Məhkəmə qərarları › İş №2-2(103)-383/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-383/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-383/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun cavabdehlər Hacı-zadə X5, "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2321/2022 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" ASC ilə "xxxx" MMC arasında 01 dekabr 2020-ci il tariхdə, 108880- 949862/1 nömrəli kredit xətti müqaviləsi bağlanmış və borcluya 12 ay müddətinə, illik 16% dərəcəsi ilə 150.000 manat məbləğində krеdit vеrilmişdir. Qeyd edilən müqavilənin təminatı olaraq Bankla Cavabdeh3 arasında 01 dekabr 2020-ci il tariхli, 108880-949862/1 nömrəli və Cavabdeh1 arasında 01 dekabr 2020-ci il tariхli, 108880-949862/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsində qeyd edilmiş 150.000 manat məbləğində pul xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin hesabına köçürülmüşdür.

2. xx.xx.2022-ci il tarixli X1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti 01 dekabr 2020 il tariхli, 108880-949862/1 nömrəli kredit xətti müqaviləsi üzrə tələb hüquqlarını Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna güzəşt etmişdir. Qeyd edilən müqavilədə əsas borcun icra edilməmiş hissəsi 150.000, müqavilə üzrə icra edilməmiş faiz məbləği 3.908,66 manat, dəbbə pulu isə 23.066,67 manat müəyyən edilmişdir.

3. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş "xxxx" MMC-nin nümayəndəsi, həm də iş üzrə zamin olan digər Cavabdeh3 əsas borc məbləği ilə razı olduğunu, faiz məbləğinin mühasiblərlə dəqiqləşdirməli olduğunu, pandemiya səbəbindən ödənişlərin edilə bilmədiyini bildirmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti, Hacı-zadə X5 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 150.000 manat məbləğində əsas bоrc,19.508.66 manat faiz borcu оlmaqla, cəmi 169.508,66 manat kredit borcunun və ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və 59,51 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 01 dekabr 2020-ci il tariхli, 108880-949862/1 nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 16% dərəcəsi ilə 150.000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər Cavabdeh3 arasında 01 dekabr 2020 il tariхli, 108880-949862/1 nömrəli və Cavabdeh1 arasında 01 dekabr 2020 il tariхli, 108880-949862/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da kredit bоrcu yaranmışdır.

6. 26.10.2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti əsl iddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ilə əvəz edilmişdir.

7. xx.xx.2022-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddianın dəyişdirilməsinə dair ərizə təqdim edilərək, "xxxx" MMC-dən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 01 dekabr 2020-ci il tarixli 108880-949862/1 nömrəli kredit xətti müqaviləsi üzrə 01 dekabr 2021-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) 150.000 manat məbləğində əsas bоrc, 4.041,99 manat faiz borcu və 01 dekabr 2021-ci il taixdən 27 oktyabr 2022-ci il tarixə kimi olan müddət ərzində isə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 6.812,49 manat məbləğində faiz borcu olmaqla, cəmi 160.854.48 manat məbləğində borcun və ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və 59,51 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İş üzrə borc məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir.

9. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4602 nömrəli rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə (müqavilənin müddətinin bitdiyi) əsas borcu 150.000 manat, faiz borcu 11.933,33 manat müəyyən edilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2321/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, əsas borc üzrə 150.000 (yüz əlli min) manat və faiz borcu üzrə 3.908 (üç min doqquz yüz səkkiz) manat 66 (altmış altı) qəpik olmaqla, cəmi 153.908 (yüz əlli üç min doqquz yüz səkkiz) manat 66 (altmış altı) qəpik məbləğində pulun müştərək qaydada "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti, Hacı-zadə X5 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi, əsas borca illik 5 % faiz hesablanmaqla 6.719 ( altı min yeddi yüz on doqquz) manat 50 (əlli) qəpik məbləğində pulun müştərək qaydada "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti, Hacı-zadə X5 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi, Mediasiya xərci olaraq 400 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59 (əlli doqquz) manat 51 (əlli bir) qəpik məbləğində pulun müştərək qaydada "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti, Hacı-zadə X5 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 741, 470.1, 472.1, 472.2, 445.1, 445.7-ci maddələrinə, “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli e-2-2(113)-2321/2022 saylı qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh, müqavilə üzrə zamindir. Hesablanmış faizlərlə razı deyil. Ona görə də təkrar ekspertiza keçirilməsini istəyir. Lakin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən bunu tələb edə bilməmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

19. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

20. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

21. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

22. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

23. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

24. “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında qeyd edilmişdir ki, lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəf MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitif hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

25. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

26. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

27. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

28. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda cavabdehlərdən Hazı-zadə Fidan Elqar qızı (iş üzrə zamin) apellyasiya şikayəti verdiyindən qətnamənin qanuniliyi və əsaslılığı faiz borcunun (faiz borcu və 5 faiz) tutulması hissəsində yoxlanılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi faiz borclarının tutulması hissələrində əsaslıdır.

32. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında 01 dekabr 2020 il tariхdə, 108880-949862/1 nömrəli kredit xətti müqaviləsi bağlanmış və borcluya 12 ay müddətinə, illik 16% dərəcəsi ilə 150.000 manat məbləğində krеdit vеrilmişdir. Qeyd edilən müqavilənin təminatı olaraq Bankla Cavabdeh3 arasında 01 dekabr 2020 il tariхli, 108880-949862/1 nömrəli və Cavabdeh1 arasında 01 dekabr 2020 il tariхli, 108880-949862/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsində qeyd edilmiş 150.000 manat məbləğində pul xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin hesabına köçürülmüşdür.

33. xx.xx.2022-ci il tarixli X1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti 01 dekabr 2020 il tariхli, 108880-949862/1 nömrəli kredit xətti müqaviləsi üzrə tələb hüquqlarını Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna güzəşt etmişdir. Qeyd edilən müqavilədə əsas borcun icra edilməmiş hissəsi 150.000, müqavilə üzrə icra edilməmiş faiz məbləği 3.908,66 manat, dəbbə pulu isə 23.066,67 manat müəyyən edilmişdir.

34. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, hesablanmış faizlərlə razı deyil, ona görə də təkrar ekspertiza keçirilməsini xahiş edir. Məhkəmə iclasında iştirakı təmin edilmədiyindən bunu tələb edə bilməmişdir.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

36. Birinci instansiya məhkəməsində ilk hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, iclasda iştirak edən cavabdeh, eyni zamanda cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (hazırkı apellyator) Cavabdeh3 əsas borc məbləği ilə razı olduqlarını, faiz məbləğini mühasiblərlə dəqiqləşdirməli olduqlarını, pandemiya dövründə tam ödənişin edilməsinin mümkün olmadığını, şirkətin iflas vəziyyətində olduğunu bildirmiş və borcun ödənilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Lakin qeyd edilən məhkəmə iclasında iştirak edən apellyator ekspertiza keçirilməsi barədə hər hansı vəsatət verməmişdir.

37. Növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, cavabdehlər (həmçinin Hazı-zadə Fidan Elqar qızı) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə öz təşəbbüsü ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4602 nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli, 108880-949862/1 saylı kredit müqaviləsinə əsasən ekspert qarşısında qoyulmuş sual üzrə müqavilə müddətinin bitdiyi 01 dekabr 2021-ci il tarixə cavabdeh "xxxx" MMC-nin iddiaçı "xxxx" ASC-yə olan borcu 161.933,33 manat (əsas borc üzrə 150.000 manat, faiz borcu üzrə 11.933,33 manat) müəyyən edilmişdir.

39. İş üzrə icraat təzələnərək məhkəmə iclasları bir neçə dəfə təxirə salınmasına baxmayaraq Cavabdeh3 məhkəmə iclaslarının heç birində iştirak etməmişdir.

40. İş üzrə məhkəmə bildirişləri Cavabdeh3 hazırda apellyasiya şikayətində qeyd etdiyi ünvana - ünvan 1 məhkəmə bildirişləri Cavabdeh3 qeyd edilən üvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Hazı-zadə Fidan Elqar qızına hər dəfə sms bildiriş də göndərilmişdir.

41. Apellyasiya baxışı zamanı iki dəfə məhkəmə iclası təyin edilməsinə və tərəflərə, həmçinin Cavabdeh3 və onun nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər.

42. Apellyatorun hesablanmış faizlərlə razı olmamasına münasibətdə isə qeyd edilməlidir ki, faiz borcunun tutulması ilə əlaqədar birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia 4.041,99 manat faiz borcu borcunun tələb edilməsi hissəsində isə qismən əsaslıdır. Belə ki, hazırkı iddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna tələb hüququ məhz Bankla bağlanmış olan xx.xx.2022-ci il tarixli X1 ilə keçmişdir, həmin müqavilədə isə Bank Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna müqavilə üzrə yaranmış məhz 3.908,66 manat hissəsini güzəşt etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, müqavilə üzrə faiz borcu olaraq 3.908,66 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir.

43. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 6.719 manat 50 qəpik faiz məbləğinin tutulmasına münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

44. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarının nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

45. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. İşdən görünür ki, Bankla "xxxx" MMC arasında bağlanmış olan kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, iddiaçı isə xx.xx.2022-ci il tarixdə iddia tələbini dəyişdirərək Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə 6.812,49 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icrası təxmini 327 gün gecikdirilmişdir. İşin müəyyən olunmuş halının cavabdehlər tərəfindən öhdəliyin icra edilməməsi təşkil etməsini də nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə qismən əsaslı olmaqla 6.719 (150.000x5/100=7500 (1 il üçün), 7500/365=20,54 (1 gün üçün) 20,54x327 gün=6.719,5 (327 gün)) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

46. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən Cavabdeh3 tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

47. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2321/2022 saylı qətnaməsi mübahisələndirilən - faiz borclarının tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2321/2022 saylı qətnaməsi mübahisələndirilən - faiz borclarının tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh3 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar