Məhkəmə qərarları › İş №2-2(103)-383/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-383/2024

02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-383/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-723/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Tərəflər arasında xx.xx.2017-ci ildə Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 2636-07-17 nömrəli müqavilə bağlanmşdır.

2. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin Xaçmaz PQİİ-nin Quba XS-nin TQQ və SXnın əməkdaşları tərəfindən 09471 nömrəli akt tərtib edilmişdir. Həmin aktda “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə əsasən 6-650 markalı qaz sayğacının dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığının müəyyən edildiyi qeyd edilmişdir. Həmin akt əsasında cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin aprel ayında 22430 manat borc hesablanmışdır.

3. xx.xx.2023-cü il tarixdə həmin məbləğ iddiaçı tərərfindən ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərə görə 22430 manat, faizə görə 560 manat və ödənilmiş mediasiya xərcinə görə 210 manat olmaqla, cəmi 23.200 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı bildirir ki, xx.xx.2023-cü il tarixli, 09471 saylı akt və əlavə sənədlər hər hansı yoxlama aparmadan, sayğaca baxış keçirmədən və Cəmiyyətin əməkdaşlarının iştirakını təmin etmədən tərtib edildiyindən və hesablama qanunazidd aparıldığından tərəfindən müvafiq faktın araşdırılması ilə bağlı Azərbaycan Respublikası Enerji X1 müraciət edilmişdir. Müraciət araşdırılan müddətdə Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən 22430 manat məbləğində hesabat aparılaraq İddiaçı MMC-nin abonent hesabına işlənmiş və qaz təchizatının dayandırılacağı bildirilərək qaza görə borcun ödənilməsi tələb edilmşdir. Cəmiyyətin fəaliyyəti qaz təchizatı olmadan mümkünsüz olduğundan məcburi şəkildə xx.xx.2023-cü il tarixdə 22430 manat vəsait Cavabdeh İB-nə ödənilmişdir. X4 Agentliyi tərəfindən aparılmış araşdırma ilə Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən aparılmış 22430 manat hesabatın qanunazidd olduğu müəyyən olunmuş və təqsirkar şəxslərə qarşı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Yol verilmiş qanun pozuntusu nəticəsində İddiaçı MMC-yə 22430 manat məbləğində maddi ziyan vurulmuşdur.

6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, onun içərisi, rotor, turbin və süzgəc hissələri yuyulmuş, sayğac təmizlənmişdir. Sənaye qaz istifadəçilərinə sayğac tərəfindən uçotu aparılmayan qazın həcminin hesablanması məqsədəuyğun hesab edilir. İddiaçı tərəfindən istehlak edilmiş qaz həcmi yenidən hesablanmış, iddiaçıya əlavə olaraq 22430 manat borc hesablanmışdır. Həmin əlavə sərfiyyat “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yazılmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-723/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İB-dən 22430 manat məbləğində pulun, ödənilmiş 210 manat dövlət rüsumu, ümumilikdə 22640 (iyirmi iki min altı yüz qırx) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC barəsində Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 27 yanvar 2023-cü il tarixli 09471 nömrəli akda qeyd olunmuş nöqsanların həqiqətən də mövcud olmuş, akt düzgün tərtib edilmiş, akt əsasında borc mövcud qazdan istifadə Qaydalarına uyğun olaraq hesablanmışdır. Belə ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, onun içərisi, rotor, turbin və süzgəc hissələri yuyulmuş, sayğac təmizlənmiş, həmin vaxtı Azəriqaz İB-nin əməkdaşları tərəfindən istehlak edilmiş qaz həcmi yenidən hesablanmış, hesablama nəticəsində qeydə alınmayan 89719,90 m qaz sərfi olduğu müəyyən edilmiş və dəyəri 22430 manat məbləğində aparılaraq abonentin hesabına işlənilmişdir. Aktın tərtib edilməsi zamanı sayğaca keçirilən baxışın “X7 Reyestri”ndə qeydiyyata alınmasına zərurət olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.11-1-ci bəndinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

15. Həmin Qaydaların 2.11-2-ci bəndinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

16. Həmin Qaydaların 5.2-ci bəndinə (xx.xx.2023-cü il tarixə qədər olan redaksiyada) görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.

18. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X7 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

19. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X7 reyestri aparılır.

20. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan X7 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

21. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

22. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.

23. Həmin Qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X7 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

24. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X7 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

25. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

26. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

27. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərərfindən apellyasiya şikayətinin verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin edilmiş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, baxılan hissədə iddia əsaslıdır.

30. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən Mülki Məcəllənin 21 və 443-cü maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

31. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı işdə bu əsaslar müəyyən edilir.

32. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).

33. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2636-07-17 nömrəli müqavilənin 2.1.8-ci bəndində də müəyyən edilmişdir ki, paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) vəzifəsini daşıyır.

34. Hazırki işdə isə iddiaçıya hesablanmış və onun tərərfindən ödənilmiş 22430 manat borc məbləği düzgün hesablanmamışdır.

35. Belə ki, həmin məbləğdə borcun hesablanmasına əsas olmuş xx.xx.2023-cü il tarixli 09471 nömrəli akt sahibkarlıq sahəsində aparılan X7 reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda isə həmin akt əsasında hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməzdi. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X7 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

36. Bundan əlavə, xx.xx.2023-cü il tarixli 09471 nömrəli aktda qeyd olunan faktların faktiki mövcüd olması qəbul edilsə belə, iddiaçıdan qeydə alınmayan qazın dəyəri tələb oluna bilməzdi.

37. Belə ki, cavabdehin qeyd etdiyi sayğacdakı nasazıqların (sayğac göstəricilərinin xətasının normaya uyğun olmaması) iddiaçının hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda isə qəbul edilməlidir ki, qazın dəyəri səhv hesablanmışdır.

38. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, həmin yoxlama keçirilənədək iddiaçıya təqdim olunmuş bütün hesab-fakturalar üzrə ödənişlər edilmişdir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndində isə təsbit olunmuşdur ki, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

40. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıdan tələb edilmiş 22430 manat borcun hesablanması həm tərəflər arasında bağlanmış müqavilə şərtlərinə zidd olmuş, həm də qanunsuz olmuşdur.

41. Eyni zamanda, iddiaçı həmin məbləği ödəməklə ona zərər dəymişdir. Ona gödə də o, Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən ona dəymiş 22430 manat məbləğində zərərin ödənilməsini tələb etməkdə haqlıdır.

42. Cavabdehin dəlillərinə dair qeyd edilir ki, cavabdeh tərərfindən iddiaçıya məxsus qaz sayğacında yaranmış nasazlığın istehlakçının təqsiri nəticəsində baş verməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. “Qaz təchizatı haqqında” Qanun və “Qazdan istifadə” Qaydalarında istehlakçının təqsiri olmadan qaz sayğacında yaranmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması nəzərdə tutulmamışdır. Həmin Qaydaların 5.2-ci maddəsi isə yuxarıda qeyd edildiyi kimi yenidən hesablanmanın aparılmasını qadağan edir.

43. Eyni zamanda, cavabdeh tərəfindən edilmiş hərəkətlər, yəni iddiaçıya məxsus sayğacın dövlət yoxlanılmasından keçirilməsi sahibkarlıq sahəsində aparılan yoxlama hesab olunur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X7 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

44. Bundan əlavə, iş materiallarından müəyyən edilir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı qərara əsasən iddiaçıya məxsus sayğaca baxış keçirilən zaman ona əsassız olaraq 22430 manat borc hesabladığı üçün cavabdehin işçisi olan X8 Azərbaycan Respublikası İXM-nin 282.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 70 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin cərimə xx.xx.2023-cü il tarixdə Kənan Hüseynov tərəfindən ödənilmişdir.

45. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-723/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar