verilmiş şəxs yalnız vəkil edildiyi hərəkətləri başqa şəxsə etibar edə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqi şəxsi etibarnamə əsasında təmsil edən şəxs ya onun işçisi, ya da vəkil olmalıdır və bir hüquqi şəxsin digər hüquqi şəxsi məhkəmədə təmsil etmək səlahiyyəti yoxdur. Ona görə də "xxxx" MMC-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsini məhkəmədə təmsil etmək səlahiyyəti yoxdur. Beləliklə, iddiaçını məhkəmədə təmsil etmək səlahiyyəti olmayan "xxxx" MMC tərəfindən vəkil Nümayəndə1 vermiş etibarnamə sonuncunun məhkəmədə nümayəndə qismində çıxış etmək hüququ verməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən "xxxx" MMC-yə verilmiş etibarnamədə səlahiyyətlərin başqa şəxsə etibar edilə bilməsi qeyd olunmamışdır. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2-2(113)-911/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-380/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-380/2024
29.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver