Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-385/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1862/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-dən İ050KX19 saylı müqavilə üzrə 196180,57 (bir yüz doxsan altı min yüz səksən manat əlli yeddi qəpik) manat əsas, 5841,83 (beş min səkkiz yüz qırx bir manat səksən üç qəpik) manat faiz olmaqla, cəmi 202022,40 (iki yüz iki min iyirmi iki manat qırx qəpik) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-1862/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 193816,26 manat (yüz doxsan üç min səkkiz yüz on altı manat iyirmi altı qəpik) əsas borc, 482,55 manat (dörd yüz səksən iki manat əlli beş qəpik) faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 29 (iyirmi doqquz) manat olmaqla, cəmi 194327,81 manat (yüz doxsan dörd min üç yüz iyirmi yeddi manat səksən bir qəpik) məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 1 (bir) manat hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulun Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh2 MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Bankın iddia ərizəsində göstərdiyi məbləğlə ekspertin göstərdiyi məbləğlər arasında ziddiyyət vardır, eyni zamanda Cavabdeh2 MMC tərəfindən göstərilən kredit üzrə edilmiş ödənişlər iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası zamanı tam nəzərə alınmamış və nəticədə ekspert tərəfindən iddiaçının iddia qaldıran zaman göstərdiyi əsas borc üzrə qalıq tam olaraq təsdiq edilmişdir. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi tam əsassız olduğundan iş üzrə əlavə və ya təkrar ekspertiza təyin edilməli olduğu halda edilməmiş, nəticədə isə cavabdehlərin kredit müqaviləsinə əsasən nə qədər qalıq borclarının qalması ədalətli şəkildə aydınlaşdırılmamışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə heç bir əhəmiyyət verməmiş, eyni zamanda müqavilədə qeyd edilmiş fors-major hallarla bağlı tərəflərin hüquq və vəzifələrinə diqqət yetirməmiş və Mülki Məcəllənin 422.1-ci maddəsini tətbiq etməmişdir. Belə ki, koronavirus infeksiyası ilə bağlı yaranmış ümumi vəziyyətlə bağlı olaraq cavabdehlər tərəfindən öhdəliklərini icra etməsi ilə bağlı müəyyən çətinliklər yaranmışdır ki, bu halın baş verəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər müqaviləni ümumiyyətlə bağlamazdılar. Bundan başqa, məhkəmə Mülki Məcəllənin 472.1, 472.2, 472.3-ci maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, bağlanmış zaminlik müqaviləsinə əsasən fors-major hallarda müqavilə şərtlərinin tam və ya qismən yerinə yetirilməməsinə görə tərəflər bir-biri qarşısında heç bir maddi və digər məsuliyyət daşımırlar. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk olaraq kollegiya qeyd edir ki, apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh2 MMC-nin apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəldiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bərpa olunan kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən borcalana 12 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 200000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixli, Z1-İ050KX19 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh1 MMC borclu Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. İddiaçı bildirir ki, Cavabdeh2 MMC müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 196180,57 manat, faiz borcu 5841,83 manat, cəmi borcu isə 202022,40 manat təşkil edir. Cavabdeh2 MMC-nin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, əsas borcun tutulması hissəsində iddia qismən əsaslı, faiz borcunun tutulması hissəsində isə iddia əsassızdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1 və 741-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (741). Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, əsas borc tam ödənilməmişdir. Belə ki, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza qarşısında müqavilə müddətinin sonuna (xx.xx.2020-ci il) və məhkəməyə müraciət olunan xx.xx.2021-ci il tarixə əsas və faiz borcu nə qədər təşkil etməsi barədə suallar qoyulmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin suallara uyğun olaraq 09 avqust 2021-ci il tarixli, 9/4803 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh2 MMC-nin xx.xx.2020-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 199909,48 manat, faiz borcu 2437,22 manat məbləğində müəyyən edilir; Cavabdeh2 MMC-nin məhkəməyə müraciət olunan tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 193816,26 manat, faiz borcu 3311,03 manat məbləğində müəyyən edilir. Həmçinin ekspert rəyindən müəyyən olunur ki, müqavilə müddətinin bitdiyi tarixə faiz borcu 482,55 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq əsas və faiz borcunun tutulması hissəsində iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi ekspertiza qarşısında müqavilə müddətinin sonuna (xx.xx.2020-ci il) və məhkəməyə müraciət olunan xx.xx.2021-ci il tarixə əsas və faiz borcu nə qədər təşkil etməsi barədə suallar qoyulmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin suallara uyğun olaraq 09 avqust 2021-ci il tarixli, 9/4803 saylı ekspert rəyi verilmişdir. Halbuki, kredit müqaviləsinin müddəti məhkəmənin qeyd etdiyi kimi xx.xx.2020-ci il tarixdə deyil, xx.xx.2020-ci il tarixdə bitir. Bundan başqa iddiaçı tərəfindən müqavilə müddətinin bitdiyi tarixdən sonra borcun gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanan faizlərin tutulması barədə hər hansı tələb irəli sürülməmişdir. Ekspert isə müqavilə müddəti bitdikdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablama aparmışdır. Qeyd olunanlar nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin 06 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 28 iyun 2022-ci il tarixli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə - 199909,48 manat, faiz borcu üzrə - 2371,76 manat. xx.xx.2020-ci il tarixdən sonra Cavabdeh2 tərəfindən 12.602,00 manat məbləğində ödəniş olmuş, həmin ödənişdən 2.371,76 manat cavabdehin faiz borcundan, geriyə qalan 10.230,24 manat isə cavabdehin əsas borcundan silinməsi müəyyən edilir. Cavabdeh2 sualda soruşulanlar üzrə hazırki tədqiqatla borcunun 189.679,24 manat əsas borc, 0 manat faiz borcu olması müəyyən edilir. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, 28 iyun 2022-ci il tarixli ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739 və 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, əsas borcun məbləği birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 193.816,26 manat deyil, 189.679,24 manat məbləğində müəyyən edilməli, faiz borcuna aid hissədə isə iddia rədd edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, həmin borcun Cavabdeh1 MMC-dən tutulması barədə nəticə düzgündür. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh1 MMC borclu olan Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıyır. Apellyasiya şikayətinin dəlilləri isə (ekspert rəyi ilə bağlı dəlillər istisna olunmaqla) əsassızdır. Belə ki, məhkəmə bildirişləri cavabdehin ünvanına göndərilmişdir. Koronavirus infeksiyası ilə bağlı yaranmış vəziyyətlə bağlı isə qeyd edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən fors-major hallarına istinad edən tərəf bu halların baş verməsi haqqında digər tərəfə dərhal yazılı məlumat verməlidir, tərəflərdən hər biri istinad etdiyi fors-major halın mövcudluğunu sübut etməyə borcludur. Lakin cavabdeh tərəfindən qeyd edilən məlumatın verilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir. Eyni zamanda nəzərə alınır ki, koronavirus infeksiyası ilə bağlı elan olunmuş xüsusi karantin rejimində kommersiya fəaliyyətinin bütün növləri qadağan edilməmişdir. Cavabdeh isə xüsusi karantin rejimində qadağan edilmiş kommersiya fəaliyyəti ilə məşğul olması ilə bağlı sübutlar təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borca aid hissədə dəyişdirilməli, faiz borcuna aid hissədə isə ləğv edilməli və həmin hissədə iddia rədd edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri bərabər hissələrdə iddiaçı və cavabdeh "xxxx" MMC-yə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1862/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10 sentyabr 2021-ci il tarixli qətnaməsi əsas borca aid hissədə dəyişdirilsin və faiz borcuna aid hissədə ləğv edilsin. Əsas borcun məbləği 189.679,24 manat məbləğində müəyyən edilsin. Faiz borcuna aid hissədə iddia rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 145 manat məbləğində pul vəsaiti bərabər hissələrdə İddiaçı ASC və Cavabdeh2 MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-385/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-385/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver