Məhkəmə qərarları › İş №2-2(103)-381/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-381/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-381/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı kommersiya işi Açar söz: kredit borcunun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-121/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. xx.xx.2019-cu il tarixli NSBK-191 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış müqaviləyə əsasən illik 17% olmaqla 24 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2019-cu il tarixli NSBK-191 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019- cu il tarixli NSBK-191 saylı kredit müqaviləsi üzrə yaranan öhdəliklərin təminatı olaraq Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163,5 m2 olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 17.09.019-cu il tarixdə dövlət qeydiyyatına alınması barədə çıxarış və ipoteka predmetinin dövlət qeydiyyatına alınması barədə bildirişin dövlət qeydiyyatına alınması barədə sənəd iş materiallarına əlavə edilmişdir.

3. xx.xx.2022-ci il tarixli RB-02/PK-4781 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli NSBK191 saylı kredit müqaviləsi üzrə borcalanın xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 116955,24 manat, faiz borcu üzrə 44318,08 manat, cərimə borcu 522,62 manat, cəmi 161795,94 manat məbləğində borcu qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC iddia ərizəsi və iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən İddiaçı ASCnin xeyrinə xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı kredit müqaviləsi üzrə 116955,24 manat, müqavilənin icra müddətinin bitmə tarixinə, yəni xx.xx.2021-ci ol tarixinə faiz borcuna görə 5159,56 manat, müqavilə müddəti bitəndən sonra əsas borca illik iki qat, yəni 34 faizlə hesablanmış faiz borcuna görə 92952,54 manat, əldən çıxmış fayda kimi əsas borca illik 5%-lə xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış faiz borcuna görə 13906,8 manat, cərimə borcuna görə 522,62 manat, cəmi 229496,76 manat, Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR Publik hüquqi şəxsinin Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun, xidmət haqqının, mediasiya xərci kimi ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 52 manat məbləğində, cəmi 587 manat pulun tutulması, Tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163,5 m2 olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 MMC-nin xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı Kredit müqaviləsi üzrə cəmi 229496,76 manat borcun və dövlət rüsumu kimi ödənilmiş cəmi 587 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, İpoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda, qalan borcun SP.CORP MMC-dən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin "xxxx" filialı ilə cavabdeh SP.CORP MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı Kredit müqaviləsinə əsasən illik 17 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 200.000 AZN manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 1.1., 2.2. və 2.3. maddələri). xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı kredit müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavənin, yəni ödəniş qrafikinin şərtlərinə görə Cavabdeh2 MMC kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 MMC öhdəliklərinin icra edilməsindən yayınmışdır. 07 iyul 2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2019cu il tarixli, NSBK191 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 116955,24 manat, faiz borcuna görə 44318,08 manat, dəbbə borcuna görə 522,62 manat, borcun cəmi məbləği 161795,94 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, NSBK191 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimitam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163,5 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı İpoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının “İpoteka” haqqında Qanunun 36-cı maddəsinin imperativ tələblərinə riayət olunaraq iddiaçı bank tərəfindən ipoteka qoyan cavabdehə müvafiq bilidirişlə müraciət etmişdir və ipoteka predmeti kimi çıxış edən əmlaka tutmanın yönəldilməsi barədə bildirişin rəsmi qaydada qeydə alınması barədə müvafiq reyestr orqanına müraciət olunmuşdur və bildiriş həmin orqanda qeydə alınmışdır. Həmçinin “Mediasiya haqqında” Qanunun tələblərinə və kommersiya mübahisələri barədə MPM-nin tələblərinə riayət edərək ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş və bu barədə banka arayış da verilmişdir. Bank tərəfindən mediasiya xərci olan 400 manat da tam ödənilmişdir. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh2 MMC-dən xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı kredit müqaviləsi üzrə kreditə görə 116955,24 manat, faiz borcuna görə 44318,08 manat, dəbbə borcuna görə 522,62 manat, cəmi 161795,94 manat pul, 400 manat ödənilmiş mediasiya xərci, iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 52 manat ödənilmiş dövlət rüsumu, ipotekaya tutmanın yönəldilməsi üçün ödənilmiş 135 manat dövlət rüsumu və xidmət haqqı tutulmalıdır, tələblər ipoteka predmetinə yönəldilməlidir, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ipoteka predmeti boşaldılmalıdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-121/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı kredit müqaviləsi üzrə əsas borc 116955,24 manat, 4796,43 manat məbləğində faiz borcu, 341,53 manat cərimə, illik 5%-lə hesablanmış 13906,80 manat, cəmi 136000 manat məbləğində borc, həmçinin ƏMDX DƏDKR Publik Hüquqi şəxsinin Bakı Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 135 manat məbləğində rüsum, 400 manat mediasiya xərci, dövlət rüsumu kimi ödənilmiş 52 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ilkin satış qiyməti 331000 manat olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163,5 m2 olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılsın, satışdan əldə olunan vəsaitin hesabına borcun ödənilməsi və daşınmaz əmlak satıldıqdan sonra 1 ay müddətində boşaldılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda, qalan borcun Cavabdeh2 MMC-dən ümumi qaydada tutulması qət edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7410 nömrəli məhkəmə-mühasibat ekpertizasının rəyindən görünür ki, xx.xx.2029-cu il tarixli NSBK-191 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 125455,24 manat əsas borc, faiz borcu üzrə 4796,43 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 116955,24 manat, faiz borcu üzrə 4796,43 manat, 5%-lə faiz borcu üzrə 9432,44 manat müəyyən edilir. Tədqiqatın dəyəri 100 manat təşkil edir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4337-9/4531 nömrəli tikinti-texniki obyektlərin tədqiqinə dair rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163,5 m2 olan qeyriyaşayış sahəsinin bazar dəyəri təqribən 367900 manat, likvid dəyəri isə təqribən 331000 manat məbləğində müəyyən edilir. Tədqiqatın dəyəri 100 manat təşkil edir.

9. Məhkəmə iddia ilə bağlı qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı kredit müqaviləsi üzrə əsas borc 116955,24 manat (ekspert rəyinə əsasən), 4796,43 manat (ekspert rəyinə əsasən) məbləğində faiz borcu, illik 5%-lə hesablanmış 13906,80 manat (6028,56 (xx.xx.2022-ci il tarixədək - ekspert rəyi) + 7878,24 (xx.xx.2022-ci il tarixədən – xx.xx.2023-cü il tarixədək)) məbləğində pulun, həmçinin ƏMDX DƏDKR Publik Hüquqi şəxsinin Bakı Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 135 manat məbləğində rüsum, 400 manat mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 52 manat məbləğində pulun Cavabdeh2 MMC-dən tutulması hissəsində tələb qeyd edilən həcmdə təmin edilməlidir.

10. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 341,53 manat məbləğində müəyyən edilməlidir.

11. Məhkəmə iddia tələbinin müqavilə bitəndən sonra əsas borca illik iki qat, yəni 34 faizlə hesablanmış faiz borcu ilə əlaqədar qeyd etmişdir ki, tələb əsassız olduğundan rədd olunmalıdır.

12. Məhkəmə son olaraq qeyd etmişdir ki, tutma ilkin satış qiyməti 331.000 manat olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163,5 m2 olan qeyri-yaşayış sahəsinə yönəldildilməli, həmin ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmalı və satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 borcu ödənilməli, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılmalı və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc Cavabdeh2 MMC-dən tutulmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-121/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə əlavə tikinti-texniki və mühasibatlıq ekspertizası təyin edilərək nəticə əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ümumiyyətlə məhkəmə hazırlıq iclaslarında iştirak etməmişdir. Cavabdeh1 tərəfindən kifayət qədər vəsait İddiaçı ASC-yə ödənilmişdir, lakin məhkəmə mühasibatlıq ekspertizası təyin edilərkən, Cavabdeh1 ödəniş qəbzləri tələb olunmamışdır ki, ödəniş məbləği uyğunlaşdırılsın. Bundan başqa məhkəmə tərəfindən tikinti – texniki ekspertizasını təyin edərək, ipoteka predmeti olan daşınmaz əmlakın qıyməri 331.000 manat məbləğində müəyyən etmişdirlər. Rəy düzgün deyil. Belə ki, ipoteka predmeti olan qeyri-yaşayış əmlakın sahəsi çıxarışda qeyd olunandan çoxdur. Burdada sual yaranır ki, məhz necə ola bilər ki, tikinti-texniki ekspertiza tərəfindən qeyri-yaşayış sahəsinin ölçüsü tam götürülməyibdir? Bundan başqa qeyri-yaşayış sahəsinin qıyməti 331000 məbləğində olması barədə rəyin verilməsi də qanuna ziddir. Belə ki, həmin əmlak Balı şəhəri, Səbail Rayonu, İstiqlaliyyət küçəsində yerləşir. Bildiyimiz kimi həmin küçə Bakı şəhərinin mərkəzi sayılır. Mənə məxsus olan qeyri-yaşayış sahəsi həmin küçədə Bakı şəhəri İcra Hakimiyyəti ilə üzbə-üz yerləşir. Həmin ərazidə daşınmaz əmlakın 1 kvadrat metri minimum 5000 manat məbləğindən başlayaraq hesablanır və əmlakın dəyəri minimum 817000 manat məbləğində olmalı idi. Bundan başqa ekspert tərəfindən əmlakın qıymətinin müəyyən edilməsinə dair bir neçə nümunəvi əmlaklar təqdim edilmişdir. Halbuki, həmin əmlaklar ümumiyyətlə İstiqlaliyyət küçəsində yerləşməyibdir. Bu da bir mənalı ziddiyat yaradır. Qətnamədən məlum olur ki, ekspert tərəfindən qeyri-obyektiv rəylər verilmişdir. İpoteka predmeti olan daşınmaz əmlakın qiyməti minimum 817000 manat dəyərindədir. Bundan başqa ekspert tərəfindən əmlakın qiymətinin müəyyən edilməsinə dair bir neçə nümunəvi əmlaklar təqdim edilmişdir. Halbuki, həmin əmlaklar ümumiyyətlə İstiqlaliyyət küçəsində yerləşməyibdir. Bundan başqa mühasibatlıq ekspertizası keçirilərkən, Cavabdeh1 ekspert mərkəzinə ödəniş qəbzlərin təqdim edilməsi üçün dəvət olunmamışdır. Halbuki, Cavabdeh1 iddiaçıya əsas məbləğ üzrə borcu təxminən 90.000 manat civarında təşkil edir. İpoteka predmeti olan qeyri-yaşayış sahəsi Bakı şəhəri İcra Hakimiyyəti ilə üzbəüz yerləşir. Həmin ərazidə daşınmaz əmlakın 1 kvadrat metri minimum 5000 manat məbləğindən başlayaraq hesablanır və əmlakın dəyəri minimum 817.000 manat məbləğində olmalı idi.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdeh1 nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir

16. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

17. Digər Cavabdeh2 MMC-ni təmsil edən nümayəndə iclasalrda iştirak etməmişdir.

18. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddə-(əvvəlki redaksiya) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddə- borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 317.1-ci maddə-borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddə-əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.4-cü maddə-açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

“İpoteka haqqında” Qanun: 1.0.9-cü maddə- ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 39.3-cü maddə-məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 102.2-ci maddə-məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 206.1-ci maddə-ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

19. Qətnamə Cavabdeh1 tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

20. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-121/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli NSBK-191 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 direktoru olduğu Cavabdeh2 MMC-nin iddiaçı bank qarşısında öhdəliyinin təmin edilməsi üçün Cavabdeh1 öz mülkiyyətində olan qeyriyaşayış sahəsi xx.xx.2019-cu il tarixli NSBK-191 saylı ipoteka müqaviləsinə əsasən yüklü etmişdir.

22. İpoteka qoyan Cavabdeh1 apellyasiya şikayətində əmlaka Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə qoyulmuş (bazar dəyəri 367.900 manat, likvid dəyəri 331.000 manat) dəyərin onun real dəyərindən xeyli aşağı olduğunu, əslində həmin əmlakın dəyərinin 817.000 manat olduğunu göstərərək iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş materiallarında ipoteka qoyulmuş əmlakın bazar dəyərinin ekspert rəyində müəyyən edildiyindən daha yuxarı olduğunu təsdiq edən hər hansı sübut olmadığından, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi kifayət qədər əsaslandırıldığından (yaxınlıqda yerləşən qeyri-yaşayış sahələrinin internetdəki satış qiymətlərinə istinad edilməklə) iş üzrə təkrar ekspertiza təyin edilməsi üçün MPM-nin 102.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

24. Cavabdeh apellyasiya şikayətində eyni zamanda məhkəmə tərəfindən tutulmuş borcun məbləğini mübahisələndirərək Cavabdeh1 ekspert mərkəzinə ödəniş qəbzlərinin təqdim edilməsi üçün dəvət olunmaması əsası ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə bu dəlillə bağlı qeyd edir ki, borcalanın hesabdan çıxarışda öz əksini tapmamış hər hansı ödəniş sənədi var idisə MPM-nin 78.1-ci maddəsinə əsasən bu sübutlar Məhkəmə Ekspertiza Mərkəzinə deyil, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər birinci instansiya məhkəməsinə təqdim edilməli idi. Halbuki hazırkı halda apellyasiya instansiyası mərhələsində belə cavabdeh tərəfindən hər hansı ödəniş sənədi təqdim edilməmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən göründüyü kimi, bankın iddiası faiz borcu hissəsində qismən təmin olunaraq kredit üzrə faizlər öhdəliyin icra müddətinin bitdiyi tarixədək (xx.xx.2021-ci il tarixədək) tutulmuş, o cümlədən MPM-nin 467-ci maddəsinə əsasən tələb olunan 522,62 manat cərimə azaldılaraq 341,53 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin edilməsini zəruri hesab etməmişdir.

25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 121/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-121/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar