Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-385/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə. İddiaçı «xxxxxx» bank olmayan kredit təşkilatı (BOKT) ASC-nin Cavabdeh (VÖEN:**********) qarşı “borcun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 676/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iş materiallarını Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) m ü ə y y ə n e t d i: İddiaçı xxxxxx» BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -İddiaçı BOKT ASC və Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi; -cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixə yaranmış 73.000 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 12.216,17 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16425 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi, 101.641,17 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması; - tutmanın cavabdehin mülkiyyətində olan (sonrakı ipoteka predmeti) - ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması; - satışından əldə olunmuş pul vəsait hesabına yaranmış 73.000 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 12216,17 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16425 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi, 101641,17 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun iddiaçıya ödənilməsi; -ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüququ itirilməklə əşyaları ilə birlikdə çıxarılması - haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 60 ay müddətinə illik 24% hesablamaqla 73.000 ABŞ dollar məbləğində kredit verilmiş və həmin kreditin təminatı olaraq cavabdehin mülkiyyətində olan - ünvan 1 ünvanında 0.02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 kv.m yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evi - aralarında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 №-li ipoteka müqaviləsi ilə iddiaçının xeyrinə yüklü edilmişdir. Cavabdeh heç bir ödəniş aparmamış, kredit üzrə öhdəliklərini yerinə yetirməmiş, xx xxxxxx 2019-cu il tarixinə onun 73.000 ABŞ dolları məbləğində əsas, 12.216,17 ABŞ dolları məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.425 ABŞ dolları dəbbə pulu, ümumilikdə, 101.641,17 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət və xəbərdarlıq edilsə də, borc bu günə kimi ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-676/20 saylı xx.xx.2020-cu il tarixli qətnaməsi ilə aşağıdakılar qət olunmuşdur: «İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə 73.000 ABŞ dolları məbləğində əsas borc, 12.216,17 ABŞ dolları məbləğində faiz borcu, 33,83 ABŞ dolları məbləğində dəbbə olmaqla, cəmi 85.250 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,16 manat məbləğində pul tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tutma dəyəri 280000 manat olan Cavabdehnın mülkiyyətində olan ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin ev açıq hərracda satılsın, ev satıldıqdan sonra Cavabdeh bir ay ərzində əşyaları ilə birlikdə evdən çıxarılsın. Evin satılmasından əldə edilmiş vəsaitdən Cavabdeh xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə olan 85250 ABŞ dolları məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 25,16 manat məbləğində pul ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın.» Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin əsaslarına görə qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən ona borcu barədə hər hansı bildiriş məktubu göndərilməmişdir. Bu barədə sübut yoxdur. Borcun qaytarılmaması isə bilərəkdən deyil, keçirdiyi ağır xəstəliklə bağlı olmuşdur. Bu baxımdan borcun qaytarılmasında çətinlik yaranmışdır. Hal-hazırda isə borcun qaytarılması üçün zəmin yaranmış, iddiaçı tərəfindən möhlət verildiyi halda, ödəməni apara bilər. Kredit götürülməzdən 9 ay əvvəl, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 12.216,17 ABŞ dolları faiz borcu ödənişlərinin gecikdirilməsinə görə 16.425 ABŞ dolları məbləğində dəbbə pulunun hansı meyarlara əsasən hesablanması əsaslandırılmamışdır. Kredit müqaviləsinin müddəti 60 aydır və bu müddət ərzində borcun ödənilməsi həyata keçirilə bilər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 149.2.4 və 152.1.4-cü maddələrinə əsasən iddia ərizəsinin geri qaytğarılması haqqında qərardad çıxarmalı idi. Lakin iddia ərizəsini qanunsuz icraata qəbul etdiyinə görə MPM-in 259.0.1-ci madəsinin tələbinə görə iddia ərizəsini baxılmamış saxlamalı idi. Bu isə prosessual hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iddia tərəfi də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, MPM-in 376.2-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, ilk öncə mübahisəndirir ki, iddiaçının ona borcu barədə bildiriş göndərilməmiş və bu barədə sübut yoxdur. Halbuki, iş materiallarından görünür ki, i cavabdehə bildiriş «azari express» məktub və bağlama daşıma xidmətinin 162005 №-li qaimə sənədi ilə xx.xx.2019-cu il tarixdə göndərilmiş, xx.xx.2019-cu ildə cavabdeh onu almış, iddia ərizəsi isə həmin daşıma xidməti ilə 177052 №-li qaimə sənədi ilə xx.xx.2020-ci il tarixdə ona göndərilmiş, xx.xx.2010-ci il tarixdə isə çatdırılmışdır. Belə olan halda, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi MPM-in 152.1.4-ci maddəsinə əsasən geri qaytarıla və icraata qəbul olunduğu halda isə həmin Məcəllənin 159.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanıla bilməzdi. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar mövcud olmamışdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin iddia ərizəsinin baxılmamış saxlanılmalı olduğunu mübahisələndirən dəlillərini əsassız sayır. İddiaçının, işin mahiyyətinə dəlalət edən dəlillərinə gəldikdə isə mübahisəlndirir ki, borcun qaytarılmaması bilərəkdən deyil, keçirdiyi ağır xəstəliklə bağlı olmuşdur. Halhazırda isə borcun qaytarılması üçün zəmin yaranmış, iddiaçı tərəfindən möhlət verildiyi halda, ödəməni apara bilər. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə də həmçinin razılaşmır. Çünki, kredit müqaviləsi üzrə ödəniş cədvəlindən, hesabından çıxarışdan və borc haqqında arayışdan görünür ki, cavabdeh tərəfindən illik 24% ilə xx.xx.2019-cu il tarixdə 60 ay müdətinə aldığı 73.000 USD məbləğində kredit məbləğini ona azalan qrafiklə hesablanmış faizləri, artan qrafiklə isə əsas borcu hər ay ödəniş etməklə, hissə-hissə kreditora qaytarmalı olduğu halda, 2020-ci ilə qədər (xx xxxxxx 2019-cu il tarixinə kimi, yəni, ötən 8 ay ərzində onun heç bir ödənişi olmamışdır. Həmin müddət ərzində isə, ekspertiza təyin edilməsinə zərurət olmadan, sadə riyazi üsulla ödəniş qrafiki üzrə 12.216,17 USD faiz, 5.493,60 USD isə əsas borcu olduğunun müəyyən edilməsi heç bir çətinlik doğurmur. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini 8 ay ərzində ardıcıl şəkildə yerinə yetirməmişdir. Kredit müqaviləsinin 2.3.2-ci bəncinə əsasən borc alan bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda, borcverən borcun ödənilməsini vaxtından əvvəl tələb edə bilər. Kredit müqaviləsinin 3.1-ci bəndində isə nəzərdə tutulur ki, ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi qədər dəbbə pulu ödəyir. (İddiaçı tərəfindən 8 aya görə iddiaçıya 16.425,00 manat dəbbə pulu hesablanmışdır). Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli «sonrakı ipoteka müqaviləsinini 1ci bəndinin şərtinə görə cavabdeh mülkiyyət hüququ ilə özünə məxsus fərdi yaşyış evini (likvid dəyəri 280.000 manat) kreditin təminatı olaraq ipoteka ilə yüklü etmişdir Həmin müqavilənin 9.1-ci bəndinin şərtinə görə isə ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka qoyan yerinə yetirmədikdə tutma ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilir. Birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən xx xxxxx 2019-cu il tarixli mübahisəli kredit müqaviləsi üzrə 73.000 ABŞ dolları məbləğində əsas borc, 12.216,17 ABŞ dolları məbləğində faiz borcu, 33,83 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 85.250 ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə) və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq MPM-in 119.1-ci maddəsinə müvaafiq iddianın təmin edilməsi hissəsinə münasib 25,16 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasının qət olunması işin qeyd olunan sübutlarla müəyyən olunan hallarına və mülki və prosessual qanunvericilyin tələblərinə uyğun olmuşdur. Əslində, cavabdeh şikayətidən göründüyü kimi, borcunu etiraf da edir və hissə-hissə ödəmək imkanında olduğunu da bildirir. Lakin bu halda, nəzərdən də qaçırır ki, aldığı kredit məbləğini faizləri ilə birlikdə öz seçiminə görə istədiyi zaman çərçivəsində deyil, kredit müqaviləsinin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq iddiaçıya ödəməyə borclu idi. Belə ki, Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli cgələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Cavabdehin apellyasiya şikayətində ödənişin gecikdirilməsinə görə iddiaçı tərfindən ona hesablanmış 16.425ABŞ dolları məbləğində dəbbə pulunu mübahisələndirməsinə gəldikdə isə, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsini tətbiq etməklə həmin məbləği 33,83 ABŞ dolları məbləğinə qədər azaltdığı halda, cavabdehin qeyd olunan dəlilləri tamamilə məntiqsiz və əsassızdır. Beləliklə də məhkəmə kollegiyası qeyd edilənləri məcmu halında qiymətləndirərək cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 676/20 saylı xx.xx.2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-676/20 saylı xx.xx.2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən, rəsmi qaydada verildiyi gündən iki ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-385/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-385/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver