Məhkəmə qərarları › İş №2-2(103)-383/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-383/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-383/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2021 nömrəli iş üzrə 26 noyabr 2021-ci il tarixli qərardadından Ərizəçi MMC-nin şikayətinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı məhkəməyə müraicət edərək, cavabdehdən 01.04.2020-ci il tarixdən 01.03.2021-ci il tarixə qədər, yəni 11 aylıq icarə haqqı olan ƏDV daxil 129.800 manat icarə haqqı borcunun, 5.000 manat cərimənin ona ödənilməsi və icarəyə verilmiş daşqıran avadanlığın geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC (bundan sonra - üçüncü şəxs) də iddiaçıya və cavabdehə qarşı məhkəməyə iddia ərizəsi təqdim edərək, cavabdehin üzərinə doğrayıcı-xırdalayıcı avadanlıq üçün quraşdırdığı iddiaçıya məxsus avadanlıqları sökməzdən öncə ona məxsus avadanlıqların yerinə quraşdırılması öhdəliyinin qoyulması, cavabdehin müqavilə üzrə borclu olduğu 386.768 manat əsas borc və müqavilə üzrə hesablanmış 781.865,50 manat məbləğdə cərimə borcunun cavabdehdən tutlaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul olunmuşdur. Bundan sonra Ərizəçi MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində iddiaçıya və cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçının üzərinə 31.01.2020-ci il tarixli icarə müqaviləsi üzrə iddiaçının ondan icarəyə götürdüyü daşqıran-drabilkadan sökdüyü ona məxsus avadanlıqları iddiaçıya məxsus olan və daşqıran-drabilkaya quraşdırılmış avadanlıqları həmin daşqıran-drabilkadan söküb apardığı zaman öz hesabına yenidən daşqıran-drabilkaya quraşdırılması və həmin daşqıran-drabilkanın ona saz və işlək vəziyyətdə təhvil verilməsi öhdəliyinin qoyulması və həmin müqaviləyə əsasən 3 aylıq icarə haqqı borcuna görə 35.400 manat məbləğdə pul vəsaitinin iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2021 nömrəli iş üzrə 26.11.2021ci il tarixli qərardadı ilə Ərizəçi MMC-nin iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, iddia ərizəsi və əlavə edilmiş sənədlər ona qaytarılmışdır. Qərardadla razılaşmayan Ərizəçi MMC ondan şikayət verərək, ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmənin icraatında olan iş üzrə mübahisənin predmetini 01.04.2020-ci il tarixli icarə müqaviləsi üzrə iddiaçının cavabdehə icarəyə verdiyi daşqıran avadanlıqlar təşkil edir. Ərizədə qeyd olunduğu kimi, iddiaçı ilə Ərizəçi MMC arasında bağlanmış 31.01.2020-ci il tarixli İM-006/1 nömrəli icarə müqaviləsinə əsasən Ərizəçi MMC ona məxsus istehsalat sahəsində olan daşqıranı iddiaçıya icarəyə vermişdir. Müqavilə imzalandıqdan sonra iddiaçı icarəyə götürdüyü daşqıran-drabilkanın iş həcmini artırmaq üçün Ərizəçi MMC-yə məxsus müəyyən avadanlıqları drabilkadan söküb yerinə iddiaçıya məxsus olan avadanlıq quraşdırıb. Lakin 21.01.2020-ci il tarixli icarə müqaviləsinin müddəti bitdikdən sonra Ərizəçi MMC-yə məxsus daşqıran-drabilkaya quraşdırdığı həmin avadanlıqları cavabdehə icarəyə vermişdir. Hazırkı iş üzrə də iddiaçı həmin avadanlıqları cavabdehdən tələb edir. Hər iki mübahisənin predmetini eyni avadanlıq təşkil edir. Buna görə də iddiaçıya qarşı avadanlıqların quraşdırılması, təhvil verilməsi öhdəliyinin qoyulması və icarə haqqının ödənilməsi barədə iddia ərizəsi icraata qəbul edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 09.12.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi KK-nın 2-2(103)-1529/2021 nömrəli iş üzrə 28.12.2021-ci il tarixli qərardadı ilə Ərizəçi MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, qərardad şikayətin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməməsi ilə əsaslandırılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-127/2022 nömrəli iş üzrə 08.02.2022-ci il tarixli qəraqrdadı ilə Ərizəçi MMC-nin 26.11.2021-ci il tarixli qərardaddan şikayət verilmə müddətinin bərpası barədə ərizəsi təmin edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 01.03.2021-ci il tarixli qərardadı ilə 26.11.2021-ci il tarixli qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “... müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası mübahisə predmeti barədə olmalıdır. Hazırkı iş üzrə mübahisə predmeti 01 aprel 2020-ci il tarixli, İM-017/4 saylı icarə müqaviləsidir, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının predmetini isə 31 yanvar 2020-ci il tarixli icarə müqaviləsi təşkil edir, yəni, mübahisə predmetinə aid deyildir. ... Hazırkı iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbinə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı olsa da, mübahisə predmeti fərqli olduğuna görə hazırkı işlə birlikdə baxıla bilməz. Belə ki, Ərizəçi MMC-nin digər müqavilə üzrə İddiaçı MMC və "xxxx" MMC-yə qarşı hər hansı tələbinin olduğu təqdirdə müstəqil olaraq iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Bundan başqa, ərizədə İddiaçı MMC-yə qarşı irəli sürülmüş tələb göstərilsə də, "xxxx" MMC-yə qarşı hansı tələbin irəli sürüldüyü qeyd olunmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşır və bu mənada apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, hazırkı iş üzrə mübahisə predmeti 01.04.2020-ci il tarixli İM-017/4 nömrəli icarə müqaviləsi olsa da, Ərizəçi MMCnin iddiasının predmetini 31.01.2020-ci il tarixli icarə müqaviləsi təşkil edir. Halbuki, MPMin 55.1-ci maddəsi ilə yalnız mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa biləcəyi tənzimlənmiş, müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiasının baxılmaqda olan mübahisənin predmeti ilə eyniliyi olmadıqda isə bir yaxud hər iki tərəfə qarşı iddia irəli sürərək işə qarışa bilməyəcəyi təsbit olunmuşdur. Bundan başqa, Ərizəçi MMC-nin iddia ərizəsində "xxxx" MMC cavabdeh kimi göstərilməsinə baxmayaraq, ona qarşı hər hansı tələb irəli sürülməmişdir ki, bu da MPM-in 149.2.3-cü maddəsinin tələbinə ziddir. Həmin normaya görə, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-in: 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. Məhkəmə kollegiyası izah edir ki, Ərizəçi MMC-nin digər müqavilə üzrə hazırkı işin tərəflərinə qarşı müstəqil iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Beləliklə, kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2021 nömrəli iş üzrə 26 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Ərizəçi MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar