Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-380/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3nə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, ekspert rəyinin mötəbərliliyi, faiz borcunun düzgün hesablanmaması, ipotekanın qiyməti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3nə qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və boşaldılması” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına xx.xx.2021-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
2. İddiaçı ASC (bank) ilə Cavabdeh3 MMC (borc alan) arasında xx.xx.2023cü il tarixdə RB/BT-0073 nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə görə, borcalana bankdan illik 14% dərəcəsi olmaqla, 48 ay müddətinə 972 740 manat məbləğində dövriyyə vəsaitinin artırılması və ödənişlərin aparılması məqsədilə kredit verilməsi razılaşdırılmışdır.
3. Bankla Qanuni nümayəndə (zamin) arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə görə, xx.xx.2023-cü il tarixli RB/BT-0073 nömrəli kredit xətti müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
4. Bank, borc alan və Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış və Bakı şəhərinin 14 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli RB/BT-0073 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, bankla borcalan arasında bağlanmış xx.xx.2023-cü il tarixli RB/BT-0073 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini bankın xeyrinə ipoteka ilə yüklü etmiş, əmlakın bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
5. Bank tərəfindən xx.xx.2024-cü il tarixdə ipoteka qoyana “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildiriş göndərilmiş, bildirişin qeydə alınması haqqında ərizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə təqdim olunmuş, xx.xx.2024-cü il tarixdə həmin idarədə qeydə alınmışdır.
6. İpoteka bildirişinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün bank 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat məbləğində xidmət haqqı ödəmişdir.
7. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən banka ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
8. Bank tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh3 MMC-nin xx.xx.2024-cü il tarixə banka 972 740 manat əsas borc, 68 470,49 manat faiz borcu, 11 750,67 manat cərimə borcu olmaqla, ümumilikdə 1 052 961,16 manat borcu vardır.
9. Bank tərəfindən Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3nə ünvanlanmış xx.xx.2024-cü il tarixli (pretenziya) məktubda, kredit müqaviləsi üzrə borcun 3 (üç) iş günü müddətində banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı ASC (iddiaçı) Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3 MMC-nə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC-dən və Qanuni nümayəndə müştərək qaydada 25 sentyabr 2023-cü il tarixli RB/BT-0073 saylı kredit müqaviləsinə görə 972 740 manat, faiz borcuna görə 68 470,49 manat, cərimə borcuna görə 11 750,67 manat olmaqla, cəmi 1 052 961,16 manat borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manatın və dövlət rüsumu kimi ödənilmiş 1317 manatın xeyrinə tutulması, bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 1 052 961,16 manat borcun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 1368 manatın ödənilməsi, ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 3 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində özü tərk etmədikdə Cavabdeh1 oradan çıxarılması və əmlakın boşaldılması, ipoteka predmeti açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada "MV Group” MMC-dən və Qanuni nümayəndə müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli RB/BT-0073 saylı kredit müqaviləsinə əsasən borcalana illik 14 % faiz dərəcəsi olmaqla, 48 ay müddətinə 972 740 manat məbləğində dövriyyə vəsaitinin artırılması və ödənişlərin aparılması məqsədilə kredit verilmiş (kredit müqaviləsinin 1.1-ci və 2.2-ci bəndləri), həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq cavabdeh Qanuni nümayəndə və İddiaçı ASC arasında 25 sentyabr 2023-cü il tarixdə RB/BT-0073 saylı zaminlik müqaviləsi bağlanmış, zamin öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. 25 sentyabr 2023-cü il tarixli, RB/BT-0073 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kreditlər üzrə hesablanmış dəbbə pulu (cərimə, penya), faizlər və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişlər. Bu barədə Cavabdeh3 MMC-yə və digər cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışlarına əsasən Cavabdeh3 MMC-nin 25 sentyabr 2023-cü il tarixli RB/BT-0073 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 972 740 manat, faiz borcuna görə 68 470,49 manat, cərimə borcuna görə 11 750,67 manat olmaqla, borcun cəmi məbləği 1 052 961,16 manat təşkil edir. 25 sentyabr 2023-cü il tarixli RB/BT0073 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə İddiaçı ASC qarşısında 27 sentyabr 2023-cü il tarixli RB/BT-0073 saylı sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır.
12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu, 295-ci, 385.1-ci, 427.3-cü, 442-ci, 445.1-ci, 445.2.1-ci, 472.1-ci, 472.2-ci və “İpoteka haqqında” Qanunun 34.1.1-ci, 37.2-ci, 39.1-ci, 59.3-cü maddələrinə istinad olunmuşdur.
13. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər.
14. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4796 saylı rəyində göstərilmişdir ki, hesabdan çıxarış, “kreditin tarixi”, "hesab üzrə əməliyyatlar” vərəqəsi məlumatları və 25 sentyabr 2023-cü il tarixli RB/BT- 0073 №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh3 MMC-nin "Rabitəbank” ASC-yə olan borcu xx.xx.2024-cü il tarixə (pretenziya məktubunda göstərilən tarix) 1 037 048,92 manat: əsas borc üzrə 972 740 manat, faiz borcu üzrə 64 308,92 manat; xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) 1 041 210,09 manat: əsas borc üzrə 972 740 manat, faiz borcu üzrə 68 470,09 manat məbləğində müəyyən olunur.
15. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 341 000 manat, bazar dəyəri 380 000 manat təşkil edir.
16. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata, “ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində özü tərk etmədikdə Cavabdeh1 oradan çıxarılması və əmlakın boşaldılması” hissəsində xitam verilmiş, eyni tarixli qətnamə ilə iddia qismən təmin olunaraq, Cavabdeh3ndən və Qanuni nümayəndə müştərək qaydada 25 sentyabr 2023-cü il tarixli RB/BT-0073 saylı kredit müqaviləsinə əsasən 972 740 (doqquz yetmiş iki min yeddi yüz qırx) manat əsas borc, 64 308,92 manat (altmış dörd min üç yüz səkkiz manat doxsan iki qəpik) faiz borcu, 11 750,67 manat (on bir min yeddi yüz əlli manat altmış yeddi qəpik) cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumuna görə 1311,21 manat (min üç yüz on bir manat iyirmi bir qəpik) olmaqla, ümumilikdə 1 050 161,80 manat (bir milyon əlli min yüz altmış bir manat səksən qəpik) məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmeti olan, Cavabdeh1 məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin Cavabdeh1 qaytarılması, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 341 000 (üç yüz qırx bir min) manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3ndən müştərək qaydada tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
17. Məhkəmə qətnamə əsasında gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanunvericilik normaları, müqavilə şərtləri, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyi, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olması, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşıması və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi nəzərə alınaraq, iddia tələbi əsas kredit borcu hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, Cavabdeh3ndən və Qanuni nümayəndə müştərək qaydada 25 sentyabr 2023-cü il tarixli RB/BT-0073 saylı kredit müqaviləsinə əsasən 972 740 (doqquz yetmiş iki min yeddi yüz qırx) manat əsas borc, 64 308,92 manat (altmış dörd min üç yüz səkkiz manat doxsan iki qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
18. İddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına istinadən vurğulamışdır ki, cavabdehlərə göndərilən xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə onlardan müqavilə üzrə borcun 3 iş günü müddətində tam ödənilməsi tələb olunmuş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir.
19. Cavabdeh3 MMC-dən və Qanuni nümayəndə müştərək qaydada 11 750,67 manat cərimə borcunun tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır və tələb olunan dəbbə pulu əsas borc məbləğinə mütənasibdir.
20. Məhkəmə həmçinin hesab etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ipotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir – buna görə də tutma 25 sentyabr 2023-cü il tarixli RB/BT-0073 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır.
21. Əldə etdiyi qiymətləndirmə rəyini əsas götürən məhkəmə hesab etmişdir ki, ünvan 3 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 341 000 manat məbləğində müəyyən edilməlidir.
22. Məhkəmə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat xidmət haqqının və dövlət rüsumuna görə 1311,21 manatın (min üç yüz on bir manat iyirmi bir qəpik) da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın cavabdehlər müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli olması nəticəsinə gəlmişdir.
23. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 269-cu, 270.1-ci, 385.1-ci, 386-cı, 442-ci, 448.1-ci, 462.1-ci, 470-ci, 472.1-ci, 472.2-ci, 739-cu, “İpoteka haqqında” Qanunun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci, 34.1-ci, 39.3-cü, 41.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına istinad etmişdir.
24. Qətnamədən Cavabdeh1 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını (iddianın təmin olunan hissəsində) və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, kredit və ipoteka müqavilələrinin etibarlılığını və kredit məbləğinin borcalana verilib-verilmədiyini araşdırmadığı, faiz borcunun məbləğinin düzgün hesablanmadığını nəzərə almadığı, ipoteka predmetnin qiymətini düzgün müəyyənləşdirmədiyi, dəbbə pulu tələbinə ümumiyyətlə münasibət bildirməyərək dəbbə pulu məbləğini azaltmadığı arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı, izahatlar
26. Cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçı bankın nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdehlər isə məhkəməyə gəlməmişlər.
27. Cavabdeh1 nümayəndəsi (vəkili) vəsatət də verərək ipoteka predmetinin təkrar qiymətləndirilməsinin həyata keçirilməsini xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin əsas götürdüyü qiymətləndirmə rəyini verən "xxxx" MMC tərəfindən yaşayış evinə ümumiyyətlə baxış keçirilməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
29. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
30. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
31. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
32. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
35. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
36. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
39. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
40. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
41. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
42. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
43. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
44. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
45. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
49. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
52. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
55. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
56. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
57. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Apellyasiya baxışının həddi
58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
60. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin qismən təmin olunması ilə bağlı hissədə qismən - əsas borcluya və ipoteka qoyana aid hissələrdə - yoxlanılması təşkil edir. Çünkü iddianın ipoteka qoyana və əsas borcluya qarşı yönəlmiş hissəsi bölünməz xarakterlidir və ipoteka qoyanın şikayətinin dəlilləri qətnamənin əsas borcluya aid hissələrdə də yoxlanılmasını zəruri edir.
61. Bununla yanaşı nəzərə alınmalıdır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olsa da, ipoteka qoyanın şikayətinə əsasən qətnamənin zaminə münasibətdə yoxlanılması və zaminin şikayəti olmadığı halda ona münasibətdə də qərar qəbul edilməsi sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh1 şikayətinin məzmunu qətnamənin zaminə münasibətdə yoxlanılmasına əsas vermir. Qətnamədən iddiaçı bank şikayət vermədiyindən, qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi də apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
62. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə “ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 341 000 (üç yüz qırx bir min) manat müəyyən edilməsi” hissəsində dəyişdirilməli, mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
63. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
64. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
65. Borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, o nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə kredit borcunun (əsas və faiz) xx.xx.2024-cü il tarixinə (borcalana pretenziya məktubunun çatdırıldığı tarixə) olan məbləğləri dəqiqləşdirilmişdir.
66. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.
67. Kollegiya, birinci instansiya məhkəməsinin cərimə borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə də razılaşır.
68. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki qanunvericiliyə görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
69. Kollegiyanın qənaətinə görə, tələb olunan 11 750,67 manat cərimə borcunun 972 740 manat olduğu müəyyənləşdirilən əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab olunmalıdır.
70. Bununla belə kollegiya, apellyatorun şikayətinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissəsini əsaslı hesab edir:
71. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində əmlakın qiyməti göstərilməyərək, ipoteka predmetinə tutma yönəldiləcəyi halda ilkin satış qiymətinin adları sadalanmış qiymətləndirmə şirkətlərindən birinin rəyi əsasında müəyyənləşdiriləcəyi razılaşdırılmış, lakin iddiaçı bank müvafiq rəyi məhkəməyə təqdim etməmişdir.
72. Birinci instansiya məhkəməsi isə əmlaka qiymət qoyarkən özünün sifarişi əsasında əldə etdiyi qiymətləndirici rəyini əsas götürmüşdür – hansı ki, həmin rəydən aydın olur ki, qiymətləndirici ipoteka predmeti olan əmlaka baxış keçirməyərək ona təxmini qiymət qoymuşdur.
73. Apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin rəyinə görə, ipoteka predmetinin likvid dəyərinin 385 000 manat təşkil etdiyi müəyyən olunmuş, iddiaçı bankın nümayəndəsi həmin qiyməti mübahisələndirmədiyini bildirmişdir. Həmin rəyin əmlaka baxış keçirilərək müqayisəli təhlillər aparılmaqla hazırlandığını nəzərə alan kollegiyanın qənaətinə görə, bu rəy işdəki digər sübutlarla birgə dəyərləndirilərək əmlakın ilkin satış qiyməti məhz 385 000 manat müəyyənləşdirilməlidir.
74. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün apellyatorun ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalı, qiymətləndiriciyə ödənilməli vəsait iddiaçı bankdan və Cavabdeh1 alınıb müvafiq hesaba köçürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3169/2024 saylı iş üzrə 14 noyabr 2024-cü il tarixli qətnaməsi “ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 341 000 (üç yüz qırx bir min) manat müəyyən edilməsi” hissəsində dəyişdirilsin. ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 385 000 (üç yüz səksən beş min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş tədqiqatın dəyəri olan 500 (beş yüz) manatın 250 (iki yüz əlli) manatı ondan, 250 (iki yüz əlli) manatı isə İddiaçı ASC-dən alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ68İBAZ********************, “ABB ASC) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva