Məhkəmə qərarları › İş №2-2(103)-381/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-381/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-381/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)- 6492/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə öhdəliklərinin icrası ilə əlaqədar 579,68 (beş yüz yetmiş doqquz manat, altmış səkkiz qəpik) manat, məhkəməyə müraciət üçün çəkilmiş xərcin əvəzi olaraq 30 (otuz) manat, bütövlükdə 609,68 (altı yüz doqquz manat, altmış səkkiz qəpik) manat vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6492/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdehndən 579,68 manat (beş yüz yetmiş doqquz manat altmış səkkiz qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 609,68 manat (altı yüz doqquz manat altmış səkkiz qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

3. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6492/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İcarəyə verən İddiaçı ilə İcarəçi Cavabdeh arasında bağlanmış 11 mart 2024-cüil tarixli, № AİS-DYTT-110324 saylı Tikinti texnikasının icarəsinə dair Müqaviləyə əsasən İcarəyəverən İddiaçı İcarəçi Cavabdeh icarəsinə verməyi, İcarəçi Cavabdeh isə bunun qarşılığında razılaşdırılmış icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2692 nömrəli ödəniş sənədindən də göründüyü kimi, Müqavilə üzrə İcarəçi Cavabdeh tərəfindən İcarəyəverən İddiaçı hesabına istifadə edilmiş texnikaların icarə haqqı tam şəkildə ödənilmişdir və bununla bağlı Cavabdeh heç bir borcu qalmamışdır. Bundan əlavə, İddiaçı guya Cavabdeh onlara 579,68 manat borcu olmasını iddia etsə də, lakin nə pretenziya məktubunda, nə iddia ərizəsində, nə də məhkəmə baxışı zamanı qeyd edilən borcun yaranma əsasını və hesablanma qaydasını konkret və dəqiq faktlarla sübut edə bilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsində də tərəflər arasında imzalanmış müqaviləyə, müqavilənin tərkib hissəsi olan əlavəyə, pretenziya məktubuna və elektron qaimələrə formal şəkildə istinad edilsə də, lakin qeyd olunan borcun yaranmasının konkret hüquqi əsası və düzgün riyazi hesablanma qaydası dəqiq və aydın şəkildə açıqlanmamış və heç bir mötəbər sübut, hüquqi sənəd və real faktlarla sübuta yetirilməmişdir. Qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edilir ki, Müqavilə üzrə İcarəçi Cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilənin şərtləri pozulmamış, müqavilə üzrə ödənilməli olan icarə haqqı müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq tam şəkildə ödənilmiş, Cavabdeh İcarəyəverən İddiaçınə heç bir borcu qalmamış, iş üzrə İddiaçı iddia tələbində qeyd olunan 579,68 manatın tələb olunması barədə iddia tələbi tamamilə qanunsuz və əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qətnamə qəbul edilərkən aşağıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

8. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

9. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

12. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

13. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

14. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

18. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, AİS-DYTT-110324 saylı icarə müqaviləsi, eləcə də həmin müqavilənin tərkib hissəsini təşkil edən müqaviləyə JVb1 nömrəli əlavədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmişdir.

19. İddia tələbini cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AİS- DYTT-110324 saylı icarə müqaviləsi əsasında yaranmış 579,68 manat məbləğində borcun tutulması təşkil edir.

20. Belə ki, iddiaçı yuxarıda qeyd olunan əlavənin 3.3-cü bəndinə istinad etməklə, cavabdehə həmin bənddə nəzərdə tutulmuş nisbət üzrə əlavə ödənişlə bağlı xx.xx.2024cü ildə ƏDV daxil olmaqla, 579,68 manatlıq elektron qaimə təqdim edildiyini və həmin qaimə üzrə ödənişin edilmədiyini bildirmişdir.

21. İşin faktiki hallarından müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 734194 nömrəli elektron qaimə üzrə ödəniş xx.xx.2024 tarixdə edilmişdir. Həmin qaimə xx.xx.2024-cü il tarixli, 3 nömrəli təhvil-təslim aktı əsasında göndərilmişdir. 3 nömrəli təhvil-təslim aktında məbləğ 16 gün 3 saata görə hesablanmışdır. Aylıq icarə haqqının 4200 manat, günlük icarə haqqının 150 manat, saatlıq icarə haqqının 18,75 manat olduğu qeyd olunmuşdur. Təhvil-təslim aktı hər iki tərəfin möhürü, imzası ilə təsdiq edilmişdir. Müqavilə şərtlərinə əsasən elektron qaimənin göndərildiyi vaxtdan 25 gün ərzində ödənişin edilməsi gecikmə sayılmır. Qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 734194 nömrəli elektron qaimə üzrə ödənişin edilməsi gecikdirilmiş, ona görə də iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 194866 nömrəli elektron qaimə göndərilmişdir.

22. Müqaviləyə JVb1 nömrəli əlavənin 3.3-cü bəndinə əsasən icarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 35 (otuz beş) gündən gec, lakin 45 (qırx beş) gündən gec olmayaraq ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 5040 (beş min qırx) manat təşkil edir. Aylıq icarə haqqının məbləği 5040 manatdan hesablandıqda günlük icarə haqqının məbləğ 180 manat (5040:28=180), saatlıq icarə haqqının məbləği 22,5 (180:8=22,5) manat təşkil edir. Beləliklə, 16 gün 3 saata görə hesablanan icarə haqqının məbləği ƏDV xaric 2947,5 manat (16x180+22,5x3=2947,5) təşkil edir. Həmin məbləğdən ödənilən 2456,25 manat çıxıldıqda 491,25 manat (2947,5 - 2456,25=491,25) qalır. xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 194866 nömrəli elektron qaimə üzrə əsas borcun məbləği 491,25 manat, ƏDV məbləği 88,43 manat, ümumilikdə ƏDV daxil 579,68 manat təşkil edir.

23. Məhkəmə qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının hazırkı məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 579,68 (beş yüz yetmiş doqquz manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCyə ödənilməlidir. Həmin borcun mövcudluğu aktlar, elektron qaimələr və təqdim olunmuş digər sübutlarla öz təsdiqini tapır.

24. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi və istinad etdiyi hallara dair sübutlar təqdim edilməmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər, yəni iddianın sübut edilməməsi əsassızdır. Belə ki, yuxarıda qeyd edilənlərdən görünür ki, tələbin əsaslandığı hallar və cavabdehin öhdəliyi yerinə yetirməməsi təqdim edilmiş sübutlarla təsdiq olunur.

25. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş üzrə maddi və prosessual hüquq normalarını da düzgün tətbiq edərək, iş üzrə mövcud olan bütün mötəbər sübutları araşdırmış və düzgün nəticəyə gəlmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

27. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6492/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar