Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-385/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı kommersiya işi Açar söz: icarə müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, iddiaçı X1 Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun tutulması dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 4563/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, X3 ilə Cavabdeh arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli icarə müqaviləsi bağlanaraq iddiaçı öz mülkiyyətində olan (mülkiyyət hüququnun qeydiyyatı barədə çıxarış iş materiallarına əlavə edilmişdir) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 791.85 kv/m olan qeyri-yaşayış sahəsini icarəyə verilmiş, icarə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. 2022-ci ilin noyabr ayından etibarən haqqı ödənilmədiyi üçün iddiaçı cavabdehdən 2023-cü ilin may ayından sahəni boşaldaraq geri təhvil verməyi tələb etmiş, icarəçi sahəni təhvil vermədiyi və boşaltmadığı üçün 2023-cü ilin avqust ayından obyektə buraxılmamış, onun əmlakları iddiaçının həyat yoldaşı ilə "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında daşınaraq "xxxx" MMC-nin anbarında saxlanmış, 2023-cü ilin dekabr ayında isə cavabdehə təhvil verilmişdir.
2. Müqavilənin 5-ci bəndində aylıq icarə haqqı 600 manat nəzərdə tutulsa da, aylıq icarə haqqı 2000 olmuş, sonradan isə 2500 manata qaldırılmışdır.
3. Müqavilənin 9-cu bəndinə əsasən "icarəçi" "icarəyə verənin” razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz.
4. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli 23 saylı malların anbarda saxlama barədə müqaviləsinə əsasən saxlayıcı (anbar sahibi) sifariş əsasında tapşıranın onun verdiyi daşınar əşyaları özünə məxsus anbarda saxlamağı, tapşıran isə bunun müqabilində bu müqavilə ilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür.
5. Müqavilənin 5.1-ci bəndinə əsasən malların anbarda saxlama haqqı aylıq 400 manat məbləğində müəyyən edilir və öncədən ödənilir.
6. xx.xx.2023-cü il tarixli hesab-fakturadan və xx.xx.2023-cü il tarili arayışdan görünür ki, X4 tərəfindən "xxxx" MMC-yə 3340 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə Axundov Taləddin arasında malların saxlanca təhvil verilməsi ilə bağlı təhvil-təslim aktı imzalanmışdır.
7. xx.xx.2023-cü il tarixli "xxxx" MMC ilə Axundov Taləddin arasındakı qarşılıqlı razılaşmadan görünür ki, anbara saxlanc üçün təqdim edilmiş mallar tez çıxarıldığı üçün müqaviləyə vaxtından əvvəl xitm verilmişdir və ödənilmiş 3340 manatdan 1200 manat nağd qaydada geri qaytarılmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 12 yanvar 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, ünvan 2 ünvanında yerləşən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehdən 25 000 manat icarə haqqı üzrə borc məbləği, 920 manat daşınma xərcləri və yeni anbarda əşyaların saxlanılması üçün ödənilmiş 2400 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 400 kv.m-nin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən bu müddət ərzində icarə haqqının ödənişlərində müəyyən çətinliklər yaranırdı, hal-hazırda artıq son necə aydır ki, icarə haqqı ödənilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 685-ci maddəsinə əsasən kirayəçi 2 ardıcıl müddət üçün kirayə haqqını və onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Buna baxmayaraq icarəyə götürülən sahədən köçməyi üçün vaxt zəruriyyəti yaranacağını nəzərə alaraq müqavilənin 8-ci bəndində qeyd olunan 1(bir) aylıq müddəti gözləyərək bağlanmış hazırki müqavilə xx.xx.2023-cü il tarixdə xitam olunmuş hesab olunacağı və həmin tarixə icarəyə götürülmüş sahəni cavabdehə təhvil verməyi barədə müraciət olunmuşdur. Buna baxmayaraq, icarəyə götürülmüş sahə ona geri qaytarılmamışdır və bu günədək icarə sahədən cavabdehin istifadə etməyinə baxmayaraq, icarə haqqı ödənilmir. Bundan sonra, 08 may 2023-cü il tarixdə cavabdehə pretenziya məktubu elektron qaydada göndərilmişdir. Eyni zamanda, mediasiya qaydasında cavabdehə müraciət olunmuşdur və 24 iyun 2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. Müqavilə bağlanan zaman tərəflər arasında razılıq olmuşdur ki, icarə haqqı 600 manat olsun, sonradan tərəflərin şifahi razılığa görə (Müqavilə üzrə icarə haqqının dəyişikliyi yazılı və ya şifahi olması şərtləşdirilməmişdir) icarə haqqı 2000 manat, zirzəmi verildikdən sonra isə icarə haqqı 2500 manat artırılmışdır, 2022-ci ilin noyabr ayından başlayaraq, cavabdeh icarə haqqını ödəməmisdir, müxtəlif bahənələr gətirirdi, baxmayaraq ki, özünün sözlərinə görə oranı bir necə subicarəçiyə vermişdir. İcarə haqqının artması və icarə haqqının noyabr ayından etibarən ödənilməməsi sübutları var və aralarında müvafiq yazışmalar mövcuddur. Ona görə iddiaçı 01 sentyabr 2023-ci il üzrə, yəni 10 ay üçün icarə haqqı borcu 25.000 manat təşkil edir. Mübahisə gedən zaman cavabdehə 24 avqust 2023cü il tarixdə müraciət olunub ki, gəlib əşyaları sahədən götürsün. Lakin cavabdeh əşyaları götürməmişdir və o, məcbur olub əşyaları 166 xidmət və onların işçi heyəti vasitəsi ilə həmin xidmətə məxsus anbara daşımışdır. Bütün daşınma prosesi videoçəkilişlə aparılmışdır. Əşyalar isə daşıyıcı şirkətin anbarına aparılmışdır və Şirkətlə müvafiq müqavilə bağlanmışdır. Yükdaşıma xitməti və daşımaq üçün cəlb edilmiş işçi qüvvəsi üçün daşıyıcı şirkətə 920 manat vəsait ödənilmişdir. Əlavə olaraq, Xirdalan şəhəri, Mehti Hüseynzadə küçəsində yerləşən anbarda əşyaların saxlanılması üçün 6 aylıq ödəniş, yəni 2400 manat olunmuşdur. Cəmi 3340 manat vəsait ödənilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4563/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia qismən təmin edilmiş, Cavabdeh 6000 manat məbləğində pul, ödənilmiş 100 manat dövlət rüsumu, ümumilikdə 6100 (altı min bir yüz) manat məbləğində pulub tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icarə sahəsi hazırda iddiaçının sahiblik və istifadəsindədir, cavabdehə məxsus əşyalar da xx.xx.2023- cü il tarixdə "xxxx" MMC tərəfindən icarə sahəsindən daşınaraq həmin MMC-yə məxsus anbarda saxlanılmış, daha sonra cavabdeh tərəfindən 2023-cü ilin dekabr ayında təhvil alınmışdır. Göstərilən halı tərəflərin nümayəndələri də məhkəmə iclaslarında verdikləri izahatlarında təsdiq etmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi ünvan 2 ünvanında yerləşən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin geri qaytarılması öhdəliyin cavabdehin üzərinə qoyulması hissəsində əsassız olduğundan təmin edilməməlidir.
12. Məhkəmə iddianın cavabdehdən 25.000 manat icarə haqqının tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi notarial qaydada bağlanmış, ona hər hansı yazılı dəyişiklik və ya əlavə edilməmiş, müqaviləyə dəyişiklik edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə ümumiyyətlə yazılı təklif ünvanlanmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq icarə haqqı borcu xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 5-ci bəndinə əsasən aylıq 600 manat nəzərə alınmaqla, ümumilikdə 6.000 manat (600 manat * 10 ay) müəyyən edilməlidir.
13. Məhkəmə iddianın 920 manat daşınma xərcləri və anbarda əşyaların saxlanılması üçün ödənilmiş 2400 manat pulun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, çəkilmiş xərclər cavabdehin təqsiri nəticəsində yaranmamış, əşyaların icarə sahəsindən kənar yerə daşınması həmin vaxt labüd və qaçılmaz olmamışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4563/2023 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər öz aralarında müqavilə bağladıqdan sonra razılıq əldə etmişdirlər ki, icarə haqqı 2000 manat, sonradan isə 2500 manat məbləğinə dəyişəcək. Bu işin mübahisəsiz halıdır, hər iki tərəf bu halı inkar etmir, əksinə təsdiq etmişdir. Mülki Məcəllənin 10-cu maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. Tərəflər işgüzar adətlər əsasında razılıq əldə ediblər və bu razılığın mövcudluğunu təsdiq edirlər. Sonradan, tərəflərdən biri həmin razılığı bir neçə ay icra etməsinə baxmayaraq icarə haqqını ümumiyyətlə ödəməkdən imtina etmişdir və nəticə etibarı ilə icarə müqaviləsinə xitam verilmişdir. Odur ki, hesab edirik ki, hakimin qətnamədə müqaviləyə dəyişiklik edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə ümumiyyətlə yazılı təklif ünvanlanmamışdır.
30. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq icarə haqqı borcu xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 5-ci bəndinə əsasən aylıq 600 manat nəzərə alınmaqla, ümumilikdə 6000 manat (600 manat * 10 ay) müəyyən edilməlidir dəlili əsassızdır və Mülki Məcəllənin qeyd olunan normalarına ziddir. Mübahisəsiz hal olan tərəflər arasında icarə haqqı ilə bağlı razılığı məhkəmə qəbul etməmişdir, işgüzar adətləri nəzərə almamışdır, eyni zamanda artıq formalaşmış mövqeyini tətbiq etməmişdir, iş materiallarını hər tərəfli araşdırmamışdır. Məhkəmə cavabdeh tərəfin icarə haqqının ödənilməməsi nəticəsində mənim tərəfimdən icarə müqaviləyə xitam verəndən sonra, cavabdehin mənə qarşı olan qeyri-qanuni hərəkətlərə qiymət verməmişdir, xəbərdarlıq edəndən sonra cavabdeh əşyalarını götürmədiyindən mənim məcburiyyət qarşısında həmin əşyaları daşımaq və üçüncü şəxsə məxsus anbara yerləşdirməyimi, bunun nəticəsində əlavə xərclər çəkməyimi nəzərə almamışdır və əsassız qətnamə qəbul etmişdir.
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4563/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaya etiraz edilərək bildirilmişdir ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Ona görə ki, tərəflər arasında razılaşmaya əsasən cavabdeh tərəf iddiaçının mülkiyyətində olan və icarəyə verilmiş qeyri-yaşayış sahəsinin təmirinə külli miqdarda xərc çəkmişdir. Lakin çəkdiyi xərcdən bəhrələnə bilməmişdir. Onların arasında olan yazışmalardan da məlum olur ki, iddiaçı çəkilən xərcləri cüzi də olsa nəzərə alaraq bir neçə ay icarə haqqından azad edilmələri barədə razılığa gəlir. Bundan başqa, iddiaçı əsassız bəhanələr gətirərək icarəyə verilmiş qeyri-yaşayış sahəsindən icarədarın və onun əməkdaşlarının istifadə etməsinə məhdudiyyətlər yaratmış, onların normal fəaliyyət göstərmələrinə də imkan verməmişdir. Elə bu səbəbdən də onların münasibətləri pozulmuş aralarında narazılıq yaranmışdır. Narazılıq iddiaçı tərəfindən cavabdehin həyatı üçün təhlükə yarada biləcək bədən xəsarətləri yetirilməsi həddinə qədər gəlmişdir. Cavabdehin şikayəti əsasında daxili işlər orqanında bu barədə araşdırma aparılır. Bundan başqa, cavabdeh tərəfindən irəli sürülən arqumentlərə görə məhkəmə bu iş üzrə Mülki Məcəllənin LVİİİ fəslində yer alan əsassız varlanmaya dair müddəaları tətbiq etməklə iddia tələbini təmin etməməli idi. Lakin, məhkəmə bu xüsusatlara əhəmiyyət verməmişdir. Belə ki, hazırkı vəziyyətdə tərəflər arasında yaranmış mübahisə onlar arasında bağlanmış müqavilənin şərtləri əsasında deyil, tərəflər arasında olan şifahi razılaşmaya əsasən qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərc məbləğində iddiaçı əsassız varlanmış, hazırda da həmin təmir işlərindən bəhrələnir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ilə müraciət etmiş, iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılmışdır. Lakin cavabdehdən asılı olmayan səbəblərdən geri qaytarılma barədə qərardadda göstərilən nöqsanları aradan qaldırmağa real imkanı olmamışdır. Bu səbəbdən cavabdeh həmin iddia tələbi ilə yenidən müstəqil tələblə məhkəməyə müraciət edəcəkdir. Ona görə də hesab edirik ki, məhkəmə qətnaməsi əsassız olduğuna görə ləğv edilməli, iddia tələbi təmin olunmamalıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
17. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
18. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddə-zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddə-zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə-zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 700.1-ci maddə- icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddə-əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 675-ci maddə- əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 421.1-ci maddə- müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1-ci maddə- müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 424.3-cü maddə- müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 1096.1-ci maddə- mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddə- delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
“İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu 1-ci icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 9-cu maddə: -5. İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. -6. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. -7. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən hissələrdə (icarə obyektinin geri qaytarılmasının cavabdehə həvalə edilməsi barədə iddia tələbinin rədd edldiyi hissə mübahisələndirilmir) yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4563/2023 nömrəli qətnaməsi iddianın rədd edildiyi hissədə qismən ləğv edilərək iddia həmin hissədə təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 25.000 manat əsas borc, 2140 manat dəymiş ziyan (daşınma və saxlanc xərci), 210 manat dövlət rüsumu tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin sübutlar və izahatlar əsasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 12 yanvar 2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi 2023-cü ilin avqust ayından faktiki xitam olunmuş, icarəçi icarə haqqı üzrə ödənişlər həyata keçirmədiyinə görə obyektə buraxılmamış, həmin obyektdə qalmış icarəçiyə aid əmlaklar 2023-cü ilin dekabr ayında cavabdehə təhvil verilmişdir.
22. İddiaçı cavabdehin icarə obyektində fəaliyyət göstərdiyi 10 ay üçün (2022-ci ilin noyabr, dekabr ayları, 2023-cü ilin yanvar-avqust ayları üçün) cavabdehdən aylıq 2500 manat olmaqla icarə haqqı tutulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddiaçının bu hissədə tələbi qismən, 10 ay üçün ayda 600 manat olmaqla təmin edilmişdir. Cavabdeh tərəf obyektdən istifadə etdiyi halda tələb edilən dövr üçün icarə haqqı ödəmədiyindən məhkəmə birinci instansiya məhkəməsi ilə razılaşır ki, iddiaçının tələbi təmin edilərək qeyd edilən dövr üzrə icarə haqqı borcu cavabdehdən tutulmalıdır.
23. Tərəflər arasında şifahi razılığa əsasən aylıq icarə haqqının 2500 manat təşkil etdiyi tərəflər arasındakı watsapp yazışmaları və cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd edilənlərlə təsdiq edildiyi halda, məhkəmə hesab etmişdir ki, MM-nin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi barədə razılaşma yazılı formada bağlanmalı olduğundan və hazırda tərəflər bu qaydaya riayət etmədiyindən icarə haqqı borcu 2500 manatla hesablana bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, MM-nin 423.1-ci maddəsində qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Normanın məzmununda qeyd edilmiş “işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə” ifadəsi onu nəzərdə tutur ki, məhkəmə müqavilənin hər hansı şərtinin tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilib-dəyişdirilmədiyini araşdırarkən tərəflər arasında formalaşmış işgüzar münasibətləri nəzərə almalıdır. Hazırkı halda cavabdeh tərəfindən aylıq icarə haqqının artıq 2022-ci ilin iyul ayından 2500 manatdan ödənildiyinə dair watsapp yazışmaları olduğundan (qarşılıqlı iddia ərizəsində isə 3 ay 2000 manatdan, sonrakı aylarda 2500 manatdan ödəniş edildiyini qeyd edir) məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdehdən 10 ay üçün ayda 2500 manat olmaqla, cəmi 25.000 manat icarə haqqı bocunun tutulması hissəsində tam təmin edilməlidir.
25. İddiaçı tərəfindən dəymiş ziyan olaraq tələb edilən 920 manat daşınma xərcləri və anbarda əşyaların saxlanılması üçün ödənilmiş 2400 manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, çəkilmiş xərclər cavabdehin təqsiri nəticəsində yaranmamış, əşyaların icarə sahəsindən kənar yerə daşınması həmin vaxt labüd və qaçılmaz olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. MM-nin 685.2.1-ci maddəsi icarəyəverənə 2 dəfə ardıcıl icarə haqqını ödəməyən icarəçi ilə bağlanmış müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.” Hazırkı halda cavabdeh 2022-ci ilin noyabr ayından sonra icarə haqlarını ödəmədiyindən icarəyəverənin icarə müqaviləsini birtərəfli qaydada ləğv edərək icarəçidən icarə obyektinin boşaldılaraq qaytarılmasını tələb etmək hüququ olmuşdur. İcarəçi icarə müqaviləsinin ləğv edilməsi barədə bildirişi mübahisələndirməməklə icarə müqaviləsinin ləğv edilməsinə etiraz etməsə də icarə obyektindən öz əmlaklarını götürməyə cəhd etməmiş, bununla bağlı qarşı tərəfə müraciəti olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, icarəyəverən tərəfindən icarə obyekti ilə bağlı yeni müqavilənin bağlanması üçün obyektin boş və istifadəyə yararlı vəziyyətə gətirilməsinə (işdəki fotoşəkillərdən görünür ki, icarəyə verilmiş obyektin bir çox hissələrinin təmirə ehtiyacı olmuşdur) zərurət olduğundan icarəçinin əşyalarının daşınaraq digər sahədə müvəqqəti saxlanılması üçün iddiaçı tərəfindən çəkilmiş xərclərin əvəzi ödənilməlidir. İşdəki sübutlardan görünür ki, iddiaçı tərəfindən (yoldaşının bağladığı müqavilə əsasında) "xxxx" MMC-yə cavabdehə məxsus avadanlıqların daşınması və saxlanması üçün 3340 manat ödənilmiş, sonradan bu məbləğin 1200 manatı geri qaytarılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının dəymiş ziyanla bağlı tələbi qismən, 2140 manat (3340- 1200) hissədə əsaslı hesab edilərək təmin edilməlidir.
26. Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəf icarəyə götürülmüş sahənin təmirinə xərc çəkdiyini iddia edərək bu xərcin icarə borcundan çıxılmalı olduğunu göstərir. Məhkəmə əvvəla qeyd edir ki, iş materiallarında icarəçi tərəfindən obyektin təmir edildiyini və təmir edilmişsə buna nə qədər xərc çəkildiyini təsdiq edən sübutlar yoxdur. Əksinə işdəki, fotoşəkillərdən göünür ki, obyek icarəyə verilərkən təmirli vəziyyətdə olmuş, geri qaytarılarkən isə təmirə zərurət olan vəziyyətdə olmuşdur. Bundan əlavə icarə müqaviləsinin 9-cu bəndində qeyd edilmişdir ki, icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Hazırkı halda icarəyəverən tərəfindən belə razılıq verildiyinə dair sübut olmadığından hətta icarəçinin sahəni təmir etdiyi təsdiq edilmiş olsa belə “İcarə haqqında” Qanunun 9-cu maddəsinin 6cı bəndinə əsasən icarəçi bu xərclərin əvəzinin ödənilməsini və ya icarə haqqı üzrə borcla əvəzləşdirilməsini tələb edə bilməz.
27. MPM-nin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Qeyd edilən normanın tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş 210 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4563/2023 nömrəli qətnaməsi iddianın rədd edildiyi hissədə qismən ləğv edilərək iddia həmin hissədə təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 25000 manat əsas borc, 2140 manat dəymiş ziyan (daşınma və saxlanc xərci), 210 manat dövlət rüsumu tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4563/2023 nömrəli qətnaməsi iddianın rədd edildiyi hissədə qismən ləğv edilsin. İddia həmin hissədə təmin edilərək Cavabdeh iddiaçı X1 xeyrinə icarə müqaviləsi üzrə 25000 manat əsas borc, 2140 manat dəymiş ziyan (daşınma və saxlanc xərci), 210 manat dövlət rüsumu tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.